Təhsilin keyfiyyəti təkcə dərs proqramları ilə deyil, həm də məktəb mühiti, müəllim-şagird münasibətləri, resursların təminatı və məktəbdaxili nizam-intizamla bağlıdır. 2018-ci ildə keçirilən beynəlxalq şagird qiymətləndirilməsi proqram – PISA (Program for International Student Assessment) tədqiqatının nəticələri məktəb mühitinin şagirdlərin akademik nailiyyətlərinə olan təsirini aydın şəkildə şərh etməyə imkan verir. Qeyd edək ki, bu tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən beynəlxalq arenada ölkələrin təhsil göstəricilərini müqayisəli şəkildə təhlil etmək üçün istifadə olunur. Bu kimi tədqiqatlardan çıxan nəticələrin təhlili sayəsində ölkələrin mövcud təhsil sisteminin güclü və zəif tərəfləri, təhsil siyasəti, kurikulumlar, müəllimlərin peşəkar inkişafı kimi məsələlərin yenidən nəzərdən keçirilməsi mümkündür.
PISA 2018 tədqiqatının nəticələrinə əsasən, məktəb mühitində şagirdlərin uğuruna bir çox faktorlar təsir edir. Bunlar sosial-iqtisadi vəziyyət, məktəbin maddi-texniki bazası, müəllim başına düşən şagird sayı, müəllimlərin motivasiyası və sinif iqlimidir. Məktəb mühitinin bu elementləri şagirdlərin tədrisdəki uğurlarına bilavasitə təsir göstərir.
Məktəb mühiti və akademik uğur
Tədqiqatda qeyd olunur ki, məktəbin tədris resursları, müəllimlərin şagirdlərə verdiyi dəstək və nizam-intizam kimi amillər şagirdlərin akademik uğurlarında əsas rol oynayır. Belə ki, PISA 2018 nəticələrinə görə, Bakıda öz müəllimini daha həvəsli hesab edən şagirdlər oxu bacarıqlarında daha yüksək nəticələr göstəriblər. Bu onu deməyə əsas verir ki, müəllimin şagirdlərə göstərdiyi maraq və dəstək şagirdlərin təhsil nəticələrini yaxşılaşdırmaqda mühüm rol oynayır.
Bundan əlavə, məktəbdə nizam-intizam qaydaları da tədris keyfiyyətinə təsir edən mühüm amillərdən biridir. Çünki məktəbdaxili qaydalar məktəbdəki şagirdlərin əməkdaşlıq və rəqabət mühitini formalaşdırır. PISA-nın nəticələri göstərir ki, əməkdaşlıq şəraiti olan məktəblərdə oxu nəticələri rəqabət mühiti ilə müqayisədə daha yüksəkdir. OECD (İƏİT) ölkələri üzrə şagirdlərin təxminən 62%-i məktəbdə əməkdaşlıq etdiklərini, 50%-i isə rəqabət apardıqlarını bildirib.
Bullinqin təsiri
Məktəb mühitindəki digər mühüm amillərdən biri də şagirdlər arasında bullinqdir. PISA tədqiqatları göstərir ki, bullinqə məruz qalan şagirdlər akademik nəticələrdə digər şagirdlərdən geri qalırlar. Azərbaycanda şagirdlərin 36%-i ayda ən azı bir neçə dəfə bullinqə məruz qaldığını bildirib ki, bu da OECD ortalamasından yüksəkdir. Bu da, öz növbəsində, məktəb mühitində nizam-intizamı pozur və şagirdlərin məktəbə aidlik hissini zəiflədir.
Məktəbə aidlik hissi
PISA tədqiqatının digər bir vacib aspekti şagirdlərin məktəbə aidlik hissidir. Şagirdlərin məktəbə aidlik hissi yüksək olduqda onların akademik nailiyyətləri də artmaqdadır. Məktəbə aidlik hissi olmayan şagirdlər isə özlərini sosial mühitdən uzaq hiss edir və bu, onların təhsil uğurlarına mənfi təsir edir. OECD ölkələrində aparılan tədqiqatlar göstərir ki, daha çox məktəbə aidlik hiss edən şagirdlər oxu bacarıqlarında 5 bala qədər digər yaşıdlarından yüksən PISA nəticələri əldə edirlər.
Beləliklə, məktəb mühiti şagirdlərin akademik nailiyyətlərinə birbaşa və dolayı yolla təsir edən əsas faktorlardan biridir. Müəllimlərin motivasiyası, şagirdlər arasında əməkdaşlıq, bullinq və məktəb resursları kimi amillər şagirdlərin tədris göstəricilərini müəyyən edir. Bakıda aparılan PISA tədqiqatları da göstərir ki, bu faktorların nəzərə alınaraq təkmilləşdirmələr aparılması ilə şagirdlərin akademik nailiyyətlərində mühüm irəliləyişlər əldə edilə bilər. Bunun üçün də təhsil siyasətlərində bu nəticələrin nəzərə alınması və məktəb mühitinin təkmilləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi vacibdir.
Bu da onu göstərir ki, təhsilin keyfiyyətini artırmaq üçün yalnız kurikulum dəyişikliyi yetərli deyil, məktəb mühiti də xüsusi diqqət tələb edir.
Vaqif FƏTULLAYEV