Qazax Müəllimlər Seminariyasında “Təhsildə yeni çağırışlar: maarifçilik ənənəsi və sürət dövrü” mövzusunda beynəlxalq konfrans keçirilib
Oktyabrın 5-də Qazax Müəllimlər Seminariyasında - ADA Universitetinin Qazax Mərkəzində “Təhsildə yeni çağırışlar: maarifçilik ənənəsi və sürət dövrü” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, ADA Universiteti, “T-Network” platforması və Təhsilin İnkişaf Fondu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə reallaşıb.
 
"Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumunun davamı olaraq baş tutan bu konfrans Beynəlxalq Müəllimlər Günündə pedaqoji fikrin təşəkkül tapdığı, maarifpərvərlik ənənəsinin təməlinin qoyulduğu Qazaxda yerli və beynəlxalq təhsil mütəxəssislərini bir araya gətirib.
 
ADA Universitetinin prorektoru Vəfa Kazdal Seminariyanın tarixindən və konfransın məqsədindən danışıb. 
 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbriklərini çatdırıb.
 
Dünya Təhsil Forumunun yaradıcısı və direktoru Dominik Savaj, Beynəlxalq Musiqi Şurasının rəhbəri, musiqişünas Nigar Axundova, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd öz təcrübələrini bölüşüb. 
 
Elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev və Təhsilin Inkişafı Fondunun İdarə Heyetinin sədri Elnur Nəsibov və digər qonaqların iştirakı ilə müzakirələrlə davam edən konfransda “Bir Müəllimin Manifesti” təhsil proqramının 2023-cü il üzrə 21 məzununa diplom və Firudin bəy Köçərli adına “Seminarist” nişanı təqdim edilib.
 


05.10.2024 | 20:40