| 
								 
								
								Dekabrın 27-də Təhsil Nazirliyində İnternet 
								texnologiyaları əsasında yaradılmış Elektron 
								Peşə Təhsili Sisteminin təqdimatı keçirildi.  
								Layihənin meneceri, "Bakı" nəşriyyatının 
								direktoru, fizika-riyaziyyat elmləri namizədi 
								Zaur İsayev əməkdaşımıza bu barədə məlumat 
								verərək demişdir: 
								
								
								 - 
								Təqdim  etdiyimiz layihə Azərbaycan Respublikası 
								Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 
								təsdiq edilmiş "Azərbaycan Respublikasında 
								texniki peşə təhsilinin inkişafı üzrə Dövlət 
								Proqramı (2007-2012-ci illər)" çərçivəsində 
								hazırlanmışdır. Bu məqsədlə 2009-cu ildə 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
								"Bakı" nəşriyyatı arasında 8 adda dərsliyin 
								nəşri, çapı və eləcə də onların elektron 
								versiyalarının hazırlanması barədə müqavilə 
								imzalanmışdır.  
								
								
								Artıq həmin dərsliklər hazırlanmış və ilk 
								peşə-ixtisas təhsili müəssisələrinə 
								paylanılmışdır.  
								
								
								Müqaviləyə əsasən, biz  dərsliklərin elektron 
								versiyasını İnternetdə yerləşdirməli idik. Lakin 
								müqavilənin icrası istiqamətində görüləcək 
								işləri planlaşdırmaq üçün dünyada analoji 
								resursları təhlil etmək və peşə təhsilinin 
								inkişaf istiqamətlərini müəyyənləşdirmək 
								qərarına gəldik. Bununla bağlı Cənubi Koreya, 
								İngiltərə, Rusiya Federasiyasında uyğun 
								resurslarla tanış olduq. Təhsil Nazirliyinin  
								Texniki peşə təhsili şöbəsinin müdiri Namiq 
								Məmmədovla dəfələrlə keçirilən  müzakirələrdən 
								sonra qərara gəldik ki, elektron resursların 
								hazırlanması ilə kifayətlənmək olmaz. 
								 
								
								
								Qarşımıza daha perspektivli və daha qlobal bir 
								məqsəd qoyduq. Biz sadəcə elektron resursların 
								hazırlanmasını deyil, bütün bu resursları özündə 
								cəmləşdirən Distant Peşə Təhsili Sisteminin 
								konsepsiyasını hazırlayıb onun texnoloji həllini 
								təklif etdik.  
								
								
								 Dünyada 
								bu istiqamətdə gedən proseslər onu göstərir ki, 
								müxtəlif ölkələr tez və ya gec distant təhsil 
								sisteminə keçməlidir. İnternet texnologiyaları 
								sürətlə inkişaf etdikcə və İnternet şəbəkəsi 
								genişləndikcə təhsilin bu növünün imkanları da 
								genişlənir. İnternet vasitəsilə distant təhsil 
								təhsilin elə növüdür ki, tədris materiallarının 
								çox böyük hissəsinin ötürülməsi və müəllimlə 
								ünsiyyət əsas etibarilə, İnternet 
								texnologiyalarından istifadə edilməklə həyata 
								keçirilir. Respublikamızda bu sahədə gedən 
								inkişafı nəzərə alaraq qarşımıza aşağıdakı 
								məqsədləri qoyduq: 
								
								
								1. Azərbaycanda texniki peşə təhsilinin 
								məzmununun yeniləşdirilməsi istiqamətində 
								şagird, tələbə və müxtəlif sosial təbəqələrin 
								nümayəndələrinə İnternet texnologiyaları 
								vasitəsilə distant (məsafədən) peşə hazırlığı və 
								ixtisasartırma fəaliyyəti imkanı yaratmaq. 
								
								
								2. Əlavə peşə və qeyri-formal təhsil almaq üçün 
								texniki bazanı formalaşdırmaq. 
								
								
								3. İKT-nin tətbiqi ilə peşə təhsili 
								müəssisəsində kadr hazırlığı səviyyəsini 
								artırmaq. 
								
								
								4. Ənənəvi üsullarla yanaşı, onlayn testləşdirmə 
								vasitəsilə bilik və bacarıqları qiymətləndirmək. 
								
								
								5. Valideyn, müəllim və  məktəb rəhbərliyinin 
								elektron monitorinq sistemi vasitəsilə tədris 
								prosesinin vəziyyəti haqqında operativ məlumat 
								əldə etməsi. Bazada saxlanılmış bu nəticələr 
								gələcəkdə işəgötürənə namizəd haqqında ətraflı 
								məlumat əldə etmək imkanı da verə bilər. 
								 
								
								
								6. Distant Peşə Təhsili Sistemi üçün ilkin 
								bazanı yaratmaq, vətəndaşların fasiləsiz və 
								ömürboyu "məsafədən təhsilalma" imkanlarını 
								genişləndirmək - açıq peşə təhsil sistemini 
								formalaşdırmaq. 
								
								
								 Bütün 
								bunlar Təhsil Nazirliyinin Texniki peşə təhsili 
								şöbəsi ilə birgə hazırladığımız strateji 
								hədəflərdir. Əslində, bu məqsədlərə nail olmaq 
								tək bir təşkilatın fəaliyyəti ilə mümkün deyil 
								və bu istiqamətdə Təhsil Nazirliyinin müvafiq 
								şöbələri müxtəlif yerli və xarici təşkilatlarla 
								sistemli olaraq əməkdaşlıq edirlər. Biz isə, 
								sadəcə olaraq, bu məqsədlərə çatmaq üçün ilk 
								addımları atdıq və Distant Peşə Təhsili 
								Sisteminin ilkin versiyasını İnternetdə 
								yerləşdirdik. Bu sistem daim işləməli və 
								təkmilləşdirilməlidir. Onu da qeyd edim ki, bu 
								sistem dünyada mövcud olan müxtəlif platformalar 
								əsasında deyil, öz proqramçılarımız tərəfindən 
								hazırlanmış və müəlliflik hüququ "Bakı" 
								nəşriyyatına məxsus olan proqram təminatı 
								əsasında yaradılmışdır. 
								
								
								Hər bir platformanın öz üstün cəhətləri var. İşə 
								başlamazdan qabaq çox platformalar öyrənilərək 
								təhlil edilib. Bizim sistem həm peşə təhsili 
								sisteminin iştirakçıları üçün xüsusi formal 
								təhsil imkanları verir, həm də cəmiyyətin bütün 
								üzvləri üçün açıqdır. Sistem peşə təhsilinin 
								xüsusiyyətləri nəzərə alınmaqla yaradılmışdır. 
								
								
								Bu sistemdən istifadə imkanlarına görə 
								təhsilalanlar dörd əsas qrupa ayrılıb: 
								
								
								1. Texniki peşə məktəblərində təhsil alan 
								şagirdlər; 
								
								
								 2. 
								Bu və ya digər peşə ilə bağlı sistemləşdirilmiş 
								biliklər əldə etmək istəyən, heç bir yaş 
								məhdudiyyəti qoyulmayan, işdən ayrılmamaqla 
								qeyri-formal təhsil və ya  əlavə peşə təhsili 
								almaq istəyən şəxslər;  
								
								
								3. İxtisasartırmaya ehtiyacı olan şəxslər 
								(mühəndis-pedaqoji heyət, işçilər və s.); 
								
								
								4. Gündəlik məişət işlərində sistemin məlumat 
								bazasından yararlanmaq istəyən istənilən 
								şəxslər.  
								
								
								Sistemin öz məlumat bazası vardır ki, bu bazada 
								müxtəlif mətnlər, videomateriallar, trenajorlar, 
								uyğun saytlara keçidlər və digər informasiyalar 
								yerləşdirilmişdir.  
								
								
								Bazada müəllimlər,  yaxud da mütəxəssislər 
								tərəfindən müxtəlif xarakterli məlumatlar 
								yerləşdirilə bilər: 
								
								
								- respublika üzrə peşə təhsil ixtisasları; 
								
								
								- peşə təhsili müəssisələri bazası-onların 
								ünvanları, direktoru, tədris olunan ixtisaslar,  
								qəbul planları, müəllimlər, qruplar və s.; 
								
								
								- müəllimlər bazası; 
								
								
								- şagirdlər bazası;  
								
								
								- elektron nəşrlər-kitabxana; 
								
								
								- elektron testlər; 
								
								
								- dərs cədvəlləri; 
								
								
								- elektron jurnallar; 
								
								
								- bildirişlər; 
								
								
								- elanlar; 
								
								
								- elektron məktublar; 
								
								
								- imtahan nəticələri  
								
								
								və s. Hər bir iştirakçının statusuna görə bu 
								informasiyalardan istifadə etmək hüququ vardır. 
								Elektron nəşrlərdən isə bütün istifadəçilər 
								yararlana bilər.  
								
								
								 Kitabxanada 
								İnternet texnologiyalarına əsaslanan multimedia 
								vəsaitləri, həmçinin mühazirələr, videodərslər, 
								3 ölçülü və adi trenajor kompleksləri, 
								interaktiv tapşırıqlar, testlər, tematik 
								müzakirələr və digər vəsaitlər yerləşdiriləcək.
								 
								
								
								Müəllimlər üçün xüsusi test konstruktoru 
								yaradılmışdır ki, burada testləri yaratmaq üçün 
								bütün imkanlar vardır. Testlər test 
								konstruktorunda yaradılır. Bunun üçün testlərin 
								mətnini, düstur və şəkilləri daxil etmək üçün 
								xüsusi redaktor hazırlanmışdır. 
								
								
								Testlər sistemə fənlər və kitabdakı mövzular 
								üzrə, testin növü, çətinlik  dərəcəsi, bir 
								sözlə, müasir testologiya elminin bugünkü 
								tələblərinə uyğun olaraq müxtəlif parametrlər 
								nəzərə alınmaqla daxil edilir. Müəllim 
								qiymətləndirmə növünə uyğun olaraq (diaqnostik, 
								formativ, yaxud summativ) testləri 
								müəyyənləşdirib onlayn imtahan keçirmək imkanına 
								malikdir. Şagirdlər və kənar istifadəçilər isə 
								istənilən fənn və mövzular üzrə özlərini sınamaq 
								məqsədilə onlayn sınaq imtahanları verə və 
								dərhal da onların nəticələri ilə tanış ola 
								bilərlər. Bunun üçün heç bir texniki vasitə 
								tələb olunmur. Sadəcə olaraq, İnternet 
								şəbəkəsinə qoşulmuş kompüterin olması 
								kifayətdir. 
								
								
								Verilmiş imtahanın nəticələri cədvəl və 
								diaqramlar şəklində imtahan verənin bazasında 
								saxlanılır. Müəllim və təhsilin idarə edilməsinə 
								məsul şəxslər imtahan nəticələri əsasında onlayn 
								monitorinq keçirə bilirlər. Keçmiş imtahanların 
								məlumat bazasında saxlanılmış nəticələrinə görə 
								isə təlim nəticələrinin dəyişmə dinamikasını 
								əyani olaraq dərhal izləmək mümkündür. Bu 
								dinamikanı bütün respublika, rayon, məktəb, qrup 
								və hətta ayrı-ayrı şagirdlər üzrə də müşahidə 
								etmək olar. Nəticədə daha çox diqqət yetirilməsi 
								tələb olunan sahələri müəyyənləşdirib təhsilin 
								ümumi keyfiyyətinin yüksəldilməsinə 
								istiqamətlənmiş tədbirlər planını hazırlamaq 
								olar.  
								
								
								 Multimedia 
								və digər tədris vəsaitləri təcrid olunmuş halda 
								deyil, digər tədris texnologiyaları ilə 
								inteqrativ olaraq istifadə olunmalıdır. Müasir 
								pedaqogikada pedaqoji məqsədlər taksonomiyası 
								adlanan müxtəlif təhsil texnologiyaları 
								mövcuddur. Onlardan ən məşhurları Blum, Kratvol, 
								Maksimova və digər alimlərin modelləridir. 
								Məsələn, Maksimova tədris materiallarının 
								mənimsənilməsinin dörd səviyyəsini göstərir: 
								öyrənmə, yadda saxlama, anlama və tətbiqetmə. 
								Peşə təhsilində isə anlama və tətbiqetmə 
								mərhələləri istehsalat təliminin vasitəsilə 
								təkmilləşdirilir. Bizim təklif etdiyimiz 
								elektron vəsaitlər yadda saxlama və anlama 
								mərhələlərinin daha mükəmməl olaraq 
								reallaşmasına xidmət edir. Təbii ki, bu 
								vəsaitlər virtual olmayan maddi  məhsul 
								istehsalına yönəlmiş  təlimi heç cür əvəz edə 
								bilməz. Bu vəsaitlər nəzəri biliklərin daha 
								dərindən mənimsənilməsinə və başa düşülməsinə 
								xidmət edir. 
								
								
								Distant Peşə Təhsili Sistemi, ilk növbədə, 
								aşağıdakı imkanları verə bilər: 
								
								
								- elektron nəşrlərdən istifadə etmək imkanı; 
								
								
								- peşə məktəbi şagirdləri və digər sosial 
								təbəqələrin distant peşə təhsili almaq imkanı; 
								
								
								- İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində 
								kadr hazırlığı səviyyəsini artırmaq imkanı; 
								
								
								 - 
								cəmiyyətin bütün üzvlərinin müxtəlif peşələrə 
								aid məlumat - sorğu bazasından yararlanmaq 
								imkanı; 
								
								
								- onlayn qiymətləndirmə və elektron monitorinq 
								sistemi; 
								
								
								- açıq peşə təhsili sisteminin bazasının 
								formalaşdırılması və nəhayət, hüquqi baza təmin 
								olunarsa, distant  təhsil vasitəsilə  müvafiq 
								diplom və sertifikatların verilməsi imkanı. 
								
								
								Biz hesab edirik ki, belə layihələr cəmiyyətdə 
								peşə təhsilinin nüfuzunun artırılmasına xidmət 
								edir. Təsadüfi deyil ki, dünyanın ən inkişaf 
								etmiş ölkələri peşə təhsilinə çox əhəmiyyət 
								verir. Bizim ölkəmizdə də son illər mühüm 
								tədbirlər həyata keçirilir və təqdim olunan 
								layihə  bu istiqamətdə atılmış addımlardandır.  
								
								
								
								Hicran ƏKBƏROVA  |