| 
								 
								
								2009-cu ildə  65 ölkənin 470 min 15 yaşlı 
								şagirdinin  cəlb olunduğu PISA  beynəlxalq 
								qiymətləndirmə tədqiqatında Azərbaycanın 162 
								məktəbini təmsil edən 4716 nəfər şagird  iştirak 
								etmişdir. Beynəlxalq qiymətləndirmə tədqiqatında 
								iştirak edən ölkələrin sırasına Amerika 
								Birləşmiş Ştatları, Kanada, Meksika, Yaponiya, 
								Koreya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, 
								Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, 
								Fransa, İrlandiya, İsveçrə, Lüksemburq, 
								Danimarka, Finlandiya, İslandiya, İsveç, Norveç, 
								İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan,  Çex 
								Respublikası, Macarıstan, Polşa, Türkiyə, İsrail 
								və digərləri, eyni zamanda 6 postsovet (Rusiya 
								Federasiyası, Latviya, Litva, Estoniya, 
								Qazaxıstan, Qırğızıstan) dövlətləri  daxildir. 
								
								
								 Devizi 
								"Yaşamaq üçün öyrənmək" olan PISA beynəlxalq 
								qiymətləndirmə tədqiqatı 15 yaşlı şagirdlərin 
								oxu, riyaziyyat və təbiət elmləri  üzrə məktəbdə 
								qazandığı biliklərdən həyatda, məişətdə 
								qarşılaşdıqları  problemləri həll etmək üçün  
								istifadə etmək bacarığını  yoxlayır.  
								
								
								PISA qiymətləndirmə proqramının hər layihəsində 
								qeyd olunan üç fəndən biri əsas hədəf kimi  
								götürülür. PISA beynəlxalq proqramının  
								Azərbaycanın ilk dəfə qoşulduğu 2006-cı il 
								layihəsində əsas hədəf  təbiət elmləri idi, 
								2009-cu il tədqiqatını isə ölkələrin oxu üzrə 
								nəticələri maraqlandırırdı. Təbiidir ki, bu sahə 
								üzrə hazırlanan qiymətləndirmə vasitələri də 
								məzmun və səviyyə tələbləri baxımından təbiət 
								elmləri və riyaziyyat üzrə bacarıqları yoxlayan 
								qiymətləndirmə vasitələrindən fərqlənirdi.
								 
								
								
								Oxu  bəzən təhsil ictimaiyyəti tərəfindən  bədii 
								qiraət, hərfləri tanımaq, sözləri düzgün 
								tələffüz etmək, şifahi nitq vərdişlərinə 
								yiyələnmək kimi qəbul edilir. Əslində isə  
								beynəlxalq təcrübədə  oxu bir fənn kimi şagirdin 
								qavrama, mətnlərdən məlumat əldə edərək 
								əlaqələndirmə, izahetmə, təhliletmə və 
								dəyərləndirmə bacarıqlarını inkişaf etdirən 
								sahədir. Beynəlxalq qiymətləndirmədə iştirak 
								edən ölkələrin  çoxunda həm  ibtidai təhsil 
								pilləsində, həm də yuxarı siniflərdə qavramanı 
								inkişaf etdirmək məqsədilə eyni adlı və məzmunlu 
								fənn tədris olunur ki, proqramın qiymətləndirmə 
								səviyyələri də məhz həmin məzmuna uyğun 
								formalaşdırılır. 
								
								
								PISA 2009 beynəlxalq tədqiqatında oxu üzrə 
								bacarıqlar sözlü və işarəli mətnlər bölgüsü 
								altında üç  istiqamətdə beş əsas, iki 
								yarımsəviyyələr üzrə yoxlanılıb:  
								
								
								1. Məlumat əldə etmə 
								
								
								2. Əlaqələndirmə  və izah etmə  
								
								
								3. Təhliletmə və dəyərləndirmə  
								
								
								1-ci yarımsəviyyə. Şagirdlər  qısa mətndə bir 
								məlumatı tapır, verilmiş illüstrasiyalar və 
								təkrarlar şagirdə əlavə material kimi  kömək 
								edir. Mətn əsasında verilən suallarda fikir  
								ziddiyyəti olmur, şərh etmək üçün bir-birinə 
								yaxın  cümlələrdəki  məlumatlar əlaqələndirilir.
								 
								
								
								2-ci yarımsəviyyə. Şagirdlər mətndə  bir və ya 
								daha çox  məlumatı tapır, əsas mövzunu və 
								müəllifin məqsədini  müəyyənləşdirir, mətndə 
								olan məlumatlarla ümumi həyati bacarıqları 
								əlaqələndirir. Suallar mətndə xüsusilə 
								nəzərəçarpan məlumatlar əsasında tərtib edilir, 
								suallara cavab vermək üçün mətndəki  yardımçı 
								ifadələrdən istifadə etmək imkanı olur. 
								
								
								2-ci  əsas səviyyə. Şagirdlər dərketmə tələb 
								edən  bir və ya bir neçə  məlumatı tapır, əsas 
								fikri anlayır, ayrı-ayrı hissələri arasında 
								əlaqəni müəyyənləşdirir, məlumatları  müqayisə 
								edərək, qarşılaşdıraraq şərh edir. Mətni dərk 
								etmək üçün təsvir edilmiş hadisələri şəxsi 
								təcrübə və münasibətlərlə əlaqələndirir. 
								Axtarılan məlumat aydın verilmir və mətndə bəzi  
								ziddiyyətli fikirlər olur.  
								
								
								3-cü əsas səviyyə. Şagirdlər mətnin müxtəlif  
								hissələri arasında əlaqə yarada bilir, əsas 
								fikri tutmaq  üçün  hissələri əlaqələndirir, 
								şərh edir. Mətnin ayrı-ayrı hissələrini müqayisə 
								edir, qarşılaşdırır və  səciyyələndirir, tanış 
								olmayan  uzun və mürəkkəb mətnləri müfəssəl 
								şəkildə  və dəqiq anladığını  göstərir. 
								Müəllifin fikirlərini  inkişaf etdirən  
								mühakimələri və  fərziyyələri müəyyən etmək üçün 
								şagirdlər  mətndə verilmiş xüsusi məlumatlara 
								əsaslanır. Mətnin dərk edilməsi üçün şagirddən  
								əlaqələndirmə, müqayisə etmə  və izah etmə 
								bacarıqları tələb edilir. Bəzi tapşırıqlar 
								şagirdlərə  tanış olan gündəlik həyati  
								biliklərə,  bəziləri isə o qədər də tanış 
								olmayan biliklərə əsaslanır.  
								
								
								4-cü əsas səviyyə. Şagirdlər açıq və aydın 
								verilməyən məlumatları taparaq əlaqələndirir. 
								Bəzi tapşırıqlar şagirddən  mətndəki  tam  
								məlumatı anlamaq üçün sətiraltı verilmiş mənanı  
								başa düşməyi tələb edir. Digər  tapşırıqlar isə  
								şagirddən  tanış olmayan mövzu üzrə mətni 
								anlamağı  tələb edir. Şagird məzmun və forma  
								baxımından tanış olmayan uzun və mürəkkəb 
								mətnləri müfəssəl və dəqiq şəkildə başa 
								düşdüyünü göstərir.  
								
								
								5-ci əsas səviyyə. Şagirdlər mətndəki o qədər də 
								gözə çarpmayan  məlumatları tapır və digər oxşar 
								məlumatlarla  əlaqələndirir, mətnin dərk 
								edilməsi üçün akademik biliklərdən  istifadə 
								edilir. Verilən suallar əsasında məzmun və 
								forma  baxımından tanış olmayan mətndə 
								ziddiyyətli  anlayışlar tapılır və şərh edilir. 
								
								
								6-cı əsas səviyyə. Şagird bütövlükdə mətni və 
								onun ayrı-ayrı hissələrini dəqiq, ən xırda 
								təfərrüatına qədər şərh edə bilir.  Şagird bir 
								neçə mətn arasındakı əlaqəni müfəssəl şəkildə 
								anladığını nümayiş etdirir. Öz fikirlərini ifadə 
								etmək üçün mücərrəd anlayışlardan istifadə edir, 
								məzmun və forma  baxımından tanış olmayan 
								mürəkkəb mətnə tənqidi qiymət verməyi bacarır, 
								oxuduğu mətnə müxtəlif nöqteyi-nəzərdən  
								yanaşaraq  fərziyyələr  irəli sürür. 
								
								
								Qeyd edək ki, PISA beynəlxalq 
								qiymətləndirməsində  göstərilən bu səviyyələrin 
								üç, dörd, beş və altıncısına uyğun gələn 
								cavablar müsbət qəbul edilir. 
								
								
								PISA 2009-un  hesabatından görünür ki, ilk 
								yerləri tutan ölkə  şagirdlərinin 80%-dən çoxu 
								yalnız üçüncü və  dördüncü səviyyəyə uyğun  
								sualları düzgün cavablandırıb, orta hesabla 0,8 
								%-i  isə   6-cı səviyyə üzrə suallara düzgün 
								cavab verə bilib. 
								
								
								Təhlillər göstərir ki, ayrı-ayrı ölkələrin oxu  
								üzrə nəticələri 2006-cı il ilə  müqayisədə  
								fərqli olmuşdur. Belə ki, Koreya, Finlandiya, 
								Kanada, Polşa, Lixtenşteyn, İsveç, Böyük 
								Britaniya, Portuqaliya, Sloveniya, İspaniya, Çex 
								Respublikası, Xorvatiya, Lüksemburq, Avstriya, 
								Litva şagirdlərinin oxu üzrə nəticələrində 
								geriləmə olmuşdur, bunun əksinə olaraq, 2000-ci 
								ildən beynəlxalq qiymətləndirmə tədqiqatına 
								qoşularaq 4 qiymətləndirmə layihəsində iştirak 
								edən  Yaponiya, Avstraliya, Niderland, Belçika, 
								Norveç, İsveçrə, İslandiya, Almaniya, Fransa, 
								Danimarka, Macarıstanın  nəticələrində  
								irəliləyiş hiss olunur.  
								
								
								Beynəlxalq qiymətləndirməyə 2006-cı ildən 
								qoşularaq layihədə yalnız iki dəfə iştirak edən  
								Azərbaycan məktəbliləri daha çox birinci, ikinci 
								yarım və əsas səviyyələrə uyğun sualları 
								cavablandıraraq  müsbət  cavablara görə üç 
								istiqamət üzrə 61-64-cü  yerləri tutub. Bu da 
								onu göstərir ki, şagirdlərimiz  yardımçı 
								vasitələrdən  istifadə edərək informasiyanı real 
								hadisələrlə əlaqələndirə bilir, yəni açıq 
								məzmunlu mətnlərdə bilikdən bacarığın bilmə, 
								anlama, dərketmə, müqayisə və qarşılaşdırma 
								mərhələlərində istifadə edir, lakin irihəcmli və 
								aydın olmayan mətnlərdə sətiraltı verilmiş gizli 
								məlumatları müəyyənləşdirmək, müqayisə etmək, 
								şəxsi təcrübə ilə əlaqələndirməkdə çətinlik 
								çəkirlər. Azərbaycan şagirdləri 4-cü səviyyə 
								üzrə 0,5%, 3-cü səviyyə üzrə 5,3%, ikinci 
								səviyyə üzrə 21,5%,  ikinci yarımsəviyyə üzrə 
								36,9%, birinci yarımsəviyyə üzrə 26,1% nəticə 
								göstəriblər. 
								
								
								Ayrı-ayrı ölkələrin riyaziyyat və təbiət elmləri 
								sahəsindəki nəticələrində də eyni vəziyyət özünü 
								göstərir. Koreya, Niderland,Yeni Zelandiya, 
								Belçika, Avstraliya, Estoniya, Danimarka, 
								Sloveniya, Avstriya, İsveç, Çex Respublikası, 
								Böyük Britaniya, Macarıstan, Lüksemburq, 
								İrlandiya, Latviya, Litva, Xorvatiya, İndoneziya 
								məktəblilərinin  riyaziyyat üzrə nəticələrində 
								geriləmə, Lixtenşteyn, İsveçrə,Yaponiya, 
								Almaniya, İslandiya, Norveç, Fransa, Slovakiya 
								Respublikası, ABŞ, Portuqaliya, İspaniya, 
								İtaliya, İsrail,Türkiyə məktəblilərinin  
								riyaziyyat üzrə nəticələrində isə  irəliləmə   
								olmuşdur. 
								
								
								Azərbaycan şagirdləri isə 2006-cı il ilə 
								müqayisədə riyaziyyatdan qiymətləndirmənin 
								yüksək səviyyələrinə cavab verməkdə  bir neçə 
								pillə aşağı düşsə də (reytinqdə 45-ci), ümumi 
								nəticələrə görə  şagird nailiyyətlərində o qədər 
								də böyük dəyişiklik müşahidə edilmir. 
								
								
								Sadə sualları cavablandırmağı, məsələnin 
								həllində  alqoritmlərdən, düstur və  üsullardan 
								istifadə etməyi və birbaşa cavabı çıxarılan 
								misal və məsələləri həll etməyi, müxtəlif 
								nümunələrdən istifadə etməyi tələb edən  ümumi 
								göstəricilər üzrə 2006-cı və 2009-cu ilin 
								nəticələri  bir o qədər də fərqlənmir. 
								 
								
								
								Riyaziyyat üzrə Azərbaycan şagirdləri 6-cı 
								səviyyə üzrə 0,2 %, 5-ci səviyyə üzrə 0,9%, 4-cü 
								səviyyə üzrə 3,6%, 3-cü səviyyə üzrə 14,80%, 
								ikinci səviyyə üzrə 35,3%, birinci səviyyə üzrə 
								33,8% nəticə göstəriblər. 
								
								
								Təbiət elmləri üzrə nəticələrimizdə də böyük 
								dəyişiklik olmayıb. Şagirdlərimiz  anlayışlardan 
								və elmi faktlardan istifadə edə bilsələr də, 
								onlara tanış olmayan situasiyalarda problemin 
								həllini tapmaqda çətinlik çəkirlər. 
								
								
								Azərbaycan şagirdləri 4-cü səviyyə üzrə 0,8%, 
								3-cü səviyyə üzrə 6,7%, ikinci səviyyə üzrə 
								22,4%, birinci səviyyə üzrə 38,5%, birincidən  
								aşağı səviyyə üzrə 19,7% nəticə göstəriblər.  
								
								
								
								Təranə HACIYEVA, 
								Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə 
								şöbəsinin müdiri,  
								filologiya elmləri doktoru  | 
								  |