| 
								 
								
								NDU-nun Elmi Kitabxanasında universitetin 
								Memarlıq kafedrasının müdiri, memarlıq namizədi 
								Qadir Əliyevin "Memar Əcəmi Naxçıvani 
								yaradıcılığında ahəngdarlıq" kitabının təqdimatı 
								keçirildi.  Xatırladaq ki, 2007-ci ildə 
								Azərbaycan dilində nəşr olunan, Ukraynada yenicə 
								işıq üzü görmüş kitab rusdilli elmi ictimaiyyət 
								tərəfindən də böyük maraqla qarşılanmışdır. 
								Sevastopol Milli Universitetinin professoru, 
								tarix elmləri doktoru D.Q.Sidorukun rəyi ilə çap 
								olunan nəşr Ukraynada da tədris vəsaiti kimi 
								geniş yayılmışdır. 
								
								
								 Təqdimat 
								mərasimini giriş sözü ilə akademik, rektor İsa 
								Həbibbəyli açaraq universitet kitabxanasında 
								yeni elmi, kütləvi və bədii nəşrlərin təbliği 
								istiqamətində görülən təqdirəlayiq işlərdən 
								danışdı. Qadir Əliyevin elmi-pedaqoji 
								fəaliyyətindən söz açan natiq yeni nəşri 
								Azərbaycan memarşünaslıq elminin ən yüksək 
								nailiyyətlərindən biri kimi dəyərləndirdi. 
								Millət vəkili qeyd etdi ki, əsər 
								Azərbaycan-Ukrayna elmi əlaqələrinin inkişafı, 
								Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın 
								qədim tarixinin, şəhərsalma mədəniyyətinin, 
								milli mənəviyyatımızın dünyada təsdiqi 
								baxımından da qiymətlidir. 
								
								
								Memarlıq kafedrasının baş müəllimi, memarlıq 
								elmləri üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova 
								kitabın Naxçıvanın nadir memarlıq abidələrinin 
								harmoniya və mütənasiblik problemlərinin 
								təhlili, həndəsi mütənasiblik prinsiplərinin 
								izahı, memarlıq formalarının, həndəsi fiqurların 
								qrafiki analizlərinin verilməsi baxımından 
								qiymətli elmi mənbə olduğunu bidirdi. 
								
								
								AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və 
								Arxeologiya İnstitutunun direktor müavini, 
								AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə əsərdə 
								ilk dəfə olaraq Azərbaycan orta əsr memarlıq 
								nümunələrinin səlcuq-türk-İslam mədəniyyətinin 
								sintezi kimi tədqiqata cəlb olunduğunu, 
								yaradılışın fəlsəfəsinin, Əcəmi düşüncə tərzinin 
								açıldığını vurğuladı.  
								
								
								Azərbaycan-Qobustan radiosunun yaradıcısı Həbib 
								Əliyev Azərbaycan-Ukrayna elmi-ədəbi 
								əlaqələrinin inkişafından, mənfur ermənilərin 
								əsassız Naxçıvan iddialarını rədd etmək üçün bu 
								cür elmi nəşrlərin dünyada yayılmasının 
								əhəmiyyətindən danışdı.  
								
								
								Xarici tələbələrlə iş üzrə dekan, filologiya 
								elmləri üzrə fəlsəfə doktoru, dosent Xanəli 
								Kərimli müəllifi həmkarları adından təbrik 
								edərək kitabda həndəsi harmoniya ilə orta əsr 
								fəlsəfəsi və poeziyasının üzvi bağlılığı 
								haqqında da maraqlı nüanslara rast gəlindiyini 
								xatırlatdı.   
								
								
								Sonda müəllif tədbirin təşkilatçılarına 
								minnətdarlıq etdi. Ümummilli lider Heydər 
								Əliyevin Azərbaycan incəsənətinin inkişafındakı 
								xidmətlərindən danışan Qadir Əliyev gənclərə 
								tövsiyələrini çatdırdı. Müəllif kitabın 
								araya-ərsəyə gəlməsində akademik İsa 
								Həbibbəylinin, AMEA-nın müxbir üzvü Cəfər 
								Qiyasinin, mərhum memarşünas alimlər - Əbülfəz 
								Hüseyninin və Tağı Qasımoğlunun müstəsna rolunu 
								qeyd etdi.  
								
								
								Tədbirdə memarşünas alimin həyat və 
								fəaliyyətindən bəhs edən sərgi və slayd da 
								nümayiş etdirildi.                  
								
								
								
								Mehriban SULTAN, 
								NDU-nun Mətbuat şöbəsinin müdiri   |