| 
								 
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								Elmi-Metodik Şurasının "Avropa dilləri və 
								ədəbiyyatı" bölməsinin sədri, Azərbaycan Dillər 
								Universitetinin elmi işlər üzrə prorektoru, 
								filologiya elmləri doktoru, professor Dünyamin 
								Yunusovun bu günlərdə 60 yaşı tamam olur.  İstər 
								alim, istərsə də insan kimi elmi ictimaiyyət onu 
								yaxşı tanıyır. Bunu nəzərə alaraq qısa da olsa 
								alimin həyat və yaradıcılığına nəzər salmaq 
								maraqlı olardı. 
								
								
								 Dünyamin 
								Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da 
								Şəki rayonunun Böyük Dəhnə kəndində anadan 
								olmuşdur.  
								
								
								Atası Nurqələm kişi kənddə sayılıb-seçilən, 
								zəhmətə, əməyə bağlı bir insan idi. Anası 
								Afəridə xanım da bütün ömrü boyu zəhmətə 
								qatlaşmış, dünyaya gətirdikləri yeddi uşağı 
								həyat yoldaşı ilə birlikdə boya-başa çatdıraraq 
								Vətənimizə layiqli vətəndaş kimi yetişmələrində 
								böyük əmək sərf etmişdir.  
								
								
								Dünyamin hələ kiçik yaşlarından elmə, biliyə, 
								xüsusilə xarici dili öyrənməyə daha çox meyilli 
								idi, həmyaşıdlarından bir sıra xüsusiyyətlərinə 
								görə fərqlənirdi. Onun elmə olan həvəsi 
								tələbəlik illərində artıq yavaş-yavaş 
								reallaşmağa başlamışdı. Belə ki, o, tələbə 
								olarkən (1968-1973) Tələbə Elmi Cəmiyyətinin 
								sədr müavini işləmiş və  1970-ci ildə TEC-in 
								xəttilə Tbilisi şəhərində keçirilmiş konfransda 
								müxtəlif ali məktəblərin tələbələri arasında II 
								yeri tutmuşdur. 1971-ci ildə o, V.İ.Lenin adına 
								Moskva Dövlət Pedaqoji İnstitutunda keçirilmiş 
								konfransda ingilis dilində məruzə etmişdir. 
								Jürinin sədri V.D.Arakin (hamının Yutsi kimi 
								tanıdığı) onun çıxışını yüksək qiymətləndirmiş 
								və gələcəkdə müqayisəli planda həmin mövzunu 
								tədqiqat işi kimi davam etdirməyi ona məsləhət 
								görmüşdür. Həmin konfransda Dünyamin müəllim 
								birinci yerə layiq görülmüş və mükafatı ona 
								V.D.Arakin şəxsən özü təqdim etmişdir. 
								 
								
								
								Dünyamin Yunusov 1973-cü ildə M.F.Axundov adına 
								Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun 
								İngilis-Azərbaycan dilləri fakültəsini fərqlənmə 
								diplomu ilə bitirmiş və institut Elmi Şurasının 
								qərarı ilə İngilis dilinin qrammatikası 
								kafedrasında müəllim saxlanılmışdır. O,  1974-cü 
								ildə ordu sıralarında xidmət etmişdir. 
								 
								
								
								1975-ci ildən pedaqoji fəaliyyətini davam 
								etdirən Dünyamin müəllim İngilis dilinin 
								qrammatikası kafedrasında əvvəlcə müəllim, baş 
								müəllim, filologiya elmləri namizədi, dosent, 
								sonra filologiya elmləri doktoru, professor 
								vəzifəsinədək yüksəlmişdir. Elmi-pedaqoji 
								fəaliyyət sahəsində əldə etdiyi uğurlara görə 
								Təhsil Nazirliyinin dəfələrlə təşəkkürnamə və 
								diplomuna layiq görülüb.  
								
								
								İlk məqaləsini 1977-ci ildə çap etdirən Dünyamin 
								müəllim ("Tamamlıq budaq cümləli tabeli mürəkkəb 
								cümlələrin intonasiyaya görə sintaqmatik 
								bölgüsünə dair" - ingilis və Azərbaycan 
								dillərinin materialı əsasında) artıq 200-dən 
								artıq elmi-metodiki məqalənin və 12 kitabın 
								müəllifidir. Onun kitablarından üçü xaricdə 
								(Türkiyə, İran) nəşr olunub.  
								
								
								Eyni zamanda məqalələri ABŞ, Rusiya 
								Federasiyası, Türkiyə, Ukrayna, İran, Belarus, 
								Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə çap 
								olunur.  
								
								
								Alimin dərslik və dərs vəsaitlərindən ölkəmizin 
								ali məktəblərində tələbələr, müəllimlər və 
								ziyalılar geniş istifadə edirlər.  
								
								
								Bu gün dil vahidlərinin variativliyinin 
								öyrənilməsində dilin ikili üzvlənməsinin yararlı 
								olmadığını qeyd edən Dünyamin müəllim öz elmi 
								istiqamətini digər bir nəzəriyyə üzərində qurur. 
								Bu nəzəriyyə L.V.Şerba, sonra isə  E.Koseriu və 
								bu günlərdə F.Veysəlli tərəfindən inkişaf 
								etdirilən dilin üçlü (trixotomik) üzvlənməsidir 
								ki, burada F.de Sössürdən fərqli olaraq, 
								dil-nitq qarşılaşması deyil, dil-norma-danışıq 
								aktı kimi üçlü modelə əsaslanır. Bu model dil və 
								danışıq aktı arasında "norma" səviyyəsinin 
								olmasını nəzərdə tutur ki, bu normanın vahidi də 
								dil vahidlərinin variantlarıdır. Dilin üçlü 
								üzvlənməsi belə bir postulata əsaslanır ki, dil 
								vahidləri ifadə planında sintaqmatik oxda 
								dildaxili və dilxarici amillərin təsirinə məruz 
								qalır və variativləşir. Dil vahidlərinin 
								invariantlığının öyrənilməsi dil vahidlərinin 
								variativliyinin öyrənilməsinə nisbətən o qədər 
								də böyük tarixə malik deyildir. Dil vahidlərinin 
								variativliyi məsələsi dilçilikdə az işlənən bir 
								sahədir və bu sahədə ilkin addımlar atılır. 
								
								
								Azərbaycan dilçiliyi üçün, xüsusilə sintaktik 
								səviyyədə variativlik mövzusu tamamilə yenidir 
								və demək olar ki, heç işlənməyib. Bu baxımdan, 
								Dünyamin müəllimin müxtəlif sistemli dillərdə 
								mürəkkəb sintaktik vahidlərin variativliyi 
								məsələsini eksperimental-fonetik təhlil metodu 
								ilə araşdırmasını Azərbaycan dilçiliyində bu 
								sahədə ilk addım hesab etmək olar. Dünyamin 
								müəllim çoxlu dil materiallarını araşdıraraq 
								mürəkkəb sintaktik vahidlərin ifadə və məna 
								planında dildaxili və dilxarici amillərin 
								təsirindən yaranan variantlarını 
								müəyyənləşdirir. Əldə etdiyi nəticələri kifayət 
								qədər cədvəllərdə, qrafik və şəkillərdə nümayiş 
								etdirir və problemin sonrakı istiqamətinə əsaslı 
								zəmin yaradır.  
								
								
								Beləliklə, Dünyamin Yunusovun bir alim kimi 
								apardığı tədqiqat istiqaməti müasir dilçilik 
								üçün yeni istiqamət olub, az işlənən sahələrdən 
								biridir.  
								
								
								Onun elmi istiqaməti F.de Sössürdən üzübəri hökm 
								sürən dilin ikili (dixotomik) üzvlənməsinə 
								deyil, dilin işlənmə mexanizmində invariant və 
								variant münasibətlərini nizamlayan Şerba-Koseriu 
								elmi nəzəriyyəsinə-dilin üçlü (trixotomik) 
								üzvlənməsinə əsaslanır ki, bu da norma 
								səviyyəsində əldə edilən keyfiyyət və kəmiyyət 
								dəyişmələrini nəzərdə tutur. Bu isə dilin 
								funksional baxımdan fundamental xüsusiyyətini 
								səciyyələndirir.  
								
								
								Elmi istiqaməti mürəkkəb sintaktik vahidlərin 
								konstantlıq (sabit əlamətlər) və variativlik 
								(dəyişən əlamətlər) müstəvisində tipoloji planda 
								araşdırılır.  
								
								
								Mürəkkəb sintaktik vahidlərin variativliyinin 
								eksperimental-fonetik metodla geniş şəkildə 
								öyrənilməsi Azərbaycan dilçiliyində yeni, həm də 
								ilk hadisədir. Bu tədqiqat işi Azərbaycan 
								dilçiliyində paradiqmatik sintaksisin və danışıq 
								aktı nəzəriyyəsinin öyrənilməsi üçün çıxış 
								nöqtəsi ola bilər. Onun tədqiqatında mürəkkəb 
								sintaktik vahidlər sırf struktur planda deyil, 
								struktur-intonativ planda araşdırılır ki, bu da 
								ifadə və məna planlarında mümkün variantların 
								üzə çıxarılmasına imkan yaradır.  
								
								
								Mürəkkəb sintaktik vahidlərdə semantik mənalı 
								fellərin (nitq, hissi qavrayış, əqli fəaliyyət, 
								xahiş və təklif, konkret hərəkət, modal mənalı) 
								birinin digəri ilə əvəzlənməsi məna və intonativ 
								variativliyə və variantlara səbəb olur. Fellərin 
								əvəzlənməsindən alınan məna variantları bu 
								tədqiqat işinin həm də paradiqmatik sintaksisə 
								meyilli olduğuna dəlalət edir.  
								
								
								O, pedaqoji fəaliyyəti ilə usta pedaqoq, elmi 
								işlər üzrə prorektor kimi işgüzar və 
								məsuliyyətli bir şəxsdir.  Dünyamin müəllimi 
								çoxlarından fərqləndirən başqa bir cəhət onun 
								genişürəkli bir insan olmasıdır.  
								
								
								Dünyamin müəllimi 60 yaşı tamam olması 
								münasibətilə təbrik edir, ona ömrün müdriklik 
								dövründə sevinc dolu günlər, zəka itiliyi, 
								sağlamlıq, ailə səadəti və yeni yaradıcılıq 
								uğurları arzulayırıq.   
								
								
								
								Şakir CƏFƏROV, 
								Azərbaycan Jurnalistlər Birliyinin  üzvü  |