| 
								 
								
								Ötən əsrdə, 1940-cı ilin 14 mayında Bakıda, 
								qədim Qız qalasına yaxın bir məkanda mütəfəkkir 
								şair Nizami Gəncəvinin anadan olmasının 800 
								illik yubileyi münasibətilə ədəbiyyat təmayüllü 
								muzey açıldı. 
								
								
								İllər ötdükcə muzeyin ekspozisiya zallarının 
								sahəsi genişləndirildi. Bir neçə minillik tarixi 
								olan ədəbiyyatımızla bağlı eksponatların sayı 
								artdı. Söz sənətkarlarımızın həyatı, məişəti və 
								yaradıcılığı ilə bağlı məlumatlar, əşyalar, rəsm 
								əsərləri, sənət nümunələrinin ekran, teatr 
								həyatı ilə bağlı fotokadrlar yeni ekspozisiyalar 
								üçün dəyərli materiallara çevrildi. 
								
								
								Müxtəlif zamanlarda ayrı-ayrı yazıçı, şair və 
								dramaturqun yubileyləri ilə bağlı sərgilər 
								təşkil olunmuş muzeydə son illər dünya 
								səviyyəsində təmir və yenidənqurma işləri 
								aparılmışdır; rəsm əsərləri və heykəltəraşlıq 
								nümunələri tamamilə yenidən, zövqlə bərpa 
								edilmiş, çoxlu yeni avadanlıqlar alınmışdır. 
								
								
								Muzeyin ekspozisiya zallarının sayı 19-dan 40-a 
								qədər artırılmışdır. 
								
								
								İndi burada 30 minə yaxın eksponat vardır. 
								İncəsənətin müxtəlif sahələri ilə bağlı 
								materiallar zəngin Azərbaycan folkloru və yazılı 
								ədəbiyyatı haqqında muzeyə gələnlərdə dərin 
								təəssürat yaradır, geniş informasiya çatdırır. 
								
								
								Ən qədim zamanlardan müasir dövrə qədər 
								Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət 
								və elm ocağının - Nizami Gəncəvi adına Milli 
								Azərbaycan Ədəbiyyatı Muzeyinin 2010-cu ildə 70 
								illik yubileyi keçirildi. 
								
								
								Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə 
								muzeyin əməkdaşlarına yüksək fəxri adlar 
								verildi, bir qrup işçi "Tərəqqi" medalı ilə 
								təltif olundu. 
								
								
								Yubiley tədbirləri çərçivəsində keçirilən elmi 
								konfransda dinlənilmiş 100-dən çox məruzəni 
								əhatə edən kitab nəşr olundu. 
								
								
								Yaddaqalan tədbirlərdən biri muzeyə xarici 
								ölkələrdən eksponatlar təqdim edilməsi oldu. 
								Belə ki, Almaniyada yaşayan tədqiqatçı 
								Məhəmmədəli Hüseyni mədəni-maarif ocağına Saib 
								Təbrizinin portretini hədiyyə etdi. Həmçinin 
								S.Təbrizinin 400 illiyi münasibətilə Tofiq 
								Quliyevin şairin sözlərinə bəstələdiyi romansın 
								klaviri də muzeyə təqdim olundu. 
								
								
								70 illik zəngin salnaməsi olan muzeydə bu ilin 
								yazında "Xalq oyunları mədəniyyəti: klassik irs 
								və müasirlik" mövzusunda 3 gün davam edəcək 
								konfrans keçirilməsi nəzərdə tutulub.  
								
								
								
								Ş.MƏMMƏDOV  |