| 
								 
								
								Ölkəmizin ümumi orta təhsil müəssisələrində 
								həyata keçirilən təhsil islahatının əsas məqsədi 
								gənc nəslə yaşamaq üçün öyrənməyi öyrətməkdən, 
								öyrəndiklərindən həyatda istifadə etmək bacarığı 
								aşılamaqdan, bu baxımdan şagirdlərə keyfiyyətli 
								təlim vermək və onları gələcək həyata 
								hazırlamaqdan ibarətdir. Bu isə şagirdlərə 
								əvvəlcədən müəyyən olunmuş milli standartlara 
								uyğun bilik verməyi, onlarda müvafiq bacarıqlar 
								formalaşdırmağı və vərdişlərə yiyələnməyi, 
								həmçinin nailiyyətlərinin əsaslandırılmış, 
								açıq-aydın, obyektiv və şəffaf şəkildə 
								qiymətləndirilməsini həyata keçirməyi tələb 
								edir.  
								
								
								Qiymətləndirmənin həyata keçirilməsi üçün ən 
								yaxşı vasitə dünyanın əksər ölkələrində son 
								illər daha geniş tətbiq edilən testlərdən 
								istifadə olunmasıdır.  
								
								
								
								Test 
								(ingiliscə - nümunə, sınaq, yoxlama) əsasən 
								psixoloqların diaqnostik məsələləri həll etmək 
								üçün istifadə etdiyi bir vasitə olub məhdud vaxt 
								ərzində cavablandırılan və nəticələrindən 
								şəxsiyyətin özünəməxsus psixo-fizioloji 
								xüsusiyyətlərini, bilik, bacarıq və 
								vərdişlərini, həmçinin fəallıq dərəcəsini 
								kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək 
								üçün tətbiq olunan standartlaşdırılmış 
								tapşırıqlardır.  
								
								
								Testdən ilk dəfə 1864-cü ildə Böyük Britaniyada 
								şagirdlərin biliyinin yoxlanması üçün istifadə 
								edilmişdir. XX əsrin əvvəllərində psixoloji və 
								pedaqoji istiqamətli testlərdən istifadə 
								olunmağa başlanmış, standartlaşdırılmış pedaqoji 
								testlər ilk dəfə amerikalı psixoloq E.Torndayk 
								tərəfindən tərtib edilmiş, K.Spirmen isə 
								testlərin standartlaşdırılması və testoloji 
								tədqiqatların obyektiv ölçülməsi üçün 
								korrelyasiyon analizin əsas metodlarını və 
								testləşdirmənin inkişafında mühüm rol oynayan 
								statistik üsulu işləyib hazırlamışdır. 
								 
								
								
								Qeyd edək ki, testin hazırlanması zamanı əsas 
								diqqət onun gələcəkdə nəyi (hansı psixoloji 
								xassəni) ölçməsinin dəqiq müəyyən edilməsinə 
								yönəlir və onların sayı ölçəcəyi məzmunla bağlı 
								təyin edilir. Müəyyən psixoloji xassənin az 
								sayda testdən istifadə olunmaqla ölçülməsi isə 
								əsas məsələdir. Test tapşırığının ölçdüyü 
								məqsədlərə uyğun gəlməsi və tətbiq olunduğu 
								ölkənin digər dilli qrupları arasında 
								keçirildikdə uyğunlaşdırılması (adaptə edilməsi) 
								zəruridir. Həmçinin testin standartlaşdırılması, 
								onun eyni şəraitdə müxtəlif qruplar arasında 
								aparılmasından alınan nəticələrin müqayisə 
								edilməsinə imkan verməsi çox vacibdir. Testin 
								standartlaşdırılması onun etibarlılıq və 
								validlik xassələri ilə yoxlanılır.  
								
								
								
								Testin etibarlılığı 
								- testin eyni şəraitdə dəfələrlə keçirilməsindən 
								alınan balların təxminən eyni olması, aparılan 
								ölçmələrin nəticələrinin bir-birindən çox az 
								fərqlənməsi ilə təyin olunub Mənim ölçmələrim 
								nə dərəcədə dəqiqdir sualına cavab verir. 
								Mütləq etibarlılıqlı test yaradılması isə xeyli 
								çətindir. 
								
								
								
								Testin validliyi 
								(həqiqi, yararlı) - testin nəyisə ölçmək 
								vəzifəsinə uyğunluq səviyyəsini (dərəcəsini) 
								təyin edir. Testin validliyi Test nəyi ölçür 
								və Tətbiq olunduğu məqsədə uyğundurmu 
								suallarına cavab verir. Çox sadə şəkildə, 
								testlə valid ölçmə - nəyin ölçülməsi lazımdırsa, 
								test elə onun da ölçüsünü tapır kimi başa 
								düşülür.  
								
								
								Çox zaman testin valid olmaması həyata 
								keçirilən testləşdirmə zamanı nəyin və nə üçün 
								ölçdüyünü bilməmək, qiymətləndirmə 
								məqsədlərinin aydın olmaması ilə bağlı olur.
								 
								
								
								Testin validliyi və etibarlılığı bir-biri ilə 
								qarşılıqlı vəhdətdə olmaqla, etibarlılığı 
								tədqiqatın nəticələrinin nə dərəcədə həqiqətə 
								yaxın olduğunu, validliyi isə nəticələrin 
								həqiqətən tədqiq edilən hadisəyə aid olduğunu 
								göstərir. Kifayət qədər validliyə malik test 
								etibarlı hesab edilir.  
								
								
								Tərtib edilmiş hər bir testin obyektivlik, 
								reprezentativlik və elmilik kimi kriteriyalara 
								da cavab verməsi zəruridir.  
								
								
								
								Testin obyektivliyi 
								- testin nəticələrinin onun kim tərəfindən 
								keçirilməsindən asılı olmamasını bildirir. Başqa 
								sözlə, testlə yoxlamalar müxtəlif adamlar (və ya 
								qruplar) tərəfindən keçirildiyi halda belə, yenə 
								eyni (çox az fərqlənən) nəticələr alınır. 
								 
								
								
								Ona görə də test yoxlamalarının fənn müəllimləri 
								və ya xüsusi mütəxəssislər tərəfindən 
								aparılmasına ehtiyac duyulmur.  
								
								
								
								Testin reprezentativliyi 
								(testləşdirmə normalarına uyğunluq, 
								təmsiledicilik) - testin yoxlanılan tədris 
								materialını tam əhatə etdiyini müəyyən edir. 
								Yekun testləşdirmə zamanı bütün kursun, əsasən 
								onun çox mühüm əhəmiyyət kəsb edən 
								standartlarının (mövzuların) 
								qiymətləndirilməsini həyata keçirən təmsiledici 
								testlərdən istifadə olunur. Testin 
								təmsiledicilik səviyyəsi keçirilən pre-testlərin 
								nəticələrinin dəyərləndirilməsi ilə təyin 
								edilir.    
								
								
								
								Testin elmiliyi 
								- testin fundamental tədqiqatlarla 
								əsaslandırılması və onun təlim məqsədlərini 
								düzgün ölçməsinin müəyyən olunmasıdır. 
								 
								
								
								
								Testin relevantlığı 
								- testin üzərinə qoyulmuş məqsədin (mövzunu tam 
								açmasının) başa düşülən olmasının məna və 
								stilistik baxımdan uyğunluğunu müəyyən edir. 
								Başqa sözlə, test tapşırıqlarının məzmunu 
								yoxlama məqsədlərinə uyğun olmalıdır. 
								 
								
								
								Göstərilənlərlə yanaşı, test aşağıda verilən 
								özünəməxsus xüsusiyyətlərə malikdir:  
								
								
								1. Test standartlar baxımından müəyyən 
								məzmunu (tədris materialını) yoxlamaq üçün bir 
								vasitədir. Testlə öyrənilən bütün məzmunu əhatə 
								etmək və qiymətləndirmək mümkündür. 
								
								
								2. Test mühüm anlayışların, tədris 
								materialının (məzmunun) mənimsənilmə səviyyəsini 
								(dəqiq ölçüsünü) təyin edir. 
								
								
								3. Test şagirdin nailiyyətlərinin şəffaf 
								və obyektiv qiymətləndirilməsinin həyata 
								keçirilməsini təmin edir. Bu məqsədlə testin 
								qiymətləndirilməsi üçün əvvəlcədən müəyyən 
								edilən şkala şagirdlərə bildirilir. Şkalanın 
								təyin edilməsi çox böyük məsuliyyət tələb edən 
								ciddi iş olduğu üçün müəllimlərin şagird 
								nailiyyətlərinin beynəlxalq 
								qiymətləndirilməsində istifadə olunan test 
								tapşırıqlarının tərtib edilməsi və onların 
								qiymətləndirilməsi şkalası ilə yaxından tanış 
								olmalarını, həmçinin məktəbdaxili qiymətləndirmə 
								vasitələrinin və onların çoxseçimli cavablarının 
								səviyyələrə uyğun tərtib edilməsini vacib hesab 
								edirik.  
								
								
								4. Test aparılma məqsədlərindən asılı 
								olaraq standartlaşdırılmış bir vasitə olub 
								müəyyən standart üzrə şagirdin nailiyyətlərinin 
								ölçülməsini həyata keçirir. Testlər bir-birindən 
								səviyyəcə fərqlənməklə 4 (dörd) səviyyə üzrə - 
								asan, orta, çətin və (istedadlı şagirdlər üçün) 
								nisbətən çətin səviyyələrdə tərtib edilir. 
								
								
								Qeyd edək ki, şagird:  
								
								
								
								1-ci (asan) 
								və 2-ci (orta) səviyyəli testlərə tədris 
								materialını yada salmaqla (hafizəyə əsaslanaraq) 
								cavab verir;  
								
								
								
								3-cü (çətin) səviyyəli 
								testlərə cavab vermək üçün əldə etdiyi 
								biliklərdən situasiyaya uyğun istifadə edir, 
								müəyyən məntiqi təfəkkür əməliyyatlarını yerinə 
								yetirir;  
								
								
								
								4-cü (nisbətən çətin) səviyyəli 
								testlərə cavab vermək üçün bilik və 
								bacarıqlarından ona tanış olmayan situasiyada, 
								nisbətən qeyri-standart düşüncə tərzi, 
								yaradıcılıq tələb edən yeni tipli çalışmaların 
								həllində istifadə edir.  
								
								
								Testin yuxarıda sadalanan xüsusiyyətləri ondan 
								istifadə etməklə dərs ili ərzində şagirdin 
								inkişaf dinamikasını izləməyə, ölkə səviyyəsində 
								monitorinqlər aparmağa, təlimin keyfiyyəti 
								barədə operativ informasiyalar toplamağa və 
								nəticələrin çox az vaxt ərzində təhlil 
								edilməsinə imkan verir. Çoxseçimli test 
								tapşırıqlarından istifadə olunması isə 
								nəticələrin avtomatlaşdırılmış vasitələrin 
								tətbiqi ilə qiymətləndirilməsinə şərait yaradır.
								 
								
								
								Beləliklə, şagird nailiyyətlərinin çoxseçimli 
								testlərdən istifadə olunmaqla texniki qurğu ilə 
								qiymətləndirilməsi nəticəsində yoxlayan 
								subyektin rolu minimuma endirilir və bu 
								qiymətləndirmə zamanı: 
								
									- 
									
									
									şagirdin şəxsiyyəti deyil, ancaq onun yerinə 
									yetirdiyi yoxlama işi qiymətləndirilir;  
									- 
									
									
									şagirdin yoxlama işi digər şagirdlərin işi 
									ilə deyil, standartla müqayisə əsasında 
									qiymətləndirilir;  
									- 
									
									
									qiymətləndirmə standartları şagirdə 
									əvvəlcədən bildirilir;  
									- 
									
									
									qiymətlərin verilməsi alqoritmi birqiymətli 
									təyin olunur və şagird yerinə yetirdiyi işi 
									qiymətləndirməklə, özünün nailiyyət 
									səviyyəsini təyin edə bilir;  
									- 
									
									
									qiymətləndirmə konkret təlim nəticələri 
									əsasında aparılır;  
									- 
									
									
									fənn üzrə təlim nəticələri şagird 
									nailiyyətlərinin qiymətləndirilməsi 
									kriteriyalarını təşkil edir.  
								 
								
								
								Bunlar şagird nailiyyətlərinin 
								qiymətləndirilməsində bir vasitə olaraq 
								testlərdən istifadə olunmasının əhəmiyyətini 
								bildirir. 
								
								
								Qeyd edək ki, şagirdin nailiyyətlərinin 
								qiymətləndirilməsində ancaq çoxseçimli test 
								tapşırıqlarından istifadə edilməsi heç də həmişə 
								müsbət nəticələrə gətirmir (çoxseçimli 
								testlərdən əsasən şagirdlərin müəyyən faktlar, 
								prosedurlar üzrə qısa müddət ərzində bilikləri, 
								fərdi qabiliyyətləri qiymətləndirilərkən, 
								qiymətləndirmə standartlarının sayı çox olduqda, 
								həmçinin obyektiv və etibarlı qiymətləndirmə 
								vacib olduğu zaman, əksər hallarda buraxılış 
								imtahanları apararkən istifadə edilməsi 
								məqsədəuyğun hesab olunur). Belə ki, müntəzəm 
								olaraq çoxseçimli test tapşırıqlarına cavab 
								verən şagird artıq yeni metodları öyrənmək 
								istəmir və hafizəyə əsaslanmağı daha üstün hesab 
								edir.  
								
								
								Bu baxımdan şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi zamanı çoxseçimli, qapalı 
								test tapşırıqları ilə yanaşı açıq test 
								tapşırıqlarından, fəaliyyət test çalışmalarından 
								istifadə edilməsi məqsədəuyğun hesab olunur. 
								Lakin fəaliyyət test tapşırıqlarının 
								hazırlanması müəllimdən xüsusi yaradıcılıq tələb 
								edir. Bunun üçün müəllim əvvəlcə təlim 
								məqsədlərini müəyyən edir, sonra isə onların 
								qiymətləndirilməsini təmin edəcək yazılı 
								tapşırıq hazırlayır. Tapşırığın stili, məzmunu 
								şagirdin anlam səviyyəsinə uyğun gəlməklə, eyni 
								zamanda reallığı və həqiqəti əks etdirməli, 
								müasir həyatla uzlaşmalı, mənalı və stimulverici 
								olmalı, onlarda müəyyən bacarıqların 
								formalaşmasına, yaradıcı təfəkkürün inkişafına 
								xidmət etməlidir. Hazırlanması xeyli əmək və 
								vaxt tələb edən fəaliyyət testlərinin 
								qiymətləndirilməsi müəllim tərəfindən həyata 
								keçirilir.  
								
								
								Aşağıda ibtidai təhsil səviyyəsinin kurikulum 
								tətbiq olunan siniflərində şagird 
								nailiyyətlərinin diaqnostik və formativ 
								qiymətləndirilməsi üçün riyaziyyat və 
								informatika fənlərinə aid nümunələr veririk:  
								
								
								
								I sinif - riyaziyyat fənni üzrə 
								
								
								
								a) Diaqnostik qiymətləndirməyə aid nümunə 
								
								
								
								Mövzu: 
								1 ədədi.  
								
								
								
								Qiymətləndirmə standartları: 1.1.3.Q1 
								- şagird 20 dairəsində ədədləri oxuyur və yazır. 
								1.1.4.Q2 - şagird hər bir ədədə uyğun 
								əşya qrupunu müəyyən edir. 1.1.5.Q1 - 
								şagird əşyalar çoxluğundan tələb olunan sayda 
								əşya ayırır. 
								
								
								
								"1 ədədinin yazılması və oxunmasının öyrədilməsi"nə 
								aid  dərsdə diaqnostik qiymətləndirmənin 
								aparılması üçün: 
								
								
								
								1) 
								dərsliyin 14-cü səhifəsinin 1-ci çalışmasında 
								verilən şəkil sinif otağında ya böyüdülmüş halda 
								münasib yerdən asılır, ya da multimedia 
								proyektorunun köməyi ilə göstərilir: 
								
								  
								
								
								
								2) 
								Müəllim şagirdlərin diqqətini dərsə yönəltmək 
								məqsədilə "Şəkildə nə görürsünüz?" deyə 
								soruşur və yaxşı (aydın, məqsədli, yığcam, təbii 
								və sinfin səviyyəsinə uyğun, bir-biri ilə 
								əlaqəli, düşündürücü) suallarla onlara müraciət 
								edir: 
								
								
								
								Müəllim: 
								sürüşkəndə neçə uşaq sürüşür?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								havada neçə çərpələng uçur?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								oyun meydançasında neçə it (şəkli) görünür?
								 
								
								
								
								Şagird: 
								1.  
								
								
								
								Müəllim: 
								qız əlində neçə qırmızı rəngli şar tutub? 
								 
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								skamyada (oturacaqda) neçə baba əyləşib? 
								 
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								yelləncəkdə neçə qız yellənir?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								Bu suallarla yanaşı aşağıdakı kimi suallar da 
								verilə bilər: 
								
								
								
								Müəllim: 
								sənin neçə çantan var?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								sənin neçə riyaziyyat kitabın var?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								sənin yanında neçə nəfər oturub?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								sinifdə neçə müəllim var?  
								
								
								
								Şagird: 
								1. 
								
								
								
								Müəllim: 
								sinifdə sayı bir olan hansı əşyaları görürsünüz? 
								 
								
								
								
								Şagirdlər 
								sinfin tərtibatından asılı olaraq cavablar 
								verirlər. 
								
								
								
								Müəllim: 
								sayı bir olan hansı canlı və cansız əşyaları 
								tanıyırsınız? 
								
								
								
								Şagirdlər 
								müxtəlif cavablar verirlər (ata, ana, Günəş, Ay 
								və s.). 
								
								
								
								Müəllim: 
								biz bu gün nə öyrəndik? 
								
								
								
								Şagirdlərin 
								müxtəlif cavabları dinlənilir. 
								
								
								Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, 
								bir elementli çoxluqların, sayı bir olan 
								əşyaların riyazi olaraq "1" şəklində 
								işarə edildiyini və bu simvolun "bir" 
								kimi oxunduğunu söyləyir.  
								
								
								
								Qeyd 
								edək ki, müəllim dərsdə istifadə etdiyi əyani 
								vəsaitlərdən asılı olaraq sualların məzmununda 
								dəyişiklik edə bilər.  
								
								
								
								b) Formativ qiymətləndirməyə aid nümunə 
								
								
								  
								
								
								
								1. Holistik rubrik əsasında: 
								
								
								
								Mövzu: 
								1 ədədi.  
								
								
								
								Qiymətləndirmə standartı: 
								
								1.1.4.Q2.  
								
								
								Aşağıda şagirdin nailiyyət səviyyəsinin 1.1.4.Q2 
								standartı üzrə formativ qiymətləndirilməsinə 
								dair holistik rubrik verilir:  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												Qiymətləndirmə şkalası  | 
												
												 
												
												Qiymətləndirmə səviyyələri  | 
											 
											
												| 
												
												4 | 
												
												 
												
												Şəkildə 
												sayı 1-lə ifadə edilən 
												əşyaların və əlavə olaraq 
												çoxlu sayda əşyanın adını 
												deyir, onları sayına, 
												təbiətinə və əlamətinə görə 
												fərqləndirir, həyatla 
												əlaqələndirir, nümunələr 
												söyləyir.  | 
											 
											
												| 
												
												3 | 
												
												
												Şəkildə sayı 1-lə ifadə 
												edilən əşyaların və 
												əlavə bir-iki əşyanın adını 
												deyir, onları sayına və 
												təbiətinə görə 
												fərqləndirir, lakin 
												əlamətinə görə 
												fərqləndirməkdə 
												çətinlik çəkir. | 
											 
											
												| 
												
												2 | 
												
												
												Şəkildə sayı 1-lə ifadə 
												edilən əşyaların adını 
												deyir, onları sayına görə 
												fərqləndirir, lakin 
												təbiətinə görə 
												fərqləndirməkdə çətinlik 
												çəkir. | 
											 
											
												| 
												
												1 | 
												
												
												Şəkildə verilən əşyaların 
												adını deyir, onları sayına 
												görə fərqləndirməkdə 
												çətinlik çəkir. | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								
								2. Analitik rubrik əsasında: 
								
								
								
								Mövzu: 
								1 ədədi.  
								
								
								
								Qiymətləndirmə standartları: 
								1.1.3.Q1 və 1.1.4.Q2. 
								
								
								Aşağıda şagirdin nailiyyət səviyyəsinin 
								aspektlər üzrə formativ qiymətləndirilməsinə 
								dair analitik rubrik verilir: 
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												Qiymətləndir-mə şkalası  | 
												
												 
												
												Aspektlər  | 
											 
											
												|   | 
												
												
												1.1.4.Q2 standartı: 
												
												
												şagird hər bir ədədə uyğun 
												əşya qrupunu müəyyən edir. | 
												
												
												1.1.3.Q1 standartı: 
												
												
												şagird 20 dairəsində 
												ədədləri oxuyur və yazır. | 
											 
											
												|   | 
												
												 
												
												Qiymətləndirmə səviyyələri  | 
											 
											
												| 
												
												4 | 
												
												
												Şəkildə sayı 1-lə ifadə 
												edilən əşyaların və əlavə 
												olaraq çoxlu sayda əşyanın 
												adını deyir, onları 
												sayına, təbiətinə və 
												əlamətinə görə fərqləndirir, 
												həyatla əlaqələndirir, 
												nümunələr söyləyir. | 
												
												
												1 elementli çoxluqların 
												elementləri sayının riyazi 
												olaraq 1-lə işarə 
												edildiyini və “bir” kimi 
												oxunduğunu deyir. | 
											 
											
												| 
												
												3 | 
												
												
												Şəkildə sayı 1-lə ifadə 
												edilən əşyaların və 
												əlavə bir-iki əşyanın adını 
												deyir, onları sayına və 
												təbiətinə görə 
												fərqləndirir, lakin 
												əlamətinə görə 
												fərqləndirməkdə çətinlik 
												çəkir. | 
												
												
												1 elementli çoxluqların 
												elementləri sayının riyazi 
												olaraq 1-lə işarə 
												olunduğunu deyir. | 
											 
											
												| 
												
												2 | 
												
												
												Şəkildə sayı 1-lə ifadə 
												edilən əşyaların adını 
												deyir, onları sayına görə 
												fərqləndirir, lakin 
												təbiətinə görə 
												fərqləndirməkdə 
												çətinlik çəkir. | 
												
												
												1 elementli çoxluqların 
												elementləri sayının 1 
												olduğunu deyir. | 
											 
											
												| 
												
												1 | 
												
												
												Şəkildə verilən əşyaların 
												adını deyir, onları 
												sayına görə 
												fərqləndirməkdə 
												çətinlik çəkir. | 
												
												
												1 elementli çoxluqların 
												elementləri sayının 1-lə 
												işarə olunduğunu deməkdə 
												çətinlik çəkir. | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								
								Qeyd. 
								Müəllim holistik rubrik hazırlayarkən nisbətən 
								yaxın (məsələn, 1.1.4.Q2 və 1.1.5.Q1) alt 
								standartları birləşdirə bilər.  
								
								
								Hazırda məktəbdaxili qiymətləndirmənin 
								aparılması üçün hazır qiymətləndirmə 
								vasitələrindən istifadə olunduğunu nəzərə alaraq, 
								burada summativ qiymətləndirmə tapşırıqları 
								vermirik.  
								
								
								  
								
								
								
								I sinif - informatika fənni üzrə 
								
								
								
								a) Diaqnostik qiymətləndirməyə aid nümunə 
								
								
								
								Mövzu: 
								Azdır - çoxdur.  
								
								
								
								Qiymətləndirmə standartı: 
								Mövzu ilə bağlı 1.2.3.Q4 qiymətləndirmə 
								standartının alt standartlarını: "1.2.3.Q1* 
								- şagird iki və daha çox sayda əşya qrupları 
								arasında az, çox münasibətlərini müəyyən edir" 
								və "1.2.3.Q2* - şagird iki və daha çox 
								sayda əşya qrupları arasında kəmiyyət (böyük, 
								kiçik) münasibətlərini müəyyən edir" - şəklində 
								təyin edək. 
								
								
								Əşyalar arasında "azdır - çoxdur" 
								münasibətlərinin öyrədilməsi zamanı diaqnostik 
								qiymətləndirmənin aparılması məqsədi ilə əvvəlcə 
								dərslikdə verilmiş şəkil multimedia proyektoru 
								ilə göstərilir: 
								
								  
								
								
								
								Sonra isə 
								müəllim şagirdlərə aşağıdakı suallarla müraciət 
								edir: 
								
								
								
								Müəllim: 
								şəkildə neçə boşqab (boş qab) görünur? 
								 
								
								
								
								Şagird: 
								4. 
								
								
								
								Müəllim: 
								şəkildə neçə armud görünür?  
								
								
								
								Şagird: 
								3. 
								
								
								
								Müəllim: 
								hər boşqaba bir armud qoysaq, neçə boşqab boş 
								qalar?  
								
								
								
								Şagird: 
								1.  
								
								
								
								Müəllim: 
								boşqabların sayı çoxdur, yoxsa armudların?
								 
								
								
								
								Şagird: 
								boşqabların.  
								
								
								
								Müəllim: 
								nə üçün boşqabların sayı çoxdur?  
								
								
								
								Şagird 
								
								1: bir boşqab boş qaldığı üçün. 
								
								
								
								Şagird 
								2: boşqabların sayı (4) armudların sayından 
								(3-dən) çox olduğu üçün. 
								
								
								
								Şagird 
								3: armudların sayı (3) boşqabların sayından 
								(4-dən) az olduğu üçün. 
								
								
								Müəllim şagirdlərə riyaziyyat kursundan 1.1.6.Q3 
								(şagird böyük ədədə çox sayda əşya qrupunun, çox 
								sayda əşya qrupunun böyük ədədə uyğun olduğunu 
								nümayiş etdirir) standartı üzrə öyrəndiklərini (fənlərarası 
								əlaqə) xatırladır, onların fikirlərini 
								ümumiləşdirir, boşqabların sayının armudların 
								sayından çox, armudların sayının isə boşqabların 
								sayından az olduğunu deyir və nəticəni 
								riyaziyyat kursunun 1.1.7.Q2 (şagird 20 
								dairəsində ədədləri müqayisə edərək nəticəni <, 
								= və > işarələrinin köməyi ilə ifadə edir) 
								standartına əsasən riyazi şəkildə yazır. 
								
								
								
								b) Formativ qiymətləndirməyə aid nümunə 
								
								
								  
								
								
								
								1. Holistik rubrik əsasında: 
								
								
								
								Mövzu: 
								Azdır - çoxdur.  
								
								
								
								Qiymətləndirmə standartı: 
								1.2.3.Q1*. 
								
								
								Aşağıda "Azdır - çoxdur" münasibətlərinin 
								öyrədilməsi prosesində şagirdin nailiyyət 
								səviyyəsinin standarta uyğun 4-5 səviyyə üzrə 
								qiymətləndirilməsi üçün holistik rubrik verilir: 
								
								
								  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												Qiymətləndirmə şkalası  | 
												
												 
												
												Qiymətləndirmə səviyyələri  | 
											 
											
												| 
												
												4 | 
												
												
												Boşqabları və armudları 
												sayır, hər boşqaba bir armud 
												qoyur, bir boşqabın boş 
												qaldığını (bir armudun 
												çatışmadığını), 
												boşqabların sayının 
												armudların sayından çox, 
												armudların sayının 
												boşqabların sayından az 
												olduğunu (bir boşqabın boş 
												qaldığını) deyir. | 
											 
											
												| 
												
												3 | 
												
												
												Boşqabları və armudları sayır, 
												hər boşqaba bir armud 
												qoyur, bir boşqabın boş 
												qaldığını (bir armudun 
												çatışmadığını), 
												boşqabların sayının 
												armudların sayından çox 
												olduğunu deyir. | 
											 
											
												| 
												
												2 | 
												
												
												Boşqabları və armudları sayır, 
												hər boşqaba bir armud qoyur, 
												bir boşqabın boş 
												qaldığını deyir. | 
											 
											
												| 
												
												1 | 
												
												
												Boşqabları və armudları sayır, 
												hər boşqaba bir armud qoyur. | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								
								2. Analitik rubrik əsasında: 
								
								
								
								Mövzu: 
								Azdır - çoxdur.  
								
								
								
								Qiymətləndirmə standartı: 
								1.2.3.Q1* və 1.2.3.Q2*. 
								
								
								Şagirdin nailiyyət səviyyəsinin aspektlər 
								əsasında 4-5 səviyyə üzrə formativ 
								qiymətləndirilməsinə dair analitik rubrik 
								verilir:  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												Qiymətləndir-mə şkalası  | 
												
												 
												
												Aspektlər  | 
											 
											
												|   | 
												
												
												1.2.3.Q1* standartı: 
												şagird iki və daha çox sayda 
												əşya qrupları arasında az, 
												çox münasibətlərini 
												müəyyən edir. | 
												
												
												1.2.3.Q2* standartı: 
												şagird iki və daha çox sayda 
												əşya qrupları arasında 
												kəmiyyət (böyük, kiçik) 
												münasibətlərini müəyyən 
												edir. | 
											 
											
												|   | 
												
												
												
												Qiymətləndirmə səviyyələri | 
											 
											
												| 
												
												4 | 
												
												
												Boşqabları və armudları 
												sayır, hər boşqaba bir armud 
												qoyur, bir boşqabın boş 
												qaldığını (bir armudun 
												çatışmadığını), 
												boşqabların sayının 
												armudların sayından çox, 
												armudların sayının 
												boşqabların sayından az 
												olduğunu (bir boşqabın boş 
												qaldığını) deyir. | 
												
												
												Boşqabların sayının 4, 
												armudların sayının 3, 
												boşqabların sayının 
												armudların sayından çox 
												olduğunu 4>3 
												və armudların sayının 
												boşqabların sayından az 
												olduğunu 3<4 
												riyazi bərabərsizliyi ilə 
												ifadə edir. | 
											 
											
												| 
												
												3 | 
												
												
												Boşqabları və armudları sayır, 
												hər boşqaba bir armud 
												qoyur, bir boşqabın boş 
												qaldığını (bir armudun 
												çatışmadığını), 
												boşqabların sayının 
												armudların sayından çox 
												olduğunu deyir. | 
												
												
												Boşqabların sayının 4, 
												armudların sayının 3 və 
												boşqabların sayının 
												armudların sayından çox 
												olduğunu 4>3 
												riyazi bərabərsizliyi ilə 
												ifadə edir.  | 
											 
											
												| 
												
												2 | 
												
												
												Boşqabları və armudları 
												sayır, hər boşqaba bir armud 
												qoyur, bir boşqabın boş 
												qaldığını deyir. | 
												
												
												Boşqabların sayının 4, 
												armudların sayının 3 və 
												boşqabların sayının çox 
												olduğunu deyir. 
												 | 
											 
											
												| 
												
												1 | 
												
												
												Boşqabları və armudları 
												sayır, hər boşqaba bir armud 
												qoyur. | 
												
												
												Boşqabların sayının 4, 
												armudların sayının 3 
												olduğunu deyir. | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Qiymətləndirmə prosedurunda qiymətləndirmə 
								vasitələrinin qiymətləndirilməsi çox böyük 
								diqqət tələb edən vacib məsələlərdən hesab 
								edilir. 
								
								Bunu nümunə misal əsasında izah edək: 
								
								
								
								Nümunə. 2 - 2 : 2 ifadəsinin qiymətini tapın. 
								
								
								
								A) 1                        B) 
								2                        C) 0 
								
								
								Şagirdin seçdiyi cavaba əsasən onun səviyyəsini 
								müəyyən edək: 
								
								
								
								1-ci hal 
								- şagird A) doğru cavabını seçib. Bu zaman 
								şagirdin: a) əməllərin yerinə yetirilmə 
								ardıcıllığını və b) ədədi özünə böldükdə 1 
								alındığını bildiyi, c) onlardan istifadə etməyi 
								bacardığı başa düşülür. 
								
								
								
								2-ci hal 
								- şagird B) orta (yarımdoğru) cavabını seçib. Bu 
								zaman şagirdin: a) əməllərin yerinə yetirilmə 
								ardıcıllığını bilib-bilmədiyi - bilirsə, b) 
								2-ni 2-yə böldükdə 0, yoxsa 1 aldığı 
								müəyyən edilir. 
								
								
								
								3-cü hal 
								- şagird C) səhv cavabını seçmiş və ya heç bir 
								cavabı qeyd etməmişdir. Bu zaman şagirdin: a) 
								əməllərin yerinə yetirilmə ardıcıllığını və b)
								2-ni 2-yə böldükdə 0, yoxsa 1
								alındığını bilib-bilməməsi müəyyən edilir.
								 
								
								
								Qiymətləndirmənin bu şəkildə aparılması 
								nəticəsində müəllim şagirdlərin səviyyəsini 
								düzgün təyin edir və onlara fərdi yanaşmaya nail 
								olur, digər maraqlı tərəflərə vaxtında dəqiq 
								məlumatlar verə bilir. Şagirdlər isə nəyi hansı 
								səviyyədə bildiklərini, bacardıqlarını və nə 
								etməli olduqlarını başa düşürlər. 
								
								
								Qeyd edək ki, şagirdin həm nəzəri sualı 
								cavablandırma, həm də praktik tapşırığı yerinə 
								yetirmə səviyyəsinin müəllim tərəfindən düzgün 
								təyin edilməsi və nəticələrinə əsasən (nəyi 
								hansı səviyyədə bildiyi və ya nə üçün bilmədiyi, 
								nəzəri biliklərdən nə üçün istifadə etmək 
								bacarığına göstərilən səviyyədə malik olduğu 
								nəzərə alınmaqla) ona fərdi yanaşılması mühüm 
								əhəmiyyət kəsb edir və bu nəticə etibarı ilə 
								şagirdin inkişafının təmin olunmasına, təhsilin 
								keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır.  
								
								
								Nəbi MAHMUDOV,  
								Təhsil Nazirliyi Monitorinq və  
								qiymətləndirmə şöbəsinin baş məsləhətçisi,  
								fizika-riyaziyyat elmləri namizədi  |