| 
								 Yanvarın 
								14-də Bakı Dövlət Universitetində Avropa 
								Komissiyasının sədri Xose Manuel Barrozuya 
								BDU-nun fəxri doktoru diplomunun təqdim 
								olunmasına həsr edilmiş mərasim keçirilmişdir.
								 
								
								 BDU-nun 
								rektoru, Milli Məclisin deputatı, akademik Abel 
								Məhərrəmov mərasimdə çıxış edərək, Avropa 
								Komissiyasının sədri Xose Manuel Barrozunun 
								həyat və fəaliyyətinin əsas mərhələləri barədə 
								məlumat vermiş, universitetin tarixi, fəaliyyəti 
								və beynəlxalq əlaqələri haqqında danışmışdır.
								 
								
								A.Məhərrəmov bildirmişdir ki, Azərbaycanın 
								Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı 1999-cu 
								ildə qüvvəyə minən "Tərəfdaşlıq və əməkdaşlıq 
								sazişi" ilə başlanmışdır. Ümummilli lider Heydər 
								Əliyev Azərbaycan ilə Aİ arasında əlaqələrə 
								həmişə xüsusi diqqət yetirirdi və hazırda bu 
								siyasət Prezident İlham Əliyev tərəfindən uğurla 
								davam etdirilir.  
								
								A.Məhərrəmov ölkəmizin ən ağrılı problemi olan 
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsindən danışaraq, onun həlli ilə bağlı 
								Aİ-nin Azərbaycana lazımi səviyyədə dəstək 
								verməsinin vacibliyini bildirmişdir. O, dünya 
								ictimaiyyətinin Ermənistanın təcavüzkarlığını 
								birmənalı şəkildə pisləməməsini təəssüflə 
								vurğulamış, bu cür münasibətin problemə ikili 
								standartlarla yanaşılması təəssüratı doğurduğunu 
								demişdir.  
								Sonra 
								rektor Azərbaycan ilə Aİ arasında dostluq 
								münasibətlərinin möhkəmlənməsində, elm və təhsil 
								sahəsində beynəlxalq əməkdaşlığın 
								genişlənməsində xüsusi xidmətlərinə görə Xose 
								Manuel Barrozuya BDU-nun fəxri doktoru adı 
								verilməsi barədə universitetin Elmi Şurasının 
								qərarını elan etmişdir.  
								Xose Manuel 
								Barrozuya BDU-nun fəxri doktoru diplomu və 
								mantiya təqdim olunmuşdur.  
								Mərasimdə 
								çıxış edən Xose Manuel Barrozu bir əsrə yaxın 
								yaşı olan, çoxsaylı tanınmış ziyalılar, siyasi 
								xadimlər yetirmiş BDU-da olmasından və bu təhsil 
								müəssisəsinin fəxri doktoru adına layiq 
								görülməsindən çox məmnun qaldığını söyləmişdir. 
								O demişdir ki, BDU-nun tarixi müsəlman Şərqində 
								ilk demokratik respublika quran Azərbaycanın 
								müasir tarixi ilə sıx bağlıdır.  
								
								 Avropa 
								Komissiyasının sədri Azərbaycan ilə Aİ 
								arasındakı dostluq və tərəfdaşlıq 
								münasibətlərinin böyük əhəmiyyətindən danışmış, 
								Azərbaycanın həm hasilatçı, həm də tranzit ölkə 
								kimi əhəmiyyətini vurğulayaraq, Aİ ilə enerji 
								sahəsindəki əməkdaşlığını yüksək 
								qiymətləndirmişdir.  
								Prezident 
								İlham Əliyev ilə səmimi danışıqlar apardığını 
								xatırladan Xose Manuel Barrozu dövlətimizin 
								başçısı ilə imzaladığı "Cənub qaz dəhlizi 
								haqqında birgə Bəyannamə"nin əhəmiyyətini 
								vurğulamışdır. Azərbaycanın Avropaya uğurla 
								inteqrasiya etdiyini deyən qonaq Prezident İlham 
								Əliyevin ölkənin modernləşməsi baxımından elm və 
								təhsilin inkişafına böyük diqqət yetirdiyini 
								xüsusi vurğulamış və bildirmişdir ki, Aİ-nin 
								Azərbaycan ilə viza rejimini sadələşdirməsi 
								gələcəkdə daha çox azərbaycanlı tələbənin Aİ 
								ölkələrində təhsil almasına şərait yaradacaqdır.
								 
								Xose Manuel 
								Barrozu demişdir ki, Azərbaycanın Avropa 
								İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı 
								çərçivəsində əməkdaşlığı, Avropa 
								İttifaqı-Azərbaycan Assosiasiya Sazişi üzrə 
								danışıqlar, eləcə də tvinninq layihəsi 
								çərçivəsində görülən işlər əlaqələrin gələcəkdə 
								daha sürətlə inkişafı üçün mühüm imkanlar açır.
								 
								
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
								məsələsinə toxunan Avropa Komissiyasının sədri 
								bildirmişdir ki, Aİ Azərbaycanın ərazi 
								bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və bu 
								problemin həll edilməməsi regionda sülh və 
								sabitlik üçün maneədir.  
								Mərasimdən 
								sonra universitetin foyesindəki "Fəxri 
								doktorlar" guşəsinə Xose Manuel Barrozunun 
								fotosu əlavə edildi. O, bu prosesin iştirakçısı 
								olmaqdan məmnunluğunu bildirdi.   
								
								
								
								AzərTAc  |