| 
								 ABŞ-ın 
								aparıcı ali təhsil müəssisələrindən biri sayılan 
								Stanford Universitetində (Kaliforniya ştatı) 
								Azərbaycana həsr olunmuş seminar keçirilmişdir. 
								Regiondakı vəziyyətlə bağlı müzakirələrdə 
								Stanford Universitetinin professoru Geyl Lapidus 
								və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin 
								Süleymanov iştirak etmişlər. ABŞ-ın milli 
								maraqları baxımından Azərbaycanın rolunu xüsusi 
								vurğulayan professor G.Lapidus Vaşinqtonun 
								Cənubi Qafqaza kifayət qədər diqqət 
								yetirməməsindən təəssüfləndiyini bildirmişdir.
								 
								Baş konsul 
								E.Süleymanov Azərbaycan dövlətçiliyinin 
								tarixindən, Şərqdə və müsəlman dünyasında ilk 
								demokratik respublikanın təşəkkülündən, 
								Azərbaycan cəmiyyətində bərqərar olmuş 
								tolerantlıq və şəffaflıq ənənələrindən danışmış, 
								eyni zamanda bəzi xarici qüvvələrin ölkədə 
								ictimai dialoqu radikallaşdırmağa cəhd 
								göstərdiyini bildirmişdir. Diplomat cəmiyyətdə 
								sosial və siyasi proseslərin kənar müdaxilə 
								olmadan inkişafının əhəmiyyətini vurğulamış, 
								bəzi KİV-lərin regiondakı vəziyyəti səthi, 
								düşünülməmiş, hərdən isə qərəzli işıqlandırmaqla 
								ziyan vurduğunu xatırlatmışdır.  
								Müstəqil 
								inkişafın Azərbaycan cəmiyyəti üçün xüsusi 
								əhəmiyyət daşıdığını, ölkə rəhbərliyi üçün isə 
								öncül istiqamət olduğunu bildirən baş konsul 
								demişdir ki, Azərbaycan vətəndaşlarının ölkənin 
								müstəqilliyi uğrunda fədakarlığının rəmzi 
								1990-cı il 20 Yanvar faciəsidir. SSRİ-nin 
								dağılması prosesi məhz 1990-cı ilin yanvarında 
								aşkar və dönməz xarakter almışdır. Diplomat 
								bildirmişdir ki, Avrasiya ölkələrinin çoxu öz 
								müstəqilliyini möhkəmləndirməyə çalışdığı bir 
								vaxtda Yerevanın təcavüzkar etno-millətçilik 
								yolu tutması nəticəsində Ermənistan, əksinə, 
								xarici qüvvələrdən asılılığını dərinləşdirir. 
								Xarici hərbi bazaların uzunmüddətli əsasda 
								Ermənistan ərazisində yerləşməsi, eləcə də 
								ölkənin iqtisadi infrastrukturunun 
								dəyər-dəyməzinə satılması   bunu   təsdiq   
								edir.  
								Azərbaycan 
								diplomatının fikrincə, ötən əsrin 90-cı 
								illərində ABŞ region ölkələri ilə tərəfdaşlıq 
								münasibətləri qurmaq üçün məqsədyönlü siyasət 
								yeritmişdir. Həmin dövrdə regionun 
								inteqrasiyasında və enerji ixrac 
								infrastrukturunun yaradılmasında xeyli tərəqqi 
								əldə edilmişdir. Son vaxtlar Vaşinqtonun regiona 
								münasibətdə bir qədər fəallaşmasına baxmayaraq, 
								Amerika tərəfinin yanaşması dəqiq düşünülmüş 
								strategiyanı hələ də əks etdirmir. Məsələn, ABŞ 
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinin həlli prosesinin daha fəal 
								iştirakçısı ola bilər və olmalıdır. Ermənistan 
								tərəfinin günahı üzündən 20 ildən çox davam edən 
								bu münaqişə bütün regionun gələcəyi üçün 
								təhlükədir. Təcrübə göstərir ki, belə 
								münaqişələrin həll olunmaması ABŞ-ın özünün 
								mənafelərinə xeyli ziyan vura bilər. Üstəlik, 
								daxili-siyasi fikir ayrılıqları üzündən Bakıya 
								səfirin təyin olunmasında yaranmış fasilənin bir 
								ildən çox çəkməsi fonunda ABŞ-ın regional 
								strategiyasından danışmaq da çətindir. Düzdür, 
								ABŞ Prezidenti Barak Obamanın Senatdakı 
								prosedurdan yan keçərək, Stanford 
								Universitetinin və Fletçer adına Diplomatiya və 
								Hüquq Mərkəzinin məzunu Mətyu Brayzəni səfir 
								təyin etməsi nəticəsində vəziyyət bir qədər 
								dəyişmişdir.  
								Enerji 
								resurslarının dünya bazarlarına daşınması 
								marşrutlarının şaxələndirilməsi siyasətinə 
								Bakının sadiq qaldığını və Avropanın enerji 
								təhlükəsizliyinə Azərbaycanın töhfəsini 
								vurğulayan baş konsul avropalı tərəfdaşların bu 
								istiqamətdə fəallaşacağına ümidvar olduğunu 
								bildirmişdir. ATƏT-in bu yaxınlarda Astanada 
								keçirilmiş zirvə görüşünə toxunan Azərbaycan 
								diplomatı regionun vaxtı çatmış problemlərinin 
								həllinə yaxınlaşmaq istiqamətində daha bir 
								imkanın əldən verilməsindən təəssüfləndiyini 
								bildirmişdir.   
								
								
								
								AzərTAc  |