| 
								 1828-ci il 
								martın 21-də, Azərbaycan türklərinin qeyd 
								etdikləri Novruz bayramı günündə imperator I 
								Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş 
								İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu 
								ərazilərdə İrandan və Türkiyədən köçürülmüş 
								ermənilər üçün qondarma "Erməni vilayəti" 
								yaratdı. Bununla da köçürülmüş ermənilər üçün 
								Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan 
								xanlıqlarında yeni vətən yaratmaq yolunda ilk 
								addım atıldı.  
								
								 Lakin 
								köçəri həyatı barədə xatirələrdən başqa heç nəyi 
								olmayan bu gəlmə xalq (ermənilərin köçəri xalq 
								olmasını görkəmli rus şərqşünası İ.M.Dyakonov da 
								qeyd etmişdir) - getdikcə həyasızlaşaraq 
								başqasının torpağını, onun tarixini, 
								mədəniyyətini, dəyərlərini hissə-hissə 
								mənimsəyərək, "qədim" xalqa xas olan bütün 
								zəruri atributikaya yiyələnmiş "başıbəlalı" 
								ermənilər bu gün də "qədimlik" iddiasında 
								olmaqla bütün dünya birliyinin zəhləsini 
								tökmüşlər. Ən başlıcası isə sən demə, Ermənistan 
								prezidentinin yaxın vaxtlarda bəyan etdiyi 
								"kəşfinə" görə, onların dilinin nə az, nə çox - 
								8 min illik tarixi vardır.  
								Serj 
								Sarkisyanın bu həyasız çıxışları ermənilərin 
								sayıqlamalarına əslində artıq vərdiş etmiş dünya 
								tarixçiləri arasında homersayağı qəhqəhə olmasa 
								da, ən azı anlaşılmazlıq doğurmaya bilməzdi. 
								Azərbaycan cəmiyyətində isə bu məsələ qəzəbdən 
								çox istehzaya səbəb olmuşdur. Çünki Ermənistan 
								prezidentinin bu çıxışı bir daha təsdiq etdi ki, 
								Ermənistan cəmiyyətində ciddi bir xəstəlik 
								yayılmışdır. Bu xəstəliyin adı isə adi 
								faşizmdir.  
								Bütün 
								bunlar barədə Prezident Administrasiyasının 
								rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının 
								həqiqi üzvü, görkəmli filosof alim Ramiz 
								Mehdiyevin bu yaxınlarda Tbilisidə "Universal" 
								çap evində ingilis və rus dillərində nəşr 
								olunmuş kitabında bəhs edilir.  
								Kitabın 
								müəllifi materialı sərt istehza formasında 
								quraraq, sarkazmla Ermənistan dövlətinin indiki 
								başçısının istinad etdiyi bütün əsas "tarixi 
								dəlilləri" alt-üst edir.  
								R.Mehdiyev 
								yazır ki, Ermənistan prezidenti 
								"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinin dinc yolla həlli barədə danışıqlar 
								prosesinin davam etdiyi və bu münaqişənin 
								təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki 
								Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş 
								Madrid prinsiplərini qəbul etməsini hamının 
								səbirlə gözlədiyi bir vaxtda", beynəlxalq 
								təşkilatlar və dünyanın aparıcı ölkələrinin 
								parlamentləri bir-birinin ardınca Azərbaycanın 
								ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana 
								mənsub olmasını, millətlərin öz müqəddəratını 
								təyin etməsi prinsipinin özbaşına interpretasiya 
								edilməsinin yolverilməzliyini, Ermənistanın 
								işğal etdiyi əraziləri azad etməsinin və məcburi 
								köçkünlərin öz evlərinə qaytarılmasının 
								zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi 
								bir vaxtda bütün bu sənədləri inadkarcasına 
								görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl 
								qoymadan diaspordan olan qonaqlarına məsləhət 
								görür ki, onlar öz səylərini "ikinci erməni 
								dövlətinin, Dağlıq Qarabağ respublikasının 
								təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və 
								beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.
								 
								Müəllif 
								haqlı olaraq yazır ki, illüziyalardan yaxa 
								qurtarmağın vaxtı çatmışdır və bu nə qədər tez 
								edilsə, bir o qədər yaxşı olar. Ona görə ki, bu 
								məsələdə ləngimək ölümə bərabərdir - gələcək 
								nəsillər bunu bağışlamayacaqlar.  
								Vaxtilə 
								çiçəklənən bir diyar olmuş Cənubi Qafqaz 
								regionunu mənasız bir avantüraya cəlb etmiş 
								qaniçən erməni cəlladlarının bu hərəkətlərinə 
								qiymət verən akademik Ermənistan rəhbərlərinin 
								"miatsum" utopiyasının, bu faciəli səhvin 
								mənasız və perspektivsiz olması barədə düşünməyə 
								çağırır. Axı "onlar mənasız müharibədən, 
								minlərlə taleyin qırılmasından, milyondan çox 
								qaçqın-köçkünün yaranmasından, dağıntılardan, 
								geniş sahələrin becərilmək əvəzinə 
								minalanmasından, sosial xərclər əvəzinə hərbi 
								xərclərin artırılmasından başqa heç nəyə nail 
								olmamışlar: Dağlıq Qarabağı Ermənistana 
								birləşdirmək mümkün olmamışdır və heç vaxt 
								mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə 
								bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də 
								qondarma "müstəqillik" vasitəsilə.  
								
								Ümumiyyətlə, bu kitab Ermənistan prezidenti Serj 
								Sarkisyanın istedadsız spiçrayterlərinin 
								səmərəsiz bayağı cəhdlərinə Azərbaycan aliminin 
								vaxtında və layiqli şəkildə verilmiş cavabıdır. 
								Şübhə yoxdur ki, bu cür "nokaut"dan sonra erməni 
								təbliğatının özünə gəlməsi üçün hələ xeyli vaxt 
								tələb olunacaqdır.  
								Prezident 
								Administrasiyasının rəhbəri, akademik Ramiz 
								Mehdiyevin elmi faktlar və sanballı dəlillərlə 
								zəngin olan kitabında Azərbaycanın qədim və 
								müasir xəritələri də verilmişdir. Bu xəritələr 
								əyani şəkildə göstərir ki, Ermənistan dövləti 
								əzəli Azərbaycan torpaqlarında yaradılmışdır. 
								Nəfis poliqrafik tərtibatı ilə seçilən bu 
								kitabın tarixçilər, politoloqlar, beynəlxalq 
								məsələlər üzrə mütəxəssislər və geniş oxucu 
								auditoriyası üçün maraqlı olacağı şübhə 
								doğurmur.   
								
								
								
								AzərTAc   |