| 
								 Naxçıvan 
								Dövlət Universitetində "Heydər Əliyev və təhsil 
								siyasəti" mövzusunda elmi konfrans keçirildi. 
								
								Universitetin Sosial idarəetmə və hüquq 
								fakültəsinin əlavə təhsil üzrə tələbələrinin 
								təşkil etdiyi konfransı giriş sözü ilə NDU-nun 
								rektoru, akademik İsa Həbibbəyli açaraq 
								Azərbaycan təhsilinin inkişafında, milli kadr 
								potensialının yetişməsində ümummilli liderin 
								misilsiz xidmətlərindən danışdı. Rektor dahi 
								öndərin regionlarda, xüsusilə də Naxçıvanda 
								elmin, təhsilin tərəqqisinə böyük əhəmiyyət 
								verməsindən bəhs etdi, Naxçıvan Dövlət 
								Universitetinin kollektivi ilə unudulmaz 
								görüşlərini, dəyərli tövsiyələrini xatırlatdı. 
								Tərbiyə 
								işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru 
								Məmməd Rzayev ümummilli liderin təhsil 
								siyasətinin Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyev tərəfindən uğurla davam 
								etdirilməsi, milli təhsilin qloballaşan dünyanın 
								tələbləri səviyyəsində inkişafı barədə ətraflı 
								məlumat verdi.  
								"Heydər 
								Əliyev və Azərbaycanın elm-təhsil strategiyası" 
								mövzusunda məruzə edən tələbə Elşən Abdullayev 
								bildirdi ki, hələ sovetlər dönəmində Heydər 
								Əliyevin rəhbərliyi ilə milli təhsilin 
								inkişafında əsaslı kəmiyyət və keyfiyyət 
								göstəriciləri əldə olunmuş, 1984-1987-ci illərdə 
								SSRİ-də ümumtəhsil və peşə məktəbi islahatı 
								uğurla həyata keçirilmiş, azərbaycanlı 
								abituriyentlərin keçmiş SSRİ-nin ən məşhur ali 
								təhsil ocaqlarında dövlət hesabına təhsil alması 
								təmin olunmuşdur. Müstəqillik illərində 
								ümummilli liderin müəllifi olduğu  "Təhsil 
								Qanunu"nun qəbul edilməsi, milli təhsilin 
								inkişaf strategiyasının uğurla həyata 
								keçirilməsi, yeni təhsil müəssisələrinin 
								açılması, təhsil işçilərinə dövlət qayğısının 
								artması bu gün öz bəhrələrini verməkdədir.
								 
								Konfransın 
								əsas təşkilatçılarından olan tələbə İntizar 
								Məmmədova "Heydər Əliyev və Azərbaycan 
								təhsilində milli kadr potensialının 
								formalaşması", tələbələr Asəm Kazımov "Heydər 
								Əliyev və Naxçıvanda təhsilin inkişafı", Yaqub 
								Əliyev isə "Heydər Əliyev və təhsil 
								strategiyasının tarixi aspektləri" adlı 
								məruzələrində dahi öndərin təhsil siyasətinin 
								bugünkü bəhrələrindən danışdılar. Vurğulandı ki, 
								Prezident cənab İlham Əliyevin xüsusi qayğısı, 
								Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 
								rəhbərliyi ilə son 15 il ərzində muxtar 
								respublikada 160-dan çox məktəb binası tikilmiş 
								və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, 
								təhsil müəssisələrinin maddi-texniki və tədris 
								bazası möhkəmləndirilmiş, ən yeni 
								informasiya-kommunikasiya vasitələri ilə təchiz 
								olunmuşdur.  
								Qeyd edildi 
								ki, Heydər Əliyev ölkənin sürətli və dinamik 
								inkişafının başlıca amilini milli elmin, 
								təhsilin tərəqqisində görürdü. Belə ki, bu böyük 
								siyasətçi sovetlər dövründə 17 mindən artıq 
								azərbaycanlı gəncin dövlət hesabına xaricdə 
								təhsilini təmin etmiş, müxtəlif təhsil 
								ocaqlarının, o cümlədən hərbi kadrların 
								yetişdirilməsi məqsədilə 1971-ci ildə 
								C.Naxçıvanski adına hərbi məktəbin açılmasına 
								nail olmuşdu.  
								Konfransın 
								sonunda universitet televiziyasının hazırladığı 
								"Heydər Əliyev və təhsil siyasəti" adlı sənədli 
								film nümayiş etdirilmişdir.   
								
								
								
								NDU-nun Mətbuat şöbəsi  |