| 
								 
								 BDU-nun 
								rektoru, akademik Abel Məhərrəmov Ankara 
								Universitetinin rektoru, professor, doktor Cemal 
								Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini 
								qəbul edib. Akademik Abel Məhərrəmov Bakı Dövlət 
								Universitetinin Türkiyənin ali təhsil ocaqları 
								ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, 
								universitetlərin daha sıx və səmərəli fəaliyyət 
								göstərmələri üçün birgə proqram və layihələrdən 
								bəhs edib. Rektor Bakı Dövlət və Ankara 
								universitetləri arasında ikili diplomlar, 
								tələbə-müəllim mübadiləsi və s. haqqında da 
								danışıb. Məlum olub ki, adıçəkilən universitetin 
								prorektoru Arqun Karacabəy, hüquq fakültəsinin 
								dekanı Mustafa Ağqaya bir müddət öncə BDU-da 
								olmuş və hüquq fakültəsinin diplomlarının qardaş 
								ölkədə tanınması istiqamətində müzakirələr 
								aparmışlar.  
								Professor, 
								doktor Cemal Taluğ hər zaman BDU rektoru 
								tərəfindən səmimi münasibət gördüyünü deyib. 
								Bildirib ki, Ankara Universiteti hüquq, türk 
								dili və ədəbiyyatı ixtisasları üzrə ikili 
								diplomların verilməsinə tərəfdardır. Rektorlar 
								ikili diplomların verilməsi üçün Ankara 
								Universitetinin tələbələrinin BDU-da, BDU 
								tələbələrinin isə Ankara Universitetində yay 
								məktəblərində iştiraklarının detallarını da 
								müzakirə ediblər.  
								Daha sonra 
								Bakı Dövlət Universiteti ilə Ankara Universiteti 
								arasında beynəlxalq əlaqələri inkişaf etdirmək 
								məqsədi ilə elm və təhsil sahəsində ümumi 
								maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin 
								imzalanma mərasimi keçirilib. Əməkdaşlıq 
								müqaviləsində tədqiqatçı, doktorant və 
								magistrantların mübadiləsi, müəllimlərin 
								ixtisaslarının artırılmasına qarşılıqlı yardım, 
								qabaqcıl inkişaf metodları sahəsində təcrübə 
								mübadiləsi, ikitərəfli birgə elmi simpozium, 
								seminar və konfransların təşkili, qarşılıqlı 
								maraq doğuran layihə və proqramlarda tərəflərin 
								birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, 
								ikili diplom proqramları öz əksini tapıb. 
								 
								İmzalanma 
								mərasimindən sonra rektorlar bildiriblər ki, 
								müqavilədən yararlanan tələbələr həm BDU, həm də 
								Ankara Universitetinin məzunu olacaqlar, bu da 
								onlara hər iki qardaş dövlətdə işləmək şansı 
								yaradacaq.   
								
								
								
								BDU-nun Mətbuat və informasiya şöbəsi  | 
								  |