| 
								 Yanvarın 
								18-də Təhsil Nazirliyində Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin illik hesabatı dinlənildi.    
								
								 Hesabatı 
								təqdim edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva öncə 
								rəhbərlik etdiyi idarənin yaranması tarixi və 
								strukturu haqqında məlumat verdi. Qeyd etdi ki, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								31 mart 2006-cı il tarixli sərəncamına müvafiq 
								olaraq Nazirlər Kabinetinin 28 iyul 2006-cı il 
								tarixli, 189 nömrəli qərarı  ilə yaradılmışdır. 
								Təhsil İdarəsi hazırda 13 sektor, Metodik mərkəz 
								və onun beş bölgə üzrə metodik bölmələri, 
								həmçinin Mərkəzləşmiş mühasibat sektorunun 5 
								xidmət bölməsi ilə fəaliyyət göstərir. 
								 
								İdarənin 
								fəaliyyətə başlamasından ötən dörd ildən çox 
								vaxt ərzində qarşıya qoyulan vəzifələrin yerinə 
								yetirilməsi sahəsində müəyyən nəticələrə nail 
								olunub. Nəticədə cəmiyyət tərəfindən birmənalı 
								şəkildə qəbul edilən qurumun formalaşması və 
								özünütəsdiq mərhələsi başa çatıb, yeni fəaliyyət 
								istiqamətləri və strategiya müəyyən olunub. 
								Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin hazırda öz fəaliyyətini 
								dəyərləndirmək və təhlil etmək yolu ilə strateji 
								məqsədlərini müəyyən etdiyini deyən 
								N.Rzaquliyeva həmin məqsədlərin, ilk növbədə, 
								yüksək keyfiyyətli təhsilə və milli dəyərlərə 
								əsaslanan tərbiyə sisteminə yönəldiyini söylədi. 
								Diqqətə çatdırdı ki, Təhsil İdarəsinin 
								fəaliyyətində prioritet elan edilən sahələrdə 
								demokratik idarəetmənin dərinləşdirilməsi 
								prosesi diqqət mərkəzində saxlanılıb, bu sahədə 
								əldə olunan təcrübə ümumiləşdirilməklə, yeni 
								mexanizmlər tətbiq edilib.  
								Şəhərin 
								təlim-tərbiyə müəssisələrində çalışan pedaqoji 
								heyətin keyfiyyət tərkibi müəyyənləşdirilməklə 
								məktəblərdə işə qəbulun  vahid normativ tələblər 
								əsasında aparılmasına nail olunub. 
								Aparılmış 
								təhlil və görülmüş tədbirlər nəticəsində yol 
								verilən nöqsanlar aradan qaldırılıb, əsassız və 
								subyektiv mülahizələr əsasında yeni kadrların 
								işə götürülməsinə son qoyulub. Nəticədə Bakı 
								şəhərinin ümumtəhsil müəssisələrində 
								şagird-müəllim nisbətinin sabit saxlanılması 
								təmin edilib. 
								
								N.Rzaquliyeva bildirdi ki, həmin tədbirlər 
								nəticəsində son dörd ildə Bakı şəhərində 22 
								məktəbin istifadəyə verilməsinə baxmayaraq, 
								müəllimlərin sayında ciddi azalma baş verib. 
								Həmin azalmanı göstərən cədvəlin nümayişindən 
								aydın oldu ki, məktəblərin və müəllimlərin sayı 
								2006-2007-ci tədris ilində müvafiq olaraq 298 və 
								33491, 2007-2008-ci tədris ilində 315 və 33689, 
								2008-2009-cu tədris ilində 315 və 33603 olduğu 
								halda 2009-2010-cu tədris ilində məktəblərin 
								sayı 314, müəllimlərin sayı isə azalaraq 32968 
								olub. Cari dərs ilində isə məktəblərin sayı 3 
								vahid azaldığı halda (311) müəllimlərin sayı 700 
								nəfərə qədər azalaraq 32270 nəfər təşkil edib.
								 
								
								 Bakı 
								şəhərində pedaqoji kadrların işə qəbulunun vahid 
								mexanizminin tətbiq edilməsi  və bu mexanizmin 
								daim təkmilləşdirilməsinin məktəblərin 
								keyfiyyətli kadr təminatında mühüm rol 
								oynadığını deyən N.Rzaquliyeva təhsil 
								 müəssisələrini rəhbər pedaqoji kadrlarla təmin 
								etmək məqsədilə  "Təhsil işçiləri bankı" 
								yaradıldığını, gənc müəllimlərlə işin daha 
								səmərəli təşkili, onlara metodik köməkliklərin 
								göstərilməsi üçün qabaqcıl müəllimlərin 
								köməyindən istifadə olunması işini fasiləsiz və 
								səmərəli şəkildə təşkil etmək məqsədi ilə "Gənc 
								müəllimlərlə iş üzrə koordinasiya şurası"nın 
								fəaliyyətə başladığını bildirdi.  
								Qeyd etdi 
								ki, Bakı şəhəri üzrə vahid idarəetmə 
								mexanizminin təkmilləşdirilməsi məqsədilə rəhbər 
								pedaqoji kadrlar üçün müntəzəm olaraq bölgələr 
								üzrə "İdarəetmə funksiyalarının yeni məzmun və 
								formaları", "Məktəbdaxili rəhbərlik və nəzarətin 
								səmərəli təşkili", "Məktəb pedaqoji şurasının 
								funksiyaları və onun işinin təşkili", "Məktəb 
								şəbəkəsinin tərtibi" və "Məktəb sənədlərinin 
								aparılması" mövzularında  seminarlar, 
								məktəbəqədər və məktəbdənkənar təhsil 
								müəssisələrinin rəhbərləri üçün  "Əmək 
								qanunvericiliyinin yerinə yetirilməsi sahəsində 
								təhsil müəssisəsi rəhbərlərinin vəzifələri" 
								mövzusunda treninqlər keçirilib. 
								Təqdimatda 
								qeyd olundu ki, ötən illərdə məktəbəqədər təhsil 
								müəssisələrində də pedaqoji kadrların işə qəbulu 
								sahəsində əsaslı dönüş yaradılmış, özünü 
								doğrultmayan, işdə ciddi nöqsanlara yol vermiş 
								müəssisə rəhbərləri dəyişdirilmiş və əsasən ali 
								pedaqoji ixtisas təhsilli mütəxəssislərlə əvəz 
								edilmişlər. 
								
								N.Rzaquliyeva daha sonra paytaxtın məktəbəqədər 
								təhsil müəssisələri haqqında bəzi statistik 
								göstəricilərə diqqəti yönəldərək bildirdi ki, 
								hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								tabeliyində olan 307 məktəbəqədər təhsil 
								müəssisəsindən 7 müəssisə istisna olmaqla  300 
								məktəbəqədər təhsil müəssisəsi  1387 qrupla 
								fəaliyyət göstərir. Bu qrupların 1204-də 
								təlim-tərbiyə  Azərbaycan dilində, 183-ündə isə 
								rus dilində aparılır.     
								300 
								müəssisədən 186-sı birtipli layihə əsasında 
								tikilib, 114 müəssisə uyğunlaşdırılmış  
								binalarda fəaliyyət göstərir. 
								Təhsilin 
								ilkin pilləsi və bünövrəsini təşkil edən 
								məktəbəqədər təhsilin inkişafına daha çox diqqət 
								yetirildiyini vurğulayan N.Rzaquliyeva sahənin 
								inkişafı üçün proqram sənəd olan "Azərbaycan 
								Respublikasında məktəbəqədər təhsilin 
								yeniləşdirilməsi üzrə Dövlət Proqramı 
								(2007-2010-cu illər)"nın icrası istiqamətində 
								görülmüş işlərdən də söz açdı.  Bildirdi ki, 
								həmin proqrama uyğun olaraq Bakı şəhərində 
								məktəbəqədər təhsil müəssisələrinin yenidən 
								qurulması, təmir edilməsi və şəbəkənin 
								optimallaşdırılması sahəsində kifayət qədər 
								işlər görülüb. 29 bağçada əsaslı, 55 müəssisədə 
								isə cari təmir işləri aparılıb, bir sıra 
								müəssisələrin istilik sistemləri, dam örtükləri, 
								hasarı, mətbəxləri, sanitar qovşaqları təmir 
								edilib, məktəbəqədər müəssisələrin bərk və 
								yumşaq inventara olan ehtiyacı qismən ödənilib. 
								"Bakı şəhəri kənd və qəsəbələrinin 
								sosial-iqtisadi İnkişaf Proqramı"na müvafiq 
								tikilmiş 11  müəssisə artıq fəaliyyət göstərir. 
								
								Məktəbəqədər təhsilin əhatə dairəsinin 
								genişləndirilməsi istiqamətində Təhsil 
								Nazirliyinin müvafiq əmrinə əsasən 2008-ci ildə 
								eksperiment olaraq Xətai rayonunda 8 
								məktəbəqədər müəssisədə (8, 170, 181, 207, 217, 
								250, 237, 241) qısamüddətli və çevik vaxt 
								cədvəli ilə işləyən qruplar yaradılıb. Çevik 
								qruplarda işləyən  tərbiyəçilərlə müntəzəm 
								treninqlər və seminarlar keçirilməsi  həmin 
								qruplarda işin müsbət nəticə verməsinə səbəb 
								olub. 
								Təqdimatda 
								qeyd olundu ki, hesabat ilində "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanununa müvafiq 
								olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə 
								cəlb olunması işi də yaxşılaşıb. Belə ki, 
								2006-2007-ci tədris ilində 4380, 2007-2008-ci 
								tədris ilində 4480, 2008-2009-cu tədris ilində 
								5600, 2009-2010-cu tədris ilində 6700, 
								2010-2011-ci tədris ilində isə 9646 uşaq cəlb 
								olunub.  
								Təqdimatda 
								ötən il paytaxtın ümumitəhsil sistemində görülən 
								işlər də təhlil olundu. Bildirildi ki, təhsilin 
								keyfiyyətinin yüksəldilməsi məqsədi əsas 
								götürülərək, ilk növbədə, təhsil müəssisələrində 
								əlverişli təlim şəraitinin yaradılması, 
								təhsilalan və təhsilverən arasında səmimi və 
								şəffaf münasibətin qurulması, maddi-texniki 
								bazanın möhkəmləndirilməsi sahəsində kifayət 
								qədər iş görülüb. 
								
								N.Rzaquliyeva bu baxımdan 2006-2008-ci illərdə 
								Bakı şəhərində 22 yeni məktəbin, 28 tədris 
								korpusunun istifadəyə verilməsini dövlətin 
								təhsilə, onun inkişafına qayğısının bariz 
								nümunəsi kimi dəyərləndirdi. O, Məktəblərin 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təminatına dair Dövlət Proqramının icrası 
								yönündə görülən işlərdən də söz açaraq həmin 
								proqram əsasında Bakı şəhərinin ümumtəhsil 
								məktəblərinə 9550 ədəd kompüter verildiyini, 
								V-XI siniflərdə 22 şagirdə bir kompüter 
								nisbətinin təmin edildiyini vurğuladı.  
								 
								Qeyd olundu 
								ki, Dövlət Proqramı çərçivəsində məktəblərin 
								genişzolaqlı İnternet şəbəkəsinə qoşulması 
								sahəsində də səmərəli iş aparılıb.Təhsil 
								İdarəsinin tabeliyində olan məktəblərin 264-ü  
								bu  şəbəkəyə, bütün məktəblər isə lokal şəbəkəyə 
								qoşulub. 23 nömrəli məktəbdə uğurla sınaqdan 
								çıxan "Elektron məktəb" layihəsində indi 20 və 
								220 nömrəli məktəb-liseylər, 7, 8, 60, 160, 245 
								nömrəli məktəblər də iştirak edir. 
								Təqdimatda 
								ötən dərs ilində Bakı şəhəri məktəblərinin IX və 
								XI siniflərində aparılan buraxılış 
								imtahanlarının nəticələrindən də bəhs olundu. 
								Bildirildi ki, imtahanlara buraxılan 22 min 353 
								nəfərdən 142-si imtahanlarda iştirak etməyib, 
								1534 nəfər isə "qeyri-kafi" qiymət alıb. 
								İmtahanların yekunlarına əsasən 20 min 677 nəfər 
								həmin ilin məzununa və əvvəlki illərdə attestat 
								ala bilməyən 709 nəfərə  orta təhsil haqqında 
								sənəd verilib. 
								Ötən 
								illərlə müqayisədə 2010-2011-ci dərs ili üçün 
								ali məktəblərə tələbə qəbulunda Bakı 
								məktəblərinin xüsusi çəkisi artıb, 
								abituriyentlərin 44,83 faizi tələbə adını 
								qazanıb.Son bir ildə abituriyentlərin orta balı 
								241-dən 264-ə qalxıb, başqa sözlə, 9 faiz artıb. 
								Təhsilin 
								keyfiyyət göstəricisi kimi 500 və 600-dən çox 
								bal toplayanların sayını göstərən rəqəmlər də 
								ürəkaçandır. Belə ki, 2010-cu ildə 2009-cu ilə 
								nisbətən  500 baldan yuxarı nəticə göstərənlərin 
								sayının 1727-dən 2062-yə yüksəlməsi (artım 20 
								faiz),  600-dən yuxarı bal toplayanların sayının 
								159 nəfər, yaxud 40 faiz artması sevindirici 
								haldır.  
								2010-cu 
								ildə  ali məktəblərə qəbul olunanlardan 2 nəfəri 
								maksimum - 700 bal toplamışdır; hər 15 nəfərdən 
								biri 600-dən yuxarı, hər 4 nəfərdən biri isə 
								500-dən yuxarı balla tələbə adını qazanıb.
								 
								Respublika 
								fənn olimpiadalarında paytaxt məktəblərinin 
								uğurlarını əks etdirən rəqəmləri də diqqətə 
								çatdıran N.Rzaquliyeva bildirdi ki, bu bilik 
								yarışında qalib şagirdlərin sayı 2006-cı ildə 
								48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu 
								ildə 105, 2010-cu ildə isə 106 nəfər olub. 
								Təqdimatda 
								qeyd olundu ki, Azərbaycan Respublikasının 
								Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 
								ölkəmizdə artıq üçüncü ildir ki,  "Ən yaxşı 
								ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
								müsabiqələri keçirilir. 
								"Ən yaxşı 
								ümumtəhsil məktəbi" müsabiqəsinin nəticələrinə 
								görə, 2008-ci ildə Bakı şəhərinin 14, 2009-cu 
								ildə 24, 2010-cu ildə isə 28 məktəbi qalib olub. 
								2008-ci ildə 42, 2009-cu ildə 41, 2010-cu ildə 
								isə 50 müəllim "Ən yaxşı müəllim" adına layiq 
								görülüb. 
								Hesabat 
								ilində müxtəlif bilik yarışları, konkret 
								mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat 
								müsabiqələri, baxış-sərgilər, idman yarışları 
								keçirilib. Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq bu 
								tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan 
								verib.  
								
								N.Rzaquliyeva bildirdi ki, 2009-2010-cu tədris 
								ilinin onlar üçün ən əlamətdar hadisələrdən biri 
								Bakı təhsilinin tarixində ilk dəfə təşkil 
								edilən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  4 
								illik  fəaliyyətini əks etdirən "Təhsil, zaman 
								və biz" adlı baxış-sərginin keçirilməsi olub.
								 
								Təqdimatda 
								qeyd olundu ki, hesabat ili ərzində 
								məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi 
								sahəsində də uğurlar qazanılıb. Hər il olduğu 
								kimi, ötən il də Bakı məktəbliləri "Şahin" 
								hərbi-idman oyunlarında və "Cəsurlar" turizm 
								yarışında qalib olub. Sevindirici haldır ki, 
								"Şahin" hərbi-idman oyunlarının respublika 
								turunda 3 qalib yerin hamısını Bakı məktəbliləri 
								qazanıb. Onlar 138, 23 və 285 nömrəli 
								məktəblərin komandalarıdır. 257 nömrəli məktəbin 
								gənc turizm həvəskarları isə "Cəsurlar" turizm 
								yarışının qalibi olub. 
								Təqdimat 
								zamanı hesabat ilində Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin və tabeliyindəki təhsil 
								müəssisələrinin təşkilatçısı olduğu, dəstək 
								verdiyi və bilavasitə iştirak etdiyi layihələr 
								haqqında da məlumat verildi. Nümayiş etdirilən 
								slaydlardan məlum oldu ki, BŞTİ və paytaxt 
								məktəbləri İnsan Hüquqları üzrə müvəkkilin  
								təşəbbüsü  ilə  18 may - 18 iyun 2010-cu il 
								tarixlərində keçirilən insan  hüquqları   
								aylığında, Amerika Hüquqşünaslar Assosiasiyası 
								Mərkəzi Avropa və Avrasiyada   Hüquq Təşəbbüsü 
								Təşkilatının Təhsil Nazirliyi  ilə birgə  həyata 
								keçirdiyi "Canlı   hüquq" layihəsi çərçivəsində 
								20 oktyabr - 20 noyabr 2010-cu il tarixlərində 
								təşkil olunmuş "Uşaq  hüquqları aylığı"nda, 
								"Futbol  həyatdır" pilot layihəsində, kimsəsiz, 
								valideyn himayəsindən məhrum olan uşaqlar üçün 
								SOS-Uşaq  kəndləri Assosiasiyasının həyata  
								keçirdiyi "Şən avtobus" layihəsində, "Azərpoçt" 
								Dövlət müəssisəsinin Ümumdünya Poçt  İttifaqı 
								xətti ilə məktəblilər arasında təşkil etdiyi 
								ənənəvi inşa müsabiqəsində, Təhsil Nazirliyi ilə 
								"Ümidli gələcək" Gənclər Təşkilatının birgə 
								əməkdaşlığı çərçivəsində həyata  keçirilən  
								"Sosial və maliyyə   təhsili" proqramında, 
								"Yerli İdarəetməyə Yardım  Təşkilatı" ilə 
								YUNİSEF-in  birgə  müqaviləsi çərçivəsində 
								həyata keçirilən "Məktəb uşağın dostudur"  
								layihəsində, Ombudsman aparatı ilə birgə həyata 
								keçirilən  "Uşaq  hüquqları  üzrə  pilləli  
								tədris"  layihəsində fəal iştirak ediblər. 
								
								N.Rzaquliyeva təqdimatında daha sonra qeyd etdi 
								ki, pedaqoji kadrların ixtisaslarının 
								artırılması istiqamətində Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutu və  Azərbaycan Müəllimlər İnstitutu 
								ilə əməkdaşlıq davam etdirilib, dərs ili ərzində 
								5867 müəllim ixtisasartırma kurslarını, 2014 
								müəllim müxtəlif tematik kursları, I-III 
								siniflərdə dərs deyəcək 1681 müəllim isə 
								kurikulum kurslarını bitirib.  
								Təhsil 
								Nazirliyinin "Rus dilinin intensiv tədrisi üzrə 
								layihənin tətbiqi barədə" 20 noyabr 2009-cu il 
								tarixli, 1295 nömrəli əmrinin icrası ilə 
								əlaqədar I və V siniflərdə rus dili intensiv 
								tədris edilən 35 ümumtəhsil məktəbinin 
								metodbirləşmə sədri və təcrübəli müəllimləri ilə 
								seminar-müşavirə, I-III siniflərdə dərs deyən 
								müəllimlərlə "Ümumtəhsil məktəblərində 
								məktəbdaxili qiymətləndirmənin aparılması 
								Qaydaları"nın I-III siniflərdə tətbiqi 
								mexanizmi", məktəbəqədər müəssisə tərbiyəçiləri 
								üçün "Beşyaşlıların məktəb təliminə hazırlığının 
								səmərəli yolları" mövzularında seminarlar 
								keçirilib.  
								İl ərzində 
								232 təhsil müəssisəsində, o cümlədən 182 
								məktəbdə metodiki işlərin təşkili, fənlərin 
								tədrisi, elektron dərsliklərdən istifadə və 
								illik proqram materialları, yoxlama yazı, 
								laborator və praktik iş normalarının yerinə 
								yetirilməsi vəziyyəti öyrənilib, müzakirə 
								edilərək nəticələrə əsasən müvafiq metodik 
								köməklik göstərilib.  
								Məktəblərin 
								dərsliklərlə təminatı sahəsində də Təhsil 
								İdarəsi öz üzərinə düşən vəzifələri yerinə 
								yetirib. Belə ki,  2007-2008-ci tədris ilində 
								155 adda 1 milyon 254 min 127 ədəd, 2008-2009-cu 
								tədris ilində 84 adda 923 min 166 ədəd, 
								2009-2010-cu tədris ilində 60 adda 986572 ədəd, 
								2010-2011-ci tədris ilində 91 adda 1 milyon 109 
								min 522 ədəd dərsliyin məktəblərə 
								çatdırılmasına, şagirdlərə paylanmasına və 
								saxlanılmasına nəzarət təmin olunub.  
								Təqdim 
								olunan hesabatda il ərzində məktəbdənkənar 
								təhsil müəssisələrinin fəaliyyətinə də diqqət və 
								qayğı göstərildiyi qeyd olundu. Bildirildi ki, 
								məktəbdənkənar təhsil müəssisələrinin tərbiyə 
								sahəsində mühüm rolunu nəzərə alan Təhsil 
								İdarəsi bu sahənin inkişafına yönəlmiş tədbirlər 
								həyata keçirib. Həmin müəssisələrin 
								maddi-texniki bazasının möhkəmləndirilməsi, 
								idman avadanlıqları və inventarla təchizatı 
								yaxşılaşdırılıb.  
								Hazırda 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 
								47 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət 
								göstərir ki, həmin müəssisələrdəki 3508 dərnək 
								və bölmədə    43 min 132 uşaq məşğul olur. 
								Məktəbli 
								idmançılar ötən il idmanın 23 növü üzrə 
								keçirilən respublika və beynəlxalq miqyaslı 
								yarış və turnirlərdə, Avropa və dünya 
								çempionatlarında ümumilikdə 648 medal (189 
								qızıl, 187 gümüş və 272 bürünc) qazanıblar. Gənc 
								şahmatçıların nəticələri daha yüksək olub. Onlar 
								Avropa və dünya çempionatlarında üç I, bir II və 
								iki III yeri tutaraq yaxşı nəticələr 
								göstəriblər.  
								Lakin 
								məktəbdənkənar təhsil müəssisələrinin də həllini 
								gözləyən problemlərinin olduğunu deyən 
								N.Rzaquliyeva diqqəti onların bəzisinə yönəltdi, 
								həmin problemlərin həllinə çalışacaqlarını 
								bildirdi. 
								Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin müdiri təqdimatının 
								sonunda il ərzində idarəyə daxil olmuş ərizə və 
								şikayətlər, müraciətlər, onların araşdırılması 
								və tədbir görülməsi ilə bağlı fəaliyyətlər 
								barədə də məlumat verdi, hesabatda qeyd olunan 
								bəzi problemlərin həlli üçün təkliflərini 
								bildirdi, idarənin gələcək fəaliyyəti ilə 
								əlaqədar qarşıda duran vəzifələrdən söz açdı.   
								
								
								
								H.ƏKBƏROVA, 
								Y.ƏLİYEV  |