| 
								 
								 Ana 
								dilinə sonsuz məhəbbətlə yaşanmış ömür sahibi  
								Ötən əsrin 
								başlanğıcında - 1900-cü ildə Cənubi 
								Azərbaycanda, Mərəndin Zunuz qəsəbəsində fəhlə 
								ailəsində dünyaya gəlmiş Muxtar Hüseynzadə 13 
								yaşında Şimali Azərbaycana gəlmiş, Allahverdi və 
								Gədəbəy mis mədənlərində, 17 yaşında isə 
								Tbilisidə müxtəlif müəssisələrdə fəhlə 
								işləmişdir. 1920-ci ildə Gəncəyə köçmüşdür. 
								Gəncədəki fəhlə fakültəsini bitirdikdən sonra 
								savad kurslarında və ibtidai məktəbdə dərs 
								demişdir. Sonra Bakıya gəlmiş,  Azərbaycan 
								Dövlət Universitetinin Şərq fakültəsinə daxil 
								olmuş, 1931-ci ildə oranı bitirmişdir. 
								1933-1936-cı illərdə APİ-nin aspiranturasında 
								oxumuş, eyni zamanda universitetdə və 
								institutlarda Azərbaycan dilindən kurs 
								aparmışdır. 1935-ci ildə pedaqoji institutun 
								nəzdində açılmış ikiillik müəllimlər 
								institutunda dil-ədəbiyyat fakültəsinin dekanı 
								vəzifəsinə təyin edilmişdir. 1936-cı ildən 
								1941-ci ilə qədər Azərbaycan Dövlət Qiyabi 
								Pedaqoji İnstitutunda dil-ədəbiyyat kafedrasının 
								müdiri vəzifəsində işləmişdir. 
								
								M.Hüseynzadə 1951-ci ildən ADU-nun (indiki BDU) 
								Ümumi dilçilik kafedrasının müdiri, 1953-1958-ci 
								illərdə eyni zamanda filologiya fakültəsinin 
								dekanı olmuşdur. 1952-ci ildən 1955-ci ilədək 
								Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat 
								İnstitutunda əvəzçiliklə müasir Azərbaycan dili 
								şöbəsinin müdiri işləmişdir. 
								1946-cı 
								ildə "Müasir Azərbaycan dili" mövzusunda 
								namizədlik dissertasiyasını müdafiə edən 
								M.Hüseynzadə 5 il sonra yekdilliklə həmin 
								kafedranın müdiri seçilmişdir. Azərbaycan 
								dilçiliyinin yaradıcılarından olan, mənəvi 
								keyfiyyətləri ilə yalnız "tarixi xidmətlərinə 
								görə deyil, intellektinə, müəllimliyinə, 
								milliliyinə... (və şəxsiyyətinə!) görə 
								universitet dilçilərinin önündə gedən Muxtar 
								Hüseynzadə" (N.Cəfərov) iyirmi iki ildən sonra 
								tələbələrinin təkidi ilə doktorluq 
								dissertasiyasını müdafiə etmişdir.  
								Çox maraqlı 
								və orijinal faktdır; artıq o, professor 
								seçilmişdi, əməkdar elm xadimi idi. Söz 
								birləşmələrinin tədqiqi sahəsində  araşdırmaları 
								ilə seçilən alimin "Müasir  Azərbaycan  dili" 
								əsəri filoloq tələbələr, aspirant və 
								magistrantlar, tədqiqatçılar üçün stolüstü 
								kitabdır, Dövlət mükafatına layiq görülüb. 
								Muxtar 
								Hüseynzadənin Məmmədağa Şirəliyevlə birlikdə 
								yazdıqları orta məktəblərin yuxarı sinifləri 
								üçün "Azərbaycan dili" dərsliyi yarım əsrdən çox 
								şagirdlərə dilimizin qrammatikasını öyrənməkdə 
								əsas kitab olmuşdur. 40-a qədər əsərin müəllifi 
								olan M.Hüseynzadənin aşağıdakı kitabları var: 
								"Müasir Azərbaycan dili", "Müasir Azərbaycan 
								dilində təyini söz birləşmələri", "Təktərəfli və 
								mürəkkəb təyini söz birləşmələri". 
								85 il ömür 
								sürmüş görkəmli alim Azərbaycan dilçi 
								alimlərinin yetişməsində əsl ustad kimi, 
								obyektiv və prinsipial elmi rəhbər tək böyük 
								əmək sərf etmişdir. Yetirmələrinin xatirələr 
								dünyasında hörmət və ehtiramla yad olunan, 
								yaddaşlarda "mərd, prinsipial insan", "əsl 
								müəllim" tək özünə əbədi heykəl ucaltmış Muxtar 
								Hüseyn oğlunun elmi-nəzəri irsi, pedaqoji 
								ustalığı, bir insan, bir vətəndaş kimi 
								xüsusiyyətləri aşağıdakı yazılarda - 
								müsahibələrdə təsvir, təqdim və təsdiq olunur.  
								Elmi 
								rəhbərimhaqqında söz 
								   
								Yusif 
								SEYİDOV, 
								əməkdar 
								elm xadimi, Bakı Dövlət Universitetinin kafedra 
								müdiri, professor  
								Muxtar 
								Hüseynzadə geniş bilik dairəsinə malik filoloq 
								alim idi. 
								XX əsr 
								Azərbaycan dilçiliyi tarixinə ekskurs edən hər 
								kəs 1930-cu illərin sonlarından bu elmin 
								formalaşması və tədrisində üç alimin adının ilk 
								planda dayandığını görəcəklər: Məmmədağa 
								Şirəliyev, Əbdüləzəl Dəmirçizadə və Muxtar 
								Hüseynzadə. Onlar məşhur filoloq alim, professor 
								Bəkir Çobanzadənin istedadlı tələbələri 
								olmuşlar.  
								Bu şəxslər 
								dövrün tələbinə görə həm orta məktəblər üçün 
								dərsliklər yazır, həm ali məktəblərdə dərs 
								deyir, həm də tədqiqat işləri ilə məşğul 
								olurdular. Elə bu yol onların üçünü də elmin 
								zirvəsinə apardı, üçü də elmlər doktoru, əməkdar 
								elm xadimi, professor və kafedra müdiri oldular, 
								müxtəlif elmi mövqelərə çatdılar. 
								Bu dilçi 
								alimlərin hər birinin konkret tədqiqat obyekti 
								var idi və hər biri öz sahəsi üzrə onlarca 
								mütəxəssis yetişdirdi. Bugünkü Azərbaycan 
								dilçilərinin, demək olar ki, hamısı onların 
								yetirmələridir. Onların ənənələri indi də davam 
								edir, əsərləri oxunur, dərsliklərindən istifadə 
								olunur. 
								Professor 
								M.Hüseynzadə müasir Azərbaycan dili məsələləri 
								ilə, xüsusən, qrammatika məsələləri ilə məşğul 
								olurdu. Onun əvvəlcə dərs vəsaiti, sonralar 
								dərslik qrifi ilə dörd dəfə nəşr edilən "Müasir 
								Azərbaycan dili. Morfologiya" əsəri Dövlət 
								mükafatına layiq görülmüşdür. Təyini söz 
								birləşmələri problemi üzrə apardığı tədqiqatları 
								təkcə Azərbaycan dilçiliyində deyil, ümumən 
								türkologiyada bu sahədə yeganə elmi araşdırma 
								idi. Bu tədqiqatlar elə o zamanlar göstərirdi 
								ki, dilin semantik çalarlarını bütün dərinliyi 
								ilə duymaq və bunların qrammatik kateqoriyaların 
								daxilində təzahürlərini vermək türkologiya üçün 
								yeni elmi hadisə idi. Elə bu tədqiqatların 
								nəticələri onu yüksək səviyyəli doktorluq 
								müdafiəsinə gətirdi. Yeri gəlmişkən qeyd edim 
								M.Hüseynzadə yeganə alimlərdən idi ki, doktorluq 
								dissertasiyasının müdafiəsinə qədər, elmi və 
								pedaqoji nailiyyətlərinə görə professor elmi 
								adına və əməkdar elm xadimi kimi yüksək fəxri 
								ada layiq görülmüşdü. 
								1960-cı 
								illərin ortalarına qədər Azərbaycan Dövlət 
								Universitetində (indiki BDU-da) Ümumi dilçilik 
								kafedrası deyilən yeganə bir dilçilik kafedrası 
								var idi. Hazırda müxtəlif  adlarla fəaliyyət 
								göstərən dilçilik kafedraları həmin kafedranın 
								bazasında yaranmışdır. M.Hüseynzadə  uzun zaman 
								həmin kafedraya rəhbərlik etmiş və dilçi 
								kadrlarının yetişməsində əvəzsiz rol oynamışdır. 
								Mən  və mənim kimi onlarca dilçi Muxtar 
								müəllimin yetirmələriyik. Muxtar müəllim böyük 
								alim və böyük pedaqoq idi - bu məlumdur, bunu 
								ziyalıların hamısı bilir. Muxtar müəllim həm də 
								böyük şəxsiyyət idi, böyük Azərbaycanlı idi. 
								Doktorluq dissertasiyası hazır olduğu halda, 
								müdafiə etmirdi ki, kafedranın üzvləri 
								yetişsinlər, müdafiə etsinlər. Kafedra 
								üzvlərinin, xüsusən vaxtilə onun tələbələri və 
								aspirantları olan müəllimlərin hər bir uğuru 
								onun sevincinə səbəb olardı. Belə hallarda onun 
								gözlərində sevinc yaşlarını görmüşəm. Bir faktı 
								qeyd etmək istəyirəm. Mən Muxtar müəllimin 
								tələbəsi olmuşam. Birinci kursdan dördüncü kursa 
								qədər mənə həm ümumi, həm də xüsusi kurslarda 
								dərs deyibdir. Mənim diplom rəhbərim olubdur. 
								Diplom müdafiəsində yaranan münaqişədə  məni 
								qoruyub. 1952-ci ilin payızında (biz həmin ilin 
								iyununda universiteti bitirmişdik) ADU-da 
								dilçilik üzrə bir aspirant yeri elan olunmuşdu, 
								daxil olmaq istəyənlər var idi. Muxtar müəllim 
								məni məsləhət bildi  və məhz buna görə heç kəs 
								ora yaxın düşməyə cəsarət etmədi və mən Muxtar 
								müəllimin  aspirantı oldum, onun rəhbərliyi ilə 
								namizədlik dissertasiyası yazıb müdafiə etdim. O 
								da qeydə layiqdir ki, mən aspiranturanın ikinci 
								kursunda olanda Muxtar müəllim altı ay müddətinə 
								elmi ezamiyyətə getdi və müasir Azərbaycan dili 
								fənnindən mühazirələrini mənə etibar etdi. Mənim 
								sonrakı elmi və filoloji irəliləyişim də onun 
								köməyi ilə davam etdi: müəllim, baş müəllim, 
								dosent, kafedra müdiri - hamısında Muxtar 
								müəllimin əli olubdur. Nəhayət, Muxtar müəllim  
								doktorluq dissertasiyası üzrə mənim elmi 
								məsləhətçim olubdur. Beləliklə, uzaq kənddən 
								gələn bir gəncin tələbəlikdən başlayan və 
								professorluğa qədər davam edən uğur yolu bu 
								böyük şəxsin - professor M.Hüseynzadənin 
								fəaliyyəti ilə bağlı olubdur. 
								O da 
								maraqlı və bəlkə də təəccüblüdür ki, bu böyük 
								ürəkli şəxs doktorluq dissertasiyası 
								müdafiəsində  öz tələbəsini, öz yetirməsini, 
								yəni məni özünə rəsmi opponent kimi qəbul etdi. 
								Mənə məlum olduğuna görə, bu, Azərbaycan 
								elmində, ümumən türkologiya aləmində yeganə 
								hadisə idi. 
								Geniş bilik 
								dairəsinə malik olan professor M.Hüseynzadə 
								klassik ədəbiyyatı, xüsusən Füzulini yaxşı 
								bilirdi. Füzuli dilinə aid tədqiqləri var idi. 
								Hərdən şeir də yazırdı. 
								Professor 
								M.Hüseynzadə, birinci növbədə, müəllim idi. 
								1938-ci ildən başlamış əlli il orta məktəb 
								dərsliklərinin müəllifi olmuşdu, ali məktəblərdə 
								mühazirələr oxumuşdu. Azərbaycan dili uğrunda 
								uzun zaman mübarizə aparmışdı, xeyli tənqidə də 
								məruz qalmışdı. Əməkdar elm xadimi 
								M.Hüseynzadənin işıqlı obrazı Azərbaycan 
								filoloqları, Azərbaycan pedaqoji ictimaiyyəti 
								aləmində hörmətlə yad edilir.  
								
								Müəllimlərimin müəllimi 
								   
								Nizami 
								CƏFƏROV, 
								millət 
								vəkili, əməkdar elm xadimi, AMEA-nın müxbir 
								üzvü, professor  
								Mən 
								xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə 
								universitetdə çox böyük dilçi müəllimlərdən dərs 
								almışam; onların yalnız məşhur (və mənim üçün 
								doğma!) adlarını çəkmək kifayətdir ki, şair 
								demiş, "qəziyyə məlum" olsun: Muxtar Hüseynzadə, 
								Əlövsət Abdullayev, Ağamusa Axundov, Yusif 
								Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Nəsir 
								Məmmədov, Abdulla Vəliyev, Musa Adilov, Samət 
								Əlizadə, Zinyət Əlizadə, Kamil Vəliyev, Firudin 
								Cəlilov... 
								Və bir də 
								ona görə xoşbəxtəm  ki,  bu böyük dilçi 
								müəllimlər nə yazdılarsa,  demək olar, hamısını 
								oxudum;  nə dedilərsə, hamısını anlamağa  
								çalışdım. Həm universitetdə təhsil aldığım 
								illərdə, həm də sonralar onların hər birindən  
								qayğı,  kömək,  hörmət  (və  müdafiə!) gördüm... 
								Onlar 
								müxtəlif nəsilləri təmsil etdiklərinə görə, 
								elmi-nəzəri səviyyələri, əsaslandıqları tədqiqat 
								metodları bir- birindən fərqlənirdi, ancaq 
								hamısını, istisnasız olaraq, bir qayə 
								birləşdirirdi ki, bu da Ana dilinə sonsuz  
								məhəbbətdən ibarət idi. 
								Muxtar 
								Hüseynzadə bizim, demək olar, bütün dilçi 
								müəllimlərimizin müəllimi olmuşdu. "Müasir 
								Azərbaycan dili"  deyəndə onun adı elə qətiyyət 
								(və ehtiramla!) çəkilirdi ki, sanki o, ana 
								dilimizin qrammatikasını yazmaqla 
								kifayətlənməmiş, onu (müasir Azərbaycan dilini) 
								yaratmışdı. Hətta şairlərdən birinin Muxtar 
								müəllimə həsr etdiyi şeirində təxminən belə bir 
								ifadə vardı: Mənim Azərbaycan dilim - Muxtar 
								dilim! 
								
								 Şair 
								ana dilimizin (və xalqımızın!) öz müstəqilliyi 
								uğrunda mübarizə əzmini (həm Şimalda, həm də 
								Cənubda!) əks etdirmək üçün böyük dilçinin 
								xidmətləri ilə yanaşı, adının mənasından da 
								(muxtar!) obraz kimi faydalanmışdı. Həmin şeirin 
								(və obrazın!) müəllifi  sonralar Azərbaycanın 
								azadlıq mücahidlərindən biri kimi şöhrətlənən 
								Xəlil Rza Ulutürk idi.  Və o da yadımdadır ki, 
								Muxtar müəllim Xəlil Rzanı  Azərbaycan dilinin 
								qanun-qaydalarını  ən yaxşı bilən şairlərdən 
								sayırdı. 
								Professor 
								Muxtar Hüseynzadə bizə dərs deyəndə səksəni 
								haqlamışdı... Azərbaycan, xüsusilə universitet 
								dilçilərinin müəllimi olan  bu mötəbər şəxs, 
								başqalarını bilmirəm, mənim dilçilik həvəsimə nə 
								isə mistik bir enerji gətirdi. Azərbaycan 
								dilçiliyinin banilərindən olan böyük alimin  
								əsərləri ilə hələ orta  məktəbdən tanış idim... 
								Muxtar 
								müəllimi dinləmək, nitq hissələri barədə  
								bildiklərimin (əslində, bunu da orta məktəbdə 
								məhz onun dərsliyindən öyrənmişdim)  nə qədər 
								zənginləşdiyini hiss etmək mənə zövq verirdi. 
								Akademik Məmmədağa Şirəliyev, EA-nın müxbir üzvü 
								Əbdüləzəl Dəmirçizadə ilə birlikdə öz böyük 
								müəllimləri professor Bəkir Çobanzadədən sonra  
								Azərbaycan dilçiliyini formalaşdırmış professor 
								Muxtar Hüseynzadə canlı tarix  idi. Mərd, 
								prinsipial, yalnız dostları ilə deyil,  ideya 
								düşmənləri, opponentləri ilə də zarafat etməkdən 
								çəkinməyən bu qürurlu insan Azərbaycan dilinin 
								(və dilçiliyinin) mücəssəməsinə çevrilmişdi. 
								Mənə elə gəlirdi ki, onun bir söz belə demədən 
								yalnız auditoriyaya girib çıxması kifayətdi ki, 
								ana dilimin incəliklərini öyrənmək həvəsim birə 
								beş artsın. 
								Muxtar 
								müəllim fitri istedadı, zəhməti ilə mənsub 
								olduğu xalqın ən böyük ziyalılarından birinə 
								çevrilmişdi. Ağır keçmiş həyatını   özünəməxsus 
								şəkildə anladırdı; deyirdi, o qədər həsrətində 
								olmuşam ki, övladlarıma oyuncaq alanda əvvəlcə  
								özüm oynadıb sonra onlara verirəm. İranda baş 
								verən inqilabın gedişini diqqətlə izləyirdi. 
								Sevinirdi ki, Cənubi Azərbaycanda da gənclər ana 
								dilinin qrammatikasını məhz onun  dərsliyindən 
								öyrənəcəklər. Və bu barədə danışanda 
								kövrəldiyini biz tələbələri dəfələrlə 
								görmüşdük... 
								Sovet 
								ideologiyasının təsiri ilə formalaşan rus 
								türkologiyasını qəbul etmir, yeri  düşəndə rus 
								türkoloqlarının düşünülmüş "səhv"lərini tənqid 
								edirdi. Mühazirə qeydlərini ərəb əlifbası ilə 
								yazması böyük alimin... milli mövqeyinin  
								mücadiləçi təbiətindən irəli gəlirdi. Bakıda 
								keçirilən ümumtürkoloji yığıncaqlarda rusca 
								çıxışlarının  mətnini də ərəb əlifbası ilə 
								yazarmış. Həmin  məclislərin birində Azərbaycan 
								dilçilərinin milli mövqeyinə etinasız yanaşan  
								Moskva türkoloquna "Spakoyna prixadi, spakoyna 
								uxadi, ha!" demişdi. 
								Bir dəfə 
								Muxtar müəllimin dərsində ikən dekan Firidun 
								Hüseynov auditoriyaya daxil olub, Muxtar 
								müəllimlə çox səmimi görüşdükdən və üzr 
								istədikdən sonra  əlindəki siyahını oxudu. Adı 
								çəkilənlər bir-bir ayağa  durdular. Bu, bir neçə 
								gün əvvəl hansısa dərsdən  qaçanların siyahısı 
								idi. Onların arasında, təəssüf  ki, mən də 
								vardım. Firidun müəllim bütün pedaqoji 
								məharətini işə salıb bizi danlamağa  başladı. 
								Başımızı aşağı dikmişdik. Tənbeh acı idi, ancaq 
								çox adama aid olduğundan dözmək o qədər də çətin 
								deyildi... Birdən Muxtar müəllim guya 
								auditoriyanın eşitməməsi üçün dekana yaxınlaşıb 
								yavaşca dedi ki, qoy Nizami əyləşsin, o, yaxşı 
								tələbədir... Firidun müəllim gülümsünüb: 
								"Hamınız əyləşin, bir də belə iş görməyin",- 
								dedi. 
								Misalı 
								özümdən gətirməyim, bəlkə də, təvazökarlıqdan 
								uzaqdır, ancaq məqsədim o deyil. Demək istəyirəm 
								ki, Muxtar müəllim kiçicik bir istedadını hiss 
								etdiyi  hər bir tələbəsini özünəməxsus bir 
								cəsarətlə (və  deyim ki, hətta qısqanclıqla!) 
								qoruyurdu. O zaman artıq məşhur dilçi olan və 
								bizə birinci kursda fonetikadan mühazirə oxumuş 
								professor Ağamusa Axundovu xüsusilə tərifləyir, 
								deyirdi ki, çox gənc  yaşlarında öz 
								müəllimlərindən qabağa getdi. Bunu deyəndə 
								tələbəsi ilə nə qədər  fəxr etdiyini görməmək, 
								sadəcə olaraq, mümkün deyildi. 
								Muxtar 
								müəllimin "qısqanclığ"ı, təbiri caizsə, 
								milli-ideoloji məzmun daşıyırdı. Tələbələrindən 
								birinin - Fərhad Zeynalovun ilk kitablarını 
								(həmin əsərlər türk dillərinin müqayisəli 
								qrammatikasına həsr  olunmuşdu) oxuduqdan sonra 
								demişdi ki, Fərhadı da Moskvaya göndərdik, getdi 
								təsir altına düşdü. Rus türkologiyasının türk 
								dillərinə tətbiq etmək istədiyi ümumi (nəzəri) 
								dilçilik anlayışlarını, prinsiplərini qəbul 
								etməyən Muxtar müəllim istedadlı tələbəsini 
								əldən verməməyə çalışırdı. 
								Nə qədər 
								müasir olsa da, bu böyük alim- müəllimin 
								daxilində Şərq müdrikliyi mühafizəkarlığa qədər 
								gedib çıxırdı.  Onun öz məktəbi vardı. Ya bu 
								məktəbin tələbəsi olmalıydın, ya da onu tərk 
								eləməliydin. Sovet ideologiyasının hər cür milli 
								məktəbi dağıtdığı bir şəraitdə Muxtar 
								Hüseynzadənin "patriarxal normativliyi" yalnız 
								ona görə yaşayırdı ki, təmənnasız, səmimi və 
								milli idi. Hamı görürdü ki, Muxtar müəllim 
								doktorluq dissertasiyasını müdafiə etməyi bir 
								tərəfə qoyub tələbələrinin namizəd, doktor 
								olmaları, elmdə mövqe tutmaları üçün çalışır. 
								 Muxtar 
								müəllimin "xarici düşmənləri"ndən başqa "daxili 
								düşmənləri"  də vardı,  ancaq sonuncu tələbələri 
								olan bizlər elə  vaxta düşmüşdük ki, nə onun 
								özü, nə də "düşmən"ləri o halda deyildilər ki, 
								tarixi münaqişələrini davam etdirə  bilsinlər. 
								Odur ki, tarixdən nə isə zorla hiss edə 
								biləcəyimiz təəssüratlar qalmışdı... 
								Akademik 
								Məmmədağa Şirəliyev Azərbaycan ədəbi dilinin 
								əsasında gah Bakı, gah da Şamaxı dialektinin 
								durduğunu deyirdi. M.Hüseynzadə dostu barəsində 
								mötəbər bir toplantıda "Atası Bakıdan, anası 
								Şamaxıdandır, ona görə də heç birini incitmək  
								istəmir" deyərək məsələni çox sadə həll etmişdi. 
								Mən bir dəfə sual verdim ki, Muxtar müəllim, nə 
								üçün Sizin orta məktəb dərsliyinizdən "Sintaktik 
								əlaqələr"  bəhsini çıxarmaq istəyirlər? Cavab 
								verdi ki, bir qrup savadsız orta məktəb müəllimi 
								nazirliyə məktub  yazıb, həmin bəhsə etiraz 
								edir. Deyirlər ki, çətindir, şagirdlərə izah edə 
								bilmirik... Sintaktik əlaqələri bilmədən cümlə 
								üzvlərini dəqiq təyin etmək olmaz. 
								APİ-də 
								dilçi-türkoloq kimi elmi-pedaqoji  fəaliyyətə 
								başlayanda 30-cu illərin  repressiyaları tüğyan 
								edirdi - bir balaca millətə xidmət etmək istəyən 
								ziyalıları "millətçi" adı ilə damğalayıb 
								gedər-gəlməzə göndərirdilər. Muxtar müəllim 
								ciddi cəzalandırılmaq üçün ən real 
								"namizəd"lərdən biri idi. Ya özlərini 
								sığortalamaq, ya da gənc mütəxəssisi xilas etmək 
								üçün onu APİ-dən kənarlaşdırırlar. 
								Muxtar 
								müəllim sonralar xatırlayırdı ki, DTK-da 
								dindirilib gecə yarısı bayıra atılanda doğma  
								institutunu belə tanımayıb. Halbuki APİ  DTK ilə 
								üzbəüz idi. (Bax: Adil Babayev. Dilçiliyimizin 
								məbədi. Bakı, 2002, səh. 154). Onun iradəsini 
								sındırmaq mümkün deyildi, DTK-nın əlinə fakt da 
								vermirdi... Çox sonralar biz tələbələrinə də 
								dediyi "Vəzifəm yox, bir şeyim yox, müəlliməm 
								də; mənə nə eləyəcəklər?!" fikrinə  o, yəqin ki, 
								30-cu illərdən gəlmişdi. 
								
								M.Hüseynzadə doktorluq dissertasiyası müdafiə 
								edəndə onun tələbələri A.Axundov, Y.Seyidov, 
								T.Hacıyev... çoxdan elmlər doktorları idilər.  
								Otuz  il universitetin ən nüfuzlu dilçilik 
								kafedrasına - Ümumi dilçilik kafedrasına 
								rəhbərlik edən Muxtar müəllim həmişə, birinci 
								növbədə, müəllim olmuşdu. Elmlər namizədi kimi 
								də, elmlər doktoru kimi də... 
								
								M.Hüseynzadənin şah əsəri, ümumən Azərbaycan 
								dilçiliyinin bir neçə ən böyük yaradıcılıq 
								işlərindən biri olan "Müasir Azərbaycan dili" də 
								məhz dərslik kimi yazılmış, ilk dəfə 1954-cü 
								ildə  nəşr edilmişdi. Sonralar bir neçə dəfə 
								nəşr olunan bu əsər əlli ildən çoxdur ki, həmin 
								sahədə birincidir. Və səksən beş il bu dünyada 
								ömür sürən, həyatının son illərinə qədər 
								universitet auditoriyasından ayrılmayan 
								professor Muxtar Hüseynzadə də Azərbaycan 
								dilçiliyindəki əlli il bundan əvvəlki 
								birinciliyini - müəllimliyini davam etdirir...  
								
								
								
								Qələmə aldı: 
								Şamxəlil MƏMMƏDOV  | 
								  |