| 
								 "20 
								Yanvar - tariximizin qan yaddaşı" mövzusunda 
								elmi-praktik konfrans  
								Yanvarın 
								18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun akt zalında "20 
								Yanvar - tariximizin qan yaddaşı" mövzusunda 
								elmi-praktik konfrans keçirildi. 
								Konfransı 
								institutun rektoru, fizika-riyaziyyat elmləri 
								doktoru, professor Asəf Zamanov giriş sözü ilə 
								açaraq bildirdi ki, 20 Yanvar hadisələri 
								xalqımızın tarixində nə qədər faciədirsə, ondan 
								da çox xalqın milli istiqlaliyyəti uğrunda 
								mübarizə aparmasıdır. A.Zamanov bildirdi ki, XX 
								yüzillikdəki qabarma və çəkilmələr Azərbaycan 
								xalqının üzərindən yan keçməyib, əksinə, biz 
								həmişə bu qabarma və çəkilmələrin içərisində 
								olmuşuq. Hələ 1918-ci ilin 28 mayında müstəqil 
								Azərbaycan Demokratik Respublikasının qələbəsi 
								ilə başa çatması və həmin vaxt müstəqil 
								Azərbaycanın 23 ay yaşaması, sonra sovet 
								imperiyası tərkibində 73 il yaşaması və nəhayət, 
								1991-ci ildə Azərbaycan xalqının öz iradəsi ilə 
								müstəqil Azərbaycan Respublikasını yaratması və 
								inkişaf etdirilməsini göz önünə gətirək. 1988-ci 
								il hadisələrindən sonra kütləvi mitinqlər, sonra 
								Dağlıq Qarabağ və onun ətrafında nümayişlər 
								başladı. Həmin ərəfədə əslən Ağdamdan olan iki 
								gənc - Əli və Bəxtiyar qətlə yetirildi. Bundan 
								sonra vəziyyət daha da gərginləşdi. Nəhayət, 
								1990-cı il yanvar ayının lap əvvəlləri Bakıda, 
								rayonlarda olan hadisələr, qırğınlar, 
								talanlar... Heç bilinmirdi bu qırğınları kim 
								törədir. Bütün bunlar ona aparıb çıxarırdı ki, 
								Azərbaycanda nə isə kütləvi qırğına səbəb olan 
								bir hadisə törədilsin. Bundan sonra 13 yanvar və 
								nəhayət, 1990-cı il 19 yanvar hadisələri 
								başladı. Bunların hamısının nəticəsi olaraq 20 
								Yanvar 1990-cı il tarixdən komendant saatı elan 
								edildi. Lakin o vaxt 19.27 dəqiqədə 
								televiziyanın enerji bloku partladıldı və 
								Azərbaycan əhalisi heç bir informasiya ala 
								bilmədi. Həmin dövrün "rəhbərləri" ölkəni idarə 
								edə bilmirdilər. Ona görə də belə hadisələr baş 
								verirdi. Bu da Azərbaycan xalqının müstəqillik 
								uğrunda mübarizəyə qalxmış əliyalın insanlarının 
								qırılmasına gətirib çıxardı. 
								Yanvarın 
								21-də ulu öndər Heydər Əliyev Moskvadakı 
								Azərbaycan nümayəndəliyinə getdi və 20 Yanvar 
								hadisələrinin əsl günahkarlarını bütün dünyaya 
								bəyan etdi, Azərbaycan xalqına başsağlığı verdi. 
								Bu, bütün xalq üçün bir təskinlik, bir 
								ürək-dirək idi. 
								Öz milli 
								mənəvi dəyərlərimizə hörmət əlaməti olaraq, öz 
								qan yaddaşımızı bir daha bəyan edərək bura 
								yığışmışıq, - deyən rektor sonra çıxış üçün sözü 
								Bakı Dövlət Universitetinin professoru, kimya 
								elmləri doktoru İdris Əhmədova verdi. O dedi: 
								- 
								Bildiyiniz kimi, yanvarın 16-dan meydan 
								hadisələri başlanmışdı. Biz ziyalılar da həmin 
								mitinqlərdə iştirak edirdik. Onu deyim ki, biz 
								beş alim o vaxt Azərbaycan Elmlər Akademiyasının 
								Sumqayıt Polimer Materialları İnstitutunda 
								çalışırdıq. Biz beş dost, beşimiz də Bakıda 
								yaşayırdıq. Hər gün Sumqayıta gedib-gəlirdik. 
								Həmin 20 Yanvar hadisəsindən sonra biz də qərara 
								gəldik ki, iş yerinə gedib mitinq edərək partiya 
								biletimizi ataq. Yanvarın 24-də səhər 5 alim - 
								İbrahim İbrahimov, Svetlana Məmmədova, İsmayıl 
								Mursaqulov, Parlaq Mustafayeva və bir də mən 
								İbrahim müəllimin "Jiquli" markalı maşını ilə 
								Sumqayıta gedirdik. Ceyranbatan gölünə çatanda 
								maşınımız xarab oldu. Onu çəkib yolun kənarına 
								qoyduq. BTR-lərin gəldiyini görüb maşınımıza 
								əyləşdik. Həmin BTR-lərdən 5-i bizim maşının 
								yanından ötüb keçdi. Mən arxaya baxdım ki, görüm 
								yenə zirehli texnikadan gələn varmı. Onu gördüm 
								ki, altıncı BTR bizim maşının üstünə gəlir. Mən 
								bir qədər oturacağın üstünə sarı əyildim. BTR 
								maşınımızı əzik-üzük etdi. Mənimlə Parlaq xanım 
								başımızdan, qolumuzdan və bədənimizin müxtəlif 
								yerlərindən ağır yaralansaq da sağ qalmışdıq. 
								Amma çox təəssüflər olsun ki, 3 dünya şöhrətli 
								kimyaçı alimimiz şəhid oldu. Mən İbrahim 
								müəllimə, Svetlana xanıma, İsmayıl müəllimə ulu 
								Tanrıdan rəhmət diləyirəm. 
								Daha sonra 
								tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma 
								və Yenidənhazırlanma İnstitutunun kafedra 
								müdiri, filologiya elmləri doktoru, professor 
								Aydın Paşayev, institutun əməkdaşları Nisə 
								Cəlilzadə, Fikrət Əliyev, Nurəddin Hüseynov 
								çıxış etdilər.  
								Konfransda 
								institutun Binəqədi Rayon İcra Hakimiyyəti ilə 
								birgə keçirdiyi 20 Yanvara həsr olunmuş inşa 
								yazı müsabiqəsinin bu rayonda fəaliyyət göstərən 
								məktəblərin qalib olmuş bir qrup yuxarı sinif 
								şagirdinə diplomlar və hədiyyələr təqdim olundu. 
								Sonda 
								konfrans iştirakçıları institutun əməkdaşlarının 
								hazırladığı 20 Yanvara həsr olunmuş filmə tamaşa 
								etdilər.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  | 
								  |