| 
								 Yanvarın 
								19-da Azərbaycan Dillər Universitetində (ADU) 
								qanlı 20 Yanvar hadisələrinin 21 illiyi 
								münasibətilə keçirilən mərasim Azərbaycanın 
								Dövlət himni ilə başladı. Sonra 20 Yanvar 
								şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad 
								edildi. ADU-nun tədris işləri üzrə prorektoru, 
								professor Natiq Yusifov 20 Yanvar hadisələrinin 
								xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini 
								qeyd edərək dedi: - "O hadisələr hələ də 
								gözümüzün önündədir. Günahsız insanlar qətlə 
								yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Buna 
								baxmayaraq, heç kəs ruhdan düşmədi. Azərbaycan 
								xalqının qətiyyəti, səbri azğınlaşmış sovet 
								qoşunlarının Bakıda çox duruş gətirə bilməməsinə 
								səbəb oldu".  
								Sonra qanlı 
								20 Yanvar hadisələrini özündə əks etdirən 
								videoslayd nümayiş etdirildi. 
								Mərasimin 
								sonunda Üzeyir Hacıbəylinin "Koroğlu" 
								operasından uvertüra səsləndi.  
								
								
								*** 
								Azərbaycan 
								Müəllimlər İnstitutunda anım mərasimi 
								keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik 
								sükutla yad edildikdən sonra mərasimi açan 
								rektor, siyasi elmlər doktoru, professor, millət 
								vəkili A.Naxçıvanlı 1990-cı il hadisələrini 
								sovet imperiyasının törətdiyi cinayət aksiyası, 
								xalqın milli-azadlıq hərəkatını boğmağa, məkrli 
								siyasətin acı nəticəsi olduğunu qeyd etdi. 
								Millət vəkili ümummilli lider Heydər Əliyevin bu 
								müsibətin dünya ictimaiyyətinə çatdırılması üçün 
								gördüyü işlərdən danışmış, məhz onun təşəbbüsü 
								ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət 
								verildiyini vurğulamış, şəhidlərin xatirəsinin 
								əbədiləşdirilməsini ulu öndərin böyük ehtiram və 
								qayğısı kimi qiymətləndirmişdir.  
								Çıxış 
								edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri 
								haqqında ətraflı məlumat vermişlər. 
								Toplantıda 
								şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi 
								kompozisiya və film göstərilmişdir.  
								
								
								*** 
								Azərbaycan 
								Texniki Universitetində qanlı 20 Yanvar 
								faciəsinin  21-ci  ildönümünə həsr olunmuş 
								tədbirin iştirakçıları əvvəlcə AzTU-nun 
								həyətində şəhidlərin xatirəsinə ucaldılmış 
								abidənin və universitetin foyesində ümummilli 
								lider Heydər Əliyevin büstünün önünə təzə-tər 
								gül-çiçək dəstələri qoymuşlar. 
								Tədbiri 
								giriş sözü ilə universitetin rektoru, texnika 
								elmləri doktoru, professor Havar Məmmədov açmış, 
								şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad 
								edilmişdir. 
								Professor 
								Havar Məmmədov Azərbaycan xalqının tarixinə 
								nəzər salıb, xalqımızın ən dəhşətli faciəsi olan 
								20 Yanvar gecəsinin dəhşətlərindən ürək ağrısı 
								ilə danışmış, bu qanlı faciəyə öz münasibətini 
								bildirmişdir.  
								1990-cı il 
								yanvarın 21-də Moskvada xüsusi nəzarətdə olan 
								ümummilli lider Heydər Əliyev özünü və ailəsini 
								təhlükə altında qoyaraq, oradakı Azərbaycan 
								nümayəndəliyinə gəlmiş, geniş bəyanatla çıxış 
								etmiş və qatillərin, günahkarların 
								cəzalandırılmasını tələb etmişdi.   
								Sonra 
								AzTU-nun Tarix kafedrasının müdiri, tarix 
								elmləri doktoru Şikar Qasımov, İstilik və 
								soyuqluq kafedrasının müdiri, millət vəkili, 
								professor Astan Şahverdiyev  və  gənclər adından 
								IV kurs tələbəsi Azər Abdullayev 20 Yanvar 
								faciəsinin 21-ci ildönümü ilə əlaqədar geniş 
								məruzə ilə çıxış etdilər.  
								
								
								*** 
								Lənkəran 
								Dövlət Universitetində Azərbaycanın müstəqilliyi 
								və azadlığı uğrunda həlak olmuş 20 Yanvar 
								şəhidlərinin xatirəsi dərin ehtiramla yad 
								edilmişdir. 
								20 Yanvar 
								ümumxalq hüzn günü ilə əlaqədar keçirilmiş 
								tədbiri universitetin rektoru, fizika-riyaziyyat 
								elmləri doktoru, əməkdar elm xadimi, professor 
								Asəf İsgəndərov açmış, şəhidlərin xatirəsinin 
								həmişə əziz tutulduğunu bildirmiş və 20 Yanvar 
								faciəsinin 21-ci ildönümü ilə əlaqədar 
								universitetdə həyata keçirilən tədbirlərdən 
								danışmışdır. 
								
								Universitetin Tarix və fəlsəfə kafedrasının 
								dosenti, tarix elmləri namizədi Əliağa Baxşıyev 
								"20 Yanvar günü Azərbaycanın suverenliyi, 
								istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda 
								mübarizənin rəmzidir" mövzusunda məruzə 
								etmişdir. 
								YAP 
								universitet ərazi təşkilatının sədri, iqtisad 
								elmləri namizədi Tofiq Paşayev, Kimya-biologiya 
								kafedrasının dosenti Məlahət Ağayeva, Tarix və 
								fəlsəfə kafedrasının baş müəllimi Qabil 
								Əmənullayev, Heydər Əliyev muzeyinin rəhbəri 
								Vaqif Abdullayev, tələbələrdən Seymur 
								Murtuzayev, Əşrəf İzzətov və başqaları çıxış 
								edərək 20 Yanvar hadisələrinə münasibətlərini 
								bildirmişlər. 
								Filologiya 
								elmləri namizədi, dosent, Prezident təqaüdçüsü 
								Hacı Mirhaşım Talışlı Yanvar şəhidlərinə həsr 
								etdiyi şeirini oxumuşdur. 
								Tədbirdə 20 
								Yanvar faciəsini əks etdirən kitab sərgisi, 
								fotostendlər nümayiş etdirilmişdir. 
								
								
								*** 
								Bakıdakı 9 
								nömrəli orta məktəbdə 20 Yanvar faciəsi ilə  
								bağlı keçirilən  tədbirdə  şəhidlərin xatirəsi 
								bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri 
								giriş sözü ilə açan  məktəbin direktoru   Zinyət 
								Əhmədova    bildirdi ki, 1990-cı il yanvarın 
								19-dan 20-nə keçən gecə Bakıda rus imperiyasının 
								törətdiyi qanlı  faciədən 21 il keçir. M. 
								Qorbaçov başda olmaqla sovet ittifaqının o 
								vaxtkı rəhbərləri  Azərbaycan xalqına 
								xəbərdarlıq etmədən Bakıya  qoşun yeritdilər,  
								böyük bir faciə baş verdi. Həmin gecə  günahsız, 
								əliyalın insanlar küçədə, yaşadığı   evlərində 
								gülləbaran  edildilər.  Bu hadisənin səhəri gün 
								ilk etiraz səsini qaldıran  məhz Azərbaycan 
								xalqının böyük oğlu ulu öndər Heydər Əliyev 
								oldu. 
								Ümummilli 
								liderin Azərbaycan xalqının  tələbi ilə ikinci 
								dəfə hakimiyyətə  gəlişindən sonra 20 Yanvar 
								hadisəsinə siyasi  qiymət verildi və əsl 
								həqiqət  bütün dünyaya bəyan edildi. 
								Məktəbin 
								müəllimlərindən Pəri Paşayeva, Şəfəq Nəsirova, 
								Səkinə Şirinzadə, Rəna Dadaşova, İslam Abbasov  
								və Milli Qəhrəman Şövqiyar Abdullayevin atası 
								Cəmil Abdullayev   qeyd etdilər ki, 20 Yanvar 
								faciəsi öz azadlığına, müstəqilliyinə can atan 
								xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş 
								etdirdi. Azərbaycan xalqı  böyük itkiyə məruz 
								qalsa da, öz müstəqilliyinə qovuşdu. 
								Məktəbin 
								fəal şagirdləri çıxış edərək şəhidlərin 
								xatirəsinə həsr olunmuş şeir söylədilər, mahnı 
								oxudular və kompozisiya nümayiş etdirdilər. 
								
								
								*** 
								Respublika 
								İncəsənət Gimnaziyasında xalqımızın qan 
								yaddaşına əbədi həkk olan 20 Yanvar faciəsi ilə 
								əlaqədar V "A" sinfində  "açıq dərs" keçirildi. 
								Öncə Azərbaycan dili və ədəbiyyat müəllimi 
								Turanə Zeynalova   şagirdlərə tarix boyu 
								xalqımızın başına gələn müsibətlərdən danışdı. 
								Sonra bu faciəni törədənlər barədə bəzi faktları 
								sadaladı. O müdhiş gecədə Azərbaycanın 
								müstəqilliyi uğrunda  canını qurban verən vətən 
								oğullarının qəhrəmanlıqlarından söz açdı. 
								 
								
								Şagirdlərdən  Aytən Bağırova, Əmrah Ələkbərli, 
								Zeynəb Məmmədova, Taleh Əbdülrəhimli, Nərmin 
								Əliyeva 20 Yanvar faciəsi haqqında bildiklərini 
								söylədilər və  şəhidlərin  xatirəsini   bir 
								dəqiqəlik sükutla yad  etdilər. 
								Dərsdə  
								şagirdlər 20  Yanvar faciəsi ilə bağlı  divar 
								qəzeti tərtib etdilər.  Faciəni əks etdirən 
								səhnəciklər də  şagirdlərin ifasında maraqlı 
								idi.  
								"Açıq 
								dərs"də  20 yanvar faciəsinə həsr olunmuş   film 
								göstərildi. 
								
								
								*** 
								
								Paytaxtdakı  fizika-riyaziyyat və informatika 
								təmayüllü liseydə 20 Yanvar faciəsinin iyirmi 
								birinci ildönümünə həsr olunmuş  mərasimdə  
								respublikamızın suverenliyi, azadlığı, 
								müstəqilliyi, ərazi bütövlüyü  uğrunda 
								canlarından keçərək qəhrəmanlıq nümunəsi 
								göstərmiş  Vətən oğullarının əziz xatirəsi  bir 
								dəqiqəlik sükutla  yad edildi.  Direktor müavini 
								Valeh Bəyalıyev   o zaman Bakıda baş verən 
								hadisələr,  yanvarın 19-dan  20-nə keçən  gecə  
								rus imperiyasının törətdiyi  qanlı cinayətlər 
								nəticəsində  xalqımızın  başına gətirilmiş 
								müsibətlər barədə məlumat  verdi. 
								Şagirdlərin 
								ifasında  şəhidlərə həsr  olunan  şeirlər, 
								bayatılar  səsləndi, ədəbi-bədii kompozisiya  
								göstərildi.  Müəllimlər  Allahverdi Məmmədov, 
								Sərvinaz Əkbərova, Mülayim Hüseynova, Aybəniz 
								Mehdiyeva, Kəmalə Əliyeva, Şəfiqə Xankişiyeva 
								çıxış edərək xalqımızın qəhrəmanlıq tarixindən,  
								20 Yanvar faciəsinin  acı nəticələrindən, şəhid 
								olub əbədiyyətə qovuşan Vətən övladlarının 
								şücaətindən   söz açdılar. 
								Sonra  
								qanlı Yanvarla bağlı videogörüntülər  nümayiş 
								olundu.   
								
								
								*** 
								Zəif  
								eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi 
								respublika internat-məktəbdə 20 Yanvar 
								faciəsinin iyirmi birinci ildönümünün anım 
								mərasimində öncə qanlı Yanvar hadisələrinə həsr 
								olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə 
								baxış keçirildi. Məktəbin direktoru Kamil 
								Məmmədov o mühdiş gecənin dəhşətlərindən, bütöv 
								bir xalqa qarşı törədilən terror aktından, 
								haqsız axan qanlardan, sinələrinə övlad dağı  
								çəkilən  anaların ərşə qalxan fəryadlarından  
								ürəkağrısı ilə söz açdı. Tərifə Şirinova 
								müqəddəs şəhidlərin xatirəsinə həsr etdiyi şeiri 
								söylədi. Tədbirin təşkilatçısı Nailə 
								Allahverdiyeva, müəllimlər Nədafə Yaqubova, 
								tərbiyəçilər Validə Bayramova, İlahə Məmmədova, 
								Mehriban İsmayılova o qanlı gecəyə həsr olunan 
								bayatılar, ağılar söylədilər. 
								
								
								*** 
								20 Yanvar 
								faciəsinin qurbanları Qax rayonunun   ümumtəhsil 
								məktəblərində  keçirilən tədbirlərdə yad edilib. 
								
								Şəhər 1 nömrəli orta məktəbdə  "Şəhidlik 
								ucalıqdır", 2 nömrəli  məktəbdə  "Qanla yazılmış 
								qəhrəmanlıq salnaməsi", 5 nömrəli orta məktəbdə  
								"Ağla, qərənfil ağla", İlisu kənd orta 
								məktəbində "20 Yanvar  qəhrəmanlıq salnaməsidir" 
								adlı "dəyirmi masa"lar keçirilib. Məktəblərdə  
								20 Yanvar  faciəsinə həsr edilmiş inşa, rəsm 
								müsabiqələri, ədəbi-bədii gecələr təşkil edilib. 
								Radio qovşaqlarında 20 Yanvar faciəsi ilə bağlı  
								şeirlər səsləndirilib.  |