| 
								 
								  
								  
								
								Yaxşı yadımdadır, 1990-cı il yanvarın 19-da 
								gündüz saat 12-dən bizi-idarə və müəssisə 
								rəhbərlərini, kommunistləri, şəhərin fəallarını 
								iclas adı ilə çağırıb yığmışdılar şəhər partiya 
								komitəsinin (indiki icra hakimiyyətinin) akt 
								zalına. Burada iclasdan əsər-əlamət yox idi. Hər 
								saatdan bir 1 nəfər gəlib deyirdi: "Darıxmayın, 
								bir azdan mühüm xəbər deyiləcək!". Mühüm xəbərin 
								deyilməsi gecə yarıya qədər çəkdi. Adamlar zalda 
								mürgüləyir, bir-biri ilə pıçıltılı söhbət edir, 
								bəziləri də bayıra çıxıb qayıdırdılar. Birdən 
								əli dubinkalı və qalxanlı əsgərlər qapıları 
								kəsdilər, 1-ci mərtəbədən 4-cü mərtəbəyə qədər 
								gediş-gəliş yollarını tutdular. Bu mənzərəni 
								görənlərdən bəziləri sevinirmiş kimi: "Burda dur 
								e, ağzına qaya dəysin. Elə bilirdin ölkə 
								yiyəsizdi?!". Biz dəhlizə çıxanda artıq stolun 
								üstündə bir top qara parça gördük, hər şey aydın 
								oldu.   
								  
								  
								
								
								İyirmisi Yanvar, 90-cı il, 
								Qalıb taleyimin qan yaddaşında. 
								Özüm necə idim, yadımda deyil, 
								Qulağı batmışdı qara daşın da.  
								
								
								O gecə durmuşdu yol ayrıcında, 
								Ölüm həyat ilə, hicran vüsalla. 
								Qolları sınmışdı ağacların da, 
								Bənizi qaçmışdı otların, Allah.  
								
								
								O gecə yağırdı güllə yağışı, 
								Elə bil dünyanın sonu çatmışdı. 
								O gecə günahsız xalqıma qarşı, 
								Qəddarlıq artmışdı, sitəm artmışdı.  
								
								
								O gecə bulaqlar qan ağladılar, 
								Quşlar səksəkədən yata bilmədi. 
								O gecə atları cidarladılar, 
								Yolçu mənzilinə çata bilmədi.  
								
								
								Mənim şirin yuxum ərşə çəkildi, 
								Ulduzlar əridi baxışlarımda. 
								Üstümə od yağdı, alov töküldü, 
								Dondu yanağımda göz yaşlarım da.  
								
								
								Bakı qan gölünə dönmüşdü gecə, 
								Neçə qız batmışdı, ana batmışdı, 
								O fidan gülləri əzən cəlladın, 
								Yırtıcı caynağı qana batmışdı.  
								
								
								Bir nifrət duası oxuyam gərək, 
								Gündoğan, günbatan duysun səsimi. 
								Qansıza kəfənlik toxuyam gərək, 
								Qoydu gözlərimdə o, həvəsimi.  
								
								
								O gecə oyandı içimdə qeyrət, 
								O gecə açıldı ağzımda dilim. 
								Məndən inciməsin ana təbiət, 
								Qana qan gərəkdir, ölümə ölüm.  
								
								
								Qanın yerdə qalmaz, igid qardaşım, 
								Qəbrin nurla dolsun, ağbirçək ana! 
								Mənim şəhid bacım, şəhid qardaşım, 
								Siz vüqar oldunuz Azərbaycana!  
								Həmişə 
								haqdan, ədalətdən, humanizmdən dəm vuran 
								dövlətin amansız ordusu dinc əhalini tankların 
								altına salıb xurd-xəşil eləmişdi. Ölkə nehrə 
								kimi çalxalanırdı. Səhər hara baxırdın rus 
								əsgərləri adamların qabaqlarını kəsib 
								sənədlərini yoxlayırdılar. İnformasiya qıtlığı 
								başlamışdı. Nə radio, nə televizor səsini 
								çıxarıb "mühüm xəbər" demirdi. Sən demə, amansız 
								ordu Bakını qan gölünə çevirib, televiziyanın 
								blokunu partladıb, insanları informasiyadan 
								məhrum edib. 1990-cı il yanvarın 19-dan 20-nə 
								keçən gecə yüzlərlə dinc azərbaycanlını məhv və 
								şikəst etdilər. Günahsız insanlar yaralandı, 
								müxtəlif fiziki təzyiqlərə məruz qaldı. 
								
								 Həmin 
								gecə 131 nəfər insan qətlə yetirildi, 744 nəfər 
								ağır yaralandı, 400 nəfər zindanlara atıldı, 
								xeyli insan itkin düşdü.   
								20 Yanvar 
								faciəsi XX əsrdə totalitarizmin törətdiyi ən 
								qanlı terror aktlarından biridir. O qanlı-qadalı 
								gecəni yad etdikcə qaysaqlanmış yaramın qaysağı 
								qopur, ağrısı-acısı məni yandırır-yaxır. Yadıma 
								düşür ki, o gecə fikir-xəyal burulğanında yata 
								bilmirdim. Qulağımı dəng edən sözlər: -"Mühüm 
								xəbər deyiləcək" hey təkrarlanır-təkrarlanırdı. 
								Tankların, topların nəriltisindən yatmaqmı 
								olardı? Yad etdikcə o qanlı gecəni qara qanlar 
								axır ürəyimdən, içimdə düşmənə qarşı nifrət 
								hissi getdikcə qol-qanad atır, böyüyür, 
								şaxələnir. Gurultu səsindən qulaq batırdı. 
								Əliyalın insanlara divan tutur, tankların altına 
								salıb xıncım-xıncım edirdilər. Mətbəxdə qazan 
								asıb ailə üçün xörək hazırlayan ananı, körpə 
								uşaqları, səsə-küyə küçəyə çıxan xəstə, ahıl 
								qocaları belə qanlarına qəltan edir, qətlə 
								yetirirdilər. Vətənin dar günündə ürəyində kin 
								yaşadan başçılar arxamızda dayanmayıb qaçdılar. 
								Millət sərkərdəsiz orduya, su üzündə qalan 
								gəmiyə bənzədi 20 yanvar gecəsi. Bir yandan 
								bağlayan, bir yandan açar, - deyiblər 
								aqillərimiz. 
								1990-cı il 
								yanvarın 21-də hər dəqiqəsi təhlükə qarşısında 
								qalan Heydər Əliyev ailə üzvləri ilə birlikdə 
								Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə 
								gəldi, Qorbaçov hakimiyyətinə dərin etirazını 
								bildirdi və cinayətkarların ciddi 
								cəzalandırılmasını tələb etdi. 
								Azərbaycan 
								xalqına dərin hüznlə başsağlığı verdi. Ümummilli 
								liderimiz Heydər Əliyevin çıxışı həmin anlar 
								Azərbaycan xalqını xeyli toxtatdı, mübariz 
								ruhunu daha da gücləndirdi.  
								1990-cı il 
								yanvarın iyirmisində sovet qoşunlarının Bakıda 
								törətdiyi qanlı faciədən artıq 21 il keçir. 
								Xalqımız o müdhiş gecəni daim xatırlayır, illər 
								keçdikcə xatırlayacaq da! Hər bir azərbaycanlı 
								bu vəhşiliyi, qəddarlığı, amansızlığı 
								törədənlərə nifrət oxuyur və bu nifrət daim 
								ediləcək.  
								Həmin 
								günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü 
								uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi 
								kimi daxil oldu, öz ölkəsinin, xalqının 
								azadlığını, şərəf və ləyaqətini hər şeydən uca 
								tutan qurdürəkli, qorxubilməz, geridönməz, mərd, 
								cəsarətli Vətən övladları canlarından keçərək 
								Vətən yolunda həyatlarını qurban verdilər, 
								şəhidlik zirvəsinə ucaldılar! Xalqımız həlak 
								olanların xatirəsini əbədiləşdirmək üçün 
								Şəhidlər xiyabanı kimi bir ziyarətgah, qibləgah, 
								səcdəgah yaratdı.  
								
								 Konstitusiya 
								hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa 
								qalxan dinc əhalini qılıncdan keçirtdilər, divan 
								tutdular. Heç bir günahı olmayan yüzlərlə adamın 
								vəhşicəsinə qətlə yetirilməsi bütün hakimiyyətdə 
								olduğu dövrdə humanizm prinsiplərindən dəm vuran 
								sovet imperiyasının hərb maşınının amansız 
								terroru insanlığa qarşı bəşər tarixində 
								görünməyən ən ağır cinayətlərdən biri kimi əbədi 
								olaraq qalacaqdır. Əli günahsız insan qanına 
								batmış imperiya rəhbərliyinin, cinayətkar 
								M.S.Qorbaçovun komandasının Azərbaycana qarşı 
								xəyanətkar siyasətinə dözməyən, respublikamıza 
								qarşı ərazi iddiaları irəli sürən mənfur 
								qonşumuz Ermənistanın təcavüzkar  hərəkətlərinə 
								haqq qazandıranlara hiddətlənən və bu 
								fitnəkarlığa qarşı öz qəti etirazını bildirən 
								geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş 
								bölmələrinin yeridilməsi Bakıda misli görünməmiş 
								faciə ilə nəticələndi. Böyük itkilər verdik, 
								günahsız insanlarımız dünyasını dəyişdi. Lakin 
								bu amansız, qanlı terror xalqımızın iradəsini, 
								milli qürurunu, mübariz ruhunu sarsıda bilmədi, 
								azadlıq eşqini boğmağa gücü çatmadı. 20 Yanvar 
								faciəsi xalqımızın əyilməzliyini,məğrurluğunu 
								nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun 
								illərdən bəri arzusunda olduğu müstəqilliyə 
								qovuşdu xalqımız, ölkəmiz suverenlik əldə etdi. 
								20 Yanvar faciəsi xalqımızın qan yaddaşında 
								əbədi yaşayacaq. 
								Şəhidlər 
								xiyabanına tez-tez gedir, şəhidlərimizi ziyarət 
								edirəm, onların qarşısında baş əyirəm. Burada 
								səslənən, ürək dağlayan həzin musiqi içimi 
								göyüm-göyüm göynədir. Üzümü qaboy çalan Kamil 
								Cəlilova tuturam.  
								
								
								Çalma, Kamil! Çalma, qurbanın olum, 
								
								
								Yandırıb yaxırsan axı sən bizi. 
								
								
								Nədir qaboydakı bu fəryad səsi, 
								
								
								Boğur duman bizi, boğur çən bizi, 
								
								
								Yandırıb yaxırsan axı sən bizi.  
								
								
								
								Əvəz Mahmud LƏLƏDAĞ  | 
								  |