| 
								  2010-cu il 
								ərzində Təhsil Nazirliyinin "Qaynar xətt" 
								xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; 
								faks: 496-37-61; e-mail ünvanı:
								
								qaynar-xett@edu.gov.az) 13232 müraciət daxil 
								olub. 
								
								Müraciətlərin 11861-i telefonla, 1371-i elektron 
								poçt vasitəsilə qəbul edilib ki, onların da 75 
								faizi sorğu və məlumat xarakterlidir. 
								Ümumilikdə, müraciətlərin 60 faizdən çoxu 
								ümumtəhsil məktəbləri, 5 faizə qədəri 
								məktəbəqədər tərbiyə müəssisələri, 1 faizə 
								qədəri məktəbdənkənar tərbiyə müəssisələri, 5 
								faizi texniki peşə təhsili müəssisələri, 20 
								faizi ali məktəblər, 7 faizi orta ixtisas 
								təhsili müəssisələri ilə əlaqədardır. 
								"Qaynar 
								xətt" xidmətində yanvar-fevral aylarında 143, 
								martda 356, apreldə 1003, mayda 958, iyunda 
								4200, iyul-avqust aylarında 1871, sentyabrda 
								2083, oktyabr-noyabr aylarında 1854, dekabrda 
								isə 764 müraciət qeydə alınıb. Hər ay daxil olan 
								müraciətlərin 60-70 faizi Bakı şəhərindəki 
								ümumtəhsil məktəbləri ilə bağlı sorğulardan 
								ibarət olub ki, həmin müraciətlər də Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb. 
								Şikayət 
								xarakterli müraciətlərin araşdırılması zamanı 
								məlum olub ki, onların 108-i (34,5 faiz) 
								anonimdir. 99 (31,6 faiz) şikayətdə yazılan 
								faktların doğru olmadığı, 8 şikayətdə qeyd 
								edilənlərin tam və ya qismən doğru olduğu 
								müəyyənləşdirilib. 
								Aparılan 
								araşdırmalar nəticəsində Bakıdakı 26, 37, 61, 
								79, 110, 141, 192, 208, 228 və 321 nömrəli 
								məktəblərin direktorları işdə yol verdikləri 
								nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 
								139, 151, 176, 270 nömrəli məktəblərin 
								direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 
								146 məktəb direktoruna isə xəbərdarlıq edilib. 
								Paytaxtın 18, 76, 119 və 258 nömrəli 
								məktəblərindən daxil olan məlumatlara əsasən, 
								ayrı-ayrı fənn müəllimləri, sinif rəhbərləri 
								məktəb müdiriyyəti tərəfindən inzibati tənbeh 
								olunublar. 
								Məktəb 
								ərazilərinin zəbt olunmasının qarşısının 
								alınması, istilik sistemlərinin olmaması ilə 
								əlaqədar şikayətlər yerində araşdırılıb, 
								bunlarla bağlı müvafiq təşkilatlara müraciətlər 
								edilib. Ümumtəhsil məktəbləri ilə əlaqədar 
								Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan 
								şəhərlərindən və  Abşeron, Yardımlı, Daşkəsən, 
								Zaqatala, Xaçmaz, Tovuz, Tərtər, Lənkəran, 
								Şabran, Lerik rayonlarından daha çox müraciət 
								daxil olub. 
								Abşeron 
								rayonundan daxil olan müraciətlərin böyük 
								əksəriyyəti şikayət xarakterli olub. Belə ki, 
								müraciətlərin əksəriyyətində həmin rayonun 
								ümumtəhsil məktəblərində bir neçə dəfə məcburi 
								qaydada məktəbli formasının, lüzumsuz kitabların 
								satışının təşkil edildiyi, fond pulu toplandığı 
								bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar 
								müvafiq araşdırmalar aparılıb, həmin 
								araşdırmaların nəticələri Təhsil Nazirliyində 
								müzakirə edilib. Abşeron Rayon Təhsil Şöbəsinin 
								müdirinə yaranmış problemin qısa müddətdə aradan 
								qaldırılması üçün müvafiq tapşırıqlar verilib, 
								təlimata zidd olaraq məktəbli formasının 
								satışında iştirak etdiyinə görə bir orta məktəb 
								müəllimi isə işdən azad olunub. 
								Ümumtəhsil 
								məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə 
								qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə 
								çatdırılması, habelə ali təhsil müəssisələrinə 
								tələbələrin köçürülməsi və bərpası, təhsil 
								haqqının ödənilməsi, bakalavr və magistr 
								pillələrində ixtisaslaşma, təhsil sənədlərinin 
								tanınması və digər çoxsaylı sorğulara xidmət 
								əməkdaşları və Təhsil Nazirliyinin müvafiq 
								struktur bölmələri tərəfindən aydınlıq 
								gətirilib. 
								Ümumtəhsil 
								məktəblərində buraxılış imtahanlarının 
								mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi 
								ilə əlaqədar sorğular bütün sorğuların 45 
								faizini təşkil edib. Bir sıra sorğular isə 
								beynəlxalq və respublika fənn olimpiadalarının 
								təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar 
								olub. 
								Ali və orta 
								ixtisas təhsili müəssisələrində 2009-2010-cu 
								tədris ilinin qış və yay  imtahan sessiyalarında 
								tələbələrin biliyinin obyektiv 
								qiymətləndirilməsini təmin etmək, yarana biləcək 
								neqativ halların aradan qaldırılması məqsədilə 
								"Qaynar xətt" xidmətinə müraciətlər iş günləri 
								fasiləsiz qəbul edilib. Eləcə də "Qaynar xətt" 
								xidmətinə və nazirliyin korrupsiyaya qarşı 
								mübarizə üzrə işçi qrupuna yanvar və iyun 
								aylarında daxil olan müraciətlər Təhsil 
								Nazirliyinin əməkdaşları və bir sıra 
								qeyri-hökumət təşkilatlarının könüllüləri 
								tərəfindən araşdırılıb. 
								
								2009-2010-cu tədris ilinin qış və yaz imtahan 
								sessiyaları dövründə özəl ali təhsil 
								müəssisələri ilə əlaqədar daxil olan 
								müraciətlərin sayı dövlət ali və orta ixtisas 
								məktəblərindən daxil olan ünvanlı şikayətlərdən 
								daha çox olub. Fəaliyyəti dayandırılmış iki özəl 
								ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi 
								ilə əlaqədar 2010-2011-ci tədris ili ərəfəsində 
								daha çox müraciət qəbul edilib. 
								Təhsil 
								Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan 
								müraciətlər əsasında aparılan araşdırmalar 
								nəticəsində nöqsanı olanlar tənbeh edilib, 
								onlara irad bildirilib və töhmət verilib, eləcə 
								də digər inzibati cəzalar tətbiq olunub. 
								Təhsil 
								müəssisəsində şagirdlərə təqaüdlərin, sosial 
								ödəmələrin, işçilərin əməkhaqlarının vaxtında 
								verilməməsi barədə "Qaynar xətt" xidmətinə daxil 
								olmuş müraciətlərə əsasən Dəniz Balıq Sənayesi 
								Kolleci və 6 nömrəli Bakı peşə liseyində noyabr 
								ayında araşdırmalar aparılıb. Aparılmış 
								araşdırmalara müvafiq olaraq Azərbaycan 
								Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 
								2-ci hissəsinin "a" bəndinə əsasən Dəniz Balıq 
								Sənayesi Kollecinin və 6 nömrəli  Bakı peşə 
								liseyinin direktorlarına xəbərdarlıq edilib, 
								həmin təhsil müəssisələrinin mühasiblərinə isə 
								töhmət verilib. 
								Ötən il 
								ərzində "Qaynar xətt" xidmətinə daxil olan 
								müraciətlər və araşdırmaların nəticələri barədə 
								məlumatlar müntəzəm olaraq Təhsil Nazirliyinin 
								İnternet saytında, "Azərbaycan müəllimi" 
								qəzetində, "Təhsil xəbərləri" məcmuəsində və 
								digər mətbu orqanlarda dərc edilib.  | 
								  |