| 
								 Məlum 
								olduğu kimi, Azərbaycan Respublikasının təhsil 
								naziri Misir Mərdanov ali və orta ixtisas 
								təhsili müəssisələrində 2010-2011-ci tədris 
								ilinin qış imtahan sessiyası dövründə 
								tələbələrin biliyinin qiymətləndirilməsində 
								şəffaflığı və obyektivliyi təmin etmək, yarana 
								biləcək neqativ halları aradan qaldırmaq və 
								digər mühüm tədbirləri həyata keçirmək məqsədilə 
								müvafiq əmr imzalamışdır.  
								Təhsil 
								nazirinin əmrinə əsasən, ölkəmizin digər ali 
								məktəblərində  olduğu kimi, Naxçıvan Dövlət 
								Universitetində də 2010-2011-ci tədris ilinin 
								qış imtahan sessiyasının mövcud normativ 
								sənədlər əsasında təşkili təmin olunmuşdur. 
								Təhsil Nazirliyinin müvafiq tapşırığına əsasən 
								burada yaradılan imtahan qərargahı operativ 
								fəaliyyət göstərməkdədir. İmtahan sessiyasında 
								şəffaflığı gözləmək, ictimai nəzarəti 
								gücləndirmək məqsədilə tədris şöbəsi mütəmadi 
								monitorinqlər keçirir, imtahanların gedişinə 
								birbaşa nəzarət edir. Universitetin rektoru, 
								akademik İsa Həbibbəyli imtahan keçirilən 
								auditoriyalarda olur, imtahan prosesi ilə bağlı 
								tələbələrlə söhbətlər aparır.  
								Qeyd edək 
								ki, test üsulu ilə keçiriləcək imtahanların 
								nəticələri informasiya-kommunikasiya 
								texnologiyaları vasitəsilə müəyyənləşdiriləcək. 
								Əyani şöbənin bütün birinci və ikinci 
								kurslarında imtahanlar Boloniya təhsil sisteminə 
								əsasən kredit üsulu ilə götürüləcək və 100 
								ballıq sistemlə qiymətləndiriləcək.  
								Yanvar 
								ayının əvvəlindan başlayan, bir ay davam edəcək 
								sessiyada bütövlükdə 600 imtahan olacaq. 700 
								nəfərdən artıq birinci kurs tələbəsi ilk dəfə 
								olaraq bu məsuliyyətli sınaqdan keçəcək. 
								Universitetin 500-dən artıq bal toplamış 
								yüzlərlə tələbəsi buradakı təhsilin səviyyəsini 
								əyani şəkildə nümayiş etdirəcək. Semestr ərzində 
								tədris olunan fənlərin mənimsənilməsi, 
								tələbələrin nəzəri bilik səviyyələri aşkar 
								olunacaq. 
								İlk 
								imtahanların nəticələri tələbələrin intellektual 
								səviyyəsinin, tədrisin keyfiyyətinin 
								artmasından, imtahanların obyektiv 
								keçirilməsindən soraq verir. Tələbələrin 
								davamiyyəti və imtahanlarda iştirakı barədə 
								kəmiyyət göstəriciləri də qənaətbəxş hesab oluna 
								bilər.   
								
								
								
								Mehriban SULTAN  |