| 
								 
								 46 
								nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 
								1991-ci ildən başlayaraq DYP idarəsi ilə birgə 
								"Yol hərəkəti qaydaları" proqramı, "Uşaqlar və 
								Yol Təhlükəsizliyi Layihəsi"nə uyğun məşğələlər, 
								uşaqların yaradıcılığını əks etdirən sərgilər, 
								bədii, təsviri baxış və müsabiqələr, yarışlar və 
								stimullaşdırıcı tədbirlər keçirilir. 
								Yanvarın 
								18-də isə Bakıda, Hökumət evinin qarşısında 
								"Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi"nə uyğun 
								Bakı şəhər DYP idarəsi 46 nömrəli Məktəbdənkənar 
								Tərbiyə İşi Mərkəzi ilə birgə "Keç yeraltı 
								keçiddən, uzaq ol təhlükədən!" devizi altında 
								maarifləndirici aksiya keçirilib. Aksiyanın 
								keçirilməsində əsas məqsəd uşaqlara yol hərəkəti 
								qaydalarının öyrədilməsi və sonrakı yaş 
								dövrlərində təfəkkürlərində təhlükədən uzaq 
								olmaq tərbiyəsi aşılamaq, onlarda təhlükəsiz 
								həyat üçün davranış vərdişlərinin 
								formalaşdırılmasına nail olmaqdan ibarətdir. 
								Aksiyada 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı 
								mütəxəssisi Rövşən Əliyev, Bakı Şəhər DYP 
								idarəsinin şöbə rəisi, polis 
								polkovnik-leytenantı Vaqif Əsədov, avto-ekspert, 
								texniki elmlər namizədi Sülhəddin Gözəlov, 46 
								nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin 
								şöbə müdiri Fəridə Süleymanova, Bakının Nəsimi, 
								Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai, 
								Binəqədi, Suraxanı rayonlarında yerləşən 
								məktəblərdən və Slavyan Universitetinin 
								məktəb-lisey kompleksindən müəllimlər və 100-dən 
								çox şagird iştirak edirdi. 
								Tədbirdə 
								çıxış edənlər qloballaşmaya uyğun olaraq 
								Azərbaycanda və Bakı şəhərində avtomobillərin 
								sayının artmasına görə yeraltı və yerüstü 
								keçidlərin inşa edilməsi və yeni yolların 
								çəkilməsinin vətəndaşların təhlükəsizliyinə 
								xidmət etdiyini bildirdilər. Aktuallığına görə 
								vətəndaşların maarifləndirilməsi üçün belə 
								tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini 
								qeyd etdilər. Sonda xüsusi forma geyinmiş balaca 
								"yol polisi işçiləri" yol hərəkəti qaydalarına 
								riayət etməyən bir neçə vətəndaşı saxlayıb 
								onlarla maarifləndirici söhbət apardılar və 
								yaxınlıqdakı yeraltı keçidi onlara göstərib 
								təhlükəsizliklərini təmin etmək üçün həmin 
								keçiddən keçmələrinin vacibliyini diqqətə 
								çatdırdılar.  
								
								
								
								Nizami MİRZƏ  | 
								  |