| 
								 Hər bir 
								fərdin həyatı özlüyündə ümumilikdə xalqın, 
								yaşadığı dövrdə cəmiyyətin, dar mənada ömür 
								sürdüyü kəndin, şəhərin həyatı ilə görünməz 
								xətlərlə bağlıdır. Ayrılıqda götürüləndə hər 
								hansı şəxsin həyatı aşağıdaki məqamlarda ictimai 
								əhəmiyyət kəsb edir: fərd özünün şüurlu həyatını 
								cəmiyyətin ümumi rifahı ilə uyğunlaşdıra bilsin; 
								əməlləri ilə çoxluğun ümumi rifahına ziyan 
								vurmasın; şəxsi duyğu və hissləri mənsub olduğu 
								xalqın milli-bəşəri səciyyəli mentaliteti, 
								mənəvi-əxlaqi dünyası ilə bağlı olsun, ondan 
								qaynaqlansın... Belə tələb və prinsiplərə uyğun 
								gələn insan ömrü, əslində, çoxlarına nümunədir, 
								örnəkdir. 
								Pedaqoji 
								elmlər namizədi, əməkdar müəllim Məmməd Hüseynov 
								Qərbi Azərbaycanda, İrəvan şəhərinin 
								yaxınlığındakı Zəhmət kəndində doğulub, 
								boya-başa çatıb. Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutunu bitirib (1952), müxtəlif bölgələrdə 
								müəllim, məktəb direktoru kimi çalışıb. 1975-ci 
								ildə "Fizika tədrisində şagirdlərin 
								vətənpərvərlik tərbiyəsi" mövzusunda namizədlik 
								dissertasiyası müdafiə edib. Məcburi köçkünlüklə 
								bağlı Şəmkirin Çənlibel kəndində məskunlaşmış 
								alim-müəllim tarixi-publisistik, 
								pedaqoji-ictimai, fəlsəfi-etik üslubda "Tarixdə 
								qalan izlər" adlı dəyərli kitab nəşr etdirib. 
								Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların 
								məişəti və maarifi haqqında zəngin faktlarla 
								qələmə alınmış kitab tarixin öyrənilməsi 
								baxımından faydalı mənbələrdən sayıla bilər. 
								80 yaşlı 
								alim-müəllimin bu günlərdə "Mütərcim" 
								nəşriyyatının çapdan buraxdığı yeni kitabı 
								"Ömürdən səhifələr" (redaktoru pedaqoji elmlər 
								üzrə fəlsəfə doktoru, əməkdar jurnalist 
								Ş.Məmmədov, rəyçi Bakı PKİHİ-nin kafedra müdiri, 
								dosent A.Paşayevdir) adlanır. 
								Şəxsi 
								həyatının salnaməsi fonunda ailə, ailə səadəti 
								haqqında düşüncələrini, ailə xoşbəxtliyinin 
								şərtləri barədə mülahizələrini, həqiqi məhəbbət 
								əsasında qurulan ailənin güc və ülviyyətini 
								publisistik-pedaqoji üslubda qələmə alan müəllif 
								gəncliyin mənəvi-əxlaqi tərbiyəsi üçün faydalı 
								bir kitab yazmışdır. 
								
								
								
								E.ƏBDÜLOV  | 
								  |