| 
								 
								 Nəsirov 
								Yalçın Canhəsən oğlu              
								 
								1976-cı il 
								yanvarın 23-də Astara rayonunun Sərək kəndində 
								anadan olub. 1992-ci ildə orta təhsilini başa 
								çatdıraraq rayonda sürücü peşəsinə yiyələnib. 
								1994-cü ildə Astara Rayon Hərbi Komissarlığı 
								tərəfindən Milli Ordu sıralarına çağırılıb. O, 2 
								ay daxili qoşunların tərkibində təlim keçdikdən 
								sonra hərbi xidmətini Şamaxı və Tərtər 
								rayonlarında davam etdirib. 
								1995-ci il 
								martın 13-dən 17-ə kimi dövlət çevrilişinə 
								cəhdin qarşısının alınmasında iştirak edib. Bu 
								ərəfədə bir dəstə hakimiyyət hərisi dövlət 
								çevrilişinə can atırdı. Bunun qarşısı vaxtında 
								alınmasaydı, ölkə ağır fəlakətlərə düşə bilərdi. 
								Həmin vaxt çağırışa tabe olmayan bu dəstə öz 
								çirkin əməllərini həyata keçirmək üçün silaha əl 
								atıb. Yalçının xidmət etdiyi alayın əsgərləri bu 
								qarşıdurmanı yatırmaq üçün hadisə yerinə 
								göndərilib. 
								Y.Nəsirov 
								martın 17-dən 18-ə keçən gecə ağır yaralanır. 
								Onu Sabunçu rayon xəstəxanasına çatdırsalar da, 
								çoxlu qan itirdiyindən həyatını xilas etmək 
								mümkün olmur. Martın 24-də dünyasını dəyişir. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 4 aprel 1995-ci il 
								tarixli 307 nömrəli Fərmanı ilə Nəsirov Yalçın 
								Canhəsən oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Anadan 
								olduğu Sərək kəndində dəfn olunub. Sərək kənd 
								orta məktəbi onun adını daşıyır. Astara 
								rayonundakı "Qəhrəmanlar bağı"nda büstü 
								qoyulub.  
								
								 Nəsrəddinov 
								Rafiq Hüseyn oğlu  
								1961-ci il 
								martın 18-də Bakı şəhərində dənizçi ailəsində 
								anadan olub. 1978-ci ildə Nərimanov rayonundakı 
								39 nömrəli orta məktəbi bitirib, 1979-cu ildə 
								hərbi xidmətə çağırılıb. 1981-ci ildə tank 
								qoşunlarında hərbi xidmətini başa çatdırdıqdan 
								sonra Azərbaycan Dövlət Universitetinə daxil 
								olub. 1987-ci ildə universiteti "əla" 
								qiymətlərlə bitirdikdən sonra Su Təsərrüfatı 
								İnstitutunda mühəndis vəzifəsinə təyin 
								edilib.1992-ci ildə Milli Ordu sıralarına 
								çağırılıb və cəbhəyə yollanıb. O, Ağdərə 
								rayonunun erməni işğalçılarından təmizlənməsində 
								yaxından iştirak edib. Baş leytenant rütbəsinə 
								yüksələn Rafiq aparılan  bütün döyüş 
								əməliyyatlarında xüsusi fədakarlıq göstərib. 
								
								R.Nəsrəddinov 1992-ci il sentyabrın 6-da Ağdərə 
								rayonunun Qızılqaya kəndində gedən qeyri-bərabər 
								döyüşdə son nəfəsinədək vuruşub və 
								qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 16 sentyabr 1994-cü 
								il tarixli 203 nömrəli Fərmanı ilə baş leytenant 
								Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Bakı 
								şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Təhsil aldığı 39 nömrəli orta məktəb onun adını 
								daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı 
								binanın önünə  xatirə  lövhəsi  vurulub.  
								
								 Nəcəfov 
								Yunis İsa oğlu  
								1967-ci il 
								avqustun 31-də Kəlbəcər rayonunda anadan 
								olub.1985-ci ildə Goranboy rayonunun Qarqucaq 
								kənd orta məktəbini bitirib. Bakı Hərbi 
								Komandirlər Məktəbinə daxil olub. İkinci kursdan 
								sonra təhsilini Çelyabinsk Tank Məktəbində davam 
								etdirib. 1989-cu ildə leytenant rütbəsi aldıqdan 
								sonra oradakı hərbi hissələrdən birində qulluq 
								etməyə başlayıb. 1990-cı ildə Bakıya gələrək 
								Biləcəri Dəmiryol İdarəsində çalışıb. Yunis 
								1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 
								701 nömrəli hərbi hissədə bölük komandiri kimi 
								xidmətə başlayıb. Kərkicahan, Malıbəyli 
								kəndlərinin, Şuşa şəhərinin erməni 
								işğalçılarından müdafiəsində iştirak edib. O, 
								bir leytenant kimi bütün döyüşlərdə üzərinə  
								düşən  vəzifələri məsuliyyətlə yerinə  yetirib. 
								Y.Nəcəfovun 
								son döyüşü Kəlbəcərin kəndlərinin müdafiəsi 
								zamanı olub. 1992-ci il avqustun 24-də həmin 
								kəndlərdə erməni işğalçılarına qarşı gedən 
								gərgin döyüşlərdə qəhrəmancasına həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 7 dekabr 1992-ci il 
								tarixli 350 nömrəli Fərmanı ilə baş leytenant 
								Nəcəfov Yunis İsa oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Goranboy 
								rayonunun Qarqucaq kəndində dəfn olunub. 
								Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü 
								qoyulub.  
								
								 Nəcəfov 
								Fəxrəddin Vəliyəddin oğlu  
								1967-ci il 
								martın 31-də Bakı şəhərində anadan olub. 1984-cü 
								ildə paytaxtın Nəsimi rayonundakı 19 nömrəli 
								orta məktəbi bitirib və Bakı Çini Qablar 
								Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir il 
								sonra hərbi xidmətə çağırılıb. Arxangelsk 
								vilayətində xidmətini yerinə yetirdikdən sonra 
								Vətənə qayıdıb. DİN-in Yanğından Mühafizə 
								İdarəsində işə qəbul olunaraq, 1988-ci ildə 
								nazirliyin təqdimatı ilə Xarkov Yanğından 
								Mühafizə Ali Hərbi Məktəbinə göndərilib. 
								Fəxrəddin təhsilini başa çatdırdıqdan sonra 
								1990-cı ildə 14 nömrəli Yanğından Mühafizə 
								İdarəsində qarovul rəisi vəzifəsinə təyin 
								olunub. 1991-ci ildə Vətənin müdafiəsi üçün 
								könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. İlk 
								döyüşə Goranboy rayonundan başlayan Fəxrəddin 
								1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən 
								birinə bölük komandiri təyin edilib. Ağdamın 
								Canyataq və Gülyataq kəndlərində gedən 
								döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə 
								düşsə də, yüksək taktika nəticəsində mühasirədən 
								çıxıb.  
								F.Nəcəfov 
								1992-ci il sentyabrın 4-də Ağdərənın Çıldıran 
								kəndi istiqamətində gedən döyüsdə qəhrəmancasına 
								həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 6 noyabr 1992-ci il 
								tarixli 290 nömrəli Fərmanı ilə Nəcəfov 
								Fəxrəddin Vəliyəddin oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Bakı 
								şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Nəsimi rayonundakı 266 nömrəli orta məktəb onun 
								adını daşıyır. Məktəbin həyətində büstü 
								qoyulub.  
								
								 Niftəliyev 
								Cəmil Səmədxan oğlu  
								1968-ci il 
								oktyabrın 5-də Yardımlı rayonunun Şəfəqli 
								kəndində anadan olub. Orta təhsilini paytaxtın 
								Qaradağ rayonundakı 233 nömrəli məktəbində başa 
								çatdıraraq, 1986-cı ildə hərbi xidmətə 
								çağırılıb. Dörd ay Özbəkistanda snayperlik kursu 
								keçdikdən sonra Əfqanıstana göndərilərək, atıcı 
								batalyonunda xidmət edib. Döyüşlərdə göstərdiyi 
								şücaətə görə medal və fəxri fərmanlarla təltif 
								edilib. 1989-cu ildə ordudan tərxis olunub 
								Vətənə döndükdən sonra DİN-in Səbail Rayon 
								Yanğından Muhafizə İdarəsində çalışmağa 
								başlayıb. Ermənilər torpaqlarımıza basqın 
								etdikləri zaman  C.Niftəliyev də silaha 
								sarılaraq Vətənin müdafiəsinə qalxıb. 1992-ci il 
								martın 10-da Ağdam bölgəsində gedən döyüşlərdə 
								erməni işğalçılarına qarşı rəşadətlə vuruşub. 
								
								C.Niftəliyev 1992-ci il martın 29-da Ağdamın 
								Şelli kəndində gedən ağır döyüşlərdə 
								qəhrəmancasına həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il 
								tarixli 264 nömrəli Fərmanı ilə Niftəliyev Cəmil 
								Səmədxan oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Bakı 
								şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Vaxtilə təhsil aldığı 233 nömrəli orta məktəb və 
								Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən 
								gəmisi Milli Qəhrəmanın adını daşıyır.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |