| 
								 AzərTAc xəbər 
								verir ki, Azərbaycan Diplomatik Akademiyası 
								(ADA) bakalavr təhsili sisteminə başlamışdır. Bu 
								məqsədlə gələcəyin diplomatları olmaq istəyən 
								abituriyentlər arasında maarifləndirmə işlərinə 
								başlayan akademiyanın əməkdaşları Bakının 
								məktəblərində də görüşlər keçirirlər. 
								 
								Cari  ildə 
								ADA-da bakalavr pilləsində beynəlxalq 
								münasibətlər və biznes administrasiyası ixtisası 
								üzrə   tələbə  qəbuluna  başlanılacaqdır.  
								Qəbul  prosesində yerli abituriyentlərlə  
								yanaşı, əcnəbilər də iştirak edəcəklər.   Artıq 
								ADA-nın təhsil sistemi barədə XI sinif 
								şagirdləri arasında məlumatlandırma aparılır. Bu 
								məqsədlə Bakının 160 nömrəli Klassik 
								Gimnaziyasında olan ADA-nın əməkdaşları bu 
								təhsil sisteminin beynəlxalq standartlara cavab 
								verdiyini vurğulamışlar. Şagirdlərə 
								bildirilmişdir ki, ADA-da dünyanın tanınmış alim 
								və professor heyəti dərs deyir.  
								Akademiyanın 
								əməkdaşı Zaur Həsənov demişdir ki, bu günədək 
								Bakının təxminən 20 məktəbində olmuşuq. Həmçinin 
								bu ildən başlayaraq biz regionları da əhatə 
								edəcəyik. Azərbaycanın digər ali təhsil 
								ocaqlarından fərqli olaraq ADA-da 
								abituriyentlərin xarici dil biliklərinə üstünlük 
								veriləcəkdir. Çünki dərslərin əksəriyyəti 
								ingilis dilində aparılacaqdır.  
								Xatırladaq ki, 
								indiyədək akademiyada yalnız beynəlxalq 
								münasibətlər və diplomatiya ixtisası üzrə 
								magistratura pilləsi mövcud idi. Bu ixtisaslarda 
								təhsil alan tələbələrin 50 faizi ABŞ və 
								Avropadandır.   |