| 
								 Yanvarın 25-də 
								Təhsil Nazirliyində "Elektron təhsil" 
								layihəsinin təqdimat mərasimi keçirilib. 
								Mərasim 
								iştirakçılarını salamlayan təhsil naziri Misir 
								Mərdanov ölkəmizdə təhsil sisteminin 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təminatı məsələlərinə xüsusi diqqət 
								yetirildiyini bildirib. Nazir "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı" çərçivəsində 20 orta təhsil 
								müəssisəsinin "Elektron məktəb" pilot layihəsinə 
								qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris 
								ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə 
								çatdırıb. 
								Təhsil 
								sistemində informasiya-kommunikasiya 
								texnologiyalarının tətbiqinə görə Azərbaycanın 
								MDB məkanında öncül yerlərdən birini tutduğunu 
								qeyd edən "Ultra" şirkətinin prezidenti Tahir 
								Mirkişili "Elektron təhsil" layihəsi haqqında 
								məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə 
								elektron dərslərdən istifadə imkanının olduğunu 
								vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin 
								Təhsilin idarəolunmasının məlumat sistemləri 
								(TİMS) şöbəsinin məlumatları əsasında 4500 
								məktəbin şagird və müəllim kontingenti barədə 
								məlumatların Data mərkəzə daxil edildiyini 
								söyləyib. 
								"Elektron 
								təhsil" layihəsinin həyata keçirilməsi 
								istiqamətində görülmüş işləri nəzərə çatdıran 
								"Ultra" şirkətinin şöbə müdiri Sərxan Məmmədov 
								layihənin üstün cəhətlərini sadalayıb. "Elektron 
								təhsil" layihəsinin Təhsil Portalı (www.edu.az), 
								"Elektron məktəb" İdarəetmə Proqramı (ASM), 
								Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), 
								Elektron Dərslər (SCORM standartları) və Milli 
								Təhsil Məlumat Bazasını (NED) özündə 
								birləşdirdiyinə diqqət çəkən S.Məmmədov 
								layihənin məktəb idarəetməsi, qiymətləndirmə, 
								tədrisin səviyyəsinin yüksəldilməsi, 
								valideyn-məktəb münasibətləri, təhsil sahəsinə 
								dair müxtəlif statistik göstəricilərin vahid 
								bazada toplanması baxımından əhəmiyyətli 
								olduğunu qeyd edib. 
								Sonda 
								iştirakçıları maraqlandıran suallar 
								cavablandırılıb, "Elektron təhsil" layihəsinin 
								gözlənilən nəticələri verməsi üçün həyata 
								keçiriləcək tədbirlər müzakirə olunub.  |