| 
								 Son illər liseyin uğurla tətbiq etdiyi İnkişafetdirici 
								Fənlərarası Təlim (FAT) proqramının təqdimatı 
								oldu.  
								
								 Əsasən 
								intellektual cəhətdən istedadlı uşaqların ümumi 
								təhsil alması üçün nəzərdə tutulmuş Bakı Avropa 
								Liseyi yarandığı gündən özünün yüksək təhsil 
								göstəriciləri ilə fərqlənir. Ölkənin ən yüksək 
								reytinqə malik ümumtəhsil  müəssisələrindən biri 
								sayılan liseyin uğurlarının əsas səbəbi, 
								mütəxəssislərin fikrincə, burada yüksək təlim 
								mühitinin mövcud olması, təlimin təşkilinə 
								innovativ yanaşmalar, lisey rəhbərliyinin və 
								pedaqoji kollektiv üzvlərinin bu sahədə 
								apardıqları məqsədyönlü elmi-metodik axtarışlar 
								və onların nəticələrinin tədrisə tətbiqi, 
								dərslərdə ən müasir təlim  metod və 
								texnologiyalarından istifadədədir. Xeyli 
								müddətdir ki,  respublikamızda yeganə olaraq 
								məhz bu təhsil ocağında intellektual istedada 
								malik şagirdlərin yüksək idraki tələbatlarının 
								ödənilməsinə imkan verən xüsusi təlim proqramı - 
								İnkişafetdirici Fənlərarası Təlim (FAT) proqramı 
								tətbiq olunur. Qeyd olunan istiqamətlərdə 
								toplanmış təcrübəni paylaşmaq, FAT proqramı üzrə 
								keçilən dərsləri nümayiş etdirmək məqsədi ilə 
								yanvarın 21-də liseydə "Təlimdə innovativ 
								yanaşmalar" mövzusunda seminar keçirildi. 
								Seminarda 
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov, nazir müavini İsgəndər İsgəndərov, 
								nazirliyin şöbə müdirləri Fərzəli Qədirov, Aydın 
								Əhmədov, Təranə Hacıyeva, Bayram Hüseynzadə, 
								Təhsil Problemləri İnstitutunun direktor müavini 
								Ənvər Abbasov, professor Mirzəli Murquzov, 
								əməkdar müəllim Arif Muradov, paytaxtın bir sıra 
								məktəblərinin direktorları iştirak edirdilər. 
								
								 Seminar 
								zamanı liseyin müəllimləri Bahar Kərimovanın FAT 
								proqramı üzrə 3 "a1" sinfində "İnsanın insana 
								təsiri birbaşa və dolayı ola bilər", Xumar 
								Əhmədbəylinin 5 "a1" sinfində "İzlər keçmişi 
								bərpa etməyə imkan verir", Viktoriya Nazarovanın 
								8 "r2" sinfində "Adaptasiya: tolerantnost kak 
								fenomen sosialnoy adaptasii", Aynur Rüstəmovanın 
								7 "a1" sinfində Azərbaycan dilindən "Feli 
								bağlama haqqında ümumi məlumat", Gülzar 
								Ramazanovanın 8 "a2" sinfində fizikadan "Səs 
								dalğaları", İlhamə Abdullayevanın 5 "a1" 
								sinfində riyaziyyatdan "Birrəqəmli ədədə bölmə" 
								mövzularında dərslərinin dinlənilməsi nəzərdə 
								tutulmuşdu. 
								Konfrans 
								zalında təhsil naziri Misir Mərdanovu və digər 
								iştirakçıları səmimi salamlayan liseyin 
								direktoru, əməkdar müəllim Zülfiyyə Veysova 
								seminarın məqsədi və proqramı haqqında onlara 
								qısa məlumat verdikdən sonra seminar 
								iştirakçılarının dinləniləcək dərslər üzrə 
								bölgüsü aparıldı. 
								Təhsil naziri 
								Misir Mərdanov müəllim Xumar Əhmədovanın 5 "a1" 
								sinfində Fənlərarası Təlim proqramı üzrə 
								apardığı dərsdə iştirak etdi. "İzlər keçmişi 
								bərpa etməyə imkan verir" mövzusu öyrənilən 
								dərsdə müəllim öncə varislik nədir sualı 
								ətrafında iş apardı. Lövhədən müxtəlif tarixi 
								mərhələlərdə yaşamış insanların başları və kəllə 
								skeletlərinin şəkilləri əks olunan plakat 
								asıldı. Şəkillər əsasında insanın inkişaf 
								prosesini izləyən şagirdlər bu prosesdə 
								varisliyin mühüm rol oynadığı qənaətinə gəldilər 
								və varislik haqqında fikirlərini söylədilər. 
								Sonra keçmişdən qalan izlərin insan həyatında nə 
								kimi əhəmiyyət kəsb etməsi məsələsi 
								aydınlaşdırıldı. Müəllim sinfi hər birində 4 
								şagird olmaqla 8 qrupa bölərək qruplara mövzu 
								ilə bağlı müstəqil iş tapşırdı. 
								Təhsil naziri 
								sonra müşahidəsini müəllim İlhamə Abdullayevanın 
								4 "a1" sinfində keçdiyi riyaziyyat dərsində 
								davam etdirdi. Bu dərsdə də müəllim əyani 
								vəsaitlərdən geniş istifadə edərək "Birrəqəmli 
								ədədə bölmə" mövzusunu şagirdlərə mənimsətdi. Bu 
								zaman şagirdlərin çoxrəqəmli ədədlərin 
								mərtəbələrinə ayrılması, üçrəqəmli ədədin 
								təkrəqəmli ədədə bölünməsi ilə bağlı əvvəlki 
								dərslərdə aldıqları biliklərinə istinad olundu, 
								müstəqil işi təşkil edildi. 
								Dərslərin 
								dinlənilməsi başa çatdıqdan sonra təhsil naziri 
								bir neçə sinif otağına baş çəkərək dərslərin 
								gedişi, siniflərin tərtibatı ilə maraqlandı, 
								müəllim və şagirdlərlə söhbət etdi. 
								Müəllimlər, 
								naziri müşayiət edən direktor Z.Veysova 
								siniflərdəki vəziyyət, onların tərtibatı 
								haqqında nazirə məlumat verdilər. Aparılan 
								tərtibat işlərində, liseydə yüksək  təlim 
								mühitinin yaradılmasında valideynlərin yaxından 
								iştirak etdikləri vurğulandı. 
								Təhsil naziri 
								liseydə gördüklərindən razı qaldığını söyləyərək 
								bütün bunların çox böyük zəhmət bahasına başa 
								gəldiyini bildirdi. Ayrı-ayrı sinif otaqlarında 
								yaradılmış şəraiti, onların tərtibatını yüksək 
								qiymətləndirən nazir siniflərdə müşahidə etdiyi 
								bəzi cəhətləri, o cümlədən hər sinfin 
								özünəməxsus tərtibatı olmasını, ayrı-ayrı sinif 
								otaqlarında şagirdlərin reytinq cədvəllərinin, 
								müəllimlərin şagirdlərlə birlikdə şəkillərinin, 
								Azərbaycan Respublikasının inzibati xəritəsinin 
								asılmasını, şagirdlərin vahid məktəbli 
								formasında olmasını, valideynlərin, təcrübəçi 
								tələbələrin dərslərdə iştirakını xüsusi qeyd 
								edib, bunların onda xoş təəssürat yaratdığını 
								bildirdi. 
								Valideynlərin 
								sözünün ictimai rəyə güclü təsiri olduğunu 
								söyləyən nazir təhsil ocaqları ilə valideynlərin 
								əlaqəsinin daha da gücləndirilməsinin, onlarla 
								müəllimlər arasında isti münasibətlər 
								yaradılmasının vacibliyini diqqətə çatdırdı. 
								Sonra liseyin 
								konfrans zalında dinlənilən dərslərin müzakirəsi 
								aparıldı. Təhsil naziri və seminarın digər 
								iştirakçıları dinlədikləri dərslərin çox maraqlı 
								olduğunu, yüksək səviyyədə qurulduğunu, FAT 
								proqramı ilə işləyən müəllimlərin yüksək 
								hazırlıq və metodik məharət nümayiş 
								etdirdiklərini, şagirdlərin dərslərdə fəal 
								iştirak etdiklərini, fəal təlim metodlarına 
								geniş yer verildiyini qeyd edib onları yüksək 
								qiymətləndirdilər, bəzi məsləhət və 
								tövsiyələrini verdilər. 
								Seminarda Bakı 
								Avropa Liseyinin direktoru Zülfiyyə Veysova 
								özünün və pedaqoji kollektivin təlimə innovativ 
								yanaşma sahəsində yaradıcı axtarışlarının 
								nəticəsi  kimi tədris ocağında 1993-cü ildən 
								tətbiq olunan və son illər uğurlu nəticələr 
								verən Fənlərarası Təlim (FAT) proqramı haqqında 
								geniş təqdimatla çıxış etdi.  
								Təqdimatında 
								öncə proqramın zəruriliyindən, intellektual 
								cəhətdən inkişaf etmiş istedadlı uşaqların 
								xüsusiyyətlərindən söz açan Z.Veysova diqqətə 
								çatdırdı ki, İnkişafetdirici Fənlərarası Təlim 
								(FAT) proqramı məktəbin baza proqramını 
								asanlıqla qavrayan və yaşıdlarından intellektual 
								cəhətdən daha çox inkişaf etmiş uşaqlar üçün 
								nəzərdə tutulub. Hazırda I-IX siniflərdə tətbiq 
								olunan həmin proqram üzrə dərsləri liseyin ən 
								hazırlıqlı, yüksək intellektə malik, yenilikləri 
								öyrənməyə və tətbiq etməyə böyük həvəsi olan 
								müəllimlər aparırlar. 
								Fənlərarası 
								təlim kursunun dünya təcrübəsində elmi cəhətdən 
								təsdiq olunmuş və istedadlı uşaqlara yönəlmiş 
								tədris prinsipləri əsasında yaradıldığını deyən 
								təqdimatçı bildirdi ki, proqramın əsas məqsədi 
								istedadlı uşaqların xüsusi idraki tələbatlarının 
								ödənilməsi, yaradıcı potensialının və 
								intellektual səviyyələrinin tam inkişafını təmin 
								edəcək şəraitin yaradılması, yaradıcı, tənqidi 
								və məntiqi təfəkkürünün, problemi həlletmə 
								bacarığının inkişafı, həyata səmərəli 
								uyğunlaşmasının və müvəffəqiyyət qazanmasının 
								təmin edilməsi, biliklərin sərbəst əldə 
								olunması, elmi-tədqiqat bacarıq və vərdişlərinin 
								formalaşdırılması və sairdir. 
								Sonra 
								Z.Veysova proqramın əsasını təşkil edən 
								standartlar, hər standart üzrə şagirdlərin əldə 
								etdiyi təlim nəticələri, İnkişafetdirici 
								Fənlərarası Təlim (FAT) proqramının əsas 
								prinsipləri, məzmunu haqqında məlumat verdi. 
								Bildirdi ki, Fənlərarası Təlim Proqramı özündə 
								tematik fənlərarası inteqrasiya konsepsiyasına 
								əsaslanan təlimi əks etdirir. Bu növ 
								inteqrasiyanın əsasını təbiətdə, cəmiyyətdə, 
								insan həyatında və onun yaratdığı əşyalarda 
								mövcud olan ümumi, fəlsəfi qanunauyğunluqlar 
								təşkil edir. 
								Proqramın 
								quruluşu haqqında danışan liseyin direktoru 
								tədris planına əsaslanaraq hər bir tədris ili 
								üçün bir qlobal fəlsəfi mövzunun ayrıldığını və 
								beləliklə, I sinifdən başlayaraq IX sinfədək 9 
								mövzunun (1.Struktur; 2. Dəyişmə; 3.Təsir; 
								4.Qayda; 5.Varislik; 6.Sistem; 7.Qüvvə, 
								8.Adaptasiya; 9.Qarşılıqlı əlaqələr.) 
								öyrənildiyini, hər hansı tədris ilinə məxsus 
								olan bölmənin seçilməsinin ümumtəhsil 
								proqramının xüsusiyyətlərindən, fənlərarası 
								təlim kursunun məntiqi quruluşundan və 
								şagirdlərin yaşlarına uyğun maraqlarından asılı 
								olduğunu vurğuladı. 
								Təqdimatda FAT 
								proqramının tərkib hissələri, istifadə olunan 
								metodlar, təlim texnologiyaları, resurslar, 
								şagirdlərin işləri, məktəbdənkənar məşğələlər və 
								əldə olunan nəticələr barədə də ətraflı məlumat 
								verildi. 
								Təqdimat başa 
								çatdıqdan sonra Z.Veysova seminar 
								iştirakçılarını maraqlandıran bəzi məsələlərə 
								aydınlıq gətirdi. Tədbirdə seminar 
								iştirakçılarına FAT-la bağlı liseyin hazırladığı 
								metodik vəsaitlər paylandı.  
								
								
								Yusif ƏLİYEV  |