| 
								 
								
								Artıq ali və orta ixtisas təhsili 
								müəssisələrində tədris ilinin ən məsul dövrü 
								başa çatmaqdadır. Qış imtahan sessiyasının 
								həyəcan dolu anlarını yaşayan tələbələr bu 
								günlərdə bilik və bacarıqlarını nümayiş 
								etdirirlər. Keçilən dərslərə daim hazırlıqlı 
								gələn, hər zaman yüksək bilik səviyyələri ilə 
								seçilən tələbələr, təbii ki, imtahanlardan da 
								alnıaçıq, üzüağ çıxırlar. 
								
								
								Bəs ötənilki qəbul imtahanlarında ən yüksək 
								nəticə göstərərək 700 bal toplayan tələbələr ilk 
								imtahan sessiyasını necə başa vururlar? 
								 
								
								
								Bu suala aydınlıq gətirmək məqsədilə onların bir 
								neçəsi ilə görüşüb söhbət etsək də, digərləri - 
								Qafqaz Universitetinin tələbələri ilə görüşmək 
								istəyimiz baş tutmadı. Məlum oldu ki, onlar 
								universitetin təhsildə fərqlənən bir qrup 
								tələbəsi ilə birlikdə Türkiyə Respublikasına 
								istirahətə göndəriliblər. Elə bu faktın özü 
								qəbul imtahanlarında qazanılan böyük uğurun 
								təsadüfi olmadığını bir daha sübut edir. Bu 
								səbəbdən həmin tələbələrin təhsil aldığı Dil 
								hazırlığı fakültəsinin müdiri İsa Dağla  əlaqə 
								saxlamalı olduq. 
								
								
								Qafqaz Universitetinin Dil hazırlığı 
								fakültəsinin müdiri İsa Dağın verdiyi məlumata 
								görə, 700 bal toplayan tələbələrin dördü də 
								Mühəndislik fakültəsinə qəbul olunub. Həmin 
								fakültədə tədris tamamilə ingilis dilində 
								aparıldığından onlar bu tədris ilində yalnız dil 
								hazırlığı ilə məşğul olur, dili mükəmməl öyrənir 
								və incəliklərinə dərindən yiyələnirlər. Qeyd 
								etmək lazımdır ki, fakültədə bir neçə istiqamət 
								- ingilis dilinin qrammatikası, danışıq dili və 
								yazı üzrə bilik və bacarıqların dərindən 
								mənimsənilməsi tələb olunur. 
								  Esmira  
								BAXŞƏLİYEVA  
								
								
								Azərbaycan Tibb Universitetinin 
								müalicə-profilaktika fakültəsində təhsil alıram. 
								Semestr ərzində dərsə cavab, davamiyyət və 
								sərbəst işlər üçün nəzərdə tutulan maksimum 50 
								balı toplamışam. 
								
								
								Mən artıq 6 fəndən imtahan verərək ən yüksək "A" 
								- balı almışam. 7-ci - sonuncu imtahanım isə 
								tibb tarixi fənnindən olacaq. İnanıram ki, bu 
								fəndən də yüksək bal alacam. 
								
								
								İstəyirəm ki, qəbul imtahanlarında topladığım 
								yüksək bala görə layiq görüldüyüm Prezident 
								təqaüdçüsü adını doğruldum. Bunun üçün 
								universitetimizdə hər cür şərait var. Burada 
								yüksək bilikli müəllimlər dərs deyir, bütün 
								mühazirələr maraqlı keçir. Mən də bu şəraitdən 
								maksimum istifadə edərək semestr imtahanlarına 
								çox ciddi hazırlaşmışam. İstəyimə nail olacağıma 
								əminəm. 
								  
								  
								 
								
								 Aydan 
								HƏSƏNOVA 
								
								
								Azərbaycan Tibb Universitetinin 
								müalicə-profilaktika-2 fakültəsinin tələbəsiyəm. 
								Prezident təqaüdçüsüyəm. İndi artıq qış imtahan 
								sessiyamız sona yaxınlaşır. Mən dərsə cavab, 
								davamiyyət və müstəqil iş üzrə maksimum balı 
								toplamışam. Eyni zamanda  7 imtahandan 6-nı 
								uğurla verərək hər birindən 50 bal toplamış,  
								"A" qiyməti almışam. Yeddinci imtahanım isə 
								latın dili fənnindəndir. İnanıram ki, bu fəndən 
								də  "A" qiyməti  alacağam. Bütün bunları ona 
								görə inamla deyirəm ki, universitetdə bizə çox 
								təcrübəli müəllimlər dərs deyir. Keçdiyimiz hər 
								hansı mövzunu elə sinifdəcə öyrənirik.  Praktik 
								dərslər də bizi qane edir. İmtahanlar zamanı ilk 
								vaxtlar həyəcanlansaq da cavablarımız  
								müəllimlərimizi qane edir.  İnanıram ki, orta 
								məktəbdə aldığım yüksək qiymətləri ali məktəbdə 
								də doğruldacağam. Prezident təqaüdçüsü adımı 
								sonuncu kursa kimi özümün yüksək biliyim və 
								bacarığımla yaşatmağa nail olacağam. 
								  
								  
								  
								 
								 Aygül 
								TANRIVERDİYEVA 
								
								  
								
								
								Azərbaycan Tibb Universitetində müalicə işi 
								ixtisası üzrə təhsil alıram. 
								
								
								İndi həyəcan dolu semestr imtahanlarımız davam 
								edir. Mən 30 bal dərsə cavab, 10 bal davamiyyət 
								və 10 bal sərbəst işlər üçün olmaqla nəzərdə 
								tutulan maksimum 50 balı toplamışam. 
								
								
								7 imtahandan isə hələlik 6-nı vermişəm və 
								hamısından da maksimum bal toplamışam. Sonuncu 
								imtahanımız isə latın dili fənnindən olacaq. Bu 
								imtahanlardan da maksimum bal toplayacağıma 
								əminəm. Ona görə ki, həmin imtahanlara da çox 
								ciddi hazırlaşmışam. 
								
								
								Onu da deyim ki, hazırda mən Prezident 
								təqaüdçüsüyəm. Bu adı və qəbul imtahanlarında 
								topladığım ən yüksək - 700 balı doğruldacağıma 
								əminəm. Bütün bu məsuliyyəti dərindən dərk 
								edərək var qüvvəmlə çalışıram.  
								  
								 
								
								 Nəriman 
								MƏMMƏDLİ 
								
								  
								Mühəndislik 
								fakültəsinin informasiya texnologiyaları və 
								sistemləri mühəndisliyi ixtisasını seçib. O, 
								burada təhsil aldığı bir neçə ay ərzində həm 
								dərslərə yüksək səviyyədə hazırlığı, həm də 
								səmimiyyəti ilə dostlarının və müəllimlərinin 
								böyük rəğbətini qazanıb. 
								Nəriman bu 
								semestri böyük uğurla başa vurub. Dil 
								hazırlığının ayrı-ayrı istiqamətləri üzrə yüksək 
								bilik səviyyəsi nümayiş etdirərək imtahanda 90 
								bal toplayıb. Təqdirəlayiq haldır ki, o, təhsil 
								aldığı 4 ay ərzində böyük əzmlə TOEFL 
								imtahanlarına da hazırlaşıb və bu sınağa girərək 
								92 bal toplayıb.   
								  
								  
								  
								 
								
								 İsmayıl 
								KAZIMOV 
								
								  
								Universitetin 
								istehsalat və xidmət sahələrinin iqtisadiyyatı 
								və idarə edilməsi ixtisası üzrə təhsil alır. 
								İsmayıl ingilis dilini mükəmməl öyrənməyin 
								zəruri olduğunu yaxşı dərk etdiyindən dərslərinə 
								böyük məsuliyyətlə hazırlaşır. İsmayıl daim qrup 
								yoldaşları ilə sıx ünsiyyətdə olur, 
								diskussiyalarda fəal iştirak edir, hər zaman 
								öyrənməyə can atır. O, asudə vaxtlarının əksər 
								hissəsini kitabxanada keçirir, boş vaxtlarından 
								səmərəli istifadə etməyə çalışır. Bunun 
								nəticəsidir ki, ilk semestr İ.Kazımov üçün də 
								uğurla sona çatıb. İsmayılın biliyi ayrı-ayrı 
								göstəricilər üzrə 73 balla qiymətləndirilib. 
								  
								  
								  
								  
								 
								
								 İlkin 
								MƏSİMOV  
								Mühəndislik 
								fakültəsinin istehsalat və xidmət sahələrinin 
								iqtisadiyyatı və idarə edilməsi ixtisasını 
								seçib. İlkin səmimi və çalışqan tələbədir. Keçən 
								aylar ərzində İlkinin aldığı "əla" qiymətlər 
								onun öz məqsədinə çatmaq üçün bütün qüvvəsini 
								səfərbər etdiyini göstərir. Təsadüfi deyil ki, 
								dil hazırlığı üzrə yüksək bilik və bacarıq 
								nümayiş etdirən İ.Məsimov imtahanda 85 bal 
								toplayıb.   
								  
								  
								  
								  
								  
								 
								
								 Günel 
								ABDULLAYEVA  
								Həmin 
								fakültənin kimya mühəndisliyi ixtisası üzrə 
								təhsil alır. Günel də seçdiyi ixtisasın layiqli 
								sahibi olmaq üçün ingilis dilini mükəmməl 
								öyrənməyin vacib olduğunu dərk edir. Buna görə 
								də çox oxuyur, öyrənir, daim tələbə yoldaşları 
								və müəllimlərindən faydalanmağa çalışır. 
								G.Abdullayeva elm sahəsində yenilik axtarışını 
								zəruri hesab edir, Azərbaycanda kimya sahəsində 
								tanınan alimlərin davamçısı olmağı arzulayır. 
								Günel 
								universitetdə təhsil aldığı aylar ərzində 
								öyrədilən bütün materialları dərindən mənimsəyib 
								və verilən tapşırıqların öhdəsindən bacarıqla 
								gəlib. Buna görə də nəticə onun üçün uğurlu 
								olub. Günel Abdullayevanın biliyi 86 balla 
								qiymətləndirilib.  
								  
								  
								  
								
								
								Hicran ƏKBƏROVA, 
								
								
								Ədalət DAŞDƏMİRLİ  |