| 
								 Yanvarın 24-də 
								Bakıdakı 164 nömrəli orta məktəbdə I-III 
								siniflərdə fənn kurikulumlarının tətbiqi, IV 
								siniflərdə isə fəal təlim metodları ilə aparılan 
								"açıq dərs"lərlə bağlı tədbir keçirildi. Tədbirə 
								Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsindən, Təhsil Problemləri İnstitutundan, 
								Azərbaycan Müəllimlər İnstitutundan, Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutundan, Qafqaz 
								Universitetindən və digər təhsil 
								müəssisələrindən bir çox mütəxəssis və 
								ekspertlər dəvət olunmuşdu.  
								
								 Öncə 
								iştirakçılar məktəbin II mərtəbəsindəki dəhlizdə 
								mövzu ilə bağlı təşkil olunmuş geniş sərgiyə 
								baxış keçirdilər. Sərgi ilə tanış olan 
								nümayəndələr fənn kurikulumlarının strukturunu, 
								dərs vəsaitlərini, təlim resurslarını və digər 
								materialları əks etdirən stendləri, fənn 
								kurikulumlarının izahı, təbliği, müəllimlərin və 
								valideynlərin maarifləndirilməsi istiqamətində 
								görülmüş işləri yüksək qiymətləndirdilər. 
								 
								Sonra məktəbin 
								müəllimləri Mehparə Heydərovanın 1"A" sinfində 
								ana dili fənnindən "G" hərfinin öyrədilməsi , 
								Rəna Kazımovanın 1"C"  sinfində ana dili 
								fənnindən "əlifba", Viola Nəbiyevanın 1 "D" 
								sinfində həyat bilgisi fənnindən "Yol hərəkəti 
								qaydaları", Afət Allahverdiyevanın 2"A" sinfində 
								Azərbaycan dili fənnindən "Mürəkkəb sözlər", 
								Turan Hüseynovanın 2"C" sinfində həyat bilgisi 
								fənnindən "Dinlər", Fink Veranın 2 "G" sinfində 
								rus dili fənnindən "Nəzakətli sözlər", Arzu 
								Quluzadənin 2 "D" sinfində informatika fənnindən 
								"Doğru və yalan mülahizələr", Qafilə Əliyevanın 
								3 "A" sinfində riyaziyyat fənnindən "Tez 
								hesablama", Zülfiyyə Məmmədovanın 3 "B" sinfində 
								riyaziyyat fənnindən "Çoxbucaqlıların 
								perimetrinin hesablanması", Lalə Əhmədovanın 
								3"G" sinfində həyat bilgisi fənnindən "Hissiyyat 
								üzvləri", Emilya Şaydulovanın 4"D" sinfində 
								musiqi fənnindən "Üzeyir Hacıbəyovun 
								yaradıcılığı" mövzularında apardıqları dərslər 
								dinlənildi. 
								
								 Biz  
								3"B" sinfində "açıq dərs"də iştirak etdik. 
								Riyaziyyat fənnindən "Çoxbucaqlıların 
								perimetrinin hesablanması" mövzusunda Zülfiyyə 
								Məmmədovanın keçdiyi dərsi məzmun və keyfiyyət 
								baxımından qənaətbəxş hesab etmək olardı. Belə 
								ki, şagirdləri qruplara bölən Zülfiyyə müəllim 
								mövzunun tədrisi üçün əqli hücum və müzakirə 
								üsullarını seçərək suallarla motivasiya yaratdı. 
								Müəllimin bu məqsədlə verdiyi suallar şagirdlər 
								tərəfindən ətraflı cavablandırıldı. Tapşırıqları 
								icra edən qrupların liderləri çoxbucaqlıların 
								perimetrinin hesablanmasını lövhəyə çıxararaq 
								göstərir və müəllim qrupun işini 
								qiymətləndirirdi. Müasir təlim metodlarından və 
								tədris vəsaitlərindən istifadə edən müəllim 
								qiymətləndirməni kompüter vasitəsilə aparırdı. 
								Dərsin sonunda hər bir qrupun fəaliyyəti bir 
								neçə parametr üzrə qiymətləndirildi və yekun 
								qiymətlər hesablandı. 
								"Açıq dərs"lər 
								başa çatdıqdan sonra "dəyirmi masa" ətrafında 
								müzakirələr aparıldı. Müzakirəni açan Təhsil 
								Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil 
								şöbəsinin müdiri Aydın Əhmədov görülən işləri 
								müsbət qiymətləndirərək, kurikulum islahatının 
								uğurla həyata keçirildiyini və bu yöndə aparılan 
								işlərin artıq öz bəhrəsini verdiyini bildirdi. 
								O, müəllimlərin əksəriyyətinin kurikulumların 
								mahiyyətini düzgün dərk edib, dərslərində 
								bacarıqla tətbiq etdiklərini və kurikulumun 
								istər müəllimlərə, istərsə də şagirdlərə müsbət 
								təsir etdiyini qeyd etdi. A.Əhmədov iştirak 
								etdiyi dərsin çox uğurlu alındığını, müəllimin 
								şagirdlərə tam sərbəstlik verdiyini, onların 
								fikirlərinə diqqətlə yanaşdığını və təlim 
								resurslarından bacarıqla istifadə etdiyini 
								nəzərə çatdırdı.  
								
								 Müzakirələrdə 
								söz alan ekspert və mütəxəssislər kurikulumların 
								tətbiqi ilə bağlı məktəbdə görülən işləri, 
								dinlədikləri dərsləri yüksək qiymətləndirdilər. 
								Qafqaz Universitetinin prorektoru Kənanbulut 
								Cihan belə tədbirlərin keçirilməsini 
								tədqirəlayiq hal hesab etdi. O, "açıq dərs"lərin 
								keçirilməsini və ətraflı müzakirə olunmasını 
								təhsilin inkişafına xidmət etdiyini vurğuladı. 
								Bildirildi ki, dünyanın bir çox inkişaf etmiş 
								ölkələrində bu səpgidə aparılan işlərə nadir 
								hallarda rast gəlmək olur. Azərbaycan təhsilinin 
								sürətlə inkişaf etməsindən söz açan qonaq 
								bununla qürur hissi keçirdiyini söylədi. 
								Müzakirəni 
								yekunlaşdıran Aydın Əhmədov "açıq dərs"lərin 
								yüksək səviyyədə keçdiyini, müəllimlərin 
								səviyyəsinin qənaətbəxş olduğunu qeyd etdi. O, 
								müəllimlərə məsləhət və tövsiyələr verərək, 
								fəaliyyətlərində uğurlar arzuladı. 
								Sonra 
								nümayəndələr məktəbin akt zalında Sevinc 
								Məcidovanın rəhbərliyi  altında ibtidai sinif 
								şagirdlərinin iştirakı ilə hazırlanmış 
								"Azərbaycan - dünyam mənim!" adlı bədii tədbirdə 
								iştirak etdilər. 
								Tədbiri giriş 
								sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova 
								kurikulum islahatı haqqında söhbət açdı. O, 
								kurikulum islahatının Azərbaycan təhsilinə böyük 
								uğurlar gətirəcəyinə və gələcək nəsillərin 
								bundan maksimum dərəcədə yararlanacaqlarına əmin 
								olduğunu vurğuladı. Bildirildi ki, ulu öndər 
								Heydər Əliyevin ideyalarının həyata keçirilməsi 
								ilə gündən-günə inkişaf edən respublikamızda 
								bütün sahələrdə
								 olduğu 
								kimi, təhsil sahəsi də sürətlə inkişaf edir. 
								Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və 
								qayğısı nəticəsində Azərbaycan təhsili  dünya 
								təhsil sisteminə sürətlə inteqrasiya edir. 
								Sevindirici haldır ki, bu gün respublikamızın 
								bütün bölgələrində təhsil strukturu yenilənmiş, 
								müasir standartlara cavab verən maddi-texniki 
								baza yaradılmışdır. Belə yeniliklərdən biri də 
								kurikulum islahatıdır. Bildirildi ki, Milli 
								Kurikulum ictimai-siyasi, mədəni və sosial 
								həyatın qloballaşdığı, informasiya-kommunikasiya 
								texnologiyalarının rolunun artdığı, rəqabətin 
								gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad 
								və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi 
								nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi 
								üçün onun zəruri təhsil səviyyəsinə və 
								bacarıqlara malik olmasına, cəmiyyətin 
								inkişafının əsas hərəkətverici qüvvəsi olan 
								insanın formalaşdırılmasına və problemlərin 
								həllinə yönəlmişdir. K.Qədirova tədbirdə iştirak 
								edən şəxslərə minnətdarlığını bildirərək 
								çıxışını yekunlaşdırdı. 
								Sonra 
								iştirakçılar şagirdlərin ifasında bədii hissəyə 
								tamaşa etdilər. Vətənpərvərlik mövzusunda və 
								təbii sərvətlərimiz haqqında hazırlanmış 
								kompozisiyalar nümayiş olundu. "Vətən anadır" 
								mahnısının sədaları altında oğlunu cəbhəyə yola 
								salan ana-oğul dialoqu iştirakçıları 
								təsirləndirdi. Ana rolunu ifa edən bədii rəhbər 
								Sevinc Məcidovanın göz yaşlarını görməmək mümkün 
								deyildi. 
								Sonra söz 
								Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevə 
								verildi. O, belə tədbirlərin mümkün qədər 
								tez-tez keçirilməsinin vacibliyini vurğuladı. 
								Qeyd etdi ki, son illər təhsildə aparılan uğurlu 
								islahatların nəticəsidir ki, ibtidai sinif 
								şagirdləri çox sayda izləyici qarşısında  tam 
								sərbəst şəkildə şeirlər söyləyir, mahnılar ifa 
								edirlər. Bu uğurları kurikulumun nəticəsi kimi 
								qiymətləndirən Ə.Ağayev məktəbin rəhbərliyinə və 
								pedaqoji kollektivinə gələcək işlərində uğurlar 
								arzuladı. 
								Tədbir 
								haqqında fikir bildirən Təhsil Nazirliyinin 
								Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq 
								Şahbazlı məktəbdə kurikulumların uğurla tətbiq 
								olunduğunu bildirdi. O, şagirdlərin ifasından 
								qürur hissi keçirdiyini və gələcəyimizin möhkəm 
								əllərdə olacağına əmin olduğunu qeyd etdi. 
								Bildirildi ki, bu gün Azərbaycan gəncliyi 
								ümummilli lider Heydər Əliyevin ideyaları 
								əsasında formalaşır. O, gənclərə vətəni sevərək 
								qorumağı və bunun üçün daim çalışmalarını, 
								müəllim və valideynlərin tapşırıqlarına əməl 
								etmələrini tövsiyə etdi.  
								
								
								Niyazi RƏHİMOV  |