| 
								 Qədim 
								zamanlardan başlayaraq insan cəmiyyətində baş 
								vermiş hadisələri, ictimai, iqtisadi, sosial və 
								mədəni prosesləri öyrənən elm tarix adlanır. 
								Müasir cəmiyyətdə gedən proseslərin demək olar 
								ki, hamısı yaxın və ya uzaq keçmişdən 
								qaynaqlanır. Onların inkişaf dinamikasını 
								müəyyən etmək, proqnozlaşdırmaq, zəruri hallarda 
								isə bu proseslərə birbaşa təsir imkanı qazanmaq 
								üçün tarixi bilmək vacibdir. Tarix - insanın 
								özünü dərk etməsinin əsas formalarından biridir. 
								Tarix fənni 
								bütövlükdə insan cəmiyyətinin keçdiyi yolu 
								izləməklə yanaşı, şagirdlərə öz yurdunun, 
								elinin-obasının, xalqının və Vətəninin keçmişini 
								də  öyrənməyə imkan yaradır. Sözsüz ki, hüquqi 
								və demokratik cəmiyyət quruculuğuna, milli və 
								dünyəvi dəyərlərə önəm verən vətəndaşın 
								yetişməsində bu fənnin müstəsna rolu vardır. 
								Tarix fənni 
								Azərbaycan Respublikasının ümumtəhsil 
								məktəblərinin V-XI siniflərində tədris olunur. 
								Tədris prosesində ənənəvi təlim üsulları ilə 
								(informativ və reproduktiv) yanaşı, interaktiv 
								metodlardan (disput, mini-konfrans, debat, 
								müxtəlif rollu oyunlar və s.) getdikcə daha çox 
								istifadə edilir. Ənənəvi dərsdə əsas diqqət 
								şagirddə bacarıqların formalaşmasından çox 
								biliklərin mənimsənilməsinə yönəlirdi. 
								İnteraktiv metodlardan istifadə olunan dərslərdə 
								isə şagirdlər təlim prosesinin aktiv 
								iştirakçısına çevrilir, onlarda tənqidi 
								təfəkkürün inkişafına daha çox diqqət yetirilir 
								və başlıca olaraq aşağıdakı bacarıqları 
								formalaşdırmaq tələbi qarşıya qoyulur: 
								- əsas və 
								ikinci dərəcəli materialları təhlil edib 
								istifadə etmək; 
								- faktlar və 
								fikirlər arasındakı fərqləri, hər hansı 
								məlumatdakı qeyri-obyektivliyi, qərəzliliyi və 
								stereotipləri görmək; 
								- mühüm tarixi 
								anlayışları başa düşmək; 
								- səbəb-nəticə 
								əlaqələrini izləmək, faktlara əsaslanan 
								nəticələr çıxarmaq; 
								- hadisə və 
								prosesləri müqayisə etmək, qiymətləndirmək, 
								təsnifatını aparmaq və ümumiləşdirmək; 
								- əldə olunan 
								bilik və bacarıqları təcrübədə tətbiq etmək. 
								Azərbaycan 
								Respublikasının ümumtəhsil məktəblərində 
								mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış 
								imtahanlarının nəticələri əsasında aparılan 
								statistik və analitik təhlillər təhsilalanların 
								Azərbaycan tarixi fənni üzrə həm bilik, həm də 
								yuxarıda göstərilən bacarıqlara nə dərəcədə 
								yiyələndikləri barədə fikir söyləməyə imkan 
								verir.  
								Buraxılış 
								imtahanlarında şagirdlərə Azərbaycan tarixi 
								fənnindən (biri Azərbaycan Respublikasının 
								Konstitusiyasından olmaqla) dərslik əsasında 
								tərtib olunmuş və Vətən tarixinin bütün 
								mərhələlərini, mühüm tarixi hadisə və prosesləri 
								xronoloji ardıcıllıqla əhatə edən sadə, orta və 
								çətin olmaqla 15 sual təklif olunur.  
								 
								Məzmuna - 
								relevantlığa görə testlər faktoloji, hesablama, 
								izah, ümumiləşdirmə, xronologiya, termin və ya 
								anlayışlarla bağlı tapşırıqlardır. Bir qayda 
								olaraq, tarixdən proqnoz tipli tapşırıqlar 
								tərtib olunmur. Amma gələcəkdə şagirdlərin 
								hadisə və proseslərə münasibətini, onların 
								arasındakı oxşar və fərqli cəhətləri seçmək, 
								ümumiləşdirmək, nəticə çıxararaq proqnoz vermək 
								bacarıqlarını aşkara çıxarmaq məqsədilə belə 
								tapşırıqlardan da istifadə etmək nəzərdə 
								tutulur.  
								2009-2010-cu 
								dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş 
								buraxılış imtahanında şagirdlərə tarix fənnindən 
								təklif olunmuş test tapşırıqlarından bir 
								neçəsinə diqqət yetirək: 
								1. Daş 
								dövrünə aid deyil: 
								A) Odun əldə 
								edilməsi 
								B) Siklopik 
								tikililər 
								C) 
								Anaxaqanlığının yaranması 
								D) Qəbilə 
								icması 
								E) Ulu icma 
								Bu tapşırıq 
								6-cı sinif "Azərbaycan tarixi" dərsliyinin 
								"Azərbaycan ərazisində ibtidai icma quruluşu" 
								adlı I bölməsinin materialları əsasında tərtib 
								olunub. Orta mürəkkəblik dərəcəsində olan 
								faktoloji sualdır. Səciyyəvi əlamətlərinə görə 
								Daş dövrünün ayrı-ayrı mərhələlərini 
								bir-birindən ayırmağı bacaran şagird müəyyən edə 
								bilir ki, odun əldə edilməsi, anaxaqanlığının 
								yaranması, qəbilə icması və ulu icma Daş 
								dövrünün paleolit mərhələsinə aid 
								xüsusiyyətlərdəndir. Xalq arasında "Təpəgöz 
								qalaları" adı ilə tanınan siklopik tikililər isə 
								Tunc dövrünün sonu və Erkən Dəmir dövrünə 
								aiddir. Şagirdlərin 72%-i bu tapşırığı düzgün 
								cavablandırmışdır. Ümumilikdə isə imtahanda 
								ibtidai icma cəmiyyəti mövzusu ilə bağlı təklif 
								olunan testlərin cavablara görə statistik 
								nəticələri o biri suallarla müqayisədə 
								yüksəkdir: 50-75% arası. Bu göstərir ki, bəhs 
								olunan mövzu şagirdlər tərəfindən yaxşı 
								mənimsənilir. 
								Doğru 
								cavab: B.  
								2. Soyurqal 
								torpaq mülkiyyəti: 
								A) dövlətə 
								məxsus idi 
								B) hökmdara 
								məxsus idi 
								C) XV əsrdə 
								geniş yayılmışdır 
								D) yalnız 
								mülki xidmətə görə verilirdi 
								E) dini 
								mahiyyət daşıyırdı  
								Tapşırıqda 
								"soyurqal" anlayışının izahı tələb olunur. 
								Azərbaycan tarixi dərsliklərində (xüsusilə 
								VII-IX siniflərdə) torpaq mülkiyyəti formaları, 
								vergi və mükəlləfiyyətlərlə bağlı xeyli material 
								var. Soyurqal haqqında isə VIII sinif 
								"Azərbaycan tarixi" dərsliyinin III bölməsində 
								(Azərbaycan XV əsrdə) ətraflı bəhs olunur.  
								Monqolca ehsan, bəxşiş mənasını verən soyurqal 
								şərti torpaq mülkiyyəti forması XV əsrdə - 
								Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud 
								olduğu dövrdə geniş yayılmışdır. Belə şərti 
								torpaqlar, bir qayda olaraq, qoşunun dayağı olan 
								hərbi-köçmə əyanlara xidmət müqabilində 
								verilirdi. Orta əsrlərdə bir sıra Şərq 
								ölkələrində olduğu kimi, Azərbaycanda da 
								dövlətin mülkiyyətində olan torpaqlar "divan 
								torpaqları" (bəzən də xəlifə, sultan, xəzinə, 
								xalisə), ayrı-ayrı hökmdarların və sülalələrin 
								mülkiyyətində olan torpaqlar "xass" (və ya 
								xalisə), dini mahiyyət daşıyan torpaqlar isə 
								"vəqf" adlanırdı. Şərti torpaqlar həm hərbi, həm 
								də mülki xidmətə görə paylanırdı.  
								Bu test 
								tapşırığına şagirdlərin 48,8%-i düzgün cavab 
								vermişdir. Bəzi istisnalar olmaqla, bütün 
								variantlarda belə testlərin düzgün cavablarının 
								orta statistik göstəricisi 49-62% arasındadır 
								ki, bunu da qənaətbəxş hesab etmək olar.  
								 
								Doğru 
								cavab: C  
								3. I Şah 
								İsmayılın hakimiyyəti dövrünə aiddir: 
								A) Amasiya 
								sülhü 
								B) Xorasanın 
								işğalı 
								C) Şərur 
								döyüşü 
								D) Şəkinin 
								birləşdirilməsi 
								E) Tamğa 
								vergisinin ləğvi  
								VIII sinif 
								"Azərbaycan tarixi" dərsliyinin IV bölməsinin 
								materialları əsasında tərtib olunmuş bu test 
								tapşırığı mürəkkəblik dərəcəsinə görə çətin olub 
								şagirddən ümumiləşdirmə qabiliyyəti tələb edir. 
								Şagird həm I Şah İsmayılın, həm də I Şah 
								Təhmasibin hakimiyyətdə olduğu illəri dəqiq 
								bilməlidir. Bundan sonra o müəyyən edə bilər ki, 
								osmanlılarla Amasiya sülhünün imzalanması 
								(1555), Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi 
								(1551) və tamğa vergisinin ləğv edilməsi (1565) 
								I Şah Təhmasibin fəaliyyəti ilə bağlıdır. 
								1501-ci ilin ortalarında gənc İsmayıl Şərur 
								döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə 
								çaldıqdan sonra Təbrizdə özünü şah elan etmiş və 
								yeni dövlətin hökmdarı kimi hakimiyyətə 
								gəlmişdir. 1510-cu ildə Mərv döyüşündə 
								Şeybanilərə qalib gələn I Şah İsmayıl  böyük 
								Xorasan vilayətini Səfəvi dövlətinə qatmışdır. 
								Bu tapşırığa 
								şagirdlərin 41%-i düz, 51%-i isə yanlış cavab 
								vermişdir. Ümumilikdə götürdükdə isə şagirdlərin 
								eyni və oxşar məzmunlu suallara verdiyi düzgün 
								cavabların orta statistik göstəricisi aşağıdır: 
								22-32%. 
								Doğru 
								cavab: B  
								 4. 1920-ci 
								ilin yayında Azərbaycan üçün səciyyəvi idi: 
								A) ərzaq 
								vergisinin tətbiq olunması 
								B) hərbi 
								kommunizm siyasətinin tətbiq olunması 
								C) yeni 
								iqtisadi siyasətə keçilməsi 
								D) kəndli 
								təsərrüfatının kollektivləşdirilməsi 
								E)
								
								
								sənayeləşdirmənin başlanması  
								Test tapşırığı 
								XI sinif "Azərbaycan tarixi" dərsliyinin III 
								bölməsinin (Azərbaycan 20-30-cu illərdə)  
								materialları əsasında tərtib olunub. Şagirddən 
								ümumiləşdirmə, həm də faktların - baş vermiş 
								hadisələrin ardıcıllığını bilmək  tələb edən bu 
								tapşırıq da mürəkkəblik dərəcəsinə görə 
								çətindir. Testlərin təhlili göstərir ki, 
								şagirdlər Azərbaycan SSR-in XX əsrin 20-30-cu 
								illəri ilə bağlı mövzuları çətin mənimsəyirlər. 
								Təsadüfi deyildir ki, nümunə gətirilən bu test 
								tapşırığına şagirdlərin yalnız 31%-i düzgün 
								cavab vermişdir. 53 %-ə yaxın şagird isə yanlış 
								cavabları seçmişdir.  Halbuki, dərslikdə aydın 
								şəkildə qeyd olunur ki, 1921-ci ilin mayında 
								Azərbaycanda Yeni iqtisadi siyasətə keçilmiş, 
								1922-ci ilin yazından isə ərzaq vergisi tətbiq 
								olunmuşdur. 1925-ci ildən ölkədə sənayeləşdirmə 
								başlanmış, 20-ci illərin sonundan (1929-dan) 
								kollektivləşmə xətti irəli sürülmüşdür. 
								Azərbaycanda hərbi kommunizm siyasətinin tətbiq 
								olunması isə 1920-ci ilin yayına təsadüf edir.
								 
								Doğru 
								cavab: B  
								5. 
								Hadisələrin xronoloji ardıcıllığını göstərin: 
								1. Azərbaycan 
								Respublikasının Dövlət himninin təsdiq edilməsi 
								2. 
								Azərbaycanın İslam Konfransı Təşkilatına üzv 
								qəbul olunması 
								3. H.Əliyevin 
								Azərbaycan Respublikası Ali Sovetinin Sədri 
								seçilməsi 
								4. Azərbaycan 
								Respublikası Konstitusiya Məhkəməsinin 
								yaradılması 
								A) 3, 1, 2, 4 
								B) 1, 3, 4, 
								2              
								C) 4, 1, 2, 
								3                           
								D) 1, 4, 2, 
								3              
								E) 2, 1, 3, 4  
								Azərbaycan 
								Respublikasının tarixi ilə bağlı xronoloji 
								sualdır. XI sinif "Azərbaycan tarixi" 
								dərsliyinin sonuncu - VI bölməsinin materialları 
								əsasında tərtib olunub. Xüsusi hazırlığa malik, 
								müasir dövrdə ölkəmizin həyatında baş verən 
								mühüm tarixi hadisələri ardıcıl izləyən, 
								ümumiləşdirmə qabiliyyəti ilə seçilən, həm də 
								yaxşı hafizəsi olan şagird 1991-ci ildə 
								Azərbaycanın İslam Konfransı Təşkilatına üzv 
								qəbul olunduğunu, 1992-ci ilin mayında Milli 
								Məclis tərəfindən Azərbaycan Respublikasının 
								Dövlət himninin təsdiq edildiyini, 1993-cü il 
								iyunun 15-də (tarixə "Milli Qurtuluş günü" kimi 
								daxil olub) Heydər Əliyevin Azərbaycan 
								Respublikası Ali Sovetinin Sədri seçildiyini və 
								1998-ci ildə Konstitusiya Məhkəməsinin 
								yaradıldığını müəyyənləşdirib, bəhs olunan 
								xronoloji test tapşırığını həll edir və düzgün 
								cavabı (E variantını) tapır. 
								Qarşıdakı 
								buraxılış imtahanlarında da şagirdlərin 
								qabiliyyətlərini, bilik və bacarıqlarını 
								yoxlamaq məqsədilə müxtəlif səpgili test 
								tapşırıqları təklif olunacaqdır. Onlardan bəzi 
								nümunələri nəzərdən keçirək:  
								1. Eneolit 
								və Erkən Tunc dövrləri üçün səciyyəvi olan ümumi 
								cəhət: 
								A) Ata 
								xaqanlığının hökm sürməsi 
								B) Sosial və 
								əmlak bərabərsizliyi 
								C) Xış 
								əkinçiliyinin mövcud olması 
								D) 
								İbadətgahların tikilməsi 
								E) Metal 
								alətlərdən istifadə edilməsi  
								Azərbaycanda 
								ibtidai icma cəmiyyətinin mərhələlərindən bəhs 
								edən mövzunun materialları əsasında tərtib 
								olunmuş bu test ümumiləşdirmə bacarığı tələb 
								edir və mürəkkəblik dərəcəsinə görə çətin 
								tapşırıqdır. Şagird əvvəlcə yuxarıda qeyd olunan 
								arxeoloji dövrlərin hər biri üçün səciyyəvi olan 
								xüsusiyyətləri müəyyənləşdirməli, sonra isə hər 
								ikisi üçün ortaq olan ümumi cəhəti tapmalıdır. 
								Təklif edilən tapşırıqda A, B, C, D 
								variantlarındakı xüsusiyyətlər Erkən Tunc 
								dövrünə aiddir. Metal alətlərdən istifadə 
								edilməsi isə həm Eneolit, həm də Erkən Tunc 
								dövrü üçün səciyyəvidir. Belə ki, Eneolit 
								dövründə ilk metal olan mis, Tunc dövrünün ilk 
								mərhələsində isə yeni metal olan tunc əldə 
								olunmuş, bundan sonra əmək alətləri, bəzək və 
								məişət əşyaları, silahlar təkcə daşdan deyil, 
								həm də metaldan da hazırlanmışdır.  
								Doğru 
								cavab: E  
								2. 
								Qızılbaşlar Şəməsi döyüşündə kimə qarşı 
								vuruşmuşlar? 
								A) 
								Osmanlılara                     
								B) 
								Şirvanşahlara                   
								C) 
								Ağqoyunlulara 
								D) 
								Qaraqoyunlulara 
								E) 
								Şeybanilərə  
								Orta 
								mürəkkəblik dərəcəsində izahat səciyyəvi 
								tapşırıqdır. VIII sinif "Azərbaycan tarixi" 
								dərsliyi əsasında tərtib olunub. Digər 
								dərsliklərlə müqayisədə bu dərslikdə daha çox 
								(40-a yaxın) döyüş adı çəkilir ki, onların da 
								əksəriyyəti mühüm tarixi hadisələrlə bağlıdır. 
								Həmin döyüşlərin (məsələn, Didqori, Sərdrud, 
								Otluqbeli, Çıldır və b.) nəticələri, kimlər 
								arasında baş verməsi ilə əlaqədar testlərə 
								şagirdlər tez-tez rast gəlir. Verilən nümunəyə 
								diqqət yetirsək görərik ki, qızılbaşlar 
								qaraqoyunlularla toqquşmayıb. Şirvanşahlarla 
								Şahdağ (1488) və Cabanı (1500), Şeybanilərlə 
								Mərv döyüşündə (1510) qarşılaşıblar. 
								Osmanlılarla qızılbaşların arasında çox döyüşlər 
								olub (Çaldıran, Qoçhissar, Çıldır, Məşəl və b.). 
								1484-cü ildə Şəməsi adlı yerdə ağqoyunlularla 
								qarşılaşan qızılbaşlar  məğlubiyyətə uğramış və  
								Şeyx Sultanəli həlak olmuşdur. 
								Doğru 
								cavab: C  
								3. Uyğunluq 
								gözlənilmişdir:  
								Fətəli xan 
								Əfşar                 I. Urmiya xanı 
								Qara 
								xan                            II. Lənkəran xanı 
								Hacı Çələbi 
								xan                 III. Şəki xanı  
								
								A) 1 – I, 2 – II, 3 – III             
								 
								
								B) 1 – II, 2 – III, 3 – I  
								C) 1 – II, 2 – 
								I, 3 – III  
								
								D) 1 – III, 2 – II, 3 – I  
								
								E) 1 – III, 2 – I, 3 – II   
								Bu nümunə 
								Azərbaycan xanlıqlarına həsr olunan mövzunun (IX 
								sinif) materialları əsasında tərtib edilmiş orta 
								mürəkkəblik dərəcəsində test tapşırığıdır. 
								Fətəli xan Əfşar XVIII əsrin ortalarında 
								Azərbaycanın cənub torpaqlarında yaranan güclü 
								Urmiya xanlığının banisi olmuşdur. Nadir şahın 
								ölümündən sonra Səfəvilər nəslindən olan 
								ərdəbilli Seyid Abbasın oğlu, Qara xan 
								adlandırılan Cəmaləddin Mirzə bəy (1747-1787) 
								Lənkəran xanlığını müstəqil idarə etməyə 
								başlamışdır. Hacı Çələbi isə hələ Nadir şahın 
								sağlığında - 1743-cü ildə Şəki vilayətini 
								müstəqil xanlıq, özünü isə onun xanı elan edərək 
								Azərbaycan tarixində ilk müstəqil xanlığın 
								əsasını qoymuşdur. Bu izahatdan sonra müəyyən 
								etmək olar ki, göstərilən testin A variantında 
								uyğunluq gözlənilmişdir.  
								Doğru 
								cavab: A  
								4. 
								Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti 
								arasında imzalanmış sülh müqaviləsi: 
								A) 
								Ərzincan           
								B) 
								Mudros             
								C) Sevr 
								D)Batum 
								
								E)Brest-Litovsk  
								Göründüyü 
								kimi, Azərbaycan Xalq Cümhuriyyəti mövzusuna aid 
								(XI sinif) materiallar əsasında tərtib olunan 
								sadə, izah tələb edən faktoloji sualdır. Şagird 
								göstərilən müqavilələrin hansı dövlətlərin 
								arasında imzalandığını müəyyənləşdirməlidir. 
								Ərzincan barışığı 1917-ci ilin dekabrında 
								Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı ilə 
								Osmanlı dövləti arasında olmuşdur. Osmanlı 
								dövləti Birinci Dünya müharibəsinin sonunda 
								(1918) müttəfiqlərlə Mudros, müharbədən sonra 
								(1920) Sevr müqaviləsini imzaladı. Brest-Litovsk 
								sülhü 1918-ci ilin martında Rusiya ilə Almaniya 
								və onun müttəfiqləri arasında bağlanıb. 1918-ci 
								il 4 iyunda Batumda Azərbaycan Xalq Cümhuriyyəti 
								ilə Osmanlı dövləti arasında "Sülh və dostluq" 
								müqaviləsi imzalanmışdır. 
								Doğru 
								cavab: D  
								5. 
								Rəssamların sırasına daxildir: 
								1. Bəhruz 
								Kəngərli 
								2. ... 
								A) Mustafa 
								Topçubaşov 
								B) Adil 
								İsgəndərov 
								C) Rüstəm 
								Mustafayev 
								D) Qara 
								Qarayev 
								E) Mirəli 
								Qaşqay  
								Mədəniyyətlə 
								bağlı orta mürəkkəblik dərəcəsində test 
								tapşırığıdır. XI sinif "Azərbaycan tarixi"nin 
								materialları əsasında tərtib olunub. Dərslikdəki 
								mədəniyyət mövzularını öyrənib mənimsəyən, 
								Azərbaycan elmi və incəsənəti ilə maraqlanan 
								şagirdlər çətinlik çəkmədən müəyyən edə bilərlər 
								ki, Mustafa Topçubaşov məşhur cərrah, Adil 
								İsgəndərov rejissor, Qara Qarayev bəstəkar, 
								Mirəli Qaşqay geoloq alim olmuşdur. Rüstəm 
								Mustafayev isə tanınmış rəssam olub və hazırda 
								respublikamızın İncəsənət muzeyi onun adını 
								daşıyır. 
								Doğru 
								cavab: C  
								
								Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında əldə olunan təcrübə və ilkin 
								statistik nəticələr aşağıdakıları söyləməyə 
								imkan verir: 
								1. Şagirdlər 
								faktoloji, termin və anlayış tipli sualları 
								cavablandırmaqda çətinlik çəkmirlər; 
								2. İzahetmə və 
								hadisələrin ardıcıllığının müəyyənləşdirilməsi 
								tələb olunan testlərə zəif cavab verilir, bəzən 
								isə bu tipli tapşırıqların həllindən imtina 
								olunur;  
								3. Azərbaycan 
								Respublikasının Konstitusiyası əsasında tərtib 
								olunmuş sadə tipli testlərin  şagirdlər 
								tərəfindən zəif cavablandırılması (45-50% arası) 
								təəssüf doğurur. Bu nəticə məktəblərdə həmin 
								fənnin tədrisinə diqqətin artırılmasının 
								zəruriliyini ortaya çıxarır; 
								4. Şagirdlər 
								Azərbaycanın XX əsr tanınmış elm və mədəniyyət 
								xadimləri ilə (xüsusilə alim, rəssam, 
								aktyorlarla) bağlı tapşırıqları da çətin 
								cavablandırırlar; 
								5. Buraxılış 
								imtahanlarının nəticələri haqqında statistik 
								göstəricilərin təhlili şagirdlərə təklif olunmuş 
								hər bir test tapşırığının qiymətləndirmə 
								vasitəsi kimi dəyərliliyini müəyyən etməyə imkan 
								verir.  
								Azərbaycan 
								tarixi fənnindən müxtəlif dövrləri əhatə etməklə 
								lakonik şəkildə tərtib olunmuş test tapşırıqları 
								bütövlükdə məqbul sayılsa da, gələcəkdə onları 
								daha da təkmilləşdirmək və yeni test modelləri 
								ilə zənginləşdirmək nəzərdə tutulur.   
								
								
								Təhsil Nazirliyinin Monitorinq  
								və qiymətləndirmə şöbəsi  |