| 
								 Azərbaycan 
								təhsili sürətlə inkişaf edir. Təhsilin 
								məzmununun milli və bəşəri dəyərlər əsasında 
								formalaşması, yeni pedaqoji texnologiyaların 
								mənimsənilməsi, pedaqoji prosesin təhsil 
								islahatı prinsipləri üzərində qurulması, 
								müəllimin peşəkarlığının artması, elmi-pedaqoji, 
								metodik ədəbiyyatların nəşri, tələbənin 
								(şagirdin) tədqiqatçılığının fəal və interaktiv 
								təlim metodları ilə tənzimlənməsi buna əyani 
								sübutdur.  
								"Təhsil 
								millətin gələcəyidir" söyləyən ümummilli lider 
								Heydər Əliyev daim təhsilə və təhsil  işçilərinə 
								böyük hörmətlə yanaşıb. Bu gün də ulu öndərin 
								təhsil sahəsindəki islahatları cənab Prezident 
								İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
								Milli təhsilimiz həm məzmun, həm də inkişaf 
								baxımından  yeniləşir, təhsil sahəsində 
								islahatlara dövlət təminatı gündən-günə artır. 
								Ölkənin bütün bölgələrində olduğu kimi, 
								Mingəçevir şəhərində də təhsil ön sıradadır. 
								Buna əyani sübut kimi tələbə qəbulunu misal 
								göstərmək olar.    
								Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev 
								Mingəçevirə növbəti səfəri zamanı qazanılan 
								uğurları yüksək qiymətləndirdi və qeyd etdi ki, 
								Mingəçevir artıq regionun sürətlə inkişaf edən 
								bölgəsidir.  
								Təhsilə dövlət 
								səviyyəsində qayğı və diqqəti təsdiq edən fakt 
								və əməli işlər çoxdur. Bu sahədə fəaliyyəti daha 
								da canlandırmaq baxımından Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								Sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi", 
								"Ən  yaxşı müəllim" müsabiqələri təhsil naziri, 
								əməkdar elm xadimi Misir Mərdanovun rəhbərliyi 
								altında uğurla həyata keçirilir. 
								Ali məktəblər 
								sırasında Azərbaycan Müəllimlər İnstitutunun 
								xüsusi yeri var. Millət vəkili, professor Aqiyə 
								Naxçıvanlının qayğısı sayəsində Azərbaycan 
								Müəllimlər İnstitutu Mingəçevir filialında da 
								təhsil islahatları uğurla həyata keçirilir. 
								İnstitutun 
								maddi-texniki bazası yenilənmiş, tədris 
								korpusları müasir tələblər baxımından təmir 
								edilmiş, auditoriyalar müasir təlim vəsaitləri 
								ilə zənginləşdirilmişdir. Tələbələrin elmi 
								dünyagörüşünün artırılması, praktik təcrübələrin 
								genişləndirilməsi üçün bir sıra əhəmiyyətli 
								tədbirlər həyata keçirilir. Bu tədbirlər 
								sırasında tələbələrin elmi-tədqiqat işlərinin 
								yekununa həsr edilmiş elmi-praktik konfransı və 
								Azərbaycan Milli Elmlər Akademiyasının 
								Riyaziyyat və Mexanika İnstitutu və filialımızın 
								birgə təşkilatçılığı ilə keçirdiyi "Nəzəriyyədən 
								praktikaya dövrün tələbidir" adlı elmi-praktik 
								konfransı misal göstərmək olar.Akademik Akif 
								Hacıyevin, MEA-nın  müxbir üzvləri Adil 
								Qəribovun, Əyyub Quliyevin  Azərbaycan elminin 
								son nailiyyətlərini özündə əks etdirən dəyərli 
								məruzələri tələbələrin elmi dünyagörüşünün 
								formalaşmasına böyük təsir göstərdi. 
								İnstitut 
								rəhbərliyi tələbələrin vətənpərvərlik, 
								dövlətçilik, türkçülük və azərbaycançılıq, 
								dünyəvilik prinsipləri əsasında tərbiyə 
								edilməsini qarşısına məqsəd qoymuşdur. Əsas 
								məqsədlərdən biri də bütün fəaliyyət 
								istiqamətlərində Azərbaycan dövlətinin memarı və 
								qurucusu, ulu öndər Heydər Əliyevin ideya-mənəvi 
								irsinin tələbə-gənclərə aşılanmasıdır. 
								İnstitutumuzda 
								12 dekabr ümummilli lider Heydər Əliyevin anım 
								günü ilə əlaqədar "Heydər Əliyev və Müstəqil 
								Azərbaycan" mövzusunda "dəyirmi masa" 
								keçirilmiş, Heydər Əliyev muzeyinə ekskursiya 
								təşkil edilmişdir. 
								Yaradıcı 
								tələbələrin fəaliyyətinin səmərəli təşkili və 
								istedadlarını inkişaf etdirilməsi məqsədilə 
								müxtəlif klublar: diskussiya, şahmat, dama, 
								voleybol, futbol, "bacarıqlı əllər", qiraət 
								fəaliyyət göstərir. İstedadlı tələbələrin əl 
								işlərindən ibarət sərgilər təşkil edilir, digər 
								ali məktəbdə oxuyan tələbələrlə diskussiyalar, 
								idman yarışları keçirilir. 
								Dekabr ayında 
								"açıq qapı" gününün keçirilməsi ictimaiyyətlə 
								əlaqələrin sıx qurulması və imtahanların gedişi 
								ilə bağlı nəzarətin gücləndirilməsi məqsədi 
								daşıyırdı.Tədbirdə filialın direktoru, professor 
								Orucəli Rzayev institutun fəaliyyəti haqqında 
								geniş məlumat verdikdən sonra  valideyn 
								komitəsinin sədri Çingiz Bağırovun hesabatı 
								dinlənilmiş, tədris və elmi işlər üzrə direktor 
								müavini N.Abbasovun,  dekanlar - dosent 
								N.Manafov və dosent F.Namazovanın məruzələri 
								ətrafında fikir mübadiləsi aparılmışdır.Sonra 
								tədbir iştirakçıları institutun auditoriyaları 
								və kompüter mərkəzində təhsil prosesinin gedişi 
								ilə tanış olmuşlar.  
								Hazırda 
								tələbələr qış imtahan sessiyasındadırlar. 
								Tələbələrin imtahan prosesinə yaxşı 
								hazırlaşmaları üçün hər cür şərait 
								yaradılmışdır. Kitabxana gücləndirilmiş iş 
								şəraitinə keçirilmiş, kompüterlərlə təchiz 
								edilmiş fənn kabinetləri tələbələrin ixtiyarına 
								verilmişdir. İmtahanların gedişində obyektivlik 
								yaratmaq, şəffaflığı və ictimai nəzarəti 
								gücləndirmək  üçün dəhlizə  rəy qutuları 
								qoyulmuş, "Qaynar xətt" qərargahının 
								fəaliyyətinə şərait yaradılmış, tələbələrin 
								şikayətlərinə baxmaq üçün apelyasiya komissiyası 
								fəaliyyətə başlamışdır. 
								Tələbələrin 
								asudə vaxtının səmərəli keçirilməsi, müasir 
								dünyagörüşünün formalaşdırılması, qış tətilində 
								istirahətlərinin düzgün təşkili üçün xüsusi 
								tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər 
								içərisinə respublikamızın muzeylərinə 
								ekskursiyaların, Heydər Əliyev Fonduna, görkəmli 
								elm və dövlət xadimlərinin ev-muzeylərinə, 
								abidələrinə ziyarətin təşkili də  daxildir.
								 
								İnstitutun 
								rəhbərliyinin əsas məqsədi dərin biliyə, 
								bacarığa, yüksək peşə hazırlığına, mütərəqqi 
								dünyagörüşünə malik ixtisaslı kadrlar 
								hazırlamaqla bərabər, milli, ümumbəşəri 
								dəyərlərə yiyələnmiş, intellektual vətəndaşlar 
								tərbiyə etməkdən ibarətdir.  
								
								
								İ.İSMAYILOVA, 
								
								 
								AMİ Mingəçevir filialının tərbiyə işləri üzrə 
								direktor müavini   |