| 
								 
								
								
								Bunu bilib nəzərə almağın mənimsəmədə rolu  
								Diferensiasiya 
								və inteqrasiya yunan sözləridir. Birinci söz 
								vahidin, bütövün  fikrən hissələrə  ayrılması, 
								ikinci  söz  isə  əksinə, hissələr arasında 
								qarşılıqlı  əlaqə  sayəsində  tama, bütövə  
								çevrilməsi  prosesidir.  Bu hadisə pedaqoji 
								prosesə də xasdır. Milli pedaqogikada dörd 
								pedaqoji  kateqoriya: təlim, tərbiyə, təhsil və 
								psixoloji inkişaf vahid olan pedaqoji  prosesdə  
								birləşir, yəni  inteqrasiya  edir.  Milli 
								pedaqogikada müəyyənləşdirilmişdir ki, 
								diferensiasiya və inteqrasiya  hadisəsi  nəinki  
								pedaqoji  kateqoriyalar  arasında, hətta  
								kateqoriyalar  daxilində  də mümkündür. Nisbi 
								mənada müstəqil olan hər bir kateqoriyada digər  
								kateqoriyaların  əlamətləri  bu və ya digər  
								dərəcədə  iştirak  edir. Məsələn, təlim  
								kateqoriyasında təhsilin də, tərbiyənin də, 
								psixoloji  inkişafın  da əlamətlərini  sezmək 
								mümkündür, yaxud təhsil  kateqoriyasında  təlim, 
								tərbiyə və  psixoloji  inkişaf əlamətlərini və 
								ya tərbiyə kateqoriyasında  təlim, təhsil və 
								psixoloji  inkişaf əlamətlərini  görmək  çətin  
								deyil.  
								Pedaqoji elmin 
								200 ildən artıq inkişaf tarixində pedaqoji 
								proses  kateqoriyasında gedən diferensiasiya və 
								inteqrasiya hadisələri, ən dialektik proseslər 
								bu elmə  məlum olmamışdır. O səbəbdən də tərbiyə 
								kateqoriyası uzun müddət pedaqoji  elmin  
								tədqiqat  mövzusu  hesab  edilmişdir. 
								Bir çox 
								yeniliklərin, o cümlədən də pedaqoji proses 
								kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi 
								hesab edilməsi, orada cərəyan edən dialektik 
								hadisələrin açılması və s. yeniliklər, demək 
								olar ki, Azərbaycan Respublikasının dövlət 
								müstəqilliyi ilə bağlıdır. Müstəqillik 
								Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki, 
								düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst 
								formalaşdırılmış fikirlərdən biri məhz pedaqoji 
								prosesin tamlığı  ilə, onun tərkib hissələrinin 
								inteqrasiyası və diferensiasiyası  ilə əlaqədar 
								olmuşdur. 
								Sevindirici 
								haldır ki, ibtidai  təhsilin pedaqogikası və 
								metodikası ixtisası üzrə çərçivə kurikulumuna və 
								Təhsil Qanununa pedaqoji prosesin tamlığı 
								ideyası da daxil edilmişdir. Lakin orada 
								təfsilata imkan olmadığından, mahiyyəti 
								açılmamış qalmışdır. Onu  da xatırlatmaq yerinə 
								düşərdi ki, pedaqoji prosesin  tamlığı ideyası 
								1996-cı ildə "Maarif" nəşriyyatı tərəfindən çap 
								olunmuş "Pedaqogika" dərsliyində ətraflı şərh 
								olunmuşdur. 
								Lakin təəssüf 
								hissi ilə qeyd  edilməlidir ki, respublika 
								müəllimlərinin xeyli hissəsi pedaqoji  prosesin 
								tamlığı ideyasından  bəhrələnə bilmir, çünki 
								onlar  ənənəvi pedaqogikadan qidalanmışlar; bir 
								qismi isə əsasən bilik və bacarığın öyrədilməsi  
								ilə məşğul olur, şagirdlərin tərbiyəsi və 
								psixoloji inkişafına az  maraq göstərir və buna 
								sinif  rəhbərinin, tərbiyə işləri üzrə  direktor 
								müavininin, hətta məktəbdə psixoloqun varlığı 
								ilə bəraət qazandırmağa çalışır.  
								Problemin 
								müasirliyini, təhsildə islahatın uğuru üçün 
								əhəmiyyətini nəzərə alaraq, ona  yenidən 
								qayıtmağı özümüzə  borc bilirik. 
								İstər ibtidai 
								məktəb olsun, istərsə ali məktəb, istər fizika 
								fənni olsun, istərsə ədəbiyyat fənni, fərqi 
								yoxdur, hər bir fənnin tədrisində  bu və ya 
								digər dərəcədə  təlim, təhsil, tərbiyə və 
								psixoloji  inkişaf əlamətləri iştirak edir. 
								Deməliyik ki, bu əlamətlərin olması, iştirakı 
								obyektiv səciyyə  daşıyır, müəllimdən asılı 
								olmur. Lakin fənnin tədrisində təlim, tərbiyə, 
								təhsil və psixoloji inkişaf  əlamətlərinin 
								iştirak səviyyəsi  müəllimin pedaqoji ustalıq 
								səviyyəsindən asılı olur. 
								Bu asılılığın 
								mahiyyətindən  hali olan müəllimin tədris 
								işində  təhsillilik, tərbiyəlilik və psixoloji  
								inkişaf səviyyəsi, adətən, yüksək olur; həmin 
								asılılığın mahiyyətindən xəbəri olmayan 
								müəllimin şagirdlərində isə təhsillilik, 
								tərbiyəlilik və psixoloji inkişaf  səviyyəsi, 
								adətən, aşağı olur. 
								Unutmayaq ki, 
								vahid olan  real pedaqoji prosesdə təlim, 
								tərbiyə, təhsil və psixoloji inkişaf  əlamətləri 
								bir-birini tamamlaya, biri digərinə dayaq ola, 
								biri digərində iştirak edə bilir. 
								Təlim 
								kateqoriyasının mahiyyətinə dair Milli 
								pedaqogika  anlamını oxucuya xatırladaq: təlim 
								müəllimin məqsədyönlü, planlı və mütəşəkkil 
								rəhbərliyi  altında fənn üzrə sistemləşdirilmiş 
								biliklərin, bacarıq və vərdişlərin şagirdlər 
								(tələbələr) tərəfindən mənimsənilməsi və bu 
								zaman onların tərbiyə olunmaları, habelə 
								psixoloji cəhətdən inkişaf etmələri prosesidir.
								 
								Bu anlamın 
								yeniliyi təkcə  orasında deyil ki, pedaqoji 
								prosesin tamlığını, onun əlamətlərinin 
								ardıcıllığını, qarşılıqlı əlaqəsini, bir-birinə 
								dayaq olduğunu dəqiq və aydın ifadə edir; həm  
								də orasındadır ki, təlimdə müəllimin və 
								şagirdlərin aparıcı vəzifələrini açıb göstərir: 
								müəllimin əsas vəzifəsi şagirdlərin mənimsəmə 
								fəaliyyətini, tərbiyə  olunmalarını və psixoloji 
								inkişafını təşkil etmək, ona istiqamət vermək, 
								rəhbərlik etməkdir, şagirdlərin əsas vəzifəsi 
								isə tərbiyə və psixoloji inkişaf  imkanları olan 
								bilik və bacarıqları müəllimin göstərişinə uyğun 
								olaraq  mənimsəməkdir. 
								Təlim 
								kateqoriyasının mahiyyətindən göründüyü kimi, 
								burada qabarıq şəkildə özünü göstərən fənn üzrə 
								bilik və bacarıqların mənimsənilməsidir; təlim  
								zamanı şagirdlərin (tələbələrin) tərbiyə 
								olunmaları və psixoloji cəhətdən inkişafları isə 
								müəyyən dərəcədə kölgədə qalır. Pedaqoji  
								ustalıq səviyyəsi aşağı olan müəllimin bu 
								sonuncu iki cəhət diqqətindən, adətən, yayınır.
								 
								Topladığımız 
								faktlar əsasında qətiyyətlə, böyük inamla deyə 
								bilərik ki, təlim zamanı şagirdlərin tərbiyə 
								olunmalarına  və psixoloji inkişaflarına 
								əhəmiyyət verməmələri bir çox müəllimlərimizin 
								uğursuzluqlarının başlıca səbəblərindən birinə 
								çevrilir.  
								Eyni sözlər 
								təhsil kateqoriyasına da şamil edilə bilər. 
								Təhsilin mahiyyətinə dair Milli pedaqogika 
								anlamına nəzər salaq: Təhsil sosial-iqtisadi 
								həyatın sahələrindən biri olub, müvafiq tədris 
								müəssisəsində müəyyən müddətə məqsədyönlü, 
								planlı və  mütəşəkkil öyrənilən, tərbiyə və 
								psixoloji inkişaf imkanları olan, təlimin bir 
								halda zəruri şərti, digər halda gedişi, üçüncü 
								halda nəticəsi kimi özünü göstərən 
								sistemləşdirilmiş biliklərin, bacarıq və 
								vərdişlərin, habelə mənəvi keyfiyyətlərin 
								məcmusudur.  
								Təhsilin 
								mahiyyətinə dair yeni anlamdan aydın göründüyü 
								kimi, burada da təlim, tərbiyə və  psixoloji 
								inkişaf məsələləri  nəzərə alınmışdır. Lakin  
								bir məqam diqqəti xüsusilə özünə cəlb  edir: 
								təhsilin məzmununu təşkil edən biliklərin, 
								bacarıq və vərdişlərin, habelə mənəvi 
								keyfiyyətlərin hərəkətə başlaması, yəni təlimin 
								zəruri şərti olan təhsilin tədricən onun 
								gedişinə və nəticəsinə çevrilməsi aydın sezilir; 
								təhsil kateqoriyasının mahiyyətində tərbiyə və 
								psixoloji inkişaf məsələləri isə o qədər də  
								aydın sezilmir. Müəllim bu cəhəti bilməli və 
								təhsilin tərbiyəvi imkanlarını da, psixoloji 
								inkişaf imkanlarını da reallaşdırmağın 
								yollarını  Milli pedaqogika ruhunda yazılmış 
								kitablar əsasında, o  cümlədən  "Tətbiqi  
								pedaqogika" və ya "Pedaqoji ustalığın 
								problemləri" adlı dərsliklər əsasında öyrənmək 
								olar.  
								Tərbiyə 
								kateqoriyasının mahiyyətinə də bəzi yeniliklər 
								gətirilmişdir. Təəssüflər olsun ki, bir çox 
								müəllimlərimiz Milli pedaqogikanın bu 
								yeniliklərindən də xəbərsizdirlər.  
								Milli 
								pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə, 
								hər şeydən əvvəl, insanların davranışı ilə 
								əlaqədar olan pedaqoji hadisədir. Xeyirxahlıq və 
								ya paxıllıq, səmimilik və ya qeyri-səmimilik, 
								qayğıkeşlik və ya biganəlik, səxavətlilik və ya 
								xəsislik, sözlə əməlin üst-üstə düşməsi və ya 
								düşməməsi, halallıq və ya haramlıq, 
								vətənpərvərlik və ya vətənə laqeydlik, 
								zəhmətsevərlik və  ya zəhmətə xor baxmaq və 
								yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu 
								davranış tərzləri buna misal ola bilər. 
								Tərbiyə 
								kateqoriyasının mahiyyətini səciyyələndirən 
								yeniliklərdən biri də tərbiyə işinin aparıldığı 
								mühitlə əlaqədardır. Milli pedaqogikaya görə, 
								tərbiyə işi üçün münasib şərait yaradılmalıdır. 
								Əks təqdirdə, istənilən nəticəni almaq 
								çətinləşir.  Şagirdlərin hüquqları heç bir 
								cəhətdən pozulmayan məktəbdə, şagirdlərə 
								pedaqoji  prosesin obyekti kimi deyil, subyekti 
								kimi baxılan, onlarla məsləhətləşmələr aparılan 
								məktəbdə tərbiyəvi tədbirlər yüksək səviyyədə 
								keçirilir.  
								Nəhayət, 
								tərbiyə kateqoriyasının müasir anlamını 
								səciyyələndirən üçüncü cəhət adamlarda inam 
								hissinin yaradılmasıdır. İnam hissi isə, hər 
								şeydən əvvəl, tərbiyəçinin özündən 
								qaynaqlanmalıdır. Onun özü təbliğ  etdiyi, 
								aşılamaq istədiyi ideyanın reallığına, 
								doğruluğuna dərindən inanmalıdır. Belə olduqda 
								dinləyicilər tərbiyəçinin dediklərinə inanır, 
								onun dediklərini qəbul edir, məsləhətlərini heç 
								bir şübhə etmədən yerinə yetirirlər. 
								Tərbiyəçinin özü boğazdan yuxarı danışırsa, 
								dediklərinin reallığına dinləyicilərdə inam 
								yarada bilmirsə, fikirlərinin səmimiliyinə 
								onlarda şübhə yaranırsa, məqsəddən uzaq düşmüş 
								olur. Belə olduqda şəxsin tərbiyə işinə 
								girişməməsi məsləhət olardı. 
								Deyilən 
								əlamətləri nəzərə alan Milli pedaqogika tərbiyə 
								kateqoriyasının mahiyyətini belə dəyərləndirir: 
								tərbiyə - davranışla əlaqədar olan 
								əsaslandırılmış mənəvi keyfiyyətlərə dair 
								adamlarda inam hissinin məqsədyönlü, planlı və 
								mütəşəkkil qaydada formalaşdırılması prosesidir. 
								Burada bir 
								cəhəti unutmaq olmaz. Məsələ burasındadır ki, 
								hər hansı mənəvi keyfiyyətlə (məsələn, 
								halallıqla) əlaqədar tədbir keçirilən zaman 
								iştirakçılar halallıq nümunələrinə dair 
								ayrı-ayrı şəxsiyyətlər barədə, onların fikirləri 
								haqqında  yeni-yeni məlumatlar eşidirlər; 
								şagirdlərin görüş dairələri xeyli genişlənir, 
								mənəvi keyfiyyətlə yanaşı, real bilik və 
								bacarıqlara da  sahib olurlar.  
								Bundan əlavə, 
								davranışdan ayrılmaz olan mənəvi keyfiyyətlərlə 
								zənginləşmiş insanların psixoloji  qüvvələri də 
								müəyyən dərəcədə işə düşmüş olur; hansısa 
								fikirlə razılaşır, hansılarlasa razılaşmır, 
								etiraz edir, öz mülahizəsini söyləyir. Bir 
								sözlə, ənənəvi pedaqogikadan qidalanmış 
								müəllimlərin şagirdlərində (tələbələrində) 
								davranışla bağlı mənəvi keyfiyyətlərin 
								formalaşmasında təlim əlamətləri ilə yanaşı, 
								psixoloji qüvvələri də  müəyyən  dərəcədə 
								fəaliyyətdə olur. 
								Təhsildə 
								müəllimin yüksək göstəricilərə nail olması üçün 
								isə təlimdə psixoloji qüvvələrin müəyyən 
								dərəcədə  iştirakı Milli pedaqogikada qətiyyən 
								qənaətbəxş hesab edilmir. Milli pedaqogikada 
								sübut olunmuşdur ki, psixoloji qüvvələri təlimdə 
								inkişaf etdirmək nəinki mümkündür, hətta son 
								dərəcə faydalıdır. Psixoloji qüvvələr deyəndə 
								diqqət, iradə, hafizə, təfəkkür, təxəyyül və s. 
								nəzərdə tutulur. Təlimdən ayrılmaz olan həmin 
								psixoloji qüvvələr müəllimin qayğısına 
								çevrildikdə, dərsboyu müəllim şagirdlərdə 
								(tələbələrdə) diqqətin yayınmasını, iradə 
								zəifliyini  və s. psixoloji nöqsanları səbrlə, 
								dözümlə aradan qaldırdıqca psixoloji qüvvələr 
								inkişaf edir, gah təlimin nəticəsinə, gah da 
								onun əsasına çevrilir; təhsildə uğurun etibarlı  
								amili olur. Bu səbəbdən psixoloji inkişaf Milli 
								pedaqogikada pedaqoji prosesin dörd 
								kateqoriyasından biri kimi  müəyyənləşmişdir. 
								Soruşmaq olar: 
								pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və  
								psixoloji inkişaf kateqoriyalarının 
								cəmləşdiyini, yəni  inteqrasiya etdiyini, bəzən 
								də onun diferensiasiyaya uğradığını, yəni 
								müstəqil kateqoriyalar kimi fəaliyyət 
								göstərdiyini bilmək müəllimə nə verir? Hər 
								şeydən əvvəl müəllimin pedaqoji ustalığının 
								artmasına səbəb  olur;  bu da şagirdlərdə 
								(tələbələrdə) mənimsəmənin səviyyəsini 
								əhəmiyyətli dərəcədə artırır. 
								Yenə sual: 
								Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya 
								edilən, yəni ayrılaraq müstəqil tətbiq olunan, 
								məsələn, təlimdə müəllimin başı yalnız aparıcı 
								cəhətə (bilik və bacarıq öyrənilməsinə) 
								qarışmır; onun diqqətindən yayına biləcək 
								tərbiyənin və psixoloji qüvvələrin də işə 
								qoşulmasına hökmən xüsusi  qayğı göstərməli 
								olur.  
								Tərbiyə 
								imkanları və psixoloji qüvvələrdən istifadə 
								imkanları isə dərsdə kifayət qədərdir. Müəllimi 
								inandırmaq istədiyimiz cəhət budur ki, dərsin 
								həmin  imkanlarını öyrənsin, bilsin və  
								təcrübədə işə salsın. 
								Tamdan, yəni 
								pedaqoji prosesdən ilk baxışda təlim kimi, 
								tərbiyə kimi, ya təhsil kimi və ya psixoloji 
								inkişaf kimi diferensiallaşan, yəni ayrılan 
								pedaqoji kateqoriya hər dəfə digər 
								kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla 
								qovuşarsa, görün bizim gənc nəslin təhsillilik 
								və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf 
								səviyyəsi eyni zaman kəsiyində  nə qədər 
								yüksəlmiş olar! 
								Gənc nəslin 
								təhsillilik və tərbiyəlilik səviyyəsini 
								yüksəltməkdə, habelə psixoloji inkişaf 
								səviyyəsini qaldırmaqda pedaqoji prosesin 
								diferensiasiya və inteqrasiya imkanlarından 
								istifadəyə dair bu yenilikləri müəllimlərimiz nə 
								qədər ətraflı öyrənib öz işlərində tətbiq 
								etsələr, bir o  qədər Azərbaycan xalqının 
								xeyrinə olar; bununla yanaşı, orta  ümumi 
								təhsilimizdəki kəsirləri  aradan qaldırmağa 
								yönələn şagirdlərin repetitorlar yanına 
								göndərilməsi üçün valideynlərin çəkdikləri əlavə 
								xərc də aradan  qalxar.   
								
								
								Nurəddin  KAZIMOV, 
								əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, 
								professor,  
								Prezidentin fərdi təqaüdçüsü  | 
								  |