| 
								 Çaylar geri 
								dönmədən öz məcrasında axaraq uzun bir məsafəni 
								qət edib mənsəbinə qovuşduğu kimi, insanlar da 
								Allah dərgahından onlara pay verilmiş ömür 
								yolunda yorulmadan addımlayırlar. Və hər bir 
								insan sevib-seçdiyi peşəsində fəaliyyət 
								göstərməklə yaşayıb arxada qoyduğu ötən illərdə 
								qazandığı nailiyyətləri, xalqına və vətəninə 
								verdiyi töhfələri ilə seçilib sayılır, 
								ictimaiyyət tərəfindən qəbul edilərək 
								sevilirlər.   
								
								 Belə 
								insanlardan biri, 40 ildən artıq respublikanın 
								müxtəlif mətbu orqanlarında aktuallığı ilə geniş 
								oxucu auditoriyası tərəfindən maraqla oxunan 
								publisist yazıları, oçerkləri, məqalə və 
								zarisovkaları dərc edilən, gənc jurnalistlərin 
								yetişməsində böyük əməyi olan, ömrünün 37 ilini 
								"Azərbaycan müəllimi" qəzetində çalışmış, 7 
								publisist kitabın müəllifi, Azərbaycan 
								Jurnalistlər Birliyinin üzvü, "Təhsil" 
								jurnalının baş redaktoru Malik Novruzov haqqında 
								söz açmaq niyyətindəyik. 
								Malik 
								Novruzovla 10 ilə yaxın "Azərbaycan müəllimi" 
								qəzeti redaksiyasında birgə işləmişik. Mən bölgə 
								müxbiri idim, o isə məsul katib. Uzun illər bir 
								sıra mətbu orqanlarında müxtəlif səpgili 
								yazılarla çıxış etsəm də, "Azərbaycan müəllimi" 
								qəzetinə bölgə müxbiri təyin olunandan sonra 
								sahə qəzeti olduğu üçün təhsil haqqında yazılar 
								yazmaqda çətinlik çəkirdim. Məsul katib kimi 
								bəzi məqalələrimdə nöqsanlar tapar, iradlarını 
								bildirər və bununla yanaşı tövsiyələrini də 
								əsirgəməzdi. Bir müddət işlədikdən sonra bu 
								qəzetin ab-havasını götürdüm. Məktəb, şagird, 
								müəllim, bir sözlə, tədrislə bağlı yazılar 
								yazmağa çətinlik çəkmədim. Və Malik müəllim 
								məqalələrimi tərifləməyə, məni ruhla işləməyə 
								sövq etdi. 
								Tale elə 
								gətirdi ki, onunla iki il bir kabinetdə oturmalı 
								olduq. Həmin iki il ərzində hər gün yaxından 
								ünsiyyətdə olduğumuz üçün onun zəngin daxili 
								aləminin, insana və insanlığa bəslədiyi 
								münasibətinin, sadəliyi və səmimiliyinin, bir 
								sözlə, yüksək insani keyfiyyətlərinin şahidi 
								oldum. Paxıllıq və tamah hissindən uzaq olan bu 
								insanın arzusu həmişə xeyirxahlıq olub. Ən böyük 
								amalı isə dostluğa sədaqəti, başqalarına kömək 
								əlini uzatmasıdır. Elə bu səbəblərdən onunla 
								aramızda olan yoldaşlıq münasibəti səmimi və 
								təmənnasız dostluğa  çevrilmişdir. 
								Təsadüfi deyil 
								ki, Malik Novruzov "Təhsil" jurnalına baş 
								redaktor təyin ediləndən sonra bu mətbu 
								orqanında da onunla birgə işləməli olduq. Burada 
								da hər hansı istənilən işi mənə etibar etməsi 
								onun səmimiliyinin bariz nümunəsidir. 
								2011-ci il 
								yanvarın 5-də, beşgünlük bayram istirahətindən 
								sonra, elə bayram ovqatı ilə işə gəlirdim. 
								2010-cu ilin payızı anomal keçdiyi üçün hələ də 
								havalar soyumamışdı, hər tərəfdə yaz hərarəti 
								duyulurdu. Üç gün qabaq fasiləsiz yağan yağış 
								düzü-dünyanı yuyub təmizləmiş, körpə təbəssümü 
								qədər saf bir mənzərə yaratmışdı. Redaksiyaya 
								çatanda Malik müəllimin kresloda oturub dərin 
								xəyala daldığını gördüm. İki ay bundan qabaq 
								İrandan müalicədən qayıtmışdı. Rəngi, rufu hələ 
								indi-indi özünə gəlirdi. Əvvəlkinə nisbətən 
								gümrah görkəmi ətrafındakılara rahatlıq 
								gətirməklə bir arxayınçılıq yaradır. Saçı 
								çallaşmış, gümüşü rəng almış, sifətində insan 
								çöhrəsini nura qərq edən cizgilər görünürdü. Bu 
								hal isə həyatının barlı-bəhrəli, qızılı payız 
								fəslini yaşadığını, ömrünün müdrik çağına 
								qovuşduğunu büruzə verirdi. Fikirlər aləminə 
								qərq olduğu üçün gəlişimdən xəbər tutmamışdı. 
								Gözlərini məchul bir nöqtəyə dikib sanki nəyisə 
								götür-qoy edir, nəyinsə haqqında düşünürdü. 
								Bəlkə, uzun illərin arxasından boylanıb, 
								uşaqlığını, yeniyetməliyini, gənclik illərini 
								xatırlayır və ya bu gün tarixə dönmüş keçdiyi 
								ömür yolunu xəyal süzgəcindən keçirirdi. Bəlkə 
								də yaşayaraq arxada qoyduğu illərdə 
								qazandıqlarını və arzusunda olub əldə edə 
								bilmədiklərini götür-qoy edir. Və bəlkə də 
								mizan-tərəzi qurub bu dünyanın haqq-hesabını 
								çəkirdi. Dünyanın da ömrü uzun, yükü isə 
								ağırdır. Və bu yükü çəkib hesablamağa nə 
								mizan-tərəzinin gücü çatır, nə də düşünən, 
								fikirləşən insan beyni yönünə-yöndəminə qoya 
								bilir. Onu xəyal dünyasından ayırmaq istəməsəm 
								də, birdən gözləri mənə sataşdı. Qapı ağzında 
								sakitcə dayanıb ona baxdığımı gördü. Ayağa 
								qalxıb mehribanlıqla mənimlə görüşdü. 
								 
								- Qapı ağzında 
								niyə dayanmısan? - deyə soruşdu. 
								- Romantik 
								görkəm alıb dərin xəyala dalmışdın, səni bu 
								şirin xəyalından ayırmaq istəmirdim. 
								- Hə, ömür quş 
								kimi ötür, bir də gözünü açıb görürsən ki, 60-ı 
								haqlamısan, 70 də qapını döyüb gəlməyə 
								hazırlaşır. Fevralın 1-i ad günümdür. 60 illik 
								yubileyim! - deyib əlini divardan asılmış 
								təqvimə uzatdı. 
								Gülə-gülə bəri 
								başdan onu təbrik etdim: 
								- Onsuz da 
								haqqında yubileyinlə bağlı məqalə 
								hazırlamalıyam, dəfələrlə demişəm, etiraz 
								etmisən. Oturaq, ötən günlərinə, yola saldığın 
								60 illik ömür yoluna bir işıq salaq, - dedim. 
								...Masa 
								arxasında üz-üzə oturub ona verdiyim suallara 
								rəğmən Malik müəllim bu gün nağıla dönmüş keçən 
								günlərini xəyalən yenidən yaşayır, ömründən ötən 
								illərin tarixə dönmüş həyat kitabının saralmış 
								səhifələrini vərəqləyir, bəzən sifətində qara 
								kölgələr görünür və bəzən də çöhrəsi nura qərq 
								olur, gözlərindən sevinc yağırdı. Bu isə keçdiyi 
								ömür yolunun şirinli, acılı  günlərindən xəbər 
								verirdi. Beləliklə, Malik müəllimin iki saata 
								qədər vərəqlədiyi həyat salnaməsinin müəyyən 
								məqamlarını oxuculara təqdim edirik. 
								Malik Novruzov 
								1951-ci il fevralın 1-də Masallı rayonunun 
								Qəriblər kəndində dünyaya göz açıb. 1967-ci ildə 
								Masallı şəhər 2 nömrəli orta məktəbi bitirdikdən 
								sonra sənədlərini Azərbaycan Dövlət 
								Universitetinin jurnalistika fakültəsinə verib, 
								qəbul imtahanlarından lazım olan balı 
								toplamadığına görə müsabiqədən keçməyib. Ruhdan 
								düşməyən Malik arzusuna çatmaq, jurnalistikanın 
								sirlərinə yiyələnmək üçün o zaman Masallıda nəşr 
								edilən "Çağırış" qəzeti redaksiyasının 
								mətbəəsində mürəttib işləməyə başlayıb. Nəhayət, 
								1969-cu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə 
								verərək ADU-nun jurnalistika fakültəsinin əyani 
								şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı 
								illərdə respublikanın mətbu orqanlarında 
								müxtəlif mövzularda məqalələrlə çıxış edib. 
								1974-cü ildə bu ali təhsil ocağını başa 
								vurduqdan sonra "Azərbaycan müəllimi" qəzetinə 
								işə götürülüb. İşgüzarlığı, peşəkarlığı ilə 
								başqalarından seçilən Malik qısa müddət ərzində 
								irəli çəkilərək xüsusi müxbir, şöbə redaktoru və 
								məsul katib vəzifələrinə qədər yüksəlib. Qəzetin 
								bel sütunu olan məsul katib vəzifəsində 18 il 
								fasiləsiz işləyib. Bu mətbu orqanında işlədiyi 
								37 il müddətində pedaqoji iş təcrübəsini, təhsil 
								sistemində aparılan islahatları və yenilikləri 
								dəqiqliyi ilə ictimai mühitə çatdıraraq 
								Azərbaycan jurnalistikasının inkişafında xüsusi 
								rol oynamış, gənc jurnalistlərin yetişməsi  üçün 
								əlindən gələni əsirgəməmişdir. 
								"Ürəkdə yanan 
								işıq", "Müəllim əməyinin izi", "Maarif 
								fədailəri", "Təhsilimizin uca insanları", "Günəş 
								məktəbdən doğur", "Müəllim ziyası - gələcəyin 
								aynası", "Məktəbə bağlı ömür" adlı publisist 
								kitabların müəllifidir. 
								Yaxşı işinə 
								görə müxtəlif illərdə  
								"Qızıl qələm" 
								media mükafatı, "Qabaqcıl təhsil işçisi" döş 
								nişanı, "Kamil sənətkar" ali jurnalist mükafatı, 
								Təhsil Nazirliyinin və Azərbaycan Jurnalistlər 
								Birliyinin bir sıra fəxri fərmanları və 
								diplomları ilə təltif olunub. 2010-cu ilin mart 
								ayında irəli çəkilərək Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin orqanı olan "Təhsil" 
								jurnalına baş redaktor təyin edilib. 
								Ölkədə təhsil 
								sahəsində islahatların getdiyi, təhsilimizin 
								dünya təhsili sisteminə inteqrasiya olduğu bir 
								vaxtda jurnalın üzərinə düşən məsuliyyəti 
								dərindən dərk edən Malik Novruzov bütün 
								bacarığını Azərbaycan təhsilində görülən işlərin 
								təbliğinə sərf edir, aktuallığı ilə seçilən, 
								zamanın tələbinə uyğun, maraqlı yazıları 
								jurnalın səhifələrində dərc etdirir. Elə bunun 
								nəticəsidir ki, qısa müddət keçməsinə 
								baxmayaraq, jurnal geniş oxucu auditoriyasının 
								rəğbətini qazanmışdır. 
								Dünyanın ömrü 
								uzun, yükü isə ağırdır. Və bu ağırlığı 
								çiyinlərində mərdliklə daşıyanlar ömürlərini 
								xeyirxah işlərə sərf edir, vətəninin 
								çiçəklənməsi, xalqının tərəqqisi üçün 
								çalışırlar. Bu uzun və çətin, lakin mənalı yolun 
								yolçusu olan Malik müəllimi 60 yaşının tamam 
								olması münasibətilə təbrik edir, ona möhkəm 
								cansağlığı, sevinc və fərəh dolu illər 
								arzulayırıq.  
								
								
								Nizami MİRZƏ, 
								"Təhsil" jurnalının baş redaktor müavini, 
								yazıçı-publisist  | 
								  |