| 
								 
								
								
								(Əvvəli qəzetimizin 14 yanvar tarixli 
								nömrəsində)  
								2. Ali 
								təhsilin innovativ inkişafi 
								
								 Məlum 
								olduğu kimi, müasir ali təhsilin  müxtəlif 
								istiqamətləri var: ali iqtisadi təhsil, ali 
								texniki təhsil, ali tibbi təhsil, ali aqrar 
								təhsil, ali hüquqi təhsil, ali pedaqoji təhsil 
								və s. Bu təhsil istiqamətlərinin  ümumi 
								cəhətləri olduğu kimi, xeyli fərqli, spesifik  
								cəhətləri də var. Bir məqalə çərçivəsində  bu 
								istiqamətlərin hamısının  innovativ inkişaf 
								problemlərini, informatlaşma  məsələlərini 
								əhatə  etmək, təbii ki, mümkün deyil,  bu iş 
								bəlkə  də  yüzlərlə mütəxəssisin illərlə  tədqiq 
								etməli olduğu problemlərdir. İnkişaf etmiş 
								ölkələrdə  bu problemlər  xeyli müddətdir ki,  
								ciddi tədqiq edilir,  bu  sahədə təhsil 
								tədqiqatlarına güclü investisiya qoyulur. Bu 
								mənada ali  təhsilin yalnız bir istiqaməti - ali 
								pedaqoji təhsilin  İKT əsaslı  innovativ inkişaf 
								problemləri  barədə  fikrimizi bildirəcəyik.  Bu 
								seçim həm də  bizim uzun müddət ərzində pedaqoji 
								təhsil müəssisəsində fəaliyyətimizlə bağlıdır.
								 
								 Müasir 
								informasiya cəmiyyətində tələbə lazımi məlumatı 
								axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya 
								yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar 
								qəbul etmək və qərarı həyata keçirmək kimi 
								səriştələrə yiyələnməlidir. Müasir müəllimin 
								əsas funksiyası şagirdlərə öyrənməyi 
								öyrətməkdir.  Bunun üçün müəllim özü daima 
								inkişafda olmalıdır.  
								Elmi 
								biliklərin həcmi  bu gün sürətlə artır,  
								təhsilin məzmunu fasiləsiz  təkmilləşir, yaranan 
								yeni  biliklər  davamlı olaraq  universitet 
								proqramlarına daxil edilir. Lakin universitetdə 
								tədris materialının öyrənilməsinə ayrılmış vaxt 
								məhduddur. Belə vəziyyət tədris prosesində 
								müasir texnologiyalardan,  innovativ təhsil 
								metodlarından istifadəni  tələb  edir. Əgər 
								əvvəllər müəllim əsas informasiya mənbəyi idisə, 
								indi vəziyyət dəyişmişdir. İndi müəllim 
								informasiya mənbələri ilə tələbə arasında  
								vasitəçi funksiyasını yerinə yetirir. O, 
								tələbəyə müxtəlif təyinatlı informasiya 
								mənbələri ilə səmərəli iş metodlarını, 
								informasiya proseslərini öyrətməlidir.  Bütün bu 
								xüsusiyyətlər ali  təhsilin,  o cümlədən  
								pedaqoji təhsilin məzmun və texnologiyasını 
								təkmilləşdirməyi tələb edir.  Müasir pedaqoji 
								təhsilin məqsədi informasiya cəmiyyətinin, 
								innovasiya cəmiyyətinin  tələblərinə  uyğun  
								yeni formatlı müəllim kadrları hazırlamaqdır.  
								Bu gün universitetlərimizdə  Avropa və  dünya 
								təhsil sisteminə inteqrasiya  istiqamətində  
								"2009-2013- cü illərdə Azərbaycan 
								Respublikasının ali təhsil sistemində islahatlar 
								üzrə Dövlət Proqramı",  təhsilin 
								informatlaşması  istiqamətində  "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı" icra edilir.  Digər universitetlər  
								kimi,  ali pedaqoji təhsil müəssisələri  də  
								Avropa təhsil məkanına inteqrasiyaya  cəhd edir, 
								tədris prosesi informatlaşır. Bu dövlət 
								proqramlarının qəbulundan iki  il  əvvəl  isə 
								"Azərbaycan Respublikasında fasiləsiz pedaqoji 
								təhsil, müəllim hazırlığının konsepsiya və 
								strategiyası", 2008-2015-ci illər üçün bu 
								strategiyanın icrası ilə əlaqədar müvafiq 
								tədbirlər planı hazırlanmış, 2007-ci ildə 
								Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 
								Strategiya və tədbirlər planına uyğun olaraq  
								pedaqoji təhsilin informatlaşması istiqamətində 
								aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə 
								tutulur:  
								1. Müəllim 
								hazırlığında İKT-nin, yeni təlim üsulları və 
								texnologiyaların tətbiqi. 
								2. Pedaqoji 
								ixtisaslar üzrə təhsil alan tələbələrin 
								biliyinin  cari və yekun qiymətləndirilməsi üzrə 
								yeni üsulların, texnologiyaların,  İKT 
								vasitələrinin tətbiqi.  
								3. Pedaqoji 
								təhsil müəssisələrində distant təhsil formasının 
								tətbiqi. 
								4. Pedaqoji 
								təhsil müəssisələrinin kompüterləşdirilməsi, 
								elektron təhsilin həyata keçirilməsi. 
								Göründüyü 
								kimi, "Fasiləsiz pedaqoji təhsil, müəllim 
								hazırlığının konsepsiya və strategiyası"nın  
								tədbirlər  planında  pedaqoji təhsilin 
								informatlaşması  istiqamətində əhəmiyyətli  
								layihələr nəzərdə tutulmuşdur. Hesab edirik ki,  
								bu layihələr çərçivəsində "Pedaqoji təhsilin 
								informatlaşması strategiyasi" və strategiyanın 
								yaxın  5 il ərzində reallaşması üçün tədbirlər 
								planı hazırlanmalı, onun  reallaşması üçün 
								lazımi maliyyə dəstəyi verilməlidir.  Müqayisə 
								üçün bildirək ki,  qonşu Rusiya və Türkiyədə  
								analoji  innovativ layihələr  üçün  hər  bir  
								universitetə  ildə  2-8  milyon  ABŞ dolları 
								həcmində investisiya qoyulur, həmin 
								universitetlərin inkişafının əsas  səbəblərindən 
								biri məhz  mükəmməl investisiya  siyasətidir. Bu 
								amil universitetlərin inkişafı üçün zəruri 
								şərtdir (son 20 ildə bu, bir daha hiss edildi). 
								Bazar  münasibətləri şəraitində   təhsil  
								siyasətinin mühüm hissəsi səmərəli investisiya 
								siyasətinə  bağlıdır, əgər investisiya təhsilin 
								keyfiyyətini yüksəltmirsə, deməli, səmərəsızdır. 
								İnformasiya cəmiyyəti şəraitində təhsilə qoyulan 
								investisiya əsasən innovasiyalara,  nəticə 
								etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə  
								xidmət etməlidir (yəni investisiyalar maddi  
								obyektlərə yox,  qeyri-maddi obyektlərə, 
								elmtutumlu məhsullara  yönəlməlidir). 
								Pedaqoji  
								təhsilin İKT  əsasında  innovativ  inkişaf   
								layihələrinin  hazırlanması və icrası zəruri  
								maliyyə dəstəyi olmasa mümkünsüzdür.  Bu, müasir 
								tələblərə cavab verən müəllim kadrlarının 
								hazırlanması üçün zəruridir.   
								Eyni  zamanda 
								qeyd etməliyik ki, bəzi pedaqoji profilli 
								universitetlərdə dövlət proqramlarından asılı 
								olmadan daxili imkanlar hesabına  müəyyən işlər 
								görülür, məsələn, ADPU-da  belə təşəbbüslər var. 
								2007-ci ildə Kompüter Mərkəzi yenidən təşkil 
								edildi, məqsəd   pedaqoji  təhsilin  
								informasiya-təhsil məkanının formalaşması, bu 
								əsasda  pedaqoji təhsilin keyfiyyətinin və 
								əlyetərliyin təmin edilməsi idi. Pedaqoji   
								təhsilin informasiya-təhsil məkanının 
								formalaşması məqsədi ilə  Kompüter Mərkəzinin 5 
								illik iş planı və onun  icrası üçün zəruri 
								layihələr sistemi müəyyənləşdirildi. Tələbələrin 
								biliklərinin qiymətləndirilməsində  bir çox 
								qabaqcıl dünya universitetlərində uğurla tətbiq 
								edilən "Elektron-test sistemi"  layihəsi   
								hazırlanıb  müvəffəqiyyətlə sınaqdan çıxarılıb 
								və  bu  gün uğurla  tətbiq  edilir. Lakin hər  
								bir yeniliyin  tətbiqi  təbii  olaraq əlavə  
								problemlər də yaradır, onları  həll etmədən 
								inkişaf mümkün olmur.    
								Son  vaxtlar 
								respublikanın pedaqoji  ictimaiyyəti  qiyabi  
								təhsildə distant  texnologiyalarının tətbiqi  
								zərurəti  barədə  müzakirələr  aparır.  Nəhayət  
								gec  də olsa,  XXI əsrin ən böyük  təhsil  
								innovasiyası olan  distant təhsilin   
								respublikamızda  da  reallaşması, deyəsən, 
								yaxınlaşır.  "Fasiləsiz pedaqoji təhsil və 
								müəllim hazırlığının konsepsiya və 
								strategiyası"nın müvafiq tədbirlər planına uyğun 
								olaraq respublikamızda distant pedaqoji təhsil 
								sisteminin yaradılması və inkişafına ciddi 
								ehtiyac var. Bu gün əksər ölkələrdə,  o cümlədən 
								bir çox MDB ölkələrində müəllimlərin ilkin 
								hazırlığı, yenidənhazırlığı, ixtisasartırılması 
								distant təhsil texnologiyaları vasitəsilə 
								reallaşır. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan 
								və s. ölkələrdə 10 ildən artıqdır ki, bu sahədə 
								sistemli iş aparılır, xeyli təcrübə 
								toplanmışdır.  Hesab edirik ki, respublikada 
								belə bir pilot layihəni də ADPU-da   başlamaq 
								mümkündür. Bu, virtual  pedaqoji təhsilin  
								inkişafına səbəb olmaqla yanaşı,  müəllimlərin 
								fasiləsiz əlavə təhsili üçün imkanlar verə 
								bilər.   Digər mühüm  məsələ  pedaqoji təhsil 
								üçün  elektron tədris  resurslarının   
								hazırlanmasıdır. Pedaqoji ixtisasların spektri 
								və tədris planında olan  fənlərin  müxtəlifliyi, 
								Boloniya prosesinə  keçidlə əlaqədar  
								tələbələrin müstəqil işlərinin xüsusi çəkisinin 
								artması bunu tələb edir. İnternetdə pedaqoji 
								təhsillə əlaqədar milli resurslar demək olar ki, 
								yoxdur. Bu istiqamətdə  də sistemli  iş aparmaq  
								lazımdır.  
								 Respublikada  
								pedaqoji təhsil portalının yaradılması  
								əhəmiyyətli ola bilər. Portal vasitəsi ilə 
								pedaqoji təhsil müəssisələri bir-birləri  ilə  
								daha sıx əlaqələr yarada  bilər, virtual 
								əməkdaşlıq edər, pedaqoji təhsil problemlərinə  
								dair müəyyən forumlar təşkil edər, elektron  
								nəşrlər hazırlaya bilərlər. Portal tələbə, 
								magistr, doktorantlar, alimlər  və  gənc 
								müəllimlər üçün faydalı ola bilər.   Portalda 
								pedaqoji təhsil üzrə zəruri elektron resurslar,  
								beynəlxalq təcrübəyə dair materiallar verilə 
								bilər. Portal  vasitəsi ilə peşəyönümü işi 
								aparmaqla abituriyentləri, istedadlı  gəncləri 
								pedaqoji sahəyə yönəltmək  mümkündür. Bu, ali 
								pedaqoji məktəblərin adambaşına maliyyələşmə 
								prinsipinə  keçdiyi ərəfədə  əhəmiyyətli ola  
								bilər.  
								Təhsilin 
								informatlaşması elə bir  prosesdir ki, burada  
								beynəlxalq  təcrübə çox  fayda  verə bilər. 
								Lakin bu təcrübəni olduğu kimi  respublikada 
								tətbiq etmək mümkün deyil, burada zaman, məkan 
								və  imkan  amilləri nəzərə alınmalıdır.  Rusiya 
								Federasiyasında  ümumtəhsil məktəblərinin 
								informatlaşması prosesində  ali pedaqoji  təhsil 
								müəssisələri mühüm rol oynayır.  
								Respublikamızda  da orta təhsilin ( eləcə də 
								orta ixtisas, ali və  ilk - peşə təhsilinin ) 
								informatlaşması istiqamətində pedaqoji təhsil 
								müəssisələrinin böyük perspektivləri var.    
								Məlum olduğu  kimi,  bu təhsil pillələrinin hər 
								birinin  inkişafı üçün xüsusi dövlət  
								proqramları təsdiq edilmiş, icrasına  maliyyə 
								vəsaiti ayrılmışdır. Bu inkişaf proqramların 
								mühüm  tərkib  hissəsi təhsilin 
								informatlaşmasına xidmət edir. Milli  təhsilin  
								informatlaşması prosesinin strateji-konseptual, 
								elmi-metodiki,  resurs, kadr təminatı 
								problemlərinin həllində pedaqoji  institutların 
								potensialını  yüksəltməklə bu  sahədəki  
								problemləri  həll  etmək olar. Respublikada  
								pedaqoji elmlər üzrə olan alimlərin  böyük  
								qismi ali pedaqoji təhsil  müəssisələrində 
								çalışır (pedaqogika, psixologiya, ayrı-ayrı 
								fənlərin  tədrisi metodikaları kafedralarında).  
								Bu alimlərin elmi  tədqiqat işlərini  təhsilin  
								informatlaşmasının pedaqoji, psixoloji  və 
								metodik  təminatı  problemlərinin həllinə 
								yönəltmək lazımdır. Bu  problemlər  tələbələrin, 
								magistrlərin, doktorantların tədqiqat  obyekti 
								olmalıdır.  Artıq klassik pedaqogikadan elektron 
								pedaqogikaya,  real  pedaqogikadan  virtual 
								pedaqogikaya keçidin,  kagız üzərində olan  
								dərslik və testlərdən elektron  dərslik və 
								testlərə  keçidin pedaqoji  problemlərini  
								tədqiq etmək vaxtıdır. Bu prosesdə təcrübəli 
								pedaqoqlarla  gənc tədqiqatçıların birgə  
								fəaliyyətinə, elmi ənənələrlə  innovasiyaların  
								sintezinə ehtiyac  var. Kafedraların 5  illik 
								elmi-tədqiqat  işlərinin planlaşdırılmasında bu 
								amillər nəzərə alınmalıdır. Gələcəkdə bu 
								imkanlardan səmərəli istifadə etmək üçün bu gün 
								pedaqoji universitetlərə ciddi investisiya 
								qoyulmalı, islahatlar aparılmalı, yeni 
								strukturlar,  beynəlxalq əlaqələr yaradılmalı,  
								bu  sahədə olan zəngin beynəlxalq təcrübə (heç  
								olmasa  MDB və Türkiyə səviyyəsində) təhlil 
								edilərək öyrənilməlidir.    
								Digər mühüm  
								problem təhsilin informatlaşması üzrə müasir 
								kadr hazırlığı məsələsidir. Təhsilin   
								informatlaşması kimi yüksək texnoloji və 
								elmtutumlu  problemin həlli, ilk növbədə, kadr 
								təminatından asılıdır. İnkişaf   etmiş  
								ölkələrdə  təhsilin informatlaşması   prioritet  
								məsələ  kimi qiymətləndirilir, təhsil sisteminin 
								gələcəyi onun informatlaşma səviyyəsindən 
								asılıdır. Artıq 25  ildir ki,  bir  çox  
								ölkələrdə  təhsilin informatlaşması üzrə  
								müxtəlif səviyyələrdə   ixtisaslı kadr  
								hazırlığı həyata keçirilir. Bakalavr, magistr, 
								əlavə təhsil,  aspirantura, doktorantura 
								pillələrində  fasiləsiz olaraq təhsilin 
								informatlaşması üzrə kadrlar hazırlanır.  Bizim 
								respublikada da  bu istiqamətdə pedaqoji 
								universitetlərdə "Təhsilin informatlaşması" 
								ixtisası üzrə  sistemli  şəkildə kadr 
								hazırlanmasına ehtiyac var.  Müvəqqəti olaraq  
								vəziyyətdən çıxmaq üçün  1 illik tədris  
								proqramı  əsasında  informatika müəllimləri  
								üçün  "Təhsilin informatlaşması"  ixtisası üzrə  
								yenidənhazırlanma  və magistr kursları, 
								gələcəkdə  isə bakalavr   hazırlıq  proqramları  
								yaratmaq  lazımdır.   
								Hələlik isə  
								bu istiqamətdə  gələcək müəllimlərə pedaqoji 
								universitetlərdə  yeni təhsil  standartları 
								əsasında 45  saat  həcmində "Təhsildə İKT" adlı 
								xüsusi fənn tədris olunur. Bu gün "Təhsildə İKT" 
								fənni eyni zamanda  bir neçə kafedra  tərəfindən 
								tədris olunur. Hesab edirik ki, bu  fənn bir 
								kafedra  tərəfindən tədris olunsa, daha səmərəli 
								olar, gələcəkdə isə "Təhsildə İKT" adda yeni 
								kafedraların  yaradılması məqsədəuyğundur.
								 
								Pedaqoji  ali  
								təhsil müəssisələrində  informatika müəllimləri 
								hazırlanmasının  da xeyli   problemləri var. 
								İnformatika müəllimlərinin hazırlığı  üzrə 
								təhsil standartlarının  daim təkmilləşdirilməsi, 
								tədris-metodik və proqram-texniki  təminat 
								problemlərinin həlli aktualdır. Pedaqoji  ali  
								təhsil müəssisələrində  informatika  
								kafedralarında çalışan müəllimlərin sistematik 
								ixtisasartırma kurslarına cəlb edilməsi 
								zəruridir. Çünki  bu sahənin inkişaf  tempi çox  
								yüksəkdir.  Bu işdə  yerli  İT şirkətlərinin, 
								Rusiya və Türkiyənin distant İT kurslarının, 
								beynəlxalq İT akademiyalarının imkanlarından 
								istifadə etmək  olar.      
								Cəmiyyətin,  
								təhsil  sisteminin   inkişafında   pedaqoji  
								təhsilin əhəmiyyəti  və məsuliyyəti böyükdür,  
								problemlər  də gördüyümüz kimi  az  deyil.  Bu  
								problemlər əsasən keçid  dövrünün çətinlikləri,  
								texnologiyaların sürətlə  dəyişməsi və  insan 
								amilinə  bağlıdır. Pedaqoji təhsilin mövcud  
								problemlərini həll edərək, ümumtəhsil  
								məktəblərimizi  gələcəkdə daha keyfiyyətli  
								müəllim kadrları ilə təmin edə bilərik, nəticədə 
								elm-təhsil səviyyəmiz daha da yüksələr.  
								İnformasiya  və innovasiyalar cəmiyyətində bu, 
								çox mühümdür,  çünki  məşhur filosof 
								Konfutsinin  təbirincə desək, elm  və təhsildən 
								faydalanmağı  bacaran  xalq  firavan yaşayar.   
								
								
								İlham  ƏHMƏDOV, 
								dosent, ADPU-nun Kompüter  Mərkəzinin direktoru  | 
								  |