| 
								 
								 Novruzov 
								Ələsgər Xanlar oğlu  
								1949-cu il 
								avqustun 1-də Laçın rayonunun Kürdhacı kəndində 
								anadan olub. 1966-cı ildə kəndlərindəki orta 
								məktəbi bitirib və 1968-1970-ci illərdə əsgəri 
								xidmətdə olub. Hərbi xidmətini başa çatdırdıqdan 
								sonra 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna 
								daxil olub. 1973-cü ildə texnikumu bitirərək 
								bədən tərbiyəsi (indiki fiziki tərbiyə) müəllimi 
								ixtisasına yiyələnib. 1979-cu ildə Xocalı 
								şəhərinə köçərək öz ixtisası üzrə müəllim 
								işləyib. 1988-ci ildə yaranan Xocalının Müdafiyə 
								Şurasının ilk beş üzvündən biri də Ələsgər olub. 
								Azğınlaşmış erməni işğalçılarına qarşı keçirilən 
								əməliyyatlarda o, həmışə fərqlənib. Eyni zamanda 
								Ələsgər 1992-ci il fevralın 25-dən 26-na keçən 
								gecə ermənilərin Xocalıya hücumu zamanı 
								soydaşlarımızın təhlükəsizliyini təmin etmək 
								üçün bütün bacarığı ilə vuruşub. 
								Ə.Novruzovu 
								düşmən həmin döyüşlər zamanı çox çətinliklə də 
								olsa əsir götürüb və işgəncə ilə qətlə 
								yetiriblər. 
								Ailəli idi. Üç 
								övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 25 fevral 1997-ci il 
								tarixli 553 nömrəlı Fərmanı ilə Novruzov Ələsgər 
								Xanlar oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Laçın 
								rayonunun Kürdhacı kəndində dəfn olunub.   
								
								 Nuriyev 
								Elnur Eyvaz oğlu  
								1975-ci il 
								avqustun 22-də Zəngilan rayonunun Cahangirbəyli 
								kəndində anadan olub. 1992-ci ildə kəndlərindəki 
								orta məktəbi bitirib. 1993-cü ildə Zəngilan 
								Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu 
								sıralarına hərbi xidmətə çağırılıb. Qısa müddət 
								sınaq-məşq toplantısı keçdikdən sonra döyüşlərdə 
								iştirak etmək üçün Füzuli bölgəsinə göndərilib. 
								Elnur  sonra xidmət etdiyi hərbi hissədən Tərtər 
								bölgəsinə yollanıb. Qapanlı, Seysulan 
								kəndlərinin  erməni işğalçılarından azad 
								edilməsində xüsusi döyüş əzmkarlığını nümayiş 
								etdirib. O, qəlbində Vətən sevgisi, torpaq 
								istəyi olan cəsur bir döyüşçü kimi komandirləri 
								tərəfindən verilən bütün döyüş tapşırıqlarını 
								ləyaqətlə yerinə yetirib. Döyüşçü yoldaşlarının, 
								dostlarının hörmətini, məhəbbətini 
								qazanıb.1994-cü ildə Gəncə şəhərinə göndərilib. 
								E.Nuriyev 
								1994-cü il Gəncə hadisələri zamanı döyüş 
								tapşırığını yerinə yetirərkən həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il 
								tarixli 215 nömrəli Fərmanı ilə Nuriyev Elnur 
								Eyvaz oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Kürdəmir 
								şəhərində Şəhidlər xiyabanında dəfn olunub.  
								
								 Ocaqverdiyev 
								Sərxan Surxay oğlu  
								1967-ci il 
								iyulun 16-da Goranboy rayonunun Səfikürd 
								kəndində anadan olub. 1985-ci ildə Tatarlı kənd 
								orta məktəbini bitirdikdən sonra Xabarovsk 
								şəhərində hərbi xidmətdə olub. 1988-ci ildə 
								hərbi xidmətini başa çatdıraraq Vətənə qayıdıb 
								və Gəncə Maşınqayırma Texnikumuna daxil olub. 
								1991-ci ildə təhsilini müvəffəqiyyətlə başa 
								çatdıraraq Gəncə Maşınqayırma Zavodunda əmək 
								fəaliyyətinə başlayıb. Vətənini, xalqını, 
								torpağını sonsuz məhəbbətlə sevən Sərxan 1992-ci 
								ildə Goranboy özünümüdafiə batalyonuna üzv 
								yazılıb. Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu 
								kəndlərinin müdafiəsi zamanı erməni 
								işğalçılarına qarşı gedən qanlı döyüşlərdə 
								bacarıqlı bir əsgər kimi igidliklər göstərib. O, 
								eyni zamanda düşmənə qarşı aparılan döyüş 
								əməliyyatları vaxtı komandirlərinin verdiyi 
								bütün tapşırıqları nümunəvi bir şəkildə yerinə 
								yetirib. 
								S.Ocaqverdiyev 
								1992-ci il mayın 5-də ermənilər Talış kəndinə 
								hücuma keçərkən  həmin qanlı döyüşdə 
								qəhrəmancasına həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 7 iyun 1992-ci il 
								tarixli 833 nömrəli Fərmanı ilə Ocaqverdiyev 
								Sərxan Surxay oğlu ölümündən sonra Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb. 
								Goranboy 
								rayonunun Səfikürd kəndində dəfn olunub. Təhsil 
								aldığı Tatarlı kənd orta məktəbi onun adını 
								daşıyır. Goranboy rayonunda büstü qoyulub.  
								
								 Orucov 
								Vəzir Surxay oğlu  
								1956-cı il 
								dekabrın 26-da Tərtər rayonunun Xoruzlu kəndində 
								anadan olub. Orta təhsilini  doğma kəndlərindəki 
								orta məktəbdə alıb. 1974-cü ildə Bakı Yüngül 
								Sənaye Texnikumuna daxil olub.1975-ci ildə hərbi 
								xidmətə çağırılıb. Vəzir 1977-ci ildə ordudan 
								tərxis olunduqdan sonra yarımçıq qalmış 
								təhsilini davam etdirib. O, 1984-cü ildə 
								Rusiyanın Arxangelsk vilayətinə köçüb. 1992-ci 
								ildə Vətənə  dönərək mayın 4-də Tərtər 
								özünümüdafiə batalyonuna daxil olub. Sıravi 
								döyüşçü kimi mübarizəyə başlayan Vəzir batalyon 
								komandirinin müavini vəzifəsinə kimi yüksəlib. 
								V.Orucov torpaqlarımız uğrunda gedən döyüşdə 
								şücaət göstərib. Düşmənin bir çox "mühüm" 
								planlarını pozub. O, 1992-ci il sentyabrın 1-də 
								Çıldıran kəndi uğrunda  gedən döyüşdə yaralanıb. 
								Müalicə olunaraq yenidən cəbhə bölgəsinə 
								qayıdıb. 
								V.Orucov 
								1993-cü il martın 22-də Ağdərənin Qlobus 
								yüksəkliyi uğrunda gedən ağır döyüşdə 
								qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								Bir övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 27 mart 1993-cü il 
								tarixli 495 nömrəli Fərmanı ilə Orucov Vəzir 
								Surxay oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub.  
								
								 Paşayev 
								Baxşeyiş Xanəhməd oğlu  
								1936-cı il 
								mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində 
								anadan olub. Yeddinci sinfi bitirdikdən sonra 
								Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 
								1954-cü ildə texnikumu bitirərək Ağdam Atçılıq 
								Sovxozunda mexanizator işləməyə başlayıb. 
								1965-ci ildən sürücü kimi fəaliyyətə başlayan B. 
								Paşayev sonralar xalq hərəkatına qoşulub və tez 
								bir zamanda "Qarabağ Müdafiə Şahinləri" 
								dəstəsinin ən fəal döyüşçülərindən olub. Xramort 
								kəndinin erməni işğalçılarından təmizlənməsində 
								igidlik göstərib. Baxşeyiş mahir atıcı olmaqla 
								yanaşı, həm də gözəl kəşfiyyatçı kimi dəfələrlə 
								Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad 
								kəndlərində kəşfiyyatda olub. 
								1992-ci il 
								iyulun 12-də Xanabad kəndinə hücuma keçən zaman 
								Baxşeyişin dəstəsi düşmənin 7 postunu ələ 
								keçirib. Gərgin keçən həmin döyüşdə B.Paşayev 
								qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								Doqquz övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 7 dekabr 1992-ci il 
								tarixli 350 nömrəli Fərmanı ilə Paşayev Baxşeyiş 
								Xanəhməd oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Ağdam 
								rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.  |