| 
								 Təhsil 
								sisteminin yeni inkişaf istiqamətlərini özündə 
								ehtiva edən Milli Kurikulum sənədində  musiqi 
								kurikulumu da mühüm konsepsiya kimi irəli 
								sürülmüşdür. Mənəvi-estetik təsirinə, didaktik 
								mahiyyətinə, vətənpərvərlik, humanizm ruhunda  
								tərbiyəedici təsir qüvvəsinə görə bu fənn çox 
								böyük əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, 
								musiqinin dili, onun insan psixologiyasına  
								təsiri çox sadədir, tərcüməçi, vasitəçi tələb 
								etmir, yaşından, intellektindən asılı olmayaraq, 
								hər kəsin musiqiyə mənəvi ehtiyacı var. 
								Ümumtəhsil 
								məktəblərində musiqi təlimi 
								nin əsas 
								məqsədi milli və bəşəri sənət nümunələri 
								əsasında şagirdlərdə musiqi mədəniyyətinin 
								formalaşdırılması və inkişafını təmin etməkdən 
								ibarətdir. 
								Təbii ki, bu 
								istiqamətlər 1-ci sinifdən 3-cü sinfədək musiqi 
								fənni üzrə məzmun xətlərində, nəzəri-praktik  
								materiallarda  öz əksini tapmışdır. Bütün 
								materiallar, mövzular sadədən mürəkkəbə doğru 
								prinsipi əsasında verilmişdir. İstər bəstəkar, 
								istər xalq, istərsə də klassik musiqi haqqında 
								verilən məlumatlar, nümunələr, həmçinin musiqi 
								nəzəriyyəsi haqqında ilkin bilgilər, musiqi 
								janrları və onlara aid nümunələr  şagirdləri  
								musiqi aləminə aparmaqla yanaşı, həm də onların 
								özü tərəfindən musiqi əsərinin 
								dəyərləndirilməsi, estetik dünyagörüşünün 
								formalaşması həyata keçirilir. Musiqinin 
								qavranılması  şagirdin mənəvi aləminin 
								zənginləşməsinə, hiss və duyğularının 
								formalaşmasına, emosional fəaliyyətinin meydana 
								çıxmasına şərait yaradır. 
								İbtidai sinif 
								müəllimi kimi hər gün bu hiss və duyğularla 
								təmasda musiqi dərslərində şagirdlərin yüksək 
								əhvali-ruhiyyəsinin şahidi olduğum üçün 
								deməliyəm ki, musiqi dinləmək, musiqili-ritmik 
								hərəkətləri icra etmək, uşaq musiqi alətlərində 
								çalmaq, sujetli musiqiləri, mahnıları 
								səhnələşdirmək və ya ifa etmək onların şəxsiyyət 
								kimi formalaşmasında müstəsna əhəmiyyətə 
								malikdir. Amma gəlin görək rayon, kənd 
								məktəblərində musiqi dərslərinin musiqi fənn 
								kurikulumunun məzmun xətlərindən irəli gələn 
								prinsiplərin və ya vəzifələrin həyata 
								keçirilməsi baxımından  təşkili üçün lazım olan 
								şərait varmı? Musiqi dərslik komplekti, yəni 
								dərslik, iş dəftəri və müəllim üçün vəsait çox 
								gözəldir. Yeni təlim texnologiyaları əsasında  
								yüksək səviyyəli dərs qurmaq üçün bu vəsaitlərdə 
								həqiqətən zəngin materiallar, təlim üsulları 
								var. Təəssüf ki, əyalət müəlliminin sinifdə hər 
								şeyi yoxdur. Dərslikdə verilmiş hansısa mahnını 
								və ya musiqini dinləməyə, çalmağa ən adi bir 
								maqnitofon, ya bir musiqi aləti yoxdur. Nəzərə 
								alsaq ki, rayonlarda 1-ci sinfə gələn uşaq 
								əsasən bağçadan deyil, ailədən gələcək və onun 
								musiqidən heç bir anlayışı yoxdur, təbii ki, 
								belə halda yüksək səviyyəli dərs qurmaq daha da 
								çətinləşir. 
								Ümumiyyətlə, 
								bu yaşda uşaqların şifahi nitqi də o qədər 
								inkişaf etmədiyindən, hətta 3-cü sinifdə bir 
								çoxları verilən terminləri nəinki öyrənə, 
								çoxları heç düzgün tələffüz edə bilmir. Həftədə 
								1 saat tədris olunan dərsdə onlara nəzəri 
								bilikləri mənimsətmək, hansısa mahnı mətnlərini 
								əzbərlətmək, mənə elə gəlir ki, dərsin 
								səmərəliliyini aşağı salır. Uşaq mahnılarından 
								ibarət disklər məktəblərə göndərilsə, məktəbdə 
								təlimin texniki  vasitələri olsa, əlbəttə, biz 
								də öz işimizin öhdəsindən daha yaxşı gələrik. 
								Təklifim 
								nədir? 
								1. Kənd 
								rayonlarında mövcud uşaq bağçalarında musiqi 
								məşğələləri ixtisaslı tərbiyəçilər tərəfindən 
								aparılsın və bağçaların uşaq musiqi alətləri ilə 
								təchizatı yaxşılaşdırılsın. 
								2. Məktəblərə, 
								heç olmasa dərslikdə verilmiş musiqi 
								nümunələrindən ibarət kompakt-disklər 
								göndərilsin. 
								Bu, əyaniliyi 
								qismən təmin etmiş olar. 
								3. Musiqi 
								dərsliyinin dili və verilmiş musiqi terminləri 
								uşaqların yaş səviyyəsinə, mövzular isə mövcud 
								bazaya uyğunlaşdırılsın.  
								İnanırıq ki, 
								müəlliflər bütün bunları nəzərə alaraq dərslik 
								komplekti üzərində yenidən işləyərkən daha 
								mükəmməl, sadələşdirilmiş, şagirdlərin hazırlıq 
								səviyyəsini dəyərləndirərək, kənd məktəblərinin 
								mövcud bazasını nəzərə alaraq musiqi fənn 
								kurikulumunu əks etdirən bir dərslik 
								hazırlayacaqlar.  
								
								
								Fənarə HÜSEYNZADƏ, 
								Beyləqan rayonu R.Abbasov adına şəhər  
								4 nömrəli orta məktəbin ibtidai sinif müəllimi
								  | 
								  |