| 
								 Azərbaycan 
								Respublikası Prezidenti Administrasiyası 
								rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on 
								doqquzuncu ildönümünün keçirilməsinə dair 
								tədbirlər planı" təsdiq edilmişdir.  
								Tədbirlər 
								planında Xətai rayonunda, Naftalan şəhərində 
								Xocalı soyqırımı qurbanlarının xatirəsinə 
								ucaldılmış abidələrin önünə əklil qoyulması, 
								Xocalıdan olan məcburi köçkünlərin dünya 
								dövlətlərinə, xalqlarına və beynəlxalq 
								təşkilatlara müraciətinin yayılması, Azərbaycan 
								Respublikasının xarici ölkələrdəki 
								səfirliklərində, nümayəndəliklərində və diaspor 
								təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı 
								mətbuat konfranslarının, anma mərasimlərinin və 
								s. keçirilməsi, xarici KİV və teleradio 
								kanallarında Xocalı soyqırımına həsr olunmuş 
								materialların hazırlanması və yayılması nəzərdə 
								tutulmuşdur.  
								Sənədə əsasən, 
								idarə və təşkilatlarda, teatr-konsert 
								müəssisələrində, sərgi salonlarında, ali və orta 
								təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm 
								sərgiləri, şahidlərlə görüşlər və s. 
								keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə 
								həsr olunmuş sənədli və bədii filmlər nümayiş 
								etdiriləcəkdir.  
								Rəsmi dövlət 
								strukturları rəhbərlərinin, Milli Məclisin 
								deputatlarının və ziyalıların iştirakı ilə 
								xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və 
								rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, 
								Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad, 
								Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid 
								ailələrinə yardım göstəriləcəkdir.  
								İldönümü 
								ərəfəsində İnternet şəbəkəsinə Xocalı 
								soyqırımını əks etdirən məlumatlar daxil 
								ediləcək və müntəzəm yeniləşdiriləcək, ölkə 
								televiziya və radiolarında, kütləvi informasiya 
								vasitələrində bu soyqırımı ilə bağlı materiallar 
								veriləcəkdir.  
								Fevralın 25-də 
								təhsil müəssisələrində ilk dərslər bu faciəyə 
								həsr olunacaq, ayın 26-da saat 17.00-da bütün 
								ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının 
								xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir. 
								  
								
								
								AzərTAc  | 
								  |