| 
								 Xəbər 
								verdiyimiz kimi, yanvarın 27-də Təhsil 
								Nazirliyində  geniş kollegiya iclası keçirilib. 
								
								 Kollegiya 
								üzvləri ilə yanaşı, Prezident 
								Administrasiyasından, Nazirlər Kabinetindən, 
								digər dövlət qurumlarından, YAP-dan 
								nümayəndələrin, millət vəkillərinin, Təhsil 
								Nazirliyi Aparatının məsul işçilərinin, 
								nazirliyin struktur bölmə rəhbərlərinin, ali 
								məktəb rektorlarının, orta ixtisas, ilk 
								peşə-ixtisas, bilavasitə nazirliyə tabe olan 
								ümumtəhsil müəssisələrinin direktorlarının, 
								rayon, şəhər təhsil şöbə müdirlərinin, tanınmış 
								ziyalıların və bəzi qeyri-hökumət təşkilatları 
								təmsilçilərinin iştirak etdikləri iclasda 
								"2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda 
								duran vəzifələr" mövzusunda məsələ müzakirə 
								edilib. 
								Azərbaycan 
								Respublikasının təhsil naziri, kollegiyanın 
								sədri Misir Mərdanov iclası açıb iştirakçıları 
								salamladıqdan sonra "2010-cu ilin yekunları və 
								2011-ci ildə qarşıda duran vəzifələr" mövzusunda 
								geniş məruzə-təqdimatla çıxış etdi. 
								Əvvəlki 
								illərdə olduğu kimi, 2010-cu ildə də ölkədə 
								təhsilin Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı 
								altında olduğunu qeyd edən nazir geniş faktik 
								materiallar, dərin təhlillər və müqayisələr 
								əsasında hazırlanmış təqdimatında öncə Nazirlər 
								Kabinetinin bu il yanvarın 14-də keçirilmiş 
								iclasında söylənilmiş bəzi fikirləri, ölkəmizin 
								sosial-iqtisadi inkişafı sahəsində ötən il 
								qazanılmış uğurları əks etdirən fakt və 
								rəqəmləri diqqətə çatdırdı. Bildirdi ki, ümumi 
								daxili məhsul  5 faiz, əhalinin pul gəlirləri 
								12,3 faiz artmış, yoxsulluğun səviyyəsi daha da 
								aşağı düşərək 9,1  faiz təşkil etmişdir. Ölkə 
								iqtisadiyyatına 15,5 milyard dollar vəsait 
								qoyulmuş, 51 milyon ton neft, 27 milyard kubmetr 
								qaz hasil edilmişdir. 
								
								 BMT-nin 
								2010-cu il üzrə İnsan İnkişafı Hesabatından bəzi 
								rəqəmləri də misal gətirən nazir qeyd etdi ki, 
								2005-ci illə müqayisədə Azərbaycan 34 pillə 
								irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 
								67-ci yerə yüksəlmiş, ölkəmiz "orta insan 
								inkişafı" qrupundan "yüksək insan inkişafı" 
								qrupuna  daxil olmuşdur. Nazir bu irəliləyişdə 
								təhsilin də xüsusi çəkisi olduğunu söylədi və 
								bildirdi ki, hesabata əsasən hazırda 
								Azərbaycanda əhalinin savadlılıq səviyyəsi 99,5 
								faiz təşkil edir.  
								Sonra 
								təqdimatda ölkə Prezidentinin təhsilə qayğısını 
								əks etdirən faktlar və rəqəmlərə dair slaydlar 
								nümayiş olundu. Nazir qeyd etdi ki, Azərbaycan 
								Prezidenti və onun xanımı Mehriban Əliyeva 
								2010-cu il ərzində 16 yeni inşa olunmuş, əsaslı 
								təmir edilmiş təhsil müəssisəsində olmuş, 
								müəllim və təhsilalanlarla görüşmüşdür. Səfər 
								edilmiş müəssisələrin siyahısını iclas 
								iştirakçılarının diqqətinə çatdıran nazir bunu 
								Azərbaycan tarixində misli olmayan hadisə kimi 
								dəyərləndirdi. 
								Nazir bildirdi 
								ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 
								tərəfindən ötən il ərzində təhsillə bağlı 37 
								sərəncam və 2 fərman imzalanmışdır.  
								"Ən yaxşı 
								müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqələrinin qaliblərinin mükafatlandırılması 
								haqqındakı Prezident sərəncamları  üzərində bir 
								qədər geniş dayanan nazir həmin sərəncamlara 
								əsasən 50 məktəbə və 100 müəllimə pul 
								mükafatlarının verildiyini qeyd etdi, 
								müsabiqənin bəzi yekunlarından söz açaraq 
								qaliblərin bölgələr üzrə paylanmasını göstərən 
								cədvəlləri nümayiş etdirdi. Təhsil ocaqları və 
								müəllimləri bu yüksək yarışmada fəallıq 
								göstərən, heç iştirak etməyən və iştirak edib 
								qaliblər sırasına düşməyən şəhər və rayonların 
								adları çəkildi, bəzi müqayisələr aparıldı. 
								Nazir 
								təqdimatında 2010-cu ildə Prezidentin 
								sərəncamları ilə 411 təhsil işçisinin müxtəlif 
								orden və medallara, fəxri adlara layiq 
								görüldüyünü qeyd edib, bunu da  ölkə başçısının 
								təhsilimizə qayğısının nəticəsi kimi 
								dəyərləndirdi. Qeyd olundu ki, Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin fəaliyyətində 
								də təhsilin inkişafı əsas prioritetlərdən olmuş 
								və 2010-cu ildə hökumət tərəfindən təhsillə 
								bağlı 32 qərar imzalanmışdır. Həmin qərarlardan 
								28-i "Təhsil haqqında" Qanunun icrası ilə 
								bağlıdır. Nazir bu sənədlərin yüzlərlə 
								mütəxəssis və təhsil ekspertinin zəhməti 
								hesabına başa gəldiyini qeyd etdi. 
								Daha sonra 
								nazir dövlət büdcəsindən təhsilə ayırmaları, 
								təhsil büdcəsinin son üç ildəki inkişaf 
								dinamikasını əks etdirən slaydlara diqqəti 
								yönəldərək hər il dövlət büdcəsindən təhsilə 
								ayrılan xərclərin, investisiyaların artdığını 
								bildirdi. Qeyd etdi ki, 2010-cu ildə təhsilə 
								ayrılan xərclər 1,276 milyard manat təşkil 
								etmiş, 2011-ci ildə isə təhsilə 1,338 milyard 
								manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, 
								bu da 2010-cu ildəkindən 61,3 milyon manat 
								çoxdur. İnvestisiyaların həcmi və Prezidentin 
								Ehtiyat Fondundan ayrılan xərclər 2010-cu ildə 
								80,4 milyon manat təşkil etmişdir. 2011-ci ildə 
								investisiyaların həcmi 86,3 milyon manat nəzərdə 
								tutulmuşdur. 
								
								Məruzə-təqdimatında təhsil naziri 2010-cu ildə 
								həyata keçirilən dövlət proqramları və layihələr 
								üzərində ətraflı dayanaraq qeyd etdi ki, son 
								illər Azərbaycan elmi surətdə əsaslandırılmış və 
								cənab Prezident tərəfindən təsdiq olunmuş 
								proqramlarla idarə olunur. Beynəlxalq qurumların 
								da qeyd etdiyi kimi, bu, ölkəmizin inkişafını 
								təmin edir. Təhsillə bağlı bu gün 16 dövlət 
								proqramının olduğunu deyən nazir, həmin 
								proqramların adlarını iclas iştirakçılarına 
								təqdim etdi. 
								Sonra təhsil 
								naziri hər bir təhsil pilləsi üzrə görülmüş 
								işlər barədə məlumat verdi. Öncə məktəbəqədər 
								təhsilə dair son 3 ilin statistikası diqqətə 
								çatdırıldı. Qeyd olundu ki, 2009-2010-cu tədris 
								ilində dövlət məktəbəqədər təhsil 
								müəssisələrinin sayı 1607, burada tərbiyə 
								olunanların sayı isə 103342 nəfər olmuşdur. Bu 
								müəssisələrdə 13408 pedaqoji işçi çalışmışdır. 
								2010-2011-ci tədris ilində isə məktəbəqədər 
								müəssisələrin sayı bir qədər artaraq 1624 olmuş, 
								uşaqların sayı isə müəssisələrdə olduğundan daha 
								çox artaraq 107954 təşkil etmişdir. Ölkə üzrə 
								məktəbəqədər təhsillə əhatə səviyyəsi 16,5 
								faizdir. Bununla belə, nazir özəl bağçalarda 
								artımın da çox olduğunu söylədi. Nümayiş olunan 
								cədvəldən göründü ki, bu müəssisələrin sayı bu 
								il ötən ildəkindən üç dəfədən çox artaraq 5-ə 
								qarşı 21 olmuş, uşaqların da sayında müvafiq 
								artım (275-ə qarşı 1005) qeydə alınmışdır. Bu 
								sahədə dövlət başçısı tərəfindən təsdiq olunmuş 
								proqram çərçivəsində 2010-cu ildə görülmüş işlər 
								haqqında məlumat verən nazir bildirdi ki, ötən 
								il ərzində 3 yeni uşaq bağçası tikilib 
								istifadəyə verilmiş, 7 müəssisə əsaslı təmir 
								olunmuş, 31 müəssisədə cari təmir işləri 
								aparılmış, 151 müəssisə avadanlıqlarla təmin 
								edilmişdir. Ötən il tikilmiş və əsaslı təmir 
								olunmuş uşaq bağçalarından fotogörüntülər  
								kollegiya iştirakçılarına təqdim olundu. 
								 
								2010-cu ildə 
								məktəbəqədər müəssisələrin təlim vəsaitləri ilə 
								təminatı sahəsində də addımlar atıldığı və 53 
								adda təlim vəsaiti hazırlanaraq müəssisələrə 
								çatdırıldığı, YUNİSEF-in dəstəyi ilə beynəlxalq 
								məsləhətçi cəlb olunmaqla məktəbəqədər təhsilin 
								müasir tələblərə cavab verən yeni 
								kurikulumlarının hazırlanmasına başlandığını, 
								respublika üzrə 5 yaşlı uşaqların məktəbəqədər 
								təhsilə cəlb olunması üzrə məlumat bankının 
								yaradıldığı qeyd olundu. 
								Bakı şəhərində 
								5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin 
								2006-2011-ci illər üzrə artımını əks etdirən 
								cədvəl, məktəbəqədər təhsil müəssisələri, ölkə 
								üzrə yaşayış məntəqələri, məktəbəqədər yaşlı 
								uşaqlar və məktəbəqədər təhsilə cəlb olunanlarla 
								bağlı aparılmış təhlilin nəticələri, bu sahədə 
								mövcud problemlər və 2011-ci ildə görüləcək 
								işlər iclas iştirakçılarına təqdim olundu. 
								Bildirildi ki,  hazırda ölkə üzrə bu sahədə 477 
								yeni təhsil müəssisəsinin inşasına, 863 
								müəssisənin əsaslı təmiri, bərpası və 
								gücləndirilməsinə ehtiyac var. 
								Sonra ümumi 
								təhsil pilləsi üzrə görülmüş və görüləsi işlər, 
								mövcud problemlər haqqında slaydlar vasitəsi ilə 
								kollegiya iştirakçılarına məlumat verildi. Nazir 
								öncə bu pilə üzrə təhsil müəssisələri haqqında 
								məlumatı əks etdirən cədvəli təqdim etdi. 
								Bildirdi ki, hazırda ölkədəki 4522 dövlət 
								ümumtəhsil müəssisəsində 1321091 şagird oxuyur, 
								həmin müəssisələrdə pedaqoji heyət üzvlərinin 
								sayı 159461 nəfərdir. Müəllimlərin sayının 
								əvvəlki illərlə müqayisəsinə diqqəti çəkən nazir 
								son 3 ildə (2008-2009-cu dərs ilində - 163.226; 
								2009-2010-da - 160161; 2010-2011 - 159461) 
								pedaqoji heyətin sayının azalmasına nail 
								olunduğunu söylədi. Eyni zamanda nazir son 1 
								ildə birinci siniflərə gedən şagirdlərin sayının 
								təxminən 1500 nəfər artdığını dedi. 
								Kollegiyada 
								gətirilən faktlardan göründü ki, ötən il 
								məktəblərin infrastrukturu da inkişaf edib. 
								2010-cu ildə 21996 yerlik 61 məktəb binası, 11 
								məktəb üçün 1578 yerlik əlavə korpuslar tikilib, 
								15 məktəb əsaslı təmir olunub. 356 məktəbdə cari 
								təmir işləri aparılıb, 6980 yerlik 25 məktəb 
								binasının tikintisinə başlanıb.  
								Məktəblərin 
								infrastrukturunun yeniləşdirilməsi sahəsində 
								Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd 
								edən nazir Fond tərəfindən 2010-cu ildə 1100 
								yerlik 2 yeni məktəbin tikildiyini, Gürcüstanda 
								azərbaycanlılar yaşayan bölgələrdə 3 məktəb 
								binasının əsaslı təmir və bərpa edildiyini 
								söylədi. Yeni tikilmiş məktəblərin siyahıları və 
								onlardan fotogörüntülər nümayiş etdirildi. 
								Ümumtəhsil 
								məktəblərinin avadanlıqla təminatına toxunan 
								nazir 66 rayon üzrə 266 məktəbə 27414 parta, 
								2315 yazı lövhəsi, 4313 müəllim masası, 7662 
								müəllim stolu verildiyini, 115 məktəbin kimya, 
								114 məktəbin isə fizika laboratoriyaları ilə 
								təmin edildiyini söylədi. Eyni zamanda diqqəti 
								bu sahədə mövcud olan problemlərə də yönəldərək 
								bildirdi ki, aparılan araşdırmalara əsasən ölkə 
								üzrə qəzalı vəziyyətdə olan 262 məktəb üçün bina 
								tikilməsinə, 872 məktəbin əsaslı təmirə ehtiyacı 
								var. Ümumi təhsil sahəsində 2011-ci ildə 
								görüləcək işlər diqqətə çatdırıldı. 
								Təhsil naziri 
								təqdimatında kurikulum islahatı ilə bağlı 
								məlumat verərək bildirdi ki, artıq 2010-2011-ci 
								dərs ilində I-III siniflərdə tədris yeni fənn 
								kurikulumları üzrə aparılır, digər siniflərdə 
								isə  bu işə növbəti illərdən başlanacaq. Bu 
								sahədə müvafiq işlər aparılır. Ötən il 
								monitorinq və qiymətləndirmə sahəsində xeyli iş 
								görülüb. Nazirlər Kabineti müvafiq konsepsiyanı, 
								təsdiq edib, kurikulum tətbiq olunan aşağı 
								siniflərdə ciddi iş aparılır. Nazir keçən il XI 
								siniflərlə yanaşı, IX siniflərdə də buraxılış 
								imtahanlarının mərkəzləşdirilmiş qaydada  
								keçirildiyini, əvvəllər ictimaiyyət tərəfindən 
								yaxşı qəbul edilməyən bu işin hazırda müsbət 
								qarşılandığını söylədi və ötənilki buraxılış 
								imtahanlarının nəticələri, fənlər üzrə imtahan 
								suallarının sayında edilmiş yeniliklərlə iclas 
								iştirakçılarını tanış etdi. Beynəlxalq 
								qiymətləndirmə üzrə aparılmış işləri diqqətə 
								çatdıraraq hələlik ölkəmizin 3 beynəlxalq 
								qiymətləndirmə proqramında iştirak etdiyini 
								söylədi. 
								Kollegiyada 
								2010-cu ildə ali məktəblərə qəbulun nəticələri 
								barədə söz açıldı. Qəbul imtahanlarında 0-100, 
								100-200, 200-300, 300-500, 500-700 bal toplayan 
								abituriyentlərin 2003-2010-cu illər üzrə faiz 
								şəklində ifadə olunmuş nəticələrini əks edirən 
								diaqramlar nümayiş olundu, onların illər üzrə 
								müqayisəsi aparıldı, aşağı bal toplayanların 
								sayının getdikcə azaldığı, əlaçıların 
								göstəricilərinin isə əksinə, artdığı, 600-dən 
								yuxarı bal toplayanların əvvəlki ilə nisbətən, 
								təxminən, 2 dəfə çox olduğu vurğulandı. 
								İstedadlı 
								şagirdlərlə işlə bağlı həyata keçirilən 
								tədbirlərə toxunan nazir bildirdi ki, 
								2010-2011-ci dərs ilində Gəncə, Mingəçevir, 
								Sumqayıt, Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki, 
								Lənkəran rayonlarının seçilmiş məktəblərinin 
								bazasında istedadlı şagirdlər üçün lisey sinfi 
								təşkil edilmişdir. Kollegiya iştirakçılarına 
								"Xüsusi istedada malik olan uşaqların 
								(gənclərin) yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" üzrə 
								görülmüş digər işləri, o cümlədən istedadların 
								seçimi, müsabiqələrin təşkili ilə bağlı həyata 
								keçirilmiş tədbirləri, onların nəticələrini, 
								istedadlı məktəblilərin dünya olimpiadalarında 
								qazandığı uğurları əks etdirən slaydlar da 
								nümayiş olundu və təhlil edildi. 
								Nazir Təhsil 
								Nazirliyi sistemində həyata keçirilməkdə olan 
								De-institutlaşdırma proqramının 2010-cu ildə 
								icra vəziyyəti və proqram üzrə 2011-ci ildə 
								görüləcək işlər barədə məlumat verərək bildirdi 
								ki, Nazirlər Kabinetinin  13 yanvar 2010-cu il 
								tarixli 5 nömrəli qərarı ilə Təhsil Nazirliyi 
								nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi 
								İdarəsi yaradılmış, internat-məktəblərdə təhsil 
								alan, tərbiyə olunan uşaqların bioloji 
								ailələrinə qaytarılması istiqamətində ciddi 
								nəticələr əldə olunmuş, bir sıra digər dövlət 
								qurumları və beynəlxalq təşkilatlarla birgə 
								layihələrin həyata keçirilməsinə başlanmışdır. 
								Nazir proqram 
								çərçivəsində dövlət uşaq müəssisələrində 
								təlim-tərbiyə alan uşaqlar haqqında dəqiq 
								məlumatların toplanmasını, uşaq "qaynar xətt" 
								xidmətini bu sahədə atılan ən uğurlu addımlardan 
								saydı, proqram və layihələr üzrə işlərin 2011-ci 
								ildə də davam etdiriləcəyini söylədi. 
								Misir Mərdanov 
								dərslik siyasətini nazirliyin fəaliyyətində ən 
								mühüm istiqamətlərdən biri olduğunu söyləyərək, 
								ölkədə 1,5 milyona yaxın şagirdin pulsuz 
								dərsliklərlə təmin edilməsini Azərbaycan 
								Prezidentinin təhsilalanlara göstərdiyi qayğının 
								ən bariz ifadəsi kimi dəyərləndirdi. 
								Dərsliklərin hazırlanması və nəşrinə dair 
								statistik rəqəmlər diqqətə çatdırılaraq bu 
								sahədə ardıcıl iş getdiyi, dərsliklərin hər il 
								təkmilləşdirildiyi bildirildi. 
								Təqdimatda 
								ümumtəhsil məktəblərinin kadr təminatı 
								məsələsinə də toxunuldu, ucqar yerlərdə 
								kadrların çatışmaması, paytaxtda və bir sıra 
								şəhərlərdə isə əksinə, onların sıxlığı qeyd 
								edildi, ötən il Bakı şəhəri məktəblərində vakant 
								yerlərə müəllimlərin işə qəbulunun yeni 
								qaydasının tətbiq olunduğu, nəticədə 288 
								müəllimin işə qəbul edildiyi diqqətə çatdırıldı, 
								məktəb direktorlarının işə qəbul üçün də 
								müsabiqələrin təşkilinə başlandığı qeyd edildi.  
								Nazir məlumat verdi ki, 2010-cu ildə ucqar kənd 
								məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq 
								olunmaqla 800 nəfər pedaqoji kadr 
								göndərilmişdir. 
								Sonra 
								məktəbdənkənar təhsil sahəsi ilə bağlı statistik 
								rəqəmlər, həyata keçirilən tədbirlər haqqında 
								məlumatlar və yeni tikilmiş və təmir olunmuş 
								müəssisələrdən fotogörüntülər kollegiya 
								iştirakçılarının diqqətinə təqdim olundu. Nazir 
								bir qürur doğuran faktı xüsusi qeyd edərək 
								bildirdi ki, 1 yanvar 2011-ci il tarixinə orta 
								reytinq göstəricilərinə görə Azərbaycan dünyanın 
								ən güclü 10 şahmat  ölkəsi siyahısına daxil 
								olmuş və 5-ci yerdədir. O, bu çox böyük uğurda 
								təhsil işçilərinin də əməyi olduğunu vurğuladı. 
								Ölkədə şahmat məktəbləri tikintisinin 
								statistikası, yeni şahmat məktəblərinin 
								şəkilləri nümayiş olundu. 
								Təhsil 
								sisteminin informasiyalaşdırılmasından da 
								təqdimatında söz açan nazir 2010-cu ildə bu 
								sahədə görülən işləri diqqətə çatdıraraq 
								bildirdi ki, "Elektron məktəb" layihəsinə ötən 
								il daha 4 təhsil müəssisəsi qoşulmuş, layihədə 
								iştirak edən 20 məktəbə 300 yeni kompüter, 336 
								ədəd netbuk verilmişdir. Müvafiq proqramın 
								icrası nəticəsində 64680 nəfər müəllim təlim 
								kurslarından keçmişdir. Sonra nazir 
								kompüter-şagird nisbəti, müəssisələrin İnternet 
								bağlantısı, kadrların İKT hazırlığı sahələrində 
								2005-ci ilədək və 2005-2007, 2008-2009, 
								2009-2010-cu illərdəki vəziyyəti əks etdirən 
								diaqrama dair slayda diqqəti yönəldib, 2005-ci 
								ildə kompüter-şagird nisbətinin 1:1000 olduğu 
								halda, 2010-cu ildə bu nisbətin 1:20-yə 
								çatdırıldığını söylədi. 
								Kollegiya 
								iclasında  təhsilin idarə olunmasının məlumat 
								sistemləri haqqında da məlumat verən nazir 
								hazırda nazirliyin TİMS bazasında 1,4 milyon 
								şagird və 200 mindən artıq məktəb heyəti barədə 
								məlumat toplandığını, onların ilbəil 
								yeniləşdiyini, dəqiqləşdirildiyini dedi. 
								Sonra ilk 
								peşə-ixtisas, orta ixtisas təhsili müəssisələri 
								haqqında statistik məlumat, hər iki sahədə ötən 
								il görülən və bu il üçün planlaşdırılan işlər 
								kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. 
								Təqdimatın ali 
								təhsildən bəhs edən hissəsində nazir öncə bu 
								sistemdəki müəssisələr haqqında məlumat verdi, 
								sonra iki istiqamətdə - "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanunundan irəli 
								gələn vəzifələr və "2009-2013-cü illərdə 
								Azərbaycan Respublikasının ali təhsil sistemində 
								islahatlar üzrə Dövlət Proqramı"nın icrası ilə 
								bağlı görülmüş və görüləcək işlərə diqqəti cəlb 
								etdi. Azərbaycan Respublikası Prezidentinin "Ali 
								təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi  barədə" 10 fevral 
								2010-cu il tarixli fərmanının icrası 
								istiqamətində görülən işləri xüsusilə qeyd edən 
								nazir bu məqsədlə bir neçə sənədin hazırlanaraq 
								hökumət tərəfindən təsdiq olunduğunu, 
								2010-2011-ci tədris ilindən başlayaraq 
								Azərbaycan Respublikası ərazisində fəaliyyət 
								göstərən dövlət və özəl ali təhsil 
								müəssisələrində dövlət büdcəsinin vəsaiti 
								hesabına maliyyələşdirmənin dövlət sifarişi 
								əsasında həyata keçirildiyini, 51 ali təhsil 
								müəssisəsindən 35-nin dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak etdiyini, bu məsələnin 
								müxtəlif dövlət qurumlarının və ali məktəblərin 
								iştirakı ilə bir neçə dəfə müzakirə olunduğunu, 
								ali məktəblərə bakalavr pilləsi üzrə qəbul 
								olunan 27612 tələbədən 9788 nəfərinin (35,4%) 
								hazırda dövlət sifarişi ilə, 17824 nəfərinin isə 
								(66,6%) ödənişli əsaslarla təhsil aldığını 
								diqqətə çatdırdı, dövlət sifarişi əsasında 
								tələbə qəbulunun ali məktəblər üzrə paylanmasını 
								göstərən cədvəllər nümayiş etdirildi, ali təhsil 
								sahəsində görülmüş işlər, mövcud problemlər qeyd 
								olundu, problemlərin aradan qaldırılması üçün 
								təkliflər səsləndirildi, görüləcək digər işlər 
								diqqətə çatdırıldı. 
								
								Məruzə-təqdimatının beynəlxalq əlaqələr, xaricdə 
								təhsil bölümlərində kollegiya sədri ölkəmizin 16 
								beynəlxalq təşkilatla sıx əməkdaşlıq əlaqələri 
								saxladığını, 2010-cu ildə bir sıra ölkələrlə  
								təhsil sahəsində əməkdaşlıq haqqında saziş 
								layihələrin hazırlandığını, bir sıra xarici 
								ölkələrə səfərlər edildiyini qeyd etdi, 
								Azərbaycanın ali məktəblərində təhsil alan 
								əcnəbi tələbələrin 1971, 1979-cu illər və son 12 
								ildə say dinamikasını, onların ölkələr üzrə 
								bölgüsünü, 2010-2011-ci tədris ilində xaricdə 
								dövlət xətti ilə təhsil alan azərbaycanlı 
								gənclərin ölkələr üzrə sayını, ixtisas sahələri 
								üzrə statistikasını və s. əks etdirən diaqramlar 
								nümayiş olundu. Diaqramlardan aydın oldu ki, 
								hazırda ölkəmizdə 6173 əcnəbi tələbə oxuyur, 
								dövlət xətti ilə xaricdə 789, o cümlədən proqram 
								çərçivəsində 583 nəfər gənc təhsil alır, onların 
								114 nəfəri artıq məzundur. 
								Təhsil naziri 
								kollegiyada  2010-cu ildə əlavə təhsil, ali 
								məktəb elmi sahələrində görülmüş işlər və 
								2011-ci ildə qarşıda duran vəzifələr barədə də 
								ətraflı məlumat verdi, müvafiq statistik 
								rəqəmlər gətirərək qeyd etdi ki, son illər 
								alimlərimizin nüfuzlu xarici jurnallarda dərc 
								olunan məqalələrinin sayı artıb. 
								Təqdimatın 
								sonunda 2010-cu ildə nazirliyə daxil olan 
								sənədlər haqqında da söz açıldı, onların daxil 
								olduğu təşkilat və rayonlar üzrə bölgüsünü əks 
								etdirən cədvəllər nümayiş olundu. Bildirildi ki, 
								il ərzində nazirliyə 51552 sənəd daxil olmuş, 
								7251 nəfər vətəndaş qəbul edilmişdir. 
								 
								Təhsil 
								nazirinin diqqətlə dinlənilən təqdimatından 
								sonra mövzu ilə bağlı müzakirə aparıldı. 
								İclasda ilk 
								söz alan YAP sədrinin müavini-icra katibi Əli 
								Əhmədov təhsil naziri Misir Mərdanovun 
								təqdimatını yüksək qiymətləndirib, hesabatda 
								ötən il ölkəmizdə təhsil sahəsində əldə olunan 
								nailiyyətlər haqqında geniş informasiya 
								verildiyini bildirdi. Təhsilin Azərbaycanın 
								davamlı inkişafının kökündə dayanan çox 
								əhəmiyyətli amillərdən olduğunu söyləyən icra 
								katibi onun Azərbaycan Prezidenti cənab İlham 
								Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin 
								strateji inkişafının vacib istiqamətlərindən 
								birinə çevrildiyini, son illər təhsilin 
								infrastrukturunun yeniləşdirilməsindən tutmuş 
								səviyyəsinin yüksəlməsinədək bütün sahələrdə 
								doğrudan da diqqətəlayiq nəticələr əldə 
								edildiyini vurğuladı. Ə.Əhmədov Təhsil 
								Nazirliyinin fəaliyyəti sayəsində Azərbaycan 
								cəmiyyətində təhsilə müasir yanaşma meyillərinin 
								özünü daha ciddi göstərməkdə olduğunu xüsusi 
								qeyd etdi. Bildirdi ki, təhsilin səviyyəsinin 
								yüksəlməsi, şagirdlərin yaxşı təhsil alması 
								məktəbin, digər təhsil qurumlarının 
								fəaliyyətinin keyfiyyətindən nə dərəcədə 
								asılıdırsa, bir o dərəcədə də bütövlükdə 
								cəmiyyətin təhsilə sağlam, düzgün və müasir 
								münasibəti ilə əlaqədardır. Yalnız müəllimlərlə 
								valideynlərin birgə fəaliyyət göstərməsi 
								nəticəsində təhsil sahəsində lazımi səviyyəni 
								əldə etmək mümkündür. Millət vəkili dövlətin 
								ayırdığı vəsaitlər hesabına və böyük zəhmət 
								nəticəsində xarici ölkələrdə təhsil almış 
								gənclərin ölkəmizdə işlə təmin olunması, onların 
								biliyindən, savadından, ümumi mədəni 
								səviyyəsindən Azərbaycanın inkişafı üçün 
								istifadə edilməsinə diqqətin artırılmasına böyük 
								ehtiyac duyulduğunu qeyd edərək, bu istiqamətdə 
								atılan addımları, xüsusilə də xaricdə təhsil 
								alan gənclərin işlə təmin olunması üçün dövlət 
								proqramının və ayrıca qurumun yaradılması 
								ideyasını dəstəklədiyini söylədi. 
								Çıxışının 
								sonunda ölkədə təhsil islahatlarının geniş 
								proqram əsasında uğurla həyata keçirildiyini 
								deyən Ə.Əhmədov bir neçə ildən sonra  təhsilin 
								keyfiyyətinin daha da yüksələcəyinə, Azərbaycan 
								məktəblərində təhsil alan gənclərin ölkəmizin 
								inkişafını təmin edən vətəndaşlar kimi 
								yetişəcəyinə əmin olduğunu bildirdi. 
								Azərbaycan 
								Respublikası Milli Məclisinin sədr müavini Bahar 
								Muradova iclasda çıxış edərək artıq bir neçə 
								dəfədir ki, təhsil nazirinin təqdimatı ilə 
								keçirilən kollegiya iclaslarında iştirak 
								etdiyini, həmin iclasların hər birində də təhsil 
								sahəsində Azərbaycan Respublikasının Prezidenti, 
								Azərbaycan dövləti tərəfindən yeridilən siyasət, 
								bu siyasətin icrası və icra prosesində əldə 
								olunan uğur və nailiyyətlər, eləcə də problemlər 
								barədə çox dərin, faktlara söykənən, aydın və 
								şəffaf məlumatlar aldığını söylədi. Dedi ki,  
								Azərbaycan təhsilində bu gün sürətlə inkişaf 
								getdiyini bu kollegiya iclasında da əyani 
								şəkildə gördük. Azərbaycan Prezidentinin, 
								dövlətin bu sahəyə diqqət və qayğısı özünün 
								səmərəli və faydalı nəticələrini verir. Təhsil 
								sahəsində görülən işlərin gənc nəslin savadlı, 
								bilikli, yüksək səviyyədə təhsil almaqla 
								Azərbaycanın inkişafına xidmət göstərən 
								vətəndaşlar kimi formalaşmasına gətirib 
								çıxardığını, bütün bunların bir millət vəkili 
								kimi onu sevindirdiyini deyən vitse-spiker, ötən 
								il keçirilmiş parlament seçkiləri ərəfəsində 
								yerlərdə seçicilərlə keçirdiyi çoxsaylı 
								görüşlərində onların təhsilimizin mövcud durumu 
								haqqında çox gözəl fikirlər söyləmələrini 
								xatırlatdı və bunları təhsilimizdəki uğurlara 
								verilən yüksək qiymət kimi dəyərləndirdi. 
								B.Muradova diqqətə çatdırdı ki, Azərbaycan 
								parlamenti həyatın bütün istiqamətlərində, o 
								cümlədən təhsil sahəsində problemlərin həllinə 
								rəvac verən qanunvericilik bazasının 
								möhkəmləndirilməsi yönündə məqsədyönlü fəaliyyət 
								göstərir. O, kollegiya iştirakçılarını əmin etdi 
								ki, təhsilin problemləri, gündəlik fəaliyyəti 
								hər bir millət vəkilinin diqqət mərkəzindədir.
								 
								Onlar həmin 
								problemlərin həllini vətəndaşlardan heç də az 
								istəmirlər və əgər Milli Məclisin iclasında, bu 
								və ya digər tədbirlərdə təhsillə bağlı müəyyən 
								nöqsanlar, iradlar səslənirsə, bütün bunları 
								obyektiv tənqid, nöqsanların aradan 
								qaldırılmasına istək kimi qəbul etmək lazımdır. 
								O, iclas 
								iştirakçılarının nəzərinə çatdırdı ki, Milli 
								Məclisin builki planına elm siyasəti və ali 
								təhsil haqqında qanunların qəbul olunması daxil 
								edilib. 
								Çıxışının 
								sonunda B.Muradova təhsilimizdə böyük inkişaf 
								getdiyini bir daha vurğulayaraq görülən bütün 
								işlərin, habelə kollegiyada səsləndirilən 
								faktların ictimaiyyətə doğru, düzgün 
								çatdırılmasını zəruri saydığını bildirdi və 
								əhatəli məruzə-təqdimatına görə təhsil naziri 
								Misir Mərdanova təşəkkür etdi.  
								Azərbaycan 
								Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 
								millət vəkili Səttar Mehbalıyev də çıxışında 
								ölkə Prezidenti İlham Əliyevin qayğısı 
								nəticəsində təhsilimizdə böyük uğurlar əldə 
								edildiyini söylədi. Bildirdi ki, təhsilin bütün 
								sahələrində qazanılan uğurlar onun düzgün 
								istiqamətdə inkişaf etdiyini göstərir. 
								Təhsilin 
								hüquqi bazasının, məzmununun, proqram-metodik 
								təminatının yeniləşdirilməsi istiqamətində 
								aparılan işləri xüsusilə yüksək dəyərləndirən 
								Konfederasiya sədri Sovetlər Birliyi tərkibində 
								olduğu dövrlərdə Azərbaycanın özünün 
								qanunvericilik sənədlərinin olmadığı, 
								dərsliklərin, proqramların rus dilindən tərcümə 
								olunduğuna diqqəti yönəldərək bütün bünların 
								müstəqilliyimizin ilk illərində Təhsil Nazirliyi 
								qarşısında böyük problemlər yaratdığını, lakin 
								nazirliyin çox ağır və vaxt aparan bu işin 
								öhdəsindən layiqincə gəldiyini, son illər 
								müstəqil respublikamızda təhsil 
								qanunvericiliyinin formalaşdırılması sahəsində 
								çox böyük işlər görüldüyünü bildirdi. 
								S.Mehbalıyev 
								başçılıq etdiyi qurumun təhsilin inkişafı 
								yönündə atılan addımlarda, təhsil işçilərinin 
								əməyinin stimullaşdırılmasında, onları, habelə 
								şagirdləri, tələbələri həvəsləndirmək, daha 
								yaxşı oxumağa sövq etmək üçün keçirilən 
								tədbirlərdə, müsabiqə və olimpiadalarda yaxından 
								iştirak etdiyini diqqətə çatdırdı və bundan 
								sonra da belə işlərə fəal dəstək verəcəklərinə 
								iclas iştirakçılarını əmin etdi. 
								Kollegiya 
								iclasında çıxış edən Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının sədri Məleykə Abbaszadə diqqəti 
								istedadlı gənclərə, xarici ölkələrdə təhsil 
								almış məzunlara dövlət səviyyəsində xüsusi qayğı 
								göstərilməsinin vacibliyinə yönəldərək bu 
								məqsədlə xüsusi proqramın hazırlanmasını zəruri 
								saydı. 
								M.Abbaszadə 
								yüksək oxumaq həvəsi ilə məktəbə gələn uşaqların 
								bu həvəslərinin bütün təhsil illəri boyu 
								saxlanması üçün orta məktəblərdə qiymətləndirmə 
								prosedurlarını təkmilləşdirməyin zəruriliyini 
								qeyd etdi. Bu baxımdan o, beynəlxalq 
								qiymətləndirmə prosedurlarında ölkəmizin 
								iştirakını çox vacib saydı və Təhsil 
								Nazirliyinin bu istiqamətdə atdığı addımları 
								təqdir etdi. Komissiya sədri eyni zamanda 
								ölkəmizdə ümumi qiymətləndirmə prosedurlarında 
								əsas götürülən kriteriyaların beynəlxalq 
								qiymətləndirmə üzrə  kriteriyalara 
								uyğunlaşdırılmasını zəruri hesab etdi və 
								bildirdi ki, biz proqramlarımızı və təhsilin 
								məzmununu milli saxlamaqla müasirləşdirməliyik. 
								
								
								*** 
								Kollegiya 
								iclasını yekunlaşdıran təhsil naziri Misir 
								Mərdanov iştirakçılara təşəkkür edərək əldə 
								olunan uğurlarda təkcə Təhsil Nazirliyinin 
								deyil, başda cənab Prezident İlham Əliyev 
								olmaqla hamının, bütün ölkə ictimaiyyətinin 
								böyük əməyi olduğunu bildirdi.  
								
								
								Yusif ƏLİYEV  | 
								  |