| 
								 Adəti idi, hər 
								gunorta bir stəkan çay içib, ağır, ləngərli 
								yerişlə institutdan çıxıb Xəzər sahilinə 
								yollanardı. Hər dəfə də yolunun sağındakı 
								qaramtıl-qəhvəyi divarlı binanın yanından ötəndə 
								ürəyindən elə bil daş asılardı. Yadına Müşfiq 
								düşərdi, Hacı Kərim Sanılını xatırlardı, 
								Çobanzadəni yad edərdi. Qəlb ağrısı ilə sahilə 
								yetişərdi. Bir xeyli gəzişərdi, evdən çıxandan 
								buraya gələnə kimi gördüyü hadisələrin, 
								şahidi-iştirakçısı olduğu əhvalatların, bir də 
								qanlı-qadalı illərin ağrı-acısını, əzab və 
								əsəbini mavi dalğaların mehinə verərdi, unudardı 
								xırda umu-küsüləri, kinə çevirməzdi. Sonra 
								həmişə əyləşdiyi yerə gələrdi. Əl ağacına 
								dayaqlanıb üfüqlə dənizin qovuşduğu nöqtəyə - 
								Nargin adasına tərəf baxırdı. "Orada, deyilənə 
								görə, çoxlu ilanlar yuva salmışdır. Bəlkə 
								Müşfiqi də orada güllələyiblər? Bəlkə Hacı Kərim 
								də orada öldürülüb?". Müşfiqi sonuncu dəfə evdə 
								qarşılamışdı. Mikayıl Müşfiq: - Əhməd müəllim, - 
								demişdi. - Sən pedaqoqsan. Mənim şeirlərimin 
								tərbiyəvi dəyəri haqqında bir rəy yaz... 
								
								 Müşfiqin 
								qaynar baxışlarının lap dərinliyindən bir kədər 
								işarırdı, qorxulu bir həyat eşqi oxunurdu. Rəy 
								yazdı. Sonralar əlyazmasını evdəkilər, deyəsən, 
								yandırdılar. Rəyin sədası sonra çıxdı. Bir dəfə 
								hərbi komissarlığa çağırıb 2-3 saat ləngitdilər. 
								Alim kimi bronda olduğu üçün əsgər getməyəcəkdi. 
								Amma işə çatan tək institutun xüsusi şöbəsindən 
								gəldilər: - Niyə işdə olmamısan? Proqul 
								eləmisən! (O illər belə halda işdən 
								çıxarardılar). 
								Hərbi 
								komissarlığa getdiyini söylədi. İnanmadılar. - 
								Get, arayış gətir, - dedilər. Getdi. Olduğu 
								şöbədə bir neçə saat əvvəl onunla danışan hərbçi 
								bu dəfə başını da qaldırmadı.  Arayış barədə heç 
								eşitmək istəmədi. Çarəsiz qalıb rayon hərbi 
								komissarının qapısını döydü. Mayor rütbəli şəxs 
								ayağa duranda, düzü, heyrətdə qaldı.  
								- Əhməd 
								müəllim, necəsiniz? 
								Hal-əhval 
								sorğusuna yarıkönül cavab verdi. Deyəsən, hərbi 
								komissar onun çıxılmaz vəziyyətdə olduğunu başa 
								düşüb, gəlişinin məqsədini soruşdu. Az sonra 
								Azərbaycan Pedaqoji İnstitutunun dosenti Əhməd 
								Yusif oğlu Seyidov bir neçə saat əvvəl, doğrudan 
								da, hərbi komissarlıqda olduğu haqqında arayışı 
								alıb qapıdan çıxanda: - Əhməd müəllim, bəs məni 
								tanımadınız - sualı onu otağa dönməyə məcbur 
								elədi. Hərbi komissar bu dəfə onu qucaqlayıb: - 
								Siz Lənkəranda maarif şöbə müdiri işləyəndə məni 
								məktəbə qəbul edibsiniz, sonra oxumağa 
								göndərmisiniz, - dedi. - Bütün uğurlarım üçün 
								Sizə minnətdaram. 
								Dağ boyda kişi 
								bir uşaq kövrəkliyi ilə qapıdan çıxmışdı. Bir 
								neçə gün sonra komissarlığa yollanıb keçmiş 
								şagirdi ilə görüşmək istədi. Öyrəndi ki, onu 
								vəzifədən çıxarıb döyüşən orduya göndəriblər. 
								Səbəb, yəqin ki, həmin arayış olmuşdu. 
								Yaddaşında 
								Hacı Kərim Sanılı ilə birgə hazırladığı 
								dərsliklə bağlı əhvalatlar çözələnərdi... 
								Doktorluq dissertasiyasını müdafiə edəndə 
								Moskvadakı erməni və rus alimlərin məkrli 
								oyunlarını yada salanda ovqatı pisləşərdi. 
								Beləcə bir saatlıq fasilədə uşaqlıq, gənclik 
								illərindən bu yana hadisələr, əhvalatlar kino 
								lenti kimi yaddaşından ötüb keçərdi. Hər dəfə də 
								anasını xatırlayan kimi ovunardı. Ağzı yaşmaqlı, 
								hörüyünün birini ağ, birini qara hörmüş, Yusifin 
								yadigarını min bir əzabla böyüdüb oxutmuş analı 
								dünyanın kövrək xatirələr axarına düşəndə 
								büsbütün xələcanlı hisslərdən silkinib çıxar, 
								kafedraya xoş duyğular, şirin istəklər qoynunda 
								dönərdi. Kafedrada çox iş gözlərdi onu: 
								aspirantlardan zaçot götürərdi, birinin əsərini 
								oxuyardı, o birinin işsiz yoldaşına məktəblərdən 
								birində hələlik yarım stavka dərs tapardı... 
								...Hər gün 
								Azərbaycan Pedaqoji İnstitutunun binasından 
								ağır, ləngərli yerişlə çəlikli bir kişi çıxardı. 
								Nahar fasiləsində bir stəkan çayla 
								kifayətlənərdi. Sahilə yollanardı. Sahilin 
								yaşıllığı gözlərinə qida verərdi, ilin bütün 
								çağlarında beləcə sahildə durub dənizlə, onun 
								gözəlliyi, ümmanlığı, saflığı ilə üz-üzə 
								dayanar, ötənləri yada salıb düşünər, yaşadığı 
								illəri ədalət və həqiqət tərəzisində çəkib 
								özü-özünə hesabat verərdi: "Necə yaşamışam?..".  
								Ömürdən 
								səhifələr  
								Ötən 
								yüzilliyin sonunda qədim Qazax mahalının 
								Aslanbəyli kəndi hər gün yaxın-uzaq mənzilli 
								müsafirlərlə dolu olardı. Dövrünün böyük təriqət 
								başçılarından Seyid Nigarinin şagirdi olan Hacı 
								Mahmud Əfəndinin türbəsi bir ucu Şəmkir, bir ucu 
								Borçalının - böyük bir ərazinin ziyarətğahı idi. 
								Yusif Seyid Nigari nəslindən idi. Öz yerlisi 
								Xədicə xanımla  ailə qurmuşdu. 1892-ci il mart 
								ayının 31-də, Novruz bayramından on gün keçmiş 
								Əhməd dünyaya gəldi. 
								...Əhməd Yusif 
								oğlu Seyidov Qori Müəllimlər Seminariyasını 
								bitirəndən sonra doğma yurda döndü. Aslanbəylidə 
								ilk oğlan və qız məktəbi təşkil etdi 
								(Aslanbəylidə ilk məktəb ata evinin otaqlarından 
								birində açılmışdı). 1917-ci ildə Şıxlı sakini 
								Rəşid bəy Müftiyevlə Kəmərlidə dördsinifli 
								məktəb açdı. Bir il sonra onun sorağı 
								Qaymaqlıdan gəldi. 
								Qazax 
								Müəllimlər Seminariyası fəaliyyətə başlayanda 
								Əhməd Yusif oğlunun sevinci aşıb daşırdı: 
								müəllimi Firudin bəy Köçərli indi yaxında idi, 
								Azərbaycan Cümhuriyyətinə daha çox müəllim lazım 
								idi. Lakin... Sovet hakimiyyətinin ilk 
								günlərində ermənilərin fitvası ilə Firudin bəy 
								Gəncədə öldürüldü, Badsəba xanım başsız qaldı, 
								fəqət seminariya fəaliyyətdən qalmadı. 
								Yetirmələri Azərbaycanda maarif nurunu yaydılar. 
								Əhməd Seyidov 
								1920-1921-ci illərdə Qazax qəzasında məktəb 
								inspektoru, 1921-1925-ci illərdə isə Kosalar və 
								Xanlıqlar kəndlərində məktəb direktoru 
								vəzifəsində çalışdı. 1925-ci ildə o, Lənkəran 
								Rayon Xalq Maarif Şöbəsinə müdir göndərildi. 
								Qədim yurdda dünyəvi təhsil ocaqlarına dövrün 
								açıqgözlü, mübariz, tərəqqipərvər ziyalıları 
								toplandılar. Neçə-neçə məktəb açıldı, sahibsiz 
								zəkalı uşaqlar dövlət hesabına tədris ocaqlarına 
								göndərildilər. Əhməd Yusif oğlu xeyirxah 
								əməlləri ilə insanlar üçün doğmalaşırdı. 
								Ali məktəblər 
								açılmış, Azərbaycan Dövlət Universitetinin 
								şöbələri çoxalmışdı. Həyatın dialektikası başqa 
								şey diqtə edirdi. Əhməd müəllim ali təhsil almaq 
								üçün Bakıya gəldi. Xalq Maarif Komissarlığında 
								inspektor işlədi, dəmiryol məktəblərində 
								təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik 
								etdi, həm də ali təhsil aldı. Şərqşünaslıq 
								şöbəsini bitirən Əhməd Seyidov Azərbaycan 
								Pedaqoji İnstitutunda laborant işlədi, sonra 
								müəllim ştatına keçirildi. 
								1931-1935-ci 
								illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika 
								İnstitutunun (indiki Azərbaycan Təhsil 
								Problemləri İnstitutunun) aspiranturasını 
								bitirdi. 
								...Həyat 
								professoru dəfələrlə imtahana çəkmişdir: o, 
								yıxılıb zədə almış, uzun müddət müalicə olunmuş, 
								övlad dağı görmüşdü. Bütün bunlarla yanaşı, yaş 
								özünü göstərir, professorun sayəsində müdafiə 
								edənlərin bəzilərinin ədaları pedaqoqun qəlbini 
								yaralayırdı. Ali məktəbin o vaxtkı rəhbərliyi 
								Azərbaycan pedaqoji elminin özül daşlarını 
								qoyanlardan Ə.Seyidova, A.Abaszadəyə soyuq 
								münasibətləri ilə kimlərdənsə "sağ ol" qazanmaq 
								istəyirdi. Əhməd Yusif oğlu ərizə verib təqaüdə 
								çıxdı, kafedrada məsləhətçi saxlanıldı... 
								Kənd onu 
								çəkirdi. Qocaman alim 1977-ci ildə rayona döndü, 
								doğma kənd onu məhəbbətlə qarşıladı. Günlər ötdü 
								və o, dünyaya göz açdığı torpaqda bir payız günü 
								dünyasını dəyişdi...  
								"Alim 
								qələmlə öyünər..."  
								Azərbaycan 
								müəllimləri qurultaylarının tarixini 
								araşdıranlar belə bir faktı aşkara çıxarıblar 
								ki, uzun zaman bizdə professional pedaqoq 
								olmayıb. XX əsrin əvvəllərində, 1920-ci illərdə 
								bu  fəndən dərs demək üçün Türkiyədən Fikrət 
								Xəlil dəvət edilib. 
								Otuzuncu 
								illərdə respublikada pedaqoji elmin inkişafını 
								təmin etmək, ümumtəhsil və ali məktəblərdə 
								pedaqoji fəaliyyətin elmi əsaslarını işləyib 
								hazırlamaq məqsədilə Məktəblər İnstitutu 
								yaradıldı. Sonradan bu müəssisənin adı 
								dəyişdirildi, Pedaqogika İnstitutu adlandırıldı. 
								Elmi-tədqiqat müəssisəsinin ilk aspirantlarından 
								biri Əhməd Yusif oğlu Seyidov oldu. Elə 
								aspirantura illərində elmi-pedaqoji məqalələri 
								ilə mətbuatda diqqəti cəlb edən Ə.Seyidov 
								APİ-nin (indiki ADPU-nun) pedaqogika və 
								psixologiya kafedrasına müdir seçildi, bir 
								qərinə müddətində həmin kafedraya rəhbərlik 
								etdi. İllər boyu həyatını xalqın ağrı-acısı ilə 
								bağlayan alim ömrünü vətənpərvərlik hissi, 
								vətəndaşlıq duyğuları ilə yaşadı. Aspirant 
								götürəndə, mövzu tapşıranda xalqın sabahını, 
								xalqın mənəvi sərvətini düşündü. 
								İllər ötdükcə 
								pedaqoq alim elmdə qəribə bir axını müşahidə 
								edərək yazırdı: Biz hansı səbəbdənsə bəzən 
								mütərəqqi pedaqoji ideyaların mənbəyini Avropada 
								axtarır və bu sahədə yaxşı nə varsa Avropaya aid 
								edir, Şərqə isə göz yumuruq. 
								O, milli 
								zəmini, tarixi dəyərləri yüksək 
								qiymətləndirirdi. 
								Əhməd Yusif 
								oğlu namizədlik dissertasiyasından başlayaraq 
								mütərəqqi pedaqoji ideyaların mənbəyini 
								Azərbaycan folklorunda araşdırmış, klassik ədəbi 
								irsimizin görkəmli nümayəndələrinin zəngin 
								ədəbi-bədii irsini bu kriteriyalarla tədqiq 
								etmişdir. 
								Bu cəhətlər 
								dərhal dövrün böyük pedaqoqlarının diqqətini 
								cəlb etmişdir. Belə ki, 1947-ci ildə müdafiə 
								olunmuş doktorluq dissertasiyasının birinci 
								opponenti akademik E.Medınski Azərbaycan 
								pedaqoji fikir tarixinə həsr olunmuş bu əsəri 
								"bir başlanğıc" kimi qiymətləndirərək yazırdı: 
								"...Bu cür elmi işlər pedaqogika tarixini 
								zənginləşdirmək üçün çox şey verir, yeni 
								məsələlər qaldırır, hətta pedaqoji sahədə 
								çalışan təcrübəli işçilərin belə görüş dairəsini 
								genişləndirir". 
								Əhməd 
								Seyidovun "XIX əsrdə Azərbaycanda pedaqoji 
								fikrin əsas nümayəndələri" adlı əsəri "Xalqın 
								qabaqcıl oğullarının tərəqqipərvər pedaqoji 
								fikirlərini bütün SSRİ-də tanıtmaq üçün gözəl 
								bir təşəbbüs" (M.Muradxanov) kimi 
								dəyərləndirilmişdi. 
								Ə.Seyidov, - 
								professor H.Əhmədovun qeyd etdiyi kimi, - 
								Azərbaycanda məktəb və pedaqoji fikir 
								tariximizin tədqiqi sahəsində tam bir məktəb 
								yaratmışdır.  
								Dərin 
								fəlsəfi-bədii dəyərə, etik-estetik məziyyətlərə 
								malik, rəngarəng formalı, ensiklopedik məzmunlu 
								folklor didaktik-pedaqoji motivləri ilə 
								nəsil-nəsil gəncliyin təlim-tərbiyəsində 
								istifadə olunmuşdur. Bunu ilk dəfə bir pedaqoq 
								alim intuisiyası ilə Əhməd müəllim duyub köklü 
								iş görmüşdür. Belə ki, folklorumuzun pedaqoji 
								fikir tarixi qaynağı kimi tədqiq olunmasında da 
								Əhməd Seyidov, sözün həqiqi mənasında, layiqli 
								əmək sərf etmişdir. 
								Görkəmli 
								alimin irsində xalq pedaqogikasının ayrı-ayrı 
								məsələləri ilə bağlı mülahizələr xüsusi yer 
								tutur. Xalq tarixin, həm də bütün maddi və 
								mənəvi sərvətlərin yaradıcısı, dəyərləndiricisi 
								və qoruyucusudur. Millət həm də xalq həyatı kimi 
								təbii, dinamik bir mexanizmə əsaslanan, özünəxas 
								təbii-fəlsəfi prinsipləri, beşikdən qəbirəcən 
								uzanan təhsil strukturlu bir konsepsiyanın həm 
								tərtibçisi, həm də icraçısıdır, ən səbirli, ən 
								qüdrətli müəllimdir. "Xalqın tərbiyə sahəsində 
								tarix boyu irəli sürdüyü fikir və ideyaların bir 
								qismi adət və ənənələrində, etnoqrafik və tarixi 
								sənədlərdə, xüsusilə folklor materiallarında 
								ifadə olunmuşdur" (Ə.Həşimov). 
								Pedaqoji 
								elmimizin müdrik ağsaqqalı bu cəhəti ilk dəfə 
								duyub dərk etmiş, çoxjanrlı və zəngin şifahi 
								ədəbiyyatımıza pedaqoji ideyaların başlıca 
								qaynağı kimi qiymət vermişdir. Fəlsəfi, 
								elmi-publisistik üslub çalarlarını ustalıqla 
								əlaqələndirib orijinal elmi-pedaqoji yazı 
								üslubunda dəyərli əsərlər yazmış xeyirxah alim 
								göstərirdi: "...bizim mədəniyyət tariximizin 
								ümumi mənzərəsində gənc nəslin təlim və tərbiyə 
								məsələləri görkəmli yer tutmuş və tutmaqdadır. 
								Atalar sözü, zərb-məsəllər, nağıllar, xalqımızın 
								bütün folklor materialı buna parlaq misaldır. 
								Xalq yaradıcılığı Azərbaycanda pedaqoji fikrin 
								ilk carçısı olmuşdur. Nağıllar, atalar sözü və 
								s. digər xalqlarda olduğu kimi, Azərbaycan 
								xalqının da, hər şeydən əvvəl, ilk pedaqoji 
								məhsulu olmuşdur". 
								Görünür, məhz 
								buna görədir ki, Əhməd Seyidov özünün bütün 
								fəaliyyətində, gündəlik həyatında, uşaqlarla 
								münasibətlərində şifahi xalq ədəbiyyatından, 
								onun fəlsəfi-ekspressiv məzmunlu aforistik 
								janrlarından - atalar sözlərindən, bayatı və 
								lətifələrdən məqamında, ustalıqla istifadə 
								etmişdir. 
								Vaxtilə Əhməd 
								Seyidovun aspirantları olmuş mərhum alimlər 
								Bəxtiyar Abdullayev, Həmzə Əliyev, Yusif Talıbov 
								və başqalarının yaddaşlarında onlarca belə 
								fakt-xatirə yaşayırdı. Bunları dinləyib 
								özlüyündə saf-çürük edəndə insanı heyrət 
								bürüyürdü: "İlahi, insanda da bu qədər güclü 
								yaddaş, möhkəm hafizə olarmış?!". Məsələnin 
								başqa bir tərəfi var: bu söhbət və xatirələrdə 
								söylənilən lətifələr, atalar sözləri və 
								məsəllərin çoxu orijinaldır, indiyə qədər heç 
								bir topluda əksini tapmamışdır. Bu gün "atalar 
								demiş" ifadəsindən sonra işlənən incilər kimi, 
								"Seyidov demiş" ifadəsi də pedaqoji ictimaiyyət 
								arasında kütləviləşmişdir. Bir qədər cəsarətlə 
								desək, Seyidovun söylədikləri folklorlaşmaqda, 
								beləcə yaddaşlardan yaddaşlara köçürülərək el 
								ədəbiyyatına qovuşmaqdadır.  
								Mərhum 
								folklorşünas professor M.Həkimov bu cəhəti dəqiq 
								müəyyənləşdirərək yazırdı: "Bu müdrik alim həm 
								də zəngin şifahi xalq ədəbiyyatımızın 
								ensiklopedik bilicisi idi.  
								O, "Koroğlu", 
								"Qurbani", "Abbas və Gülgəz Pəri", "Şah 
								İsmayıl", "Novruz və Qəndab", "Əsli və Kərəm", 
								"Şahsənəm və Qərib", "Xan Tahir", "Əmrah", 
								"Abdulla və Cahan", "Valeh və Zərnigar", "Lətif 
								şah" kimi dastanlarımızı, Xəstə Qasım, Sarı 
								Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şəmkirli Aşıq 
								Hüseyn, Çoban Əfqan, Şair Mirzə Səməd, Aşıq 
								Hüseyn Bozalqanlı, Şair Ağacan, Aşıq Şenlik, 
								Şair Nəbi, Şeyda Əziz və başqa el 
								sənətkarlarımızın çoxlu şeirlərini bilirdi. 
								Qaçaq Kərəm, İncəli İsmayıl, Qaçaq Nəbi, Qatır 
								Məmməd, Qaçaq Tanrıverdi kimi el 
								qəhrəmanlarından böyük maraqla söhbətlər edirdi. 
								Bu müdrik alimi yaxından tanıyanlar yaxşı 
								bilirlər ki, o, söhbətinə əvvəl-əvvəl mütləq 
								ustadnamələr, bayatılar, lətifələr, atalar sözü 
								və məsəllərlə başlayırdı". Seyidovla nə bir 
								kafedrada çalışmış, nə yol yoldaşı olmuşuq. 
								Ancaq əsərlərindən bəhrələnmişəm. Bu gün onun 
								haqqında keçmiş aspirantlarının, tələbələrinin, 
								xeyirxahlığını görmüş yüzlərlə azərbaycanlının 
								yaddaşında neçə-neçə xatirə uyuyur. Bu 
								xatirələrdən "dərin zəkalı və xeyirxah qəlbli, 
								sağlam, enerjili, sözübütöv alim" (A.Eminov) 
								boylanır. 
								Professor 
								Ə.Seyidovun yetirmələrindən olan, yaxud onun 
								məsləhətlərini eşitmiş, tanınmış pedaqoq və 
								metodist alimlərdən N.Kazımov, Ə.Həşimov, 
								H.Əhmədov, Y.Talıbov, A.Kərimov, B.Əhmədov, 
								H.Əliyev, Y.Kərimov, Ə.Əfəndizadə, psixoloq 
								Ə.Əlizadə, filoloq M.Həkimov və başqalarının 
								Əhməd müəllimlə bağlı xatirə-söhbətlərində 
								oxşar, bənzər fikirlərlə qarşılaşdıq: Seyidov 
								fitrətən pedaqoq idi, böyük tərbiyəçi idi, hər 
								bir hərəkəti, sözü-söhbəti, əməli ilə tərbiyənin 
								fövqündə dururdu, danışığı el sənəti ilə 
								cilalanmış bir hikmət boxçası idi... 
								Ə.Seyidov 
								Azərbaycan pedaqoji fikrinin yorulmaz 
								tədqiqatçısı, müdrik alim, xalq hikmətlərinin 
								mahir bilicisi, həqiqət və nəsihət şərbətini 
								zarafat və yumora qarışdırıb dinləyicisinə 
								ustalıqla içirməyi bacaran görkəmli tarixi 
								şəxsiyyətlərdən idi... 
								Dosent Həmzə 
								Əliyevin xatirələrində böyük alim-insanın 
								portretini tamamlayan cizgilər az deyil: 
								"Ə.Seyidovun şəxsiyyəti ilə ilk əyani tanışlığım 
								1946-cı ilin sentyabr ayında APİ-nin (indiki 
								ADPU-nun) hazırlıq şöbəsində oxuyarkən olmuşdur. 
								Həmin dövrdə o, institutun direktoru idi. 
								İnstitutda çox böyük intizam var idi. Bu 
								intizamın yaranmasında Ə.Seyidovun gözəl 
								təşkilatçılıq, yüksək işgüzarlıq qabiliyyətinin, 
								ciddi tələbkarlığının birləşməsi öz faydalı 
								səmərəsini vermişdir. "Seyidov gəlir" dedikdə 
								hamı - tələbə də, müəllim də özünü yığışdırmalı 
								idi. 
								...Professor 
								ucaboylu, qəddi-qamətli, enli alınlı, qalın 
								dodaqlı, iti baxışlı, zəhmli bir insan idi. 
								Ehmal-ehmal danışır, sözünün, danışığının 
								mənasını dinləyiciyə, müsahibinə daha dəqiq 
								çatdırmaq üçün üz, əl işarələrindən məharətlə 
								istifadə edərdi".  
								Ürək 
								sözlərindən sətirlər 
								"...Professor 
								Ə.Y.Seyidov daha uzun ömür sürə bilərdi. O, 
								qüdrətli qoca idi. Öz qocalığını idarə edə 
								bilirdi. Ağır fikirləri özündən uzaqlaşdırmağı 
								bacarırdı; deyəsən o, uğursuzluqları "unuda 
								bilir", ağıllı şəkildə əsəb sistemini ağır 
								yükdən xilas edirdi. Təbiətən kinli olmayan 
								professor xeyirxahlıq nümunəsi idi. Bu cizgi onu 
								əhatə edənlərin davranışına müsbət təsir etməklə 
								qalmırdı, bütövlükdə pedaqogika kafedrası 
								əməkdaşları arasında şəxsiyyətlərarası 
								münasibətləri tənzimləyirdi. 
								Professor işdə 
								fasilə vaxtı nahar eləməz, bir stəkan çayla 
								ötüşərdi. Görünür, bu onun rejim qaydası idi və 
								ciddi əməl edirdi. Hər günorta dənizsahili parka 
								çıxıb gəzişərdi. ...Konflikt situasiyaları 
								yaratmaz, haqlı da olsa belə hallardan sonra kin 
								saxlamazdı", - Kabardin-Balkar Dövlət 
								Universiteti pedaqogika və psixologiya 
								kafedrasının dosenti Məryəm Qurtuyevanın 
								xatirələrində bir-birilə bağlı, bir-birindən 
								dəyərli o qədər epizod və motivlər var ki: 
								"Professorun gözəl bir xasiyyəti vardı: 
								klassikləri oxuyarkən müəyyən ideyaları 
								adamların mühakiməsinə verərdi. Bu ideyanı 
								həyatla, əhatəsində olduğu adamların əxlaqı ilə 
								bağlayar, elə bil bu ideyalarda öz münasibətinin 
								doğruluğunu yoxlayardı. Söhbətlərində 
								klassiklərə tez-tez müraciət edərdi. 
								Əhməd Yusif 
								oğlunun dövründə açıq mühazirələr, dissertasiya 
								müzakirələri çox xoşuma gəlirdi. Aspiranturanı 
								bitirib Nalçikə qayıdandan sonra burada belə 
								iclas və mühazirələrin olmaması boşluğunu bütün 
								ağırlığı ilə dərk etdim. Və ondan əxz etdiyim 
								keyfiyyətlərin təsirilə pedaqoji cəmiyyət, 
								konfrans və digər tədbirlərdə ürəklə iştirak 
								etməyə başladım. 
								...Professor 
								Əhməd Seyidov ölümlə hələ 1966-cı ildə çarpışıb. 
								Sümük üzərində ağır cərrahi əməliyyatdan sonra 
								onun dili, demək olar ki, tutulmuşdu. Lakin o, 
								yanına gələnlərlə çətin də olsa danışırdı: 
								"Görürsən, Məryəm, mən ömrümü yaşadım, heyif, 
								işlər qaldı, - dedi. Azca təbəssümlə davam etdi: 
								- Puşkin necə deyib? "Fəqət verilmişəm mən 
								başqasına, Sadiq qalacağam ömürlük ona!". Hə, 
								indi mən xəstəliyə "verilmişəm". 
								Əhməd müəllim 
								bu "döyüşdən" salamat çıxdı. İkinci dəfə ölüm 
								onu evin kandarında itələdi; professor yıxıldı. 
								Beləcə ölümlə həyat arasında döyüş başladı".
								 
								
								"...Sağlığında... böyük pedaqoqun, görkəmli 
								alimin qədir-qiymətini sanki lazımi dərəcədə 
								bilmədik, bu qeyri-adi insanı adi insan kimi 
								təsəvvür edirdik. Bunun başlıca səbəbi 
								professorun sadəliyi, səmimiliyi, böyüklə böyük, 
								kiçiklə kiçik kimi rəftarı idi. O, insana qayğı 
								ilə tələbkarlığı elə əlaqələndirirdi ki, 
								tabeliyində olanlar Əhməd müəllimi təkcə bir 
								rəhbər, müdir tək deyil, hər şeydən əvvəl, sadə 
								bir insan kimi dərk edirdilər. Biz səhvə yol 
								verəndə professor əsəbiləşməzdi, qışqırmazdı. 
								"Bizim kənddə bir kişi vardı..." sözləri ilə 
								başlayan ibrətamiz bir məsəl çəkməklə qüsurumuzu 
								başa salar, qəlbimizə toxunmadan bizi tərbiyə 
								edərdi. 
								...Əhməd 
								müəllimlə iki il birlikdə işləmişəm: o müdir 
								idi, mən də müəllim. Təqaüdə çıxmaq üçün ərizə 
								verdikdə məni öz yerinə məsləhət gördü. 
								Rəhbərlik etiraz etmədi. ...Əhməd müəllim 
								gənclərə çox qayğı göstərir, ümidverənlərin 
								üzərində, necə deyərlər, əsirdi. Çalışırdı ki, 
								onlar üçün şərait yaradılsın, onlara inam 
								göstərilsin. 
								Professor 
								Ə.Y.Seyidovun həyat və fəaliyyətinin, elmi 
								yaradıcılığının tədqiq olunması lazım və 
								vacibdir..." (Bəşir Əhmədov). 
								Bu müxtəlif 
								imzalı, müxtəlif biçimli xatirələrdə onu bir 
								alim, bir pedaqoq və bir elmi rəhbər kimi 
								səciyyələndirən cəhətlər qələmə alınmışdır.
								 
								Aspirantları 
								namizədlik minimumuna hazırlayarkən hər bir 
								şəxsiyyəti və ayrı-ayrı problemləri ilk 
								mənbələrdən oxutdurar, sonra soruşub zaçot 
								yazardı. Nəzərdə tutulan bütün ədəbiyyat üzrə 
								zaçot verən aspirant imtahana hazır sayılardı. 
								O, aspirantı 
								nəzəri cəhətdən hazırlamaqla yanaşı, onları bir 
								müəllim kimi də yetişdirirdi. Aspirantlara 
								mühazirə oxumağa mövzular verir, özü də həmin 
								mühazirələrə əvvəldən axıra kimi qulaq asırdı. 
								Seyidovun qarşısında mühazirə oxumaq böyük 
								məsuliyyət tələb edirdi. 
								Şəxsi 
								keyfiyyətlərindən biri də onun sadəlik və 
								təvazökarlığı idi. 
								Professor 
								Ə.Seyidov lovğa, özündən razı adamları sevməzdi, 
								belə adamlara qarşı amansız idi. O deyərdi: - 
								Lovğalıq əclaflıq deyil, ancaq başabəladır. 
								Ə.Seyidov 
								kiminsə dissertasiyasında öz əsərinin adını 
								yersiz görəndə əsəbiləşər və həmin əsərin adını 
								kitabiyyatdan çıxartdırardı. Şərait yaratmazdı 
								ki, kimsə onu yerli-yersiz bu və ya digər 
								yerlərdə tərifləsin, belə süni təriflərin qəti 
								əleyhinə idi. O, bu sadəlik və təvazökarlığı 
								övladlarına, tələbələrinə də aşılayırdı.  
								Əsl ata 
								nümunəsi  
								O, 
								övladlarının tərbiyəsini həyatının başlıca 
								qayəsi bilmiş, özündən sonra yurdunda qalıb 
								çırağını söndürməyən oğul və qızlar böyütmüşdür. 
								"Xatirələrə 
								qayıtmaq həm çətindir, həm də şirin. O, 
								dünənimdə qalmış həyatımın bir parçasıdır", bu 
								fikri haradasa oxumuşuq. Əhməd Seyidov haqqında 
								sətirləri qələmə alarkən lazım olacağını 
								bilmirdik. 
								"Əziz və 
								mehriban oğul, Fikrət...", bu cür müraciətlə 
								qələmə alınmış bir məktubun təəssüratındayıq. 
								Ata məktubudur, oğula yazılıb. Səliqəli, narın 
								xətlə dəftər vərəqinin hər iki üzündəki 
								sətirlərdə ata məhəbbəti sənədləşib: 
								"...Fikrət, 
								qiyabi institutun xəttilə Salyana gedib 
								qayıdandan sonra sənə pul göndərəcəyəm... 
								Fikrət, bir xahişim var: siqareti burax. Özünə 
								qarşı tələbkar ol. Əxlaqi saflığını qoru. 
								İnsanlarla tanışlıqda ehtiyatlı ol". 1952-ci 
								ilin 12 fevralında qələmə alınmış məktub iki 
								baxımdan maraq doğurur. Bir tərəfdən, Əhməd 
								Yusif oğlunu ata kimi duymaqda dəyərlidir. 
								O, hərbi 
								xidmətdə olan oğluna özünə qarşı tələbkar 
								olmasını tövsiyə edir, insanlarla münasibətdə 
								ehtiyatlı ol, - deyə xəbərdarlığını bildirir.
								 
								Professor 
								Fikrət Seyidovla söhbətdən: "...Atamın qəribə, 
								qeyri-adi səliqə-sahmanı vardı. Eyni yolla, eyni 
								yerlərdən keçməklə işə gedər, eyni vaxtda yemək 
								yeyərdi. Evə gələndən sonra da işləməkdən 
								yorulmazdı. Deyərdi ki, bu xüsusiyyətləri 
								Firudin bəydən götürüb... 
								Bir xasiyyəti 
								vardı: qapıdan içəri girən kimi dəhlizdə stul 
								qoydurub əyləşərdi. Yıxılandan sonra hərəkətləri 
								ağırlaşmışdı. Hamı ilə söhbətləşər, hal-əhval 
								tutardı. Anam həmişə mətbəxdə olardı. Atam onun 
								kef-halını soruşandan sonra gün ərzində baş 
								verən hadisələrdən söhbət açar, elə bil bir növ 
								gördüyü  işlər barədə ömür-gün yoldaşına hesabat 
								verərdi. Düzü, bu hərəkəti qardaşım İsmayıla da, 
								mənə də qəribə gələrdi. Bir dəfə İsmayıl onun bu 
								hərəkətinin səbəbini soruşdu. Anam Abuhəyat tibb 
								institutunun ikinci kursundan çıxıb özünü 
								ailəsinə həsr etmişdi. Atam onun ailəcanlılığını 
								yüksək qiymətləndirirdi. 
								- 
								Bilirsinizmi, - dedi.  Ananız bütün günü evdə 
								qalıb ailənin qayğısını çəkir. Çöldən, dünya 
								hadisələrindən xəbərsiz olur. Halbuki o da başqa 
								qadınlar, analar kimi səhər gedib axşam qayıdar. 
								Onun fədakarlığı əvəzində mən mənəvi borcumdan 
								çıxıram. Qoy dünyadan bixəbər olmasın. İkinci 
								bir tərəfdən, qadınlar həyata həm ağılın, həm də 
								qəlbin gözü ilə baxırlar. Mən gördüyüm işlərə 
								onun münasibətilə sonradan özlüyümdə qiymət 
								verirəm. Aspirantlarımı onunla qiyabi də olsa 
								tanış edir, bir növ onları Abuhəyatla 
								doğmalaşdırıram... Bir də... Bir də ki, bu 
								hərəkətimlə mən sizə təlqin etmək istəyirəm ki, 
								ananız ancaq evdar qadın deyil, həm də atanızın 
								sirdaşı, məsləhətçisidir... 
								Anası haqqında 
								danışanda o boyda kişi uşaqlaşardı. Ana 
								məhəbbəti kimi ikinci bir qüdrətli qüvvə 
								tanımazdı. 
								Qəlbə 
								toxunmaqdan qaçardı, kimsəni incitməz, ədalətlə 
								iş görərdi. 50-ci illərin söhbətidir. İsmayıllı 
								rayonundan Tələt adlı bir tələbə oxuyurdu 
								institutda. Atam onun kasıblığından xəbərdar 
								idi. Tətildən tətilə, bayramlarda Tələt 
								Diyallıya qayıdanda atam mütləq onu yanına 
								çağırar, anasına hədiyyə, şey-şüy alıb pay 
								düzəldərdi. Görünür, özünün atasız böyüdüyü 
								illəri xatırlayardı, ana qayğısı ilə oxuduğu 
								seminariya dövrünü yada salardı. Aspirantlarına 
								əl tutmaqla kifayətlənməzdi, ailə qayğılarından 
								xilas olmaqda köməyini əsirgəməzdi. 
								Ömrünün 
								sonlarına yaxın kəndə daha çox meyillənmişdi. 
								Evi düzəltdirmişdi, səliqə-sahman yaradılmışdı. 
								- Gec-tez kəndə gələcəksiniz, - deyirdi. - 
								Torpağa elə bağlanmışdı ki...". Fikrət  
								müəllimin kövrək xatirəsi burada bitir. (Çox 
								təəssüf ki, İsmayıl müəllimin atası ilə bağlı 
								xatirələrini qələmə almağa nə ağrılarım, nə də 
								vaxt imkan verdi). 
								
								
								*** 
								Elə kənddə də 
								əbədiyyətə qovuşub Əhməd Yusif oğlu Seyidov. 
								Bakıda evi-eşiyi, alim oğulları, qızları olan 
								ata-alim-baba nə üçün kəndə dönmək istəyirdi? 
								Bəlkə kəndin havası onu özünə çəkirdi? Yoxsa 
								şəhərin səs-küyündən bezikmişdi? Düzü, bu 
								sualları Fikrət Əhməd oğluna vermədik. 
								Kövrəkliyə dözmədik.   
								Doğma yurda 
								məhəbbətlə 
								
								  
								1977-ci ilin 
								oktyabr ayının 31-i. 85 il əvvəl bu kənddə 
								Novruz bayramından on gün sonra bir ailəyə 
								sevinc gətirmiş Əhməd Yusif oğlu Seyidov 
								dünyasını dəyişdi. Bu da bir alın yazıymış. 31 
								mart - 31 oktyabr... Onda bir ailə sevinmişdi, 
								5-10 qohum-əqrəba gözaydınlığına gəlmişdi, bu 
								hadisədən olsa-olsa bir kənd əhli xəbər 
								tutmuşdu. Onda, bir payız günündəsə Əhməd 
								Seyidovun ölümündən bir respublika xəbər tutdu. 
								Bu ölüm xəbəri Tacikistan, Özbəkistan, Dağıstan, 
								Kabardin-Balkar, Abxaziya, Gürcüstan və Rusiyada 
								neçə-neçə insan-alim ürəyindən qopub gələn 
								sözlərlə qarşılandı: - Təəssüf. Böyük alim, 
								insan sıramızdan getdi. Azərbaycan pedaqoji 
								ictimaiyyəti böyük alim itirdi... 
								Müxtəlif 
								ünvanlı teleqramlar bir ünvana yön aldı. 
								
								
								*** 
								Bir payız günü 
								idi... 85 il əvvəl Yusif Seyidovun qapısına 
								gözaydınlığı ilə beş-on nəfər gəlmişdi. Həmin 
								payız günüsə Əhməd Yusif oğlunu son mənzilə yola 
								salmaq üçün bir el yığılmışdı, Azərbaycanın 
								müxtəlif guşələrindən olan yüzlərlə insan böyük 
								alimə, müdrik insana, həqiqi müəllimə, humanist 
								və xeyirxah bir şəxsiyyətə sonuncu borcunu 
								vermək üçün Qazaxın Aslanbəyli kəndinə 
								yığışmışdı... Gur insan seli kənd yolu ilə 
								burulub qəbiristanlığa döndü. Orada - sükut və 
								hikmət səltənətində, köhnə qəbirlərdən birinin 
								ayaq tərəfində təzə məzar yeri  görünürdü. 
								Ananın ayaqları altında az sonra kiçik təpə 
								yarandı. Ulu peyğəmbərin hikmətli kəlamı yada 
								düşür: "Cənnət ananın ayaqları altındadır". 
								Ömrünü ləyaqət 
								və şərəflə, xeyirxahlıq və müdrikliklə başa 
								vurmuş İNSAN arzusuna yetdi; ananın ayaqları 
								altında əbədiyyətə qovuşdu... 
								Axşam 
								düşürdü... İnsan axını geriyə döndü. Göydə üzü 
								cənuba doğru bir dəstə durna qatarı uçurdu. 
								Kimsə daş çevirmişdi, ya da nə hikmət idisə 
								durnalar Hacı Mahmud Əfəndi türbəsinin üstündə 
								dövrə vurub kövrək-kövrək qaqqıldaşıb, sonra da 
								üzü cənuba, Məkkəyə, Mədinəyə doğru uçdular.  
								
								
								Şamxəlil MƏMMƏDOV  | 
								  |