| 
								 "Ekologiya 
								ili" başa çatsa da hər yerdə, o cümlədən də 
								təhsil ocaqlarında ekologiya mövzusunda 
								tədbirlər davam edir. Ekoloji tarazlığın 
								pozulduğu, ətraf mühitin çirklənməsinin qlobal 
								problemə çevrildiyi müasir dövrümüzdə ekoloji 
								maarifləndirmə davamlı olaraq aparılmalıdır. 
								Bakıdakı 151 nömrəli məktəbdə də  məsələyə bu 
								baxımdan yanaşılır, şagirdlərin ekoloji 
								tərbiyəsinə hədəflənmiş tədbirlər müntəzəm 
								həyata keçirilir. 
								
								 Yanvarın 
								29-da məktəbdə bu silsilədən "Hərəyə bir ağac 
								əkək" mövzusunda növbəti tədbir düzənlənmişdi. 
								"Ekologiya ili"nin yekunlaşdırılması ilə 
								əlaqədar keçirilən tədbirdə görkəmli kimyaçı 
								alim, AMEA-nın müxbir üzvü, professor Vaqif 
								Abbasov, Ekologiya və Təbii Sərvətlər 
								Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin 
								direktor müavini Sitarə Məmmədova, mərkəzin 
								Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva 
								Əsgərova, məktəb direktorları və b. iştirak 
								edirdilər. 
								Qonaqlar öncə 
								məktəbin foyesində ekologiya mövzusunda açılmış 
								sərgi ilə tanış oldular. Sərgidə məktəbin 
								ibtidai sinif şagirdlərinin əl işləri, rəsmləri 
								nümayiş olunurdu. Siniflər üzrə qruplaşdırılmış 
								sərgi qonaqlarda böyük maraq doğurdu. Sonra 
								məktəbin kiçik həyətində ağacəkmə mərasimi 
								keçirildi. Həmişəyaşıl sərv ağaclarının 
								əkilməsində qonaqlar da iştirak etdilər. 
								Məktəbin  
								kiçik akt zalında keçirilən tədbirdə müəllim və 
								şagirdlər ekologiya mövzusunda bədii proqram 
								nümayiş etdirib, tədqimatlarla çıxış etdilər. 
								Tədbiri açan məktəbin direktoru Kifayət 
								Tanrıverdiyeva qonaqları salamlayıb "Ekologiya 
								ili" çərçivəsində görülmüş işlər haqqında 
								məlumat verdi, həyata keçirilən rəngarəng 
								tədbirlərin, o cümlədən də müsabiqələrin, 
								ekskursiyaların, "dəyirmi masa"ların şagirdlərin 
								ekoloji tərbiyəsi və maarifləndirilməsinə müsbət 
								təsir göstərdiyini vurğuladı. 
								
								 Sonra 
								söz müəllim və şagirdlərə verildi, 2 şagirdin 
								bir-biri ilə coğrafiyaya dair apardığı qısa 
								müsahibə vasitəsilə mövzuya keçid edildi. 
								Müsahibədən ölkəmizin dünyanın bir çox 
								dövlətlərinə nisbətən təbii sərvətlərlə daha 
								zəngin olması qənaəti hasil olundu. Vətən 
								haqqında xoş sözlər deyildi, şeirlər, mahnılar 
								ifa edildi. Sonra təbiətin çirklənməsi, bunun 
								qarşısının alınması, təbiəti qorumağın 
								zəruriliyi haqqında məlumatlar verildi, fikirlər 
								səsləndirildi. Müəllim və şagirdlər "Xəzərin 
								harayı", "Yaşıl aptek", "Azərbaycanın qoruqları" 
								mövzularında maraqlı təqdimatlar etdilər. 
								Təqdimatlarda Xəzər dənizinin çirklənməsinin 
								qarşısının alınması üçün görülən tədbirlərdən, 
								vətənimizin meşə və dağlarında bitən dərman 
								bitkilərindən və onların müalicəvi 
								əhəmiyyətindən, ölkəmizin ərazisindəki 
								qoruqlardan və onlarda mühafizə olunan flora, 
								fauna nümunələrindən söz açıldı, maraqlı 
								məlumatlar verildi. 
								Çıxışlarda 
								ölkəmizdə ekologiyanın qorunması, 
								sağlamlaşdırılması yönündə dövlət səviyyəsində 
								görülən işlər, dövlətimizin bu sahəyə qayğısı da 
								diqqətə çatdırıldı, məşhur  adamların təbiəti 
								mühafizənin əhəmiyyəti ilə bağlı dedikləri 
								müdrik kəlamlar misal gətirildi. 
								Proqram başa 
								çatdıqdan sonra söz alan AMEA-nın müxbir üzvü, 
								professor Vaqif Abbasov, Ekologiya və Təbii 
								Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov 
								və başqaları məktəbdə ekologiya mövzusunda 
								aparılan tədbirləri, şagirdlərin və müəllimlərin 
								çıxışlarını, əl işlərini, edilən təqdimatları 
								yüksək qiymətləndirdilər, bu sahədə tərbiyə 
								işlərinin müntəzəm aparılmasını tövsiyə etdilər, 
								şagird və müəllimlərə bəzi məsləhətlər verdilər, 
								tədbirin təşkilində əməyi olanlara 
								minnətdarlıqlarını bildirdilər.  
								
								
								Yusif ƏLİYEV  | 
								  |