| 
								 Azərbaycan 
								Milli Elmlər Akademiyasının humanitar və ictimai 
								elmlər bölməsi yaranandan bu günə kimi 
								xalqımızın tarixində və taleyində  mühüm rol 
								oynayan 38 nəfər görkəmli alim onun həqiqi üzvü 
								seçilmişdir: Heydər Hüseynov, Mirzə İbrahimov, 
								Həmid Araslı, Ziya Bünyadov, Aslan Aslanov, 
								Məmmədcəfər Cəfərov, İqrar Əliyev, Püstə 
								Əzizbəyova, Feyzulla Qasımzadə, Bəkir Nəbiyev, 
								Ziya Səmədzadə, Kamal Talıbzadə, Bəxtiyar 
								Vahabzadə və b.    Son illərdə iki nəfər 
								görkəmli alimin, məslək və əməl dostları İsa 
								Həbibbəylinin və İsmayıl Hacıyevin AMEA-nın 
								həqiqi üzvü seçilməsi həmin siyahını 
								zənginləşdirməklə yanaşı, ənənələrin, varisliyin 
								qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və 
								yeni akademiklər nəslinin formalaşmasına dövlət 
								səviyyəsində diqqət və qayğının təzahürü kimi 
								qiymətləndirilməlidir.  
								
								 Etiraf 
								edək ki, son illərdə Naxçıvan MR-də elmi-mədəni 
								və pedaqoji mühitin formalaşması Azərbaycan elmi 
								elitasında yüksək mövqedə dayanan bu iki alimin 
								çoxşaxəli yaradıcılığı, ictimai-siyasi və 
								elmi-pedaqoji fəaliyyətləri ilə bilavasitə 
								bağlıdır.  İki il bundan əvvəl Naxçıvan Dövlət 
								Universitetinin rektoru, əməkdar elm xadimi, 
								millət vəkili, akademik İsa Həbibbəylinin ad 
								gününü yüksək təntənə və ürək açıqlığı ilə qeyd 
								edən Azərbaycan elmi-pedaqoji ictimaiyyəti indi 
								AMEA-nın Naxçıvan Bölməsinin sədri, əməkdar elm 
								xadimi, millət vəkili, akademik İsmayıl 
								Hacıyevin anadan olmasının 60 illik yubiley 
								günlərinin sevincini bölüşməkdədir.  
								1951-ci il 
								yanvar ayının 21-də Naxçıvan MR Culfa rayonunun 
								Xanağa (indiki Xanəgah) kəndində Muxtar 
								müəllimin ailəsində dünyaya göz açan İsmayıl 
								müəllim 60 illik şərəfli və mənalı bir ömür 
								yaşayıb. Doğma kəndlərində səkkizillik, Noraşen 
								kəndində orta təhsilini başa vuran İ.Hacıyev 
								arzularının qanadında Bakıya gəlir. Azərbaycan 
								Dövlət Universitetinə qəbul imtahanları versə 
								də, müsabiqədən keçə bilmir. Sumqayıt 
								şəhərindəki 2 nömrəli İxtisaslaşdırılmış 
								Mexanizasiya İdarəsində fəhlə kimi əmək 
								fəaliyyətinə başlayır. Lakin tarixçi olmaq 
								arzusu onu bir an da tərk etmir. Qəbul 
								imtahanlarına yenidən hazırlaşmalı olur. 1970-ci 
								ildə zəhməti və əziyyəti nəticəsində bəxti üzünə 
								gülür, o,  Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutunun tarix fakültəsinə qəbul olur. 
								Sadəliyi, səmimiliyi, istedadı və 
								zəhmətsevərliyi ilə tələbə dostlarının və 
								müəllimlərinin sevimlisinə çevrilir. Dörd 
								baharlı-qışlı ilin acılı-şirinli, istili-soyuqlu 
								günlərini, imtahan "qorxulu",  hər anı səadətli, 
								təkrarolunmaz   günlərini yaşayır, yuxusuz 
								gecələr, narahat gündüzlər keçirir. SSRİ-nin 
								yaradılmasının 50 illiyi ilə əlaqədar Bakıda 
								keçirilən Ümumittifaq tələbə konfransında uğurlu 
								çıxışına görə diploma layiq görülür. Təhsildə və 
								elmi tədqiqat işində uğurlarına görə ÜİLKGİ-nin 
								və SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin 
								"Əla təhsilə görə" döş nişanı ilə təltif olunur. 
								APİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə 
								bitirən İ.Hacıyev Culfa rayonu Xoşkeşin kənd 
								səkkizillik məktəbində tarix müəllimi kimi 
								pedaqoji fəaliyyətə başlayır. Az sonra 
								Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji 
								İnstitutunun Pedaqogika və psixologiya 
								kafedrasına  müsabiqə yolu ilə müəllim təyin 
								olunur. Onun pedaqoji fəaliyyətində yeni bir 
								istiqamət formalaşır. Psixologiya elminin aktual 
								problemlərindən mühazirə və seminar məşğələləri 
								aparır,  ilk ciddi elmi-tədqiqat işlərini də bu 
								sahəyə həsr edir. V.İ.Lenin adına APİ-nin 60 
								illiyinə həsr olunmuş aspirant və 
								dissertantların elmi konfransında "Təlim 
								prosesində ictimai-siyasi materialın yadda 
								saxlanılması" mövzusunda məruzə ilə çıxış edir, 
								"Ümumi psixologiya kursunda təsniflər" (1982), 
								"Qiyabiçi tələbələr üçün psixologiya üzrə 
								yoxlama işləri və onların yerinə yetirilməsi" 
								(1983) adlı əsərləri nəşr olunur.  Bu 
								istiqamətli tədqiqatlarını o, sonralar da davam 
								etdirmiş, "Təlim prosesində tələbələrdə mənəvi 
								keyfiyyətlərin formalaşdırılması" (1991), 
								"Tələbələrdə siyasi mədəniyyətin 
								formalaşdırılması" (1993), "Tələbələrin 
								biliyinin qiymətləndirilməsinin çoxballı 
								sisteminə dair" (2002) əsərlərini yazmışdır. 
								Keçən əsrin 80-90-cı illəri onun elmi-pedaqoji 
								həyatında çoxşaxəliliyi və zənginliyi ilə yadda 
								qalıb. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji 
								İnstitutunun tarix-filologiya fakültəsinin dekan 
								müavini təyin edilən İ.Hacıyev tədqiqat 
								istiqamətini də dəyişir, "Böyük Vətən müharibəsi 
								illərində Azərbaycan Respublikasının 
								ictimai-siyasi  mədəni həyatında qadınların 
								iştirakı (1941-45-ci illər)" mövzusunda 
								namizədlik dissertasiyası üzərində işləməyə 
								başlayır. İxtisasına uyğun olaraq Sov.İKP və 
								siyasi iqtisad kafedrasına baş müəllim seçilir. 
								Müxtəlif səviyyəli elmi konfranslarda bu 
								problemlə bağlı elmi məruzələrlə çıxış edir, 
								Bakı və Naxçıvan şəhərlərinin arxivləri ilə 
								yanaşı, Moskva şəhərindəki arxivlərdə 
								araşdırmalar aparır. Gərgin elmi axtarışlar qısa 
								müddətdə öz bəhrəsini verir. 1992-ci ildə uğurla 
								namizədlik dissertasiyası müdafiə edir. O, həm 
								namizədlik dissertasiyasında, həm də  sonralar 
								nəşr etdirdiyi "Böyük Vətən müharibəsi illərində 
								Azərbaycan qadınlarının ictimai həyatda 
								iştirakı" (1990), "Böyük Vətən müharibəsi 
								illərində ədəbiyyat və incəsənət sahəsində 
								Azərbaycan qadınlarının fəaliyyəti" (1991), 
								"Bilsin ana torpaq... (Naxçıvan zəhmətkeşləri 
								Böyük Vətən müharibəsi illərində)" (1991), 
								"Azərbaycan Respublikasının ictimai-siyasi və 
								mədəni həyatında qadınların iştirakı 
								(1941-1945-ci illər)" (2008) kitablarında zəngin 
								arxiv materialları əsasında Böyük Vətən 
								müharibəsi  illərində Azərbaycanın 
								ictimai-siyasi və mədəni həyatında qadınların 
								iştirakını yüksək peşəkarlıqla tədqiq və təhlil 
								etmiş, azərbaycanlı qadınların bu sahədəki 
								fəaliyyətini ciddi elmi ümumiləşdirmələrin 
								predmetinə çevirməyə nail olmuşdur. Naxçıvan 
								Özəl İnstitutunda elmi işlər üzrə prorektor 
								(1994),   kafedra müdiri (1995), Naxçıvan Dövlət 
								Universitetində elmi işlər üzrə (1996), tədris 
								işləri üzrə prorektor (1997-2003) vəzifələrində 
								çalışarkən ali pedaqoji təhsilin bacarıqlı 
								təşkilatçısı kimi hörmət və nüfuz qazanmış, 
								səriştəli idarəetmə keyfiyyətləri ilə  
								fərqlənmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə 
								yanaşı, elmi araşdırmalarını da davam etdirmiş, 
								"Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli 
								dövlətçilik tarixində" mövzusunda yazdığı 
								doktorluq dissertasiyasını başa çatdırmış, 
								1999-cu ildə Azərbaycan Respublikası Prezidenti 
								yanında AAK-ın Rəyasət Heyətinin  tam tərkibdə 
								iştirakı ilə və nüfuzlu tarixçi alimlərdən 
								təşkil olunmuş birdəfəlik dissertasiya şurası 
								üzvlərinin iştirakı ilə müdafiə etmişdir. 
								Akademik İsa Həbibbəyli bu elmi fakta yüksək 
								dəyər verərək haqlı olaraq qeyd edir ki, 
								Naxçıvanda keçirilmiş səyyar kollegiya iclasında 
								İsmayıl Hacıyevə tarix elmləri doktoru alimlik 
								dərəcəsinin verilməsi barədə qərarın qəbul 
								edilməsi və hətta diplomun təqdim olunması elm 
								tarixində nadir hadisədir. İsmayıl Hacıyevin həm 
								doktorluq dissertasiyasında, həm də nəşr olunmuş 
								"Tarixdə və günümüzdə Naxçıvan" (1998), "Gümrü, 
								Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi" 
								(1999), "Naxçıvan Muxtar Respublikası" (1998) 
								adlı əsərlərində Azərbaycan dövlətçiliyinin 
								tarixində Naxçıvan diyarının yeri və rolu 
								müəyyənləşdirilir, Naxçıvanın tarixi ilə bağlı 
								bir sıra mübahisəli məsələlərə aydınlıq 
								gətirilir, ərazi iddiaları ilə çıxış edən 
								ermənilərə tutarlı faktlarla cavab verilir. 
								Elmi-nəzəri, praktik dəyərliliyi və siyasi  
								istiqaməti ilə seçilən bu tədqiqatlarda 
								İ.Hacıyev Naxçıvan tarixinin qədim, orta, yeni 
								və ən yeni dövrlərinə işıq salır, xeyli yeni  
								faktları elmi dövriyyəyə daxil edir, irəli 
								sürdüyü problemləri  zaman və məkan kontekstində 
								qiymətləndirir. Naxçıvanın tarixi keçmişinin 
								təcrübə və müdrikliyini yeni nəslə çatdırır, 
								naxçıvanlıların taleyinin mənzərəsini mümkün 
								qədər tam və aydın şəkildə yaratmağa çalışır. 
								Müdriklərdən biri yazır ki, tarixi həqiqətə 
								yaxınlaşmaq üçün eyni bir vaxtda iki yolla 
								getmək, yəni hadisələri qərəzçiliyə yol vermədən 
								obyektiv şəkildə öyrənmək və bu hadisələr 
								arasında məntiqi əlaqələri müəyyən edib 
								əsaslandırmaq lazımdır. Bu prinsip akademik 
								İsmayıl Hacıyevin tarixi tədqiqatlarının 
								metodoloji əsasını təşkil edir.   
								2002-ci ildə 
								Naxçıvan Muxtar Respublikasının elmi həyatında 
								yeni bir mərhələnin əsası qoyuldu. Xalqın 
								ümummilli lideri Heydər Əliyevin 7 avqust 
								2002-ci il tarixli sərəncamı ilə Azərbaycan 
								Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  
								yaradıldı. Həmin sərəncamdan bir neçə gün sonra 
								ulu öndər Heydər Əliyev Naxçıvana gəldi və 
								Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin 
								yaradılmasına həsr olunmuş müşavirə keçirdi. 
								Həmin müşavirədə Naxçıvan Bölməsinin yaradılması 
								zəruriliyindən və qarşıda duran vəzifələrdən 
								bəhs edən Heydər Əliyev demişdi: "Mən bununla 
								Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox 
								az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, 
								elminin, ədəbiyyatının yenidən dərindən 
								araşdırılması və onlar haqqında elmi əsərlərin, 
								populyar kitabların, yaxud başqa nəşrlərin 
								hazırlanması məqsədi daşıyıram. Eyni zamanda 
								Naxçıvanın özünəməxsus təbiəti, təbii 
								sərvətləri, torpağı, təbii abidələri də, təəssüf 
								olsun ki,  indiyə qədər  lazımi dərəcədə 
								öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç 
								öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm 
								məsələlərin öyrənilməsinə böyük ehtiyac var". 
								Müşavirədə İsmayıl Hacıyevin Naxçıvanda elmin 
								inkişafına həsr olunmuş məntiqli və məzmunlu 
								çıxışı, intellektual səviyyəsi, zəhmətsevərliyi 
								və elmdə qazandığı uğurlar onu qısa bir vaxtda 
								şöhrətin uca zirvəsinə yüksəltdi. O, 2003-cü 
								ildə Azərbaycan Milli Elmlər Akademiyasının 
								Naxçıvan Bölməsinin sədri təyin edildi, ona AMEA 
								Rəyasət Heyətinin üzvü səlahiyyəti verildi. 
								Naxçıvan Bölməsinin yüksək elmi uğurları 
								bilavasitə akademik İsmayıl Hacıyevin adı və 
								yorulmaz fəaliyyəti ilə bağlıdır. 135 işçi, o 
								cümlədən 50 elmi işçi, 1 elmlər doktoru, 12 
								nəfər elmlər namizədi ilə fəaliyyətə başlayan 
								Naxçıvan Bölməsində hazırda 278 nəfər işçi, o 
								cümlədən 100 nəfər elmi işçi çalışır. İldən-ilə 
								elmi dərəcəlilərin sayı artıb. İki akademik, 4 
								müxbir üzv, 7 elmlər doktoru və 45 nəfər fəlsəfə 
								doktoru bölmədə elmi-tədqiqat işi ilə məşğul 
								olur. Bölmə Azərbaycanın və xarici ölkələrin 
								elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, 
								elmin müasir problemlərinə və elmin təşkilinə 
								dair nüfuzlu alimlərlə fikir mübadiləsi aparır. 
								Bölmənin əməkdaşları beynəlxalq elmi qurultay, 
								konqres və simpoziumlarda elmin aktual 
								problemlərinə dair məruzə ilə çıxış edirlər. 
								Bölmənin rəhbəri İsmayıl Hacıyevin təşəbbüsü və 
								təşkilatçılığı ilə vaxtaşırı elmi müşavirə və 
								konfranslar keçirilir.  
								Etiraf edək 
								ki, ən çətin iş idarə etməkdir. İdarə etmək 
								məharəti mənəvi saflıq, daxili paklıq, 
								obyektivlik və prinsipiallıqla bilavasitə 
								bağlıdır. Rəhbərlik etmək, yəni adamları 
								öyrətmək və tərbiyələndirmək üçün insanın gərək 
								mənəvi haqqı olsun. Çoxşaxəli yaradıcılığı, 
								əxlaqi-mənəvi saflığı, humanizmi və 
								qayğıkeşliyi, səmimiyyəti və prinsipiallığı və 
								nəhayət, böyük düşüncələr sahibi olması ilə 
								seçilən akademik İsmayıl Hacıyevin təşəbbüsü ilə 
								Naxçıvanda elmin inkişafı, elmi-texniki 
								potensialın güclənməsi, yüksək ixtisaslı elmi 
								kadrların hazırlanması, elmi işçilərin nüfuzunun 
								artırılması sahəsində önəmli tədbirlər həyata 
								keçirilir. Bölmənin nəzdində sədrliyi ilə 
								fəaliyyət göstərən tarix, arxeologiya və 
								iqtisadiyyat  üzrə Dissertasiya Şurası 
								Naxçıvanda elmi-mədəni mühitin formalaşmasında 
								və kadr hazırlığında mühüm rol oynayır. 
								Bilavasitə onun rəhbərliyi ilə 16 nəfər elmlər 
								doktoru və namizədi yetişmişdir. O, uğurla 
								rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin əhatə 
								etdiyi elmi-tədqiqat institutlarının 
								əməkdaşlarının elmi inkişafına xüsusi diqqət və 
								qayğı ilə yanaşır, onların elmi mühitdə 
								tanınmasına, elmi dərəcə və ad almalarına 
								çalışır. Onun elmi redaktorluğu ilə onlarca 
								monoqrafiya, dərslik və dərs vəsaiti nəşr 
								olunub. Elmi redaktorluğu və həmmüəllifliyi ilə 
								ikicildlik "Naxçıvan ensiklopediyası" (2005), 
								"Naxçıvan abidələri ensiklopediyası" (2008), 
								"Naxçıvanın tarixi atlası" (2009) kimi 
								fundamental elmi nəşrlər işıq üzü görüb. Onun 
								"Heydər Əliyev və milli tarixi yaddaşın bərpası" 
								(2003), "İntibahın 15 ili" (2010) 
								monoqrafiyaları ümummilli lider Heydər Əliyevin 
								ideyalarının araşdırılmasına həsr olunmuşdur. 
								 
								Ümummilli 
								lider Heydər Əliyev deyirdi ki, görkəmli 
								şəxsiyyətlər xalqın zəkasını, elmini, 
								mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş 
								etdirirlər. Ulu öndərin müəyyənləşdirdiyi bu 
								missiya digər ziyalılar kimi akademik İsmayıl 
								Hacıyev tərəfindən də uğurla davam etdirilir. 
								Onun Azərbaycan tarixinin köklü problemləri, 
								xüsusilə Naxçıvan və naxçıvanlılarla bağlı 
								Rusiya, Türkiyə, Misir, Qazaxıstan, Türkmənistan 
								və İranın  nüfuzlu elmi nəşrlərində işıq üzü 
								görən əsərləri, beynəlxalq səviyyəli sammit, 
								simpozium və elmi konfranslarda yaddaqalan 
								çıxışları  dediklərimizin əyani sübutudur. Onun 
								indiyə kimi 30-a yaxın monoqrafiya, kitab, 
								kitabça, dərs və tədris vəsaiti, 230-dən artıq 
								elmi məqaləsi nəşr olunmuşdur ki, onlardan da 
								40-a yaxını məhz xarici ölkələrin elmi 
								nəşrlərində çap edilmişdir.   
								Akademik 
								İsmayıl Hacıyevin AMEA-nın Naxçıvan Bölməsinin 
								"Xəbərlər" jurnalının baş redaktoru, AMEA-nın 
								"Məruzələr" və "Xəbərlər" jurnallarının, 
								Naxçıvan Dövlət Universiteti "Elmi əsərlər" 
								məcmuəsinin, Türkiyədə nəşr olunan "Dialoq 
								Avrasiya" və "Meridian" dərgilərinin redaksiya 
								heyətinin üzvü kimi göstərdiyi xidmətlər onun 
								elmi fəaliyyətində mühüm yer tutur.  O, 2001-ci 
								ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən 
								"İlin adamı" adına layiq görülmüş, 2002-ci ildə 
								Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə 
								"Dialoq Avrasiya Platforması"na üzv seçilmiş, 
								2007-ci ildə akademik Y.Məmmədəliyev adına 
								mükafat və medalla, 2010-cu ildə isə ABŞ-ın 
								Bioqrafiya İnstitutunun qızıl medalı ilə təltif 
								olunmuşdur. Elm sahəsində qazandığı uğurlara 
								görə 2009-cu ildə Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyevin  sərəncamı ilə 
								"Əməkdar elm xadimi" fəxri adına layiq 
								görülmüşdür.  
								Geniş elmi və 
								pedaqoji fəaliyyət göstərən akademik İsmayıl 
								Hacıyev həm də Azərbaycanın ictimai-siyasi 
								həyatında yaxından iştirak edən,  vətəndaşlıq 
								mövqeyi, vətənpərvərlik missiyası ilə seçilən 
								alimlərdən biridir. Əvvəllər Naxçıvan MR Ali 
								Məclisinin, 2005-ci ildən isə Azərbaycan 
								Respublikası Milli Məclisinin deputatı seçilən  
								İsmayıl Hacıyev Azərbaycanın ictimai-siyasi 
								həyatında, millətin tərəqqisinə, dövlətin  
								inkişafına istiqamətlənmiş  qanun və qərarların 
								qəbul edilməsində yaxından iştirak və  maraqlı 
								təkliflərlə çıxış edir.   
								Allah təalanın 
								bəxş etdiyi ömrün 60 ilini mənalı,  şərəfli və 
								ləyaqətlə yaşayan, qayəsi insanlara və 
								insanlığa, Azərbaycan dövlətinə və 
								dövlətçiliyinə xidmət olan əməkdar elm xadimi, 
								akademik İsmayıl Hacıyev  bu günlərdə 
								dost-tanışlarından, həmkarlarından, 
								tələbələrindən yubiley təbrikləri qəbul edir. 
								Biz də onlara qoşularaq xalqımızın böyük ziyalı 
								oğlunu, cəfakeş alimini, görkəmli elm 
								təşkilatçısını yubileyi münasibətilə təbrik 
								edir, ona tükənməz yaradıcılıq enerjisi, 
								səmərəli və məhsuldar elmi fəaliyyət, şəxsi 
								həyatında uğurlar arzulayırıq.    
								
								
								Fərrux RÜSTƏMOV, 
								ADPU-nun pedaqoji fakültəsinin dekanı,  
								pedaqoji elmlər doktoru, professor  | 
								  |