| 
								 
								 Bakıdakı 
								5 nömrəli orta məktəbdə metodiki işin təşkili  
								və həyata keçirilməsi ilə əlaqədar  məktəb 
								metodik Şurasının yığıncağı keçirilib. 
								Yığıncaqda BPKİYİ-nin Təhsilin inkişafı və 
								idarəedilməsi kafedrasının, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin nümayəndələri, paytaxtın 
								ayrı-ayrı orta məktəblərində işləyən 24 direktor 
								müavini  və müəllimlər iştirak ediblər. Məqsəd 
								təhsil ocaqlarında təlimin keyfiyyətini 
								yüksəltmək, müəllimlər və məktəb rəhbərləri 
								arasında  təcrübə mübadiləsi aparmaq olub. 
								Öncə məktəbin 
								ibtidai siniflər üzrə fənn metodbirləşməsinin 
								sədri Günel Musəvi fənn metodbirləşməsinin üzvü, 
								ibtidai sinif müəllimi Almaz Bayramova ilə birgə 
								"Fəal  dərs necə qurulmalıdır" mövzusunda 
								təqdimat ediblər. G.Musəvi və A.Bayramova 
								bildiriblər ki, ölkədə uğurla həyata keçirilən 
								təhsil islahatı milli təhsil sisteminin 
								inkişafına yönəlib. Bu sistemin əsasını 
								demokratikləşdirmə, humanistləşdirmə, 
								humanitarlaşdırma, inteqrasiya və digər 
								prinsiplər təşkil edir. Bu prinsiplərə söykənən 
								təhsil sistemində uğurlu nəticələr əldə etməyin 
								yollarından biri də dərslərdə fəal təlim 
								metodlarından səmərəli və yaradıcı istifadə 
								etməkdir. Məlumdur ki, yeni metod və priyomlar 
								biliklərin müstəqil mənimsənilməsinə və 
								şagirdlərin yaradıcı fəaliyyətinə zəmin yaradır. 
								Bu prosesdə şagirdlər  əməkdaşlıq etmək, 
								dialoqda fəallıq göstərmək və özünü realizə 
								etmək yollarını axtarıb tapmaq kimi 
								keyfiyyətlərə yiyələnirlər. Fəal təlimin 
								mahiyyəti ondan ibarətdir ki, biliklərin  
								verilməsi prosesində  şagirdlər yaradıcı 
								təfəkkürlərini işə salır.  
								Sonra tarix 
								fənni üzrə metodbirləşmənin üzvü Rüxsarə 
								Rüstəmova "Ekskursiya təlim metodu kimi", 
								riyaziyyat - informatika fənn metodbirləşməsinin 
								sədri Jalə Abdulbəyova "Dərsdə şagirdlərin idrak 
								fəallığının yüksəldilməsi" mövzularında çıxışlar 
								ediblər.  
								Məktəbin 
								direktoru Nərminə Gündüzlü çıxışında qeyd edib 
								ki,  istedadlı şagirdlərin potensial imkanları 
								üçün optimal şərait, ilk növbədə, müəllim 
								tərəfindən pedaqoji prosesdə yaradılmalıdır. 
								Müəllimlərlə şagirdlər arasında ünsiyyət həmişə 
								gözəl arzu və ümid qığılcımları oyatmalıdır... 
								Metodşuranın 
								işində iştirak edən BPKİYİ-nin Təhsilin təşkili 
								və idarəedilməsi kafedrasının  müdiri Nisə 
								Cəlilzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
								Metodik Mərkəzinin direktor müavini Sitarə 
								Məmmədova, həmin mərkəzin Binəqədi - Nəsimi 
								bölməsinin müdiri Həvva Əsgərova və digər çıxış 
								edənlər  də  keçirilən   metodşura haqqında öz 
								fikir və tövsiyələrini bildiriblər. 
								
								
								Şakir CƏFƏROV  |