| 
								 Ukrayna Milli 
								Aviasiya Universitetinin prorektoru, professor 
								Vladimir Xarçenko fevralın 2-də Azərbaycan Milli 
								Aviasiya Akademiyasında (AMAA) olmuşdur. 
								 
								
								 AzərTAc 
								xəbər verir ki, AMAA-nın dünya standartlarına 
								tamamilə cavab verən müasir təlim-tədris 
								korpusları, tədris prosesi ilə yaxından tanış 
								olan qonaq akademiyada gördüklərinin onu valeh 
								etdiyini demişdir. Azərbaycan ilə Ukrayna 
								arasında aviasiya sahəsində əməkdaşlıq 
								münasibətlərinə toxunan qonaq bildirmişdir ki, 
								2008-ci ilin sentyabrında Kiyev şəhərində 
								imzalanmış əməkdaşlıq haqqında müqavilə bu 
								münasibətlərin daha da genişləndirilməsinə 
								şərait yaratmışdır.  
								İlk dəfə iki 
								il bundan əvvəl Azərbaycan Milli Aviasiya 
								Akademiyasında olduğunu deyən ukraynalı alim bu 
								müddətdə AMAA-da elm və təhsil, xüsusən də, 
								informasiyalaşdırma sahəsində potensialın 
								yüksələn xətt üzrə inkişafını müşahidə etdiyini 
								diqqətə çatdırmışdır. Vladimir Xarçenko 
								akademiyada tələbələrin biliyinin testlə 
								qiymətləndirilməsinin bir mərkəzdə aparılması 
								təcrübəsinin onda xüsusilə böyük maraq 
								doğurduğunu demişdir. Bildirmişdir ki, bu üsulun 
								tətbiqi imtahanlarda subyektivlik amilinin 
								aradan qalxmasına, eyni zamanda müəllimlərin 
								testləri hansı səviyyədə hazırlamalarının aşkara 
								çıxarılmasına şərait yaradır.  
								Qonağa məlumat 
								verilmişdir ki, akademiyada tətbiq olunan 
								yeniliklərdən biri də burada dörd müxtəlif 
								trenajorun quraşdırılmasıdır. Onlardan ikisi 
								"Boeing" və "İl-86" təyyarələri üçün nəzərdə 
								tutulmuşdur. Trenajorlardan üçü yalnız inkişaf 
								etmiş Qərb ölkələrində istifadə edilən, müasir 
								sistemə malik qurğulardır ki, onların vasitəsilə 
								təyyarənin enişi və uçuşu prosesini məşq etmək 
								mümkündür. Bu cür texnikadan yalnız 
								mütəxəssislər istifadə edə bilərlər.  
								Vurğulanmışdır 
								ki, akademiyanın məzunları çox erudisiyalı, 
								kompüter texnologiyasını və ingilis dilini 
								mükəmməl bilən, peşəkarlığı ilə seçilən 
								kadrlardır. Bu pilotlar və digər ixtisas 
								sahibləri üçün vacib şərtlərdən biridir. 
								 
								AMAA-nın 
								müasir korpusları və burada tədrisin təşkili 
								prosesi ilə yaxından tanış olan qonaq əminliklə 
								bildirmişdir ki, bütün bunlar akademiyanın 
								regionun aparıcı təhsil ocağı olduğunu deməyə 
								tam əsas verir. Ukraynalı alim əlavə etmişdir 
								ki, şübhəsiz, Azərbaycan Milli Aviasiya 
								Akademiyasının bugünkü inkişaf səviyyəsinə 
								çatmasında bu ali təhsil ocağının rektoru, 
								akademik Arif Paşayevin böyük xidmətləri xüsusi 
								qeyd edilməlidir. Vladimir Xarçenko akademiyanın 
								gələcəyinin daha da parlaq olacağına inandığını 
								demişdir.  
								Ukraynalı 
								qonaq diqqətə çatdırmışdır ki, indiki məqamda 
								Azərbaycan Milli Aviasiya Akademiyası ilə 
								Ukraynanın Milli Aviasiya Universitetinin 
								kadrların hazırlığı, müxtəlif problemlərin həlli 
								istiqamətində proqramların yaradılması, müvafiq 
								dərsliklərin hazırlanması sahəsində əməkdaşlıq 
								səylərinin birləşdirilməsi çox vacibdir. 
								 
								Rəhbərlik 
								etdiyi universitetlə bağlı məlumat verən 
								V.Xarçenko bildirmişdir ki, təhsil müəssisəsində 
								50 min tələbə oxuyur. Burada 14 ixtisas üzrə 
								təhsil alan tələbələr üçün bütün fənlər ingilis 
								dilində tədris olunur. Onun fikrincə, 
								Azərbaycanın və Ukraynanın müvafiq ali təhsil 
								müəssisələrinin təhsil proqramlarının 
								uyğunlaşdırılması, eləcə də tələbə mübadiləsi 
								hər iki ali məktəb üçün faydalı olacaqdır.
								 
								Vladimir 
								Xarçenko demişdir ki, 2011-ci il aprelin 7-8-də 
								Kiyevdə keçiriləcək beynəlxalq tələbə 
								konfransına Azərbaycan Milli Aviasiya 
								Akademiyasının rektoru, akademik Arif Paşayev də 
								dəvət olunmuşdur. Aprelin 21-də isə, ənənəvi 
								olaraq, sayca 10-cu "Avia-2011" konfransı 
								keçiriləcəkdir. Həmin konfransı akademiya ilə 
								birgə keçirmək niyyətindəyik. 2012-ci ilin 
								sentyabrında isə 50 ölkənin iştirak edəcəyi "XXI 
								əsrin aviasiyası" mövzusunda 5-ci dünya konqresi 
								öz işinə başlayacaqdır. Burada aviasiyanın 
								inkişaf perspektivləri, dünya səviyyəli 
								problemləri, uçuşların və vətəndaşların fiziki 
								təhlükəsizliyi, pilotsuz təyyarələrin 
								yaradılması və terrorizmlə mübarizə kimi qlobal 
								məsələlər müzakirə olunacaqdır.  
								Ötən müddət 
								ərzində paytaxtımızın xeyli gözəlləşdiyini 
								məmnunluqla qeyd edən ukraynalı qonaq müasir 
								binaların, yolların, küçələrin Bakıya xüsusi 
								yaraşıq verdiyini vurğulamış, xalqımızın 
								qonaqpərvərliyinə bir daha heyran olduğunu 
								söyləmişdir.  
								Görüşdə 
								Azərbaycan Milli Aviasiya Akademiyasının 
								prorektoru Ramiz Sadıqov da əməkdaşlıq 
								məsələlərinə toxunmuş, Azərbaycan və Ukrayna 
								aviatorlarının dostluq əlaqələrinin ilbəil 
								möhkəmləndiyini diqqətə çatdırmışdır. 
								Vurğulanmışdır ki, Azərbaycan Milli Aviasiya 
								Akademiyasının ukraynalı müəllimləri həmkarları 
								ilə mütəmadi olaraq görüşür və təcrübə 
								mübadiləsi aparırlar. Prorektor əməkdaşlıq 
								əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə 
								əminliyini ifadə etmişdir.   |