| 
								 Bakı 
								şəhərindəki F.Gözəlov adına 124 nömrəli orta 
								məktəbdə 2 fevral - Gənclər günü qeyd edildi. 
								Məktəbin tarix müəllimi Zülfiyyə Niftalıyevanın 
								rəhbərliyi ilə X "b" sinif şagirdləri 
								ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. 
								Tədbiri giriş sözü ilə açan Z.Niftalıyeva 
								sabahın layiqli vətəndaşlarının məhz məktəb 
								illərindən formalaşmağa başladığı nəzərə 
								alınaraq yuxarı sinif şagirdləri ilə tez-tez 
								müxtəlif mövzularda tərbiyəvi tədbirlərin 
								keçirilməsinin vacibliyini qeyd etdi. 
								Bir-birindən 
								rəngarəng səhnəciklər, rəqs, musiqi nömrələri 
								ilə zəngin bədii proqramı şagirdlər məharətlə 
								təqdim etdilər. Ölkəmizdə elmə, biliyə marağın 
								olmadığı dövrdə görkəmli şairimiz M.Ə.Sabirin 
								qələmə aldığı "Oxutmuram, əl çəkin", "Vah! Bu 
								imiş dərsi üsuli-cədid?" şeirləri əsasında 
								hazırlanmış, dərsdən yayınan şagirdlərə 
								ünvanlanmış, müxtəlif epidemiyaların, xüsusilə 
								QİÇS-ə yoluxmanın, narkomaniya, cinayətkarlıq və 
								terrorizmin dünyada geniş miqyas aldığı müasir 
								dövrdə uşaq, yeniyetmə və gəncləri bu kimi 
								eybəcərliklərdən uzaq olmağa səsləyən 
								səhnəciklər tədbir iştirakçıları tərəfindən 
								maraqla qarşılandı. X "b" sinif şagirdlərindən 
								Günel, Teymur, Altun, Vəfa, Fatimə, Elnur, Əsəd 
								və Ələmdarın, XI "a" sinif şagirdi Nurlanın 
								çıxışlarını məktəblilər alqışlarla qarşıladılar. 
								Məktəbin 
								məzunu, çoxsaylı yumoristik səhnəciklərin 
								müəllifi Babək Fərmanlının tədbir üçün təqdim 
								etdiyi, şagirdlərdən Azad və Zahidin ifasında 
								səsləndirilən meyxana deyişməsindəki fikirlər 
								dinləyənləri həm güldürdü, həm də düşündürdü. 
								Milli 
								Qəhrəmanlarımızdan Çingiz Mustafayev, Mübariz 
								İbrahimov yad edildi. Şagirdlər əsası ümummilli 
								liderimiz Heydər Əliyev tərəfindən qoyulan və 
								dövlət başçısı İlham Əliyev tərəfindən uğurla 
								davam etdirilən gənclər siyasətini  
								bəyəndiklərini və dəstəklədiklərini bildirdilər, 
								vətənə layiqli övladlar olacaqlarına söz 
								verdilər. 
								Tədbirdə çıxış 
								edən məktəbin direktoru Sevda Abdullayeva 
								gəncləri təbrik etdi, onlara öz məsləhət və 
								tövsiyələrini verdi.  
								
								
								Arizə MAHMUDOVA, 
								Bakıdakı 124 nömrəli orta məktəbin direktor 
								müavini  | 
								  |