| 
								 Regionların 
								sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun 
								olaraq respublikamızın hər yerində olduğu kimi, 
								Bərdə rayonunun Hacallı və Şahvəlilər 
								kəndlərində də yeni məktəb binaları tikilir.
								 
								Hacallı  kənd 
								2 nömrəli orta məktəbinin direktoru Həmid 
								Abdullayevin verdiyi məlumata görə, Təhsil 
								Nazirliyinin vəsaiti hesabına inşa olunan 220 
								yerlik ikimərtəbəli məktəbdə 10 sinif otağı, 
								fizika və kimya laboratoriyaları, kitabxana, 
								kompüter otağı, bufet, akt və idman zalları 
								vardır. Təhsil ocağında  müasir istilik sistemi 
								quraşdırılmış, su xətti və transformator 
								yenilənmişdir. Məktəbin həyətində yeni idman 
								meydançası tikilmiş, 150 ədəd ağac əkilmiş, gül 
								kolları salınmış, asfalt örtüyü çəkilmiş və 
								ərazi hasarlanmışdır. Tikinti "Amin-inşaat" MMC 
								tərəfindən həyata keçirilərək son tamamlama 
								işləri aparılır. 
								Şahvəlilər 
								kəndindəki ikimərtəbəli  220 yerlik məktəbdə də 
								inşaat işləri sürətlə davam etdirilir. Məktəbin 
								növbəti dərs ilinə kimi istifadəyə verilməsi 
								nəzərdə tutulur.    
								
								
								Niyazi RƏHİMOV  | 
								  |