| 
								 Azərbaycan 
								Respublikasının Prezidenti yanında Dövlət 
								İdarəçilik Akademiyasında ixtisasartırma 
								kursunun növbəti buraxılışı başa çatıb. 
								"Təbiətdən 
								istifadə və ətraf mühitin mühafizəsinin dövlət 
								tənzimlənməsi" istiqaməti üzrə keçirilən kursda 
								icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, 
								komitə və idarələrin rəhbər işçiləri iştirak 
								ediblər. 
								Kursun əsas 
								məqsədi "Azərbaycan Respublikasında ekoloji 
								cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair 
								Milli Proqram"ının şərh edilməsi, ekologiya 
								sahəsində dövlət siyasəti: prioritetləri, həyata 
								keçirilmə mexanizmləri, dövlət ekoloji 
								nəzarətinin təşkili və onun həyata 
								keçirilməsinin normativ bazası, ətraf mühitin 
								mühafizəsinə dair beynəlxalq konvensiyalar, 
								onlara qoşulmağın Azərbaycan üçün əhəmiyyəti və 
								sair problemlərlə bağlı biliklərin 
								sistemləşdirilməsi, dinləyicilərə yeni 
								biliklərin verilməsidir. 
								Kursda Heydər 
								Əliyevin dövlət idarəçilik təcrübəsi, Azərbaycan 
								Respublikasının təbii sərvətləri, onun səmərəli 
								istifadəsi, qlobal iqlim dəyişmələri və onun 
								insan orqanizminə təsiri, torpaq, yerin təki, 
								meşə və flora problemləri və digər məsələlər 
								əhatə edilib. 
								Tədris müddəti 
								ərzində kursda Azərbaycan Respublikası ekologiya 
								və təbii sərvətlər nazirinin müavini Firdovsi 
								Əliyev, Dövlət Neft Şirkətinin I 
								vitse-prezidentinin müşaviri, professor Eldar 
								Şahbazov, Dövlət Torpaq və Xəritəçəkmə 
								Komitəsinin Torpaqların Uçotu və Monitorinqi 
								sektorunun müdiri Lətif Qasımov, Səhiyyə 
								Nazirliyinin əməkdaşları Ziyəddin Kazımov, İslam 
								Məhərrəmov və digər tanınmış alim-mütəxəssislər 
								dinləyicilər qarşısında ekologiyanın və 
								təbiətdən istifadənin müasir problemlərinə dair 
								müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. 
								Kursun iştirakçıları Ekologiya və Təbii 
								Sərvətlər Nazirliyinin təhlükəli tullantıların 
								zərərsizləşdirilməsi üzrə Milli Mərkəzində 
								Abşeron çirkablı suların təmizlənməsi və dənizə 
								axıdılması stansiyasında təcrübədə olublar. 
								DİA-nın I 
								prorektoru professor Əlikram Abdullayev kursun 
								sonunda dinləyicilər qarşısında çıxış edib, 
								onlara gələcək işlərində uğurlar arzulamış və 
								kursu müvəffəqiyyətlə bitirdiklərinə görə 
								sertifikatlar təqdim edib.  
								
								
								Şakir CƏFƏROV  |