| 
								 Yanvarın 26-da 
								Qafqaz Universitetində "Elektrik və Elektronika 
								Mühəndisləri İnstitutu (İEEE) üzvü olmağın fayda 
								və imkanları" mövzusunda seminar keçirildi. 
								Seminar iştirakçıları öncə Qafqaz 
								Universitetinin fəaliyyətindən, burada təhsil 
								almağın üstünlüyündən, yaradılmış şəraitdən, 
								təhsil ocağının iş dünyası ilə əlaqələrindən 
								bəhs edən filmə baxdılar. 
								Universitetin 
								rektoru, professor Ahmet Saniç iştirakçıları 
								salamladıqdan sonra seminarın tanıtma məqsədi 
								daşıdığını, bu nüfuzlu təşkilata daxil olmağın 
								hər kəs üçün əhəmiyyət kəsb etdiyini bildirdi, 
								onun üzvləri qarşısında açdığı imkanlardan 
								danışdı. Bildirdi ki, bu elmi təşkilat öz 
								üzvlərinin mühəndislik və texnologiya 
								dünyasındakı mükəmməlliklə birgə olmasını, eyni 
								sahədə çalışan yerli və beynəlxalq 
								mütəxəssislərlə sıx təmas qurmasını, öz elmi 
								səviyyəsini artırmasını təmin edir.  
								Seminarda 
								Qafqaz Universitetinin kompüter mühəndisliyi 
								bölməsinin müdiri doktor Abzetdin Adamov İEEE 
								haqqında təqdimat etdi. Verilən məlumatdan aydın 
								oldu ki, 1884-cü ildə əsası qoyulmuş İEEE 
								(Elektrik və Elektronika Mühəndisləri İnstitutu) 
								dünyanın bəşəriyyətə faydalı  ən böyük 
								professional müasir texnologiya birliyidir. 
								Dünyanın bir sıra tanınmış alimləri, mühəndis və 
								texnoloqları, ixtiraçıları bu qurumun üzvü 
								olmuşlar. Hazırda dünyanın 170 ölkəsində 
								fəaliyyət göstərən İEEE öz sıralarında 400.000 
								üzvü birləşdirir. O, üzvlərinin peşə maraqlarını 
								dəstəkləyir, texniki jurnal dərc edir, 
								konfranslara sponsorluq köməyi göstərir, 
								texnoloji standartlar hazırlayır.  
								Qurumun 
								məqsədləri, fəaliyyət istiqamətləri haqqında da 
								geniş açıqlama verən A.Adamov onun texnoloji 
								yeniliklərə təkan verdiyini, təhsil 
								resurslarını, karyera sahəsində rəhbərliyi təmin 
								etdiyini, texniki və sosial xarakterli yerli 
								fəaliyyətləri həyata keçirdiyini diqqətə 
								çatdırdı.  
								
								
								Y.ƏLİYEV  | 
								  |