| 
								 
								
								
								Maqadana minlərlə azərbaycanlı sürgün olunub  
								
								
								
								(Əvvəli qəzetimizin 14 və 28 yanvar tarixli 
								nömrələrində)  
								Bu yerlərə 
								sürgün edilənlər 1-2 ildən çox yaşaya 
								bilməyiblər  
								Gedəcəyim 
								növbəti keçmiş düşərgə isə Maqadandan 500 
								kilometr aralı olan Seymcan qəsəbəsi 
								yaxınlığındakı Lazo və Kanyon-1 adlanan həbs 
								düşərgələrinin xarabalıqları olacaqdı. 
								Totalitar 
								rejiminin sürgün etdiyi insanları məhz Maqadanın 
								ən sərt havası olan Susuman, Neksikan, Yaqodnoe, 
								Seymcan və s. kimi yerlərinə aparmışlar. Maqadan 
								DİN arxivindən aldığım sorğu cavablarında belə 
								faktlara çox rast gəldim. Bu insanların çoxu 
								yalnız bir qış mövsümünü sağ qala bilmişdi. Yəni 
								bir ildən çox yaşaya bilməmişlər. Bu yerlərin 
								şaxtasından iş fəaliyyətini itirmiş insanlar 
								lazımsız işçı qüvvəsi  olduğuna görə 
								güllələnmişlər. Bunlara misal olaraq iki fakt 
								göstəririk: 
								
								 Kuluyev 
								Şahsuvar Firidun oğlu 1905-ci il təvəllüdlü. Az. 
								SSR, Qubadlı rayonu, Amudux kəndi. 1938-ci il 
								aprelin 14-də Zaqafqaziya Hərbi Tribunalı 
								tərəfindən Az. SSR CM-in 21, 64, 70, 73 
								maddələrinə əsasən 10 il müddətinə azadlıqdan 
								məhrum edilmişdir. 
								Cəza müddətini 
								çəkmək üçün Maqadan vilayəti ərazisinə 9 dekabr 
								1938-ci ildə gəlmişdir. 16 aprel 1940-cı ildə 
								Maqadan xəstəxanasında vəfat etmişdir və s. 
								Şirinov Fərhad 
								Mustafa oğlu. Təvəllüdü 1905-ci il. Az. SSR, 
								Cəbrayıl rayonu, Dağtumas kəndi... 
								3 iyun 1939-cu 
								ildə cəza müddətini çəkmək üçün Maqadan vilayəti 
								ərazisinə gətirilmişdir. 24 noyabr 1940-cı ildə 
								Susuman rayonundakı Çkalov adına düşərgənin tibb 
								məntəqəsində vəfat etmişdir. Ölüm səbəbi: ürək 
								çatışmazlığı olub. 
								Arxivdən 
								aldığım cavablara əsasən deyə bilərəm ki, 
								Azərbaycanın aran rayonlarından buraya sürgün 
								edilənlərin 60-70 faizi bir, ya da iki il 
								yaşayıblar. Bu insanlar siyasi repressiyanın 
								qurbanları idi.  
								Azad olmuş 
								dustaqlardan Vətənə dönməyənləri də olurdu  
								XX əsrin 
								sonuncu onilliyində Susuman qəsəbəsinə şəhər 
								statusu verilib. 30-cu illərdə burada böyük 
								müvəqqəti saxlama həbsxanası və xeyli düşərgə 
								olub. Bu həbsxana və düşərgələr Çay-Uryax 
								düzənliyində kəşf olunmuş qızıl yataqlarında 
								işləmək üçün buranı ucuz işçi qüvvəsi ilə təmin 
								edirdi. Dustaqlar bu yerə "ölüm düzənliyi" 
								deyirmişlər. Susuman həm də böyük nəqliyyat 
								şosesinin və yol tikintisinin əsas dayaq nöqtəsi 
								idi. Belə ki, İndigirka çayı sahilində yerləşən 
								Üçt-Nərədən Aldan çayı sahilindəki Xandıqaya 
								qədər uzun bir məsafəyə yol çəkilməli idi. Bunun 
								üçün Stalinin göstərişi ilə "zərbəçi briqada"lar 
								yaradılmışdı. Hər 10 kilometrdən bir düşərgə 
								salınmaqla dustaqlar tikintidə işlədilirdilər. 
								Bu düşərgələrdə soyuqdan, acından və işin hədsiz 
								dərəcədə ağır olması səbəbindən adamlar kütləvi 
								şəkildə tələf olurdular. Bu gün həmin 
								"zona"lardan heç  nə qalmayıb.  
								Susumandan 25 
								kilometr qərbə tərəf  Neksikan qəsəbəsi 
								yerləşirdi və buradan 15 kilometr aralıda 
								düşərgələrin xəstəxanası vardı. Bu xəstəxanaya 
								xəstəlikdən, iş rejiminin dözülməzliyinin və 
								yaxud az qidalanmanın nəticəsində artıq əmək 
								qabiliyyətini itirərək "doxodyaqi" adlandırılan 
								dustaqlar göndərilirdi. Amma "müalicə" üçün 
								buraya göndərilənlər geriyə dönmürdülər. 
								Xatınnaxda, Berlaqda və s. olduğu kimi, bu 
								xəstəxananın da qəbiristanlığı olub. Burada da 
								əvvəlcədən hazırlanmış tranşeylər həmin 
								xəstəxanaya gətirilən dustaqların cəsədləri ilə 
								doldurulurdu. İndi bu qəbiristanlıqdan da 
								əsər-əlamət qalmayıb. 
								"Zona"ların və 
								məzarların kim tərəfindən, nə vaxt və nə üçün 
								sökülüb dağıdılması barədə də məlumat vermək 
								istəyirəm. Belə ki, Stalinin ölümündən sonra 
								verilən amnistiyaya əsasən dustaqların xeyli 
								hissəsi azad edilmişdi. 1956-cı ildə isə nəinki 
								Kalımda, bütün SSRİ ərazisində "QULAQ"ın 
								tabeliyində olan dustaqlara, xüsusilə də siyasi 
								dustaqlara bəraət verildi. Bununla da Kalım 
								ərazisindəki düşərgələr və həbsxanalar, demək 
								olar ki, xeyli boşaldı. Azad olmuş keçmiş 
								dustaqlar arasında Vətənə dönməyənlər də oldu. 
								Bu insanlar buradakı artellərdə işləyərək yenə 
								qızıl axtarışına başladılar. 1970-1980-ci 
								illərdə bu artellərə dağlıq ərazilərdə işləyən 
								güclü texnika göndərildi. Bununla da daha tez və 
								daha çox metal emalına başlandı. "Zona"lar 
								bulduzerlərlə dağıdıldı, burada vaxtilə 
								dustaqların gizlətdikləri qızıllar aşkar edildi. 
								Bu barədə 
								yazıçı Viktor Nikolayeviç Pavlov yazır: "Mən 
								Çay-Uryax adlanan çayın sahilində yerləşən böyük 
								qızıl emalı fabrikində oldum. Bu fabrikin 
								fəhlələri mənə danışdılar ki, bir dəfə gecə 
								növbəsindən sonra draqa (torpağı yuyaraq qızıl 
								aşkar edən texnika) irəlilədikcə arxada qoyduğu 
								qum təpəciklərində insan sümükləri və kəllələri 
								gördük. Sən demə, biz bütün gecəni hamı üçün 
								gizlin olan dustaq qəbirlərini sökərək 
								irəliləmişik..." (Stalinizm na Kalıme. str.118). 
								Ümumiyyətlə, 
								"zona"ların məhv edilməsinin bir neçə yolu var. 
								Yaşayış məntəqələrindən uzaqda olması ilə 
								əlaqədar kimin texnikası varsa, onlar gedib 
								keçmiş düşərgələrdəki barakları söküb, dəmirini 
								və taxtalarını gətirib istifadə edir və ya 
								satır. Buna isə bu gün "ərazinin təmizlənməsi" 
								deyirlər. Digər tərəfdən, Xalq Daxili İşlər 
								Komissarlığı nəzdində olan məşhur "Dalstroy" 
								trestinin və "USTVİL"in (Şimal-Şərq Əmək-İslah 
								Düşərgələri İdarəsi) əməkdaşları Stalinin 
								ölümündən sonra yenə də istehsalata rəhbərlik 
								etmiş, sovet və partiya orqanlarında yüksək 
								vəzifələri tutmuşlar. Aydın məsələdir ki, onlar 
								düşərgələrdə törətdikləri cinayətlərin üstünü 
								örtməyə çalışırdılar. Ona görə də bu vandalizmə 
								göz yuman yerli hakimiyyət həbsxana və 
								düşərgələrin məhv edilməsində çox maraqlı idi. 
								Elə bu gün də burada o zamanlar baş verənləri 
								haqlı, lazımi və qanuni hesab edənlər var.  
								Zıryanka 
								qəsəbəsini də dustaqlar tikiblər  
								
								 Zıryanka 
								qəsəbəsi də bir çox qəsəbələr kimi, Kalım 
								çayının sahilləri boyunca salınmış düşərgələrdən 
								biri idi. Hələ "Dalstroy"un var gücü ilə 
								işlədiyi dövrdə bura çay gəmiçiliyinin kiçik bir 
								limanı olub. Odunla işləyən gəmilər buradakı 
								mədənlərə lazım olan hər şeyi-texnika, geyim, 
								qida məhsulları və əlbəttə, ucuz işçi qüvvəsi 
								olan dustaqları daşıyırdılar. Ust-Srednekandan 
								başlayaraq Kalım çayı boyunca hər 10 kilometrdən 
								bir buraya göndərilmiş dustaqlardan ibarət kiçik 
								düşərgələr fəaliyyət göstərirdi. Bu düşərgələrin 
								məqsədi çay boyunca hərəkət edən gəmiləri odunla 
								təchiz etməkdən ibarət idi. Kalım çayı gəmiçilik 
								idarəsinin baş iqamətgahı da elə 
								burada-Zıryankada yerləşirdi. İdarənin rəisi isə 
								admiral olub. Əgər kiçik düşərgələrin hansısa 
								lazım olduğu qədər odun verməsəydi, bu admiral 
								heç kimdən və heç nədən çəkinmədən həmin 
								düşərgənin dustaqlarının hər on və ya hər beş 
								nəfərindən birinin güllələnməsinə əmr vermək 
								gücünə malik idi. Sonra onların ölüm aktlarında 
								hansısa bir xəstəliyin adı yazılır, güllələnmiş 
								dustağın vəfatı barədə qohumlarına bir "qara 
								kağız" göndərilirdi. Sovet rejimində Beriyanın 
								rəhbərlik etdiyi "QULAQ"ın (Düşərgələr üzrə 
								Dövlət idarəsi) daxili qanunları belə idi. 
								Ümumiyyətlə, buradakı idarə rəhbərləri 
								külli-ixtiyar sahibləri imiş. 
								O zaman 
								Zıryankadan 63 kilometrlik məsafədə geoloqlar 
								kömür yataqları kəşf ediblər. Oraya xeyli dustaq 
								göndərilib və yeni bir düşərgə yaranıbdır. Bura 
								yeraltı mədən oldugundan dustaqlar kömürü əl 
								arabası ilə daşıyırlarmış. Bu gün də burada 
								kömür, az miqdarda olsa da, hasil edilir,  amma  
								müasir  texnika ilə. 
								...Səyahətə 
								çıxdıgım gəminin göyərtəsində əyləşib hər iki 
								sahilə heyranlıqla baxırdım. Çılpaq və sərt 
								qayaları əhatə etmiş yaşıllıqlar göz 
								oxşayırdı.İnanmaq olmur ki, bu yerlərdə ilin 
								doqquz ayı şaxtanın sazagı mənfi 40, 50, bəzən 
								də 60 dərəcəyə çatır.Bu yerlərin yaşıl təbiəti, 
								həqiqətən, heyranedicidir. Bələdçim mənə o zaman 
								Kalım çayı sahillərində salınmış düşərgələrin 
								yerini göstərirdi.Yerini ona görə deyirəm ki, bu 
								günə o düşərgələrdən heç nə saxlanılmayıbdır. 
								Zıryanka 
								qəsəbəsi ilə üz-üzə, Kalım çayının sağ sahilində 
								daha bir qəsəbənin xarabalıqları var. Bu qəsəbə 
								də dustaqlar tərəfindən tikilmişdi.Sonradan 
								onlar burada yaşamaq məcburiyyətində 
								qalıblar.Qəsəbə xüsusi köçürülənlərin qəsəbəsi 
								idi.Yəni həbs müddəti başa çatanda azad edilən, 
								lakin bu vilayətdən çıxması qadağan olunan 
								dustaqların qəsəbəsi. Belə dustaqların harada 
								yaşamasını rəhbərlik təyin edirdi. Maqadandan 
								500 kilometr məsafədə yerləşən Seymcan, 
								Yaqodnoye və s. qəsəbələr kimi, Zıryankada yayda 
								isti olur. Dustaqlar kartof və kələm 
								əkib-becərərək burada kənd təsərrüfatını inkişaf 
								etdiriblər. İstixanalar tikərək pomidor və xiyar 
								da yetişdiriblər. Beləliklə, bu qəsəbə  yaxın 
								qəsəbələri, hətta bəzən düşərgələri də tərəvəzlə 
								təmin edirmiş. Stalinin ölümündən sonra 
								amnistiya fərmanı bu insanlara tam azadlıq verdi 
								(qatı cinayətkarlardan başqa). Onların bəziləri 
								öz vətənlərinə, bəziləri qismən böyük 
								qəsəbələrə, bəziləri də Maqadana köçdülər. 
								Beləliklə, qəsəbə tamamilə boşaldı. Sonra yerli 
								hakimiyyətin burada kənd təsərrüfatını bərpa 
								etmək cəhdi baş tutmadı. Qəsəbədən bu günümüzə 
								yalnız uçuq-sökük yaşayış evləri və leysan 
								yağışlarının torpağını yuyub hamarladığı 
								qəbiristanlıq qalmışdır. Bu torpağın altında isə 
								o zaman siyasi baxışı başqa olan sovet 
								vətəndaşlarının qalıqları çürüməkdədir. Bu 
								insanlar, sadəcə olaraq, qəddar rejimin "QULAQ" 
								adlı dəyirmanından sağ çıxmayanlardır. 
								Keçmiş 
								dustaqların bəziləri isə, sadəcə olaraq, Kalımın 
								sağ sahilindən sol sahilinə keçərək Zıryanka 
								qəsəbəsində məskunlaşmış, ailə qurmuş və 
								həmişəlik burada yaşamışlar. Bu sadə Şimal 
								adamlarına məni çox mehribanlıqla 
								qarşıladıqlarına görə minnətdarlığımı 
								bildirirəm.   
								"Vaskovun 
								evi"  
								1935-ci ildə 
								Maqadanda ilk daş binaların tikintisinə 
								başlanıldı. Bunlar poçtun binası, sərhəd 
								qoşunlarına məxsus bina və 1 nömrəli həbsxana 
								idi. Həmin həbsxana binası tarixin yaddaşına 
								onun ilk rəisinin adı ilə "Vaskovun evi" kimi 
								həkk olunub. Bu, zirzəmisində neçə-neçə insanın 
								əzab verilərək güllələndiyi həmin məşhur 
								həbsxana idi. 
								Keçmiş Maqadan 
								dustaqlarından olan rəssam N.Biletovun düşərgə 
								xatirələrindən: 
								"...Bir gün 
								bizim "47-ci kilometr" adlanan düşərgəyə çox da 
								böyük olmayan "NKVD" dəstəsi gəldi. Onlar bizə 
								nəzarət edən əsgərləri də, gözətçi "vışka"sında 
								duran əsgərləri də öz adamları ilə əvəz etdilər. 
								Düşərgə rəisini də harasa göndərdilər. Ertəsi 
								gün bizi işə aparmadılar. Bu gözlənilməz 
								istirahətə çox sevindik, nəhayət ki, paltar və 
								çəkmələrimizi yaxşıca qurudacağıq. Amma 
								sevincimiz çox çəkmədi. Gecə bizi sanki həyəcan 
								siqnalı varmış kimi ayağa qaldırıb baraklardan 
								həyətə qovdular (təxminən min nəfərə yaxın 
								idik). Cərgəyə düzüb sıra ilə saydılar, sonra 
								isə hər on nəfərdən birini ayrıca cərgəyə 
								düzdülər. Bu bəxti gətirməyənləri guya 
								yaponların tərəfinə keçmək üçün silahlı üsyan 
								hazırladıqlarına görə təqsirli bilib apardılar. 
								Elə həmin gecə onların hamısını düşərgənin 
								kənarında güllələdilər. O gündən düşərgənin 
								idarəsi əsl zindana çevrildi. Heç nə başa düşmək 
								olmurdu. İstənilən vaxt gəlib kimisə 
								aparırdılar-ağqvardiyaçıları, Vətəndaş 
								müharibəsi qəhrəmanlarını, partiyaçıları, din 
								xadimlərini, kolxoz və sovxoz direktorlarını, 
								kimi olsa. Onlar bir daha baraka qayıtmırdılar. 
								Düşərgə idarəsindən isə gecə-gündüz dəhşətli 
								fəryad səsləri gəlirdi. Sanki orada insan dərisi 
								soyurdular...".  
								
								
								
								(Ardı var)  
								
								
								Binnət ƏSGƏROV   |