| 
								 
								 Polovinko 
								Ruslan Aleksandroviç  
								1969-cu il 
								oktyabrın 21-də Xarkov vilayətinin Zmiyev 
								şəhərində mühəndis ailəsində  anadan olub. 
								1987-ci ildə Sızan Ali Hərbi Təyyarəçilər 
								Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən 
								sonra 1991-ci ildə Naxçıvan şəhərində yerləşən 
								hərbi hissəyə göndərilib. Azərbaycan Hərbi Hava 
								Qüvvələri yarananda xidmətini Bakı Əlahiddə 
								Vertolyot Eskadrilyasında təyyarəçi-operator 
								vəzifəsində davam etdirib. Ruslan 1992-ci ildən 
								başlayaraq erməni hərbi birləşmələrinə qarşı 
								əməliyyatlarda bacarıqlı bir döyüşçü kimi 
								fəallıq göstərib. Qubadlı, Laçın, Ağdərə 
								rayonlarının  əraziləri uğrunda erməni 
								işğalçılarına qarşı gedən ağır döyüşlərdə 
								rəşadət nümayiş etdirib. Dəfələrlə həyatını 
								ölümlə üz-üzə qoyaraq vertolyotu ilə son dərəcə 
								təhlükəli yerlərə uçuş edib, əhalini və yaralı 
								döyüşçüləri təhlükəsiz yerlərə çıxarıb. 
								R.Polovinko 
								həmin təhlükəli zonaya  dördüncü uçuşu zamanı 
								qəhrəmancasına həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 14 sentyabr 1992-ci 
								il tarixli 204 nömrəli Fərmanı ilə Polovinko 
								Ruslan Aleksandroviç ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Doğulduğu 
								Zmiyev şəhərində dəfn olunub.  
								
								 Ramazanov 
								Şamil Ağasəf oğlu  
								1976-cı il 
								yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində 
								anadan olub. 1993-cü ildə doğma kəndlərindəki 
								orta məktəbin onuncu sinfini bitirib. Bir il 
								təsərrüfatda çalışıb. 1994-cü ildə Milli Ordu 
								sıralarına hərbi xidmətə çağırılıb. Şamil bir 
								neçə ay hərbi təlim keçdikdən sonra 777 nömrəli 
								hərbi hissəyə göndərilib. Orduda bir il xidmət 
								etməsinə baxmayaraq,  aparılan  hərbi 
								əməliyyatda, komandirləri tərəfindən ona verilən 
								hər bir tapşırığın yerinə yetirilməsində peşəkar 
								bir döyüşçü kimi fərqlənib. Şamil Vətənini, 
								xalqını, torpağını canından artıq sevib. Əsgər 
								yoldaşlarının, dostlarının hörmət və məhəbbətini 
								qazanıb. 
								Ş.Ramazanov 
								1995-ci ilin məlum mart hadisələri zamanı dövlət 
								çevrilişinə cəhdin qarşısını alarkən silahlı 
								dəstələrlə atışma zamanı qəhrəmancasına həlak 
								olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 4 aprel 1995-ci il 
								tarixli 307 nömrəli Fərmanı ilə Ramazanov Şamil 
								Ağasəf oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Doğulduğu 
								Rəhimli kəndində dəfn olunub. Ağsu rayonunun 
								mərkəzindəki kinoteatr onun adını daşıyır.     
								
								 Rüstəmov 
								Məzahir İzzət oğlu  
								1960-cı il 
								martın 2-də Bakı şəhərində anadan olub. 1977-ci 
								ildə 32 nömrəli məktəbi "əla" qiymətlərlə 
								bitirərək 1978-ci ildə BDU-nun tarix fakültəsinə 
								daxil olub. Təhsilini başa çatdırdıqdan sonra 
								bir müddət məktəbə pioner baş dəstə rəhbəri 
								göndərilib.1986-cı ildə Azərbaycan İnşaat 
								Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında 
								baş laborant işləyib. 1991-ci il martın 5-dən 
								Dövlət Mətbuat Komitəsində  iqtisadi əlaqələr 
								şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyətə 
								başlayıb. 1992-ci il martın 23-də könüllü olaraq 
								Milli Orduya yazılaraq Şınıxa gedib. Gədəbəyin 
								Başkənd və Mutudərə kəndi istiqamətində gedən 
								döyüşlərdə fəallıq göstərərək düşmənin bir neçə 
								zirehli texnikasını ələ 
								keçirib.                                   
								 
								M.Rüstəmov 
								1992-ci il avqustun 6-da qoşunlarımızın Başkənd 
								və Mutudərə istiqamətində hücuma keçən erməni 
								quldurlarının üzərində qələbə çaldığı döyüşdə 
								qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								Bir övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 5 fevral 1993-cü il 
								tarixli 457 nömrəli Fərmanı ilə Rüstəmov Məzahir 
								İzzət oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 
								32 nömrəli məktəb, Əhmədli qəsəbəsindəki 
								küçələrdən biri onun adını daşıyır. Yaşadığı 
								binaya xatirə lövhəsi vurulub. Gədəbəy rayonunda 
								tuncdan abidəsi ucaldılıb.  
								
								 Rüstəmov 
								Füzuli Salah oğlu  
								1965-ci il 
								dekabrın 25-də Tərtər rayonunun Hüsənli kəndində 
								anadan olub. 1978-ci ildə Xocalıda orta məktəbə 
								gedərək  səkkizillik təhsilini orada başa 
								çatdırmışdı. Füzuli əvvəlcə Xocalı üzümçülük 
								sovxozunda, 1990-cı ildə isə toxuculuq 
								fabrikində çalışıb. Qarabağ hadisələri 
								başlayanda Vətənə xidməti borcunu yerinə 
								yetirmək üçün cəbhə bölgəsinə yollanıb. 1990-cı 
								ildə erməni işğalçılarının Xankəndinə 
								hücumlarının qarşısını almaq üçün əməliyyat 
								planı hazırlayan dörd nəfərdən biri də Füzuli 
								olub. 
								F.Rüstəmov 
								Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin 
								təmin edilməsində xüsusi şücaət göstərib. O, 
								erməni faşistlərinin dinc əhaliyə qarşı 
								törətdiyi bu amansız və qanlı döyüşlər zamanı 
								ölümün pəncəsindən neçə-neçə uşağın, qocanın, 
								ağır yaralıların həyatını xilas edərək onları 
								təhlükəsiz  zonaya çıxarıb və elə həmin vaxt 
								aldığı ağır yaradan Ağdam Rayon Mərkəzi 
								Xəstəxanasında dünyasını dəyişib. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 25 fevral 1997-ci il 
								tarixli 553 nömrəli Fərmanı ilə Rüstəmov Füzuli 
								Salah oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Tərtər 
								rayonunun Hüsənli kəndində dəfn olunub.  
								
								 Rüstəmov 
								Hidayət Eldar oğlu  
								1970-ci il 
								avqustun 19-da Ağdam rayonunun Xıdırlı kəndində 
								anadan olub. Kəndlərindəki məktəbdə səkkizinci 
								sinfi bitirdikdən sonra təhsilini Ağdam 
								şəhərindəki 50 nömrəli texniki peşə məktəbində 
								davam etdirib. Hidayət 1988-1990-cı illərdə 
								sovet ordusu sıralarında hərbi xidmətdə olub. 
								1991-ci ildə Ağdam Rayon Daxili İşlər Şöbəsinin 
								post-patrul alayına qəbul olunub. O, ilk gündən 
								bir çavuş kimi bütün bacarığı ilə Vətənə xidmət 
								etməyə başlayıb. 1991-ci il  dekabrın 23-də 
								Meşəli kəndi işğalçı ermənilərin hücumuna məruz 
								qalan zaman burada yaşayan  insanları təhlükəsiz 
								yerlərə yerləşdirərək, təpədən dırnağa kimi 
								silahlanmış düşmən qüvvələri ilə gedən 
								qeyri-bərabər döyüşlərdə xüsusi fəallıq 
								göstərib. 
								H.Rüstəmov elə 
								həmin amansız  və qanlı döyüşlərdə, quduzlaşmış, 
								qaniçən erməni yaraqlıları ilə son damla 
								qanınadək igidliklə vuruşaraq qəhrəmancasına 
								həlak olub. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il 
								tarixli 264 nömrəli Fərmanı ilə Rüstəmov Hidayət 
								Eldar oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Ağdam 
								rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.  
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |