| 
								 
								 Yanvarın 
								28-də Sumqayıtda yerləşən Uşaq və Yeniyetmələrin 
								Yaradıcılıq Mərkəzində rəsm sərgisi keçirildi. 
								Mərkəzin rəssamlıq dərnəyinin üzvləri Gülnar 
								Məmmədova və Əfsanə Piriyevanın rəsm 
								əsərlərindən ibarət olan sərgidə Sumqayıt Şəhər 
								İcra Hakimiyyətinin nümayəndələri, təhsil 
								ictimaiyyəti və digər qonaqlar iştirak 
								edirdilər.  
								Tədbiri giriş 
								sözü ilə açan mərkəzin direktoru Əntiqə Rzayeva 
								qonaqları salamlayaraq, 2 fevral Gənclər gününə 
								həsr olunmuş sərginin 2003-cü ildən bu günə 
								qədər keçirilən fərdi sərgilərin 100-cü yubileyi 
								olduğunu bildirdi. Qeyd edildi ki, mərkəz 
								gənclərin asudə vaxtlarının səmərəli təşkil 
								edilməsi və yaradıcılıq fəaliyyəti ilə sərbəst 
								məşğul olması məqsədilə öz işini onların maraq 
								dairəsinə uyğun olaraq qurur. Mərkəzdə fəaliyyət 
								göstərən təsviri incəsənət dərnəyində də məhz 
								belə  istedadlı gənclər  üzə çıxarılaraq onlara 
								sənətin sirləri öyrədilir. O, hər iki gənc 
								rəssam haqqında xoş fikirlərini bildirərək, 
								onlara  müvəffəqiyyətlər arzuladı. 
								
								 Sonra 
								söz Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 
								müavini Ramiz Həsənova verildi. O, hər iki 
								gəncin rəsm əsərlərinə baxdıqda qürur hissi 
								keçirdiyini və belə gənclərin olmasının 
								respublika üçün böyük əhəmiyyət kəsb etdiyini 
								bildirdi. Qeyd edildi ki, hazırda 
								respublikamızda gənclərin potensiallarının üzə 
								çıxarılması istiqamətində xeyli işlər görülür. 
								Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq 
								sərəncamlarına əsasən gənclərə göstərilən diqqət 
								və qayğıdan söz açan R.Həsənov bu yöndə aparılan 
								işləri təqdirəlayiq hal kimi qiymətləndirdi. 
								Bildirildi ki, yeni tikilib istifadəyə verilən 
								və gənclərin istedadını üzə çıxaran Uşaq və 
								Yeniyetmələrin Yaradıcılıq Mərkəzi müasir 
								standartlara cavab verir. O, gənclər üçün hər 
								bir şəraitin yaradıldığını nəzərə çatdıraraq, 
								onların bu imkanlardan maksimum dərəcədə 
								yararlanacaqlarından  ümidvar olduğunu bildirdi. 
								Sərgi ilə 
								tanış olan Sumqayıt Şəhər Təhsil Şöbəsinin 
								müdiri Vidadi Bağırov Gülnar və Əfsanənin 
								rəsmləri barədə xoş fikirlər səsləndirdi. O, 
								belə tədbirlərin keçirilməsinin vacibliyini 
								vurğulayaraq qeyd etdi ki, gənclərin fikirlərini 
								və maraqlarını yaradıcılıq və digər faydalı 
								sahələrə yönəltmək və onların istedadını üzə 
								çıxarmaq qarşımızda duran əsas vəzifələrdən 
								biridir. Hesab edirəm ki, bu istiqamətdə 
								aparılan işlər artıq öz bəhrəsini verməkdədir. 
								Belə ki, bu gün təşkil olunmuş sərgi hamı kimi 
								bizi də sevindirir. Gülnar və Əfsanənin valideyn 
								və müəllimlərinə öz təşəkkürünü bildirən 
								V.Bağırov onlara gələcək işlərində uğurlar 
								arzuladı. 
								Sərgidə çıxış 
								edən Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin 
								rəisi Musa Həsənov, 25 nömrəli orta məktəbin 
								direktoru Əvəz Mahmud Lələdağ gənc rəssamlar və 
								onların çəkdikləri rəsmlər haqqında  müsbət 
								fikirlər söylədilər. 
								Sonda gənc 
								rəssamlara diplom və hədiyyələr verildi.  
								
								
								Niyazi RƏHİMOV   |