| 
								 Fevralın 5-də 
								Təhsil Nazirliyində "Səmərəli məktəb 
								layihəsi"nin təqdimat mərasimi keçirildi. 
								Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir 
								müavinləri, müvafiq şöbə və struktur 
								bölmələrinin rəhbərləri, layihənin həyata 
								keçirildiyi məktəblərin nümayəndələri iştirak 
								edirdilər.  Qeyd edək ki, Dünya Bankının 
								maliyyələşdirdiyi "Səmərəli məktəb layihəsi" 
								Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 
								tərəfindən həyata keçirilir. Layihənin 
								reallaşdırılmasına 2010-cu ilin noyabr ayında 
								başlanıb. İcra müddəti 2 il olan bu layihədə 
								2-si Bakı, 9-u respublikanın digər şəhərlərindən 
								olmaqla 11 məktəb iştirak edir. 
								
								 Təhsil 
								naziri Misir Mərdanov mərasimi açaraq 
								iştirakçıları salamladı və layihənin icra 
								edildiyi məktəblərin nümayəndələri ilə tanış 
								oldu. 
								Sonra Müasir 
								Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar 
								üzrə direktoru Elmina Kazımzadə layihə haqqında 
								ətraflı məlumat verdi. E.Kazımzadə bildirdi ki, 
								layihənin əsas məqsədi məktəblərdə öyrənən 
								mühitin yaradılması və məktəblərin öyrənən 
								təşkilat kimi formalaşdırılmasıdır. Öyrənən 
								mühit yalnız şagirdləri deyil, bütün məktəb 
								heyətini əhatə edir. Öyrənən mühitdə şagirdlərin 
								nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin 
								davamlı peşəkar inkişafı əsas məqsədlər kimi 
								götürülür. Paylaşdırılmış liderliyin 
								yaradılması, məktəb heyətinin İKT bacarıqlarının 
								təkmilləşdirilməsi və kitabxananın öyrənən 
								mərkəz kimi möhkəmləndirilməsi isə əsas 
								məqsədlərə xidmət edən digər hədəflərdir. 
								Məktəbin davamlı inkişafını təmin etmək üçün 
								məktəb daxilində müəllimlərin peşəkar inkişafını 
								təmin edəcək mühitin yaradılması, hər bir məktəb 
								heyəti tərəfindən müəssisələrin inkişaf 
								istiqamətinin təyin edilməsi, 
								özünüqiymətləndirmə alətlərinin yaradılması da 
								layihənin əsas məqsədlərindəndir. Bu iş 
								eksperiment kimi həyata keçirildiyindən ölkənin 
								ayrı-ayrı şəhərlərindən müəyyən şəraiti olan və 
								qabaqcıl təcrübəsi ilə tanınan məktəblər 
								seçilib. 
								Layihənin 
								təqdimatından sonra ilkin mərhələnin 
								nəticələrinə dair hesabatlar dinlənildi. 
								Müasir Təhsil 
								və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru 
								Ülviyyə Mikayılova və proqram meneceri Yuliya 
								Kərimova "Səmərəli məktəb layihəsi"nin 
								konsepsiyası və komponentləri", layihənin İKT 
								üzrə mütəxəssisi Aygün Əzizova "Səmərəli məktəb 
								layihəsi" saytının təqdimatı və saytdan istifadə 
								qaydaları" və MTTYM-in proqramlar üzrə direktoru 
								Elmina Kazımzadə "Diaqnostika mərhələsinin ilkin 
								nəticələri" mövzusunda təqdimatlarla çıxış 
								etdilər. 
								Aydın oldu ki, 
								Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 
								Layihənin icrasına seçilmiş məktəblərdə ilkin 
								görüşlərin keçirilməsi və məktəb heyətinin bu 
								işlə bağlı məlumatlandırılması ilə başlamışdır. 
								Bu məqsədlə layihədə iştirak edən hər bir 
								məktəbə səfərlər təşkil olunmuş, məktəbin 
								direktoru və müəllimlərlə görüşlər keçirilmiş, 
								məlumat paketləri paylanmışdır. Məktəblərdə 
								bununla bağlı müəyyən təsəvvürün yaranmasından 
								sonra mövcud vəziyyəti təyin etmək məqsədi ilə 
								müəssisənin qiymətləndirilməsi həyata 
								keçirilmişdir. MTTYM-in mütəxəssisləri 
								tərəfindən hazırlanmış qiymətləndirmə alətləri 
								məktəb mühiti, liderlik, müəllimlərin 
								peşəkarlığı və şagirdlərin nailiyyətləri 
								məsələlərini əhatə etmişdir. Bu tədbirdə 
								şagirdlər, müəllimlər, direktor və valideynlər 
								iştirak etmişlər.  
								Qiymətləndirmə 
								mövcud vəziyyət haqqında geniş təsəvvür 
								yaratmaqla yanaşı, məktəbin inkişaf 
								istiqamətinin təyin olunmasında da mühüm rol 
								oynayacaq. Layihə çərçivəsində qiymətləndirmə 
								ilə yanaşı, həm də müəllimlərin İKT 
								bacarıqlarının inkişaf etdirilməsi üçün 
								məktəblərdə bu istiqamətdə təlimlərin 
								keçirilməsinə başlanılıb. Artıq Bakıdan seçilmiş 
								164 nömrəli məktəbdə 11, 225 nömrəli məktəbdə 
								isə 9 müəllim "İntel"in "Gələcək üçün təhsil" 
								təlimini uğurla başa çatdırıb. Bundan əlavə, 
								"Mütaliə və yazı - tənqidi təfəkkürün inkişafı" 
								təliminin cədvəli hazırlanmış və fevralın ilk 
								həftəsindən başlayaraq hər məktəbdə 15 müəllimin 
								iştirakı ilə 2 gün müddətində həyata keçirilir. 
								Sonra 
								dinlənilən təqdimatlar ətrafında müzakirələr 
								aparıldı. Müzakirələrdə məsələ ilə bağlı müəyyən 
								təkliflər səsləndirildi və suallara aydınlıq 
								gətirildi.  
								Təhsil naziri 
								Misir Mərdanov pilot olaraq həyata keçirilən bu 
								layihənin son nəticədə məktəbin davamlı inkişafı 
								istiqamətlərinin təyin edilməsində, ölkədə yaxşı 
								məktəb modelinin formalaşmasında təkan rolunu 
								oynayacağına umid etdiyini bildirdi. Məktəb 
								kitabxanalarının fəaliyyəti ilə bağlı 
								fikirlərini səsləndirən nazir bu məsələyə xüsusi 
								diqqət yetirilməsinin zəruri olduğunu vurğuladı. 
								"Səmərəli məktəb layihəsi"nin təqdimatına və 
								ilkin mərhələnin hesabatına həsr olunmuş tədbir 
								başa çatdıqdan sonra layihənin iştirakçısı olan 
								məktəb nümayəndələri ilə işçi cədvəlinin 
								hazırlanması məsələsi müzakirə olundu.  
								
								
								Hicran ƏKBƏROVA  |